Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1919/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdehin nümayəndəsi (vəkili) X1 və müstəqil tələb irəli sürən 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-392/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2c və 2b saylı evlərin arasındakı hasarın və 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan həmin ünvanda yerləşən 2b saylı evin Cavabdeh tərəfindən bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” ASC iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus və bank qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsində yerləşən 2b saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh tərəfindən bərpa edilməsi və ya söküntü nəticəsində dəymiş zərərin Cavabdeh tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 392/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməsi, “xxxx” ASC-nin Cavabdeh qarşı sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi və ya vurulmuş maddi zərərin Cavabdeh bankın xeyrinə tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2c və 2b saylı evlərin arasındakı sökülmüş hasar və 2/3 hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2b saylı sökülmüş evin Cavabdeh tərəfindən bərpa edilməsi, “xxxx” ASC-nin iddiasının qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, hər iki iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki mübahisənin hüquqi həllində düzgün olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də qətnamə apelyasiya qaydasında ləğv edilməli, hər iki iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə müəyyən edilməlidir ki, hasarın və evin sökülməsində cavabdehin təqsirli hərəkətləri varmı. Bunu müəyyən etmək üçün sübutlar kifayətedici olmalı, cavabdehin təqsirli hərəkətinin mövcudluğu şübhə doğurmamalıdır. Məhkəmə iddiaçının izahatına, polis sahə inspektorunun aktına və şahid ifadələrinə əsaslanmışdır. Birincisi, işdən müəyyən olunur ki, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan C.Xəndan küçəsi ev 2A ünvanında yaşamır və həmin evdən istifadə etmir. Belə olan halda sahənin cavabdehin birbaşa göstərişi ilə söküldüyünə dair təsdiqedici sübutlar təqdim olunmalıdır. İşin materiallarında sökülmənin cavabdeh tərəfindən və yaxud birbaşa onun göstərişi ilə həyata keçirilməsinə dair hər hansı sübut yoxdur, şahid ifadələrində belə bununla bağlı hər hansı məlumat yoxdur. Mülki qanunvericiliyə görə, şəxs özünün hüquqazidd təqsirli hərəkəti ilə başqasının əmlakına zərər vurursa, aralarında ziyan vurmaq nəticəsində yaranan öhdəlik hüquq münasibəti (delikt) əmələ gəlir. Həmin hüquq münasibətində zərərvuran borclu şəxs hesab edilir və onun üzərinə vurduğu zərərin əvəzini ödəmək vəzifəsi düşür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı mübahisəli mənzilin məhz Cavabdeh tərəfindən sökülməsinə dair hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da bu fakt öz təsdiqini tapmamışdır. Mülki Məcələnin 1096-cı maddəsinin tələblərinə görə şəxsin birbaşa ziyan və ya zərər vurmasına gətirib çıxaran hərəkətləri mövcud olmalıdır. N.Zeynalovunun belə hərəkətlərinin mövcudluğu təsdiq edilmədiyindən, iddianın təmin edilməsinə dair gəlinmiş nəticə əsassızdır. İkincisi, sökülmüş ev tərəflərin birgə mülkiyyətindədir, mülkiyyətində olan evi sökmək üçün cavabdehin hansısa hüquqi yaxud iqtisadi marağı olmalı idi. Halbuki, məhkəmə araşdırması zamanı belə bir məqsədin cavabdeh deyil, məhz iddiaçıda olduğu müəyyən edilmişdir. İddiaçı özünə məxsus fərdi yaşayış evindən təyinatına uyğun olmayaraq uşaq bağçası kimi istifadə edir, iddiaçının uşaqların əyləncəsi və başqa məqsədlər üçün açıq havada yerləşən sahəyə ehtiyacı var və hazırki mübahisə predmeti evin sökülüb yerinin boş qalması iddiaçının məqsədlərinə uyğun olmuşdur. İddiaçı tərəfindən işin həlli ilə bağlı sübut qismində iki nəfər şahid və polis sahə inspektorunun aktı təqdim edilmiş, məhkəmə də iddianın təmin edilməsinin əsası kimi şahid ifadəsi və akta istinad etmişdir. Polis sahə müvvəkilinin aktına münasibətdə qeyd olunmalıdır ki, həmin akt hasarın və mənzilin Cavabdeh tərəfindən sökülməsini təsdiq edən sənəd kimi çıxış etmir. Əvvəla, həmin aktda polis tərəfindən əldə edilmiş informasiyanın mənbəyi (kim tərəfindən təqdim edilməsi) barədə məlumat yoxdur; ikincisi, hasarın söküntüsünün məhz Cavabdeh tərəfindən aparılması barədə məlumatlar yoxlanılmamışdır; üçüncüsü, aktda mənzil söküntüsünə dair hər hansı məlumat yoxdur. Ona görə də həmin akta istinadla iddianın təmin edilməsi əsassız olmuşdur. Şahid ifadələrinə münasibətdə qeyd olunmalıdır ki, həmin ifadələr mötəbər sayılmamaqla iddianın təmin edilməsi üçün əsas kimi çıxış edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Hazırki mübahisənin predmeti və iddia tələbi üzrə cavabdehlik şahid ifadələrinə münasibətdə belə bir yanaşma tələb edir ki, məhkəmədə ifadə vermiş şahid hasarın və evin söküntüsünün məhz cavabdeh tərəfindən həyata keçirilməsi barədə məlumata malik olmalıdırlar. Ancaq şahidlərin ifadələrindən müəyyən olunur ki, onlar ustalar tərəfindən verilmiş informasiyanı təqdim edirlər, üstəlik ifadələrdə Cavabdeh adını çəkməyərək, söküntünün məhz onun göstərişi ilə icra edilməsi barədə hər hansı qeyd də yoxdur. Bundan başqa, nümayəndə və vəkili məhkəmə tərəfindən təyin edilmiş bütün iclaslarda iştirak etdiyi halda şahidlərin nə zaman dindirildiyi barədə onda hər hansı məlumat yoxdur. Şahidlər işdə birbaşa marağı olan cavabdeh və yaxud onu təmsil edən şəxslərin iştirakı ilə dindirilmədiyi halda, onlara sual vermək, verdikləri informasiyanın birbaşa şahidi olduqlarını dəqiqləşdirmək imkanı olmur. Ona görə də həmin şahidlərin ifadələri mötəbər sayıla bilməz. Beləliklə, hesab edir ki, məhkəmə iddiaçının iddiasının tam, bankın iddiasının qismən təmin edilməsinə dair əsassız nəticəyə gəlmişdir, ona görə də qətnamə apelyasiya qaydasında ləğv edilməklə hər iki iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-6297/2019 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-392/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” ASC-nin Cavabdeh qarşı sökülmüş evin bərpa edilməsi və ya söküntü nəticəsində dəymiş zərərin bankın xeyrinə tutuması tələbi barədə iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7512/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-6297/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X1 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi cavabdeh yaşlı insandır, müəyyən xəstəliklərdən əziyyət çəkir, bu səbəbdən onun məhkəmə iclasında şəxsən iştirakını təmin etmək mümkün deyildir. Cavabdeh mübahisəli 2b saylı ünvanda yaşamamış, onun tərəfindən iddia ərizəsində qeyd edilən daş hasar və tikili sökülməmiş, bu barədə heç kimə göstəriş verilməmişdir. Məhkəmə qətnamələri ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, iddiaçı cavabdehin qardaşı Oqtaya qarşı mübahisəli ünvanda söküntü işləri aparılmasına dair polis orqanına şikayət etmişdir. Cavabdehin bundan xəbəri olmamış, o, mübahisəli ünvanda qeyd edilən hər hansı hasarı və tikilini sökməmiş, buna dair heç kimə göstəriş verməmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-392/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən 3-cü şəxsin nümayəndəsi X6 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 392/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” ASC-nin Cavabdeh qarşı sökülmüş evin bərpa edilməsi və ya söküntü nəticəsində dəymiş zərərin bankın xeyrinə tutuması tələbi barədə iddiası təmin edilməməlidir. Hazırki mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2b saylı ev 1/3 hissədə Cavabdeh, 2/3 hissədə İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ona əsaslanmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, yaşayış evi 2/3 hissədə İddiaçı mülkiyyətində olmasına baxmayaraq həmin evin, eləcə də evi həmin ünvanda yerləşən 2c saylı evdən ayıran hasarın Cavabdeh tərəfindən sökülməsi bu barədə polis sahə inspektoru tərəfindən tərtib olunmuş akt və şahid ifadələri ilə öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etmək qənaətinə gəldikdə səhv yol vermişdir. Belə ki, apelyasiya məhkəməsinin sorğusuna əsasən Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində vətəndaş İddiaçı müraciəti əsasında toplanmış 361/18 saylı rədd materialından görünür ki, hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı cinayət mühakimə icraatı qaydasına Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə şikayət edərək paylı mülkiyyətçisi olduğu mübahisəli evin üçdə bir hissəsinin mülkiyyətçisi Cavabdeh qardaşı Hüseynov Oktay Umudəli oğlunun xx xxxxx 2018-ci il tarixdə və sonradan müxtəlif vaxtlarda həmin evi və hasarı sökdüyünü bildirmiş, bununla bağlı araşdırma aparılaraq xx xxxx 2018-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan şikayət verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7512/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin özünün iştirakını təmin etmədən iddiaya, nümayəndəsinin iddia ilə bağlı izahatına münasibətini, öz apelyasiya şikayəti və nümayəndəsinin apelyasiya şikayətinə verdiyi əlavə ilə əlaqədar mövqeyini öyrənməmiş, qardaşı X3 onun evində yaşayıb–yaşamamasını, yaşadığı halda bunun hüquqi əsaslarını, özünün paylı mülkiyyətində nə vaxtdan yaşamamasının, bunun səbəblərini aydınlaşdırmamış, nümayəndəsi olan vəkil tərəfindən apelyasiya şikayətinə verilən əlavənin mülki prosessual qanunvericiliyə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. Bu məqsədlə məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə İcra Nümayəndəliyinə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli sorğular verilmişdir. Təkrar apelyasiya baxışı zamanı əldə edilmiş xx.xx.2020-ci il tarixli, RB/d-103 saylı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsində baxılmasının xx.xx.2020-ci il tarixə, saat 15.40-a təyin olunması barədə İddiaçı və Cavabdeh məlumat verilməsi məqsədilə bələdiyyənin əməkdaşı bir neçə dəfə M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi 2 В ünvanında olmuş, lakin tərəflərin heç biri evdə olmamışdır. Bu səbəbdən Cavabdeh qardaşı X7 onun evində yaşayıb-yaşamamasını və digər məsələləri müəyyən etmək mümkün olmamışdır. Həmçinin, təkrar apelyasiya zamanı əldə edilmiş Bakı şəhəri Binəqədi RİH Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 14-18/149 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh və onun qardaşı X7 Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsində yerləşən 2 B saylı evin Cavabdeh məxsus olan 1/3 hissəsində yaşamadıqları müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Çünki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunun məzmununa görə sübutlar qiymətləndirilərkən nəticə sübutların tam kompleksindən çıxarılmalı, sübutlar arasındakı ziddiyyətlər araşdırılmalı, iş üzrə bütün sübutlar sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa imkan verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun xx xxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin 2/3 hissəsinin və həmin fərdi yaşayış ev ilə eyni ünvanda yerləşən 2c saylı fərdi yaşayış evindən ayıran hasarın məhz Cavabdeh tərəfindən və ya onun göstərişi ilə sökülməsi iş materialları ilə öz təsdiqini tapmır, həmçinin iddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı bir sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması səbəbindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 392/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” ASC-nin Cavabdeh qarşı sökülmüş evin bərpa edilməsi və ya söküntü nəticəsində dəymiş zərərin bankın xeyrinə tutuması tələbi barədə iddiası təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1919/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1919/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver