Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1915/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyul 2018-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili X4 və cavabdehin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 7.000 ABŞ dolları, 1.963 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 16.07.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 18.12.2018ci il tarixli qətnamə (İş № 2(103)-12079/2018) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən, yəni 7.000 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 02.05.2019-cu il tarixli qərar (İş № 2(102)-3211/2019) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qərara almışdır. İşə yenidən apellyasiya qaydasında baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 15.07.2019-cu il tarixli qətnamə (İş № 2(103)-9365/2019) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni 7.000 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın qismən təmin edilməsini və 3.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmişdir. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 13.11.2019-cu il tarixli qərar (İş № 2(102)-7352/2019) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya baxışının predmeti olan hissədə ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Odur ki bu səbəbdən, cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə kassasiya instansiya məhkəməsinin qərarları ilə müəyyən edilmiş həcmdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə bildirir ki, iddiaçının iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.10.2013-cü il tarixli qətnaməsi (İş № 2(103)-4496/2013) əsasında iddiaçının cavabdehə qarşı “birgə nikah dövründə qazanılmış əmlakın və əmələ gəlmiş borcun bölünməsi barədə” iddia ərizəsi qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz E 240” markalı, 2000-ci il Almaniya buraxılışlı, sedan tipli, göy metalik rəngli, WDB-2100622B226212 ban nömrəli, **-RC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin payları müəyyən edilmişdir. Birgə nikah dövründə alınmış avtomobil cavabdeh tərəfindən iddiaçının məlumatı olmadan 06.02.2013-cü il tarixli “Alğı-satqı müqaviləsi” əsasında 14.000 ABŞ dollarına X1. Bu səbəbdən iddiaçı hesab edir ki, avtomobilin satışından əldə olunmuş pul vəsaitinin yarısını təşkil edən 7.000 ABŞ dolları məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdehin iddiaçının tələbinə qarşı həm apellyasiya şikayətində həm məhkəmələrə verdiyi izahatlarda ifadə olunmuş etirazı ondan ibarətdir ki, avtomobil cavabdehin adına rəsmiləşdirilsə də, etibarnamə ilə iddiaçının özünün istifadəsində olmuşdur. İddiaçı, cavabdehə pul lazım olduğu üçün avtomobilin satılmasını və satışdan əldə olunan pulun yarısını ona verməyi təklif etmiş, cavabdeh də bu təkliflə razılaşmışdır. Cavabdeh “Alğı-satqı müqaviləsini” imzalamış, iddiaçı isə razılıq ərizəsini vermişdir. Bütün rəsmiləşdirilmələri iddiaçı həyata keçirmiş, cavabdeh isə lazım olan yerlərə imza etmişdir. Avtomobil 06.02.2013-cü il tarixdə satılmışdır. İddiaçı iddia ərizəsində avtomobilin 14.000 ABŞ dollarına satıldığını qeyd etsə də, avtomobil həmin qiymətə satılmamışdır. İddiaçı avtomobili 10.000 ABŞ dollarına razılaşdığını bildirmiş, lakin həmin qiymətə sata bilmədiyini, 6.000 manata satdığını demişdir. “Alğı-satqı müqaviləsində” də avtomobilin qiyməti 6.000 manat göstərilmişdir. Alğı-satqıdan sonra iddiaçı cavabdehə 3.000 manat məbləğində pul vermişdir. İşin mübahisə edilməyən hallarından müəyyən edilir ki, cavabdehin adına olan avtomobil 06.02.2013-cü il tarixli “Alğı-satqı müqaviləsi” əsasında satılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin avtomobil iddiaçı və cavabdehin birgə əmlakı hesab edilməklə ½ hissəsinə payları müəyyən edilmişdir. Hazırda iddiaçı mübahisəli avtomobilin cavabdeh tərəfindən 14.000 ABŞ dollarına satılmasına istinad edərək satışdan əldə edilən vəsaitin həmin əmlakdakı payına mütənasib hissəsini tələb edir. Cavabdeh isə avtomobilin onun iştirakı ilə iddiaçının özü tərəfindən 6.000 manata satıldığını və həmin vəsaitin alğı-satqıdan sonra tərəflər arasında bərabər paylarla bölündüyünü bildirir. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən bu maddi hüquq normasının tələbindən çıxış edən Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə avtomobil üzərində ½ hissədə payı müəyyən edilmiş iddiaçı, avtomobilin iddiaçı tərəfindən artıq üçüncü şəxslə özgəninkiləşdirilməsi ilə bağlı, satış qiymətinin yarısını tələb etməkdə haqlıdır. Hazırda iş üzrə tərəflər arasında avtomobilin satış qiyməti mübahisə doğurur. Belə ki, iddiaçı iddia edir ki, avtomobil 14.000 ABŞ dollarına satılmışdır. Cavabdeh isə buna etiraz edərək, “Alğı-satqı müqaviləsində” avtomobilin qiymətinin 6.000 manat göstərildiyini və avtomobilin satışından sonra iddiaçı tərəfindən ona 3.000 manat pul verildiyini bildirir. Avtomobilin satış qiymətini müəyyən etmək məqsədi ilə işə əvvəllər apellyasiya qaydasında baxılan zaman avtomobilin özgəninkiləşdirilməsi barədə sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsindən tələb edilmişdir. Həmin İdarənin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 06.12.2019-cu il tarixli məktubunda qeyd olunur ki, avtomobilə dair “Alğı-satqı müqaviləsi” və ona aid digər sənədlər məhv edildiyindən avtomobilin müqavilə üzrə hansı qiymətə satılmasını müəyyən etmək mümkün olmamışdır. Avtomobilə dair “Alğı-satqı müqaviləsinin” əldə olunması məqsədi ilə Məhkəmə tərəfindən, iddiaçının cavabdehə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair 2(010)-5162/2013 nömrəli mülki iş Suraxanı Rayon Məhkəməsindən tələb edilmiş və iş materiallarına baxış keçirilmişdir. Həmin mülki işdə olan sənədlərdən müəyyən edilir ki, Suraxanı Rayon Məhkəməsinin tələbi ilə Baş X9 İdarəsi 03.10.2014-cü il tarixli məktubla avtomobilin özgəninkiləşdirilməsinə aid sənədləri, o cümlədən 06.02.2013-cü il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsini” məhkəməyə təqdim etmişdir. Həmin müqavilədən görünür ki, satıcı qismində çıxış edən hazırki iş üzrə cavabdeh nəqliyyat vasitəsini 14.000 ABŞ dollarına alıcı qismində çıxış edən (iş üzrə tərəf olmayan) F.Məmmədova satmış və bu məbləği sonuncudan almışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, avtomobil 14.000 ABŞ dollarına satılmış və həmin məbləğ cavabdehə ödənilmişdir. Bunun əksini, yəni avtomobilin iddiaçı tərəfindən 6.000 manata satılaraq ona 3.000 manat verildiyini bildirən cavabdeh öz dəlillərini təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci və 14.2-ci maddələrinin tələblərinə görə, iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübuta söykənməyən dəlili isə əsaslı hesab edilə bilməz. Belə olan halda, Məhkəmə hesab edir ki, ki, avtomobilin satışından əldə olunmuş vəsaitdən iddiaçının payına mütənasib hissədə 7.000 ABŞ dollarının tələb edilməsi barədə iddia tələbi əsaslı, cavabdehin bu tələbə qarşı etirazı isə əsassızdır. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi, apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə formal mülahizə xarakteri daşıyır. Qətnamənin həmin hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyul 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1915/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1915/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver