Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1923/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(007)-882/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Nizami rayonu T.Abbasov küçəsində yerləşən 39 saylı evin 11 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər 2002-ci ildə rəsmi nikaha daxil olmuş, 2019-cu ildə məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzil ona 2016-cı ildə atası tərəfindən bağışlanmışdır. Mənzilə mülkiyyət hüququna dair ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Cavabdeh 2011-ci ildə həmin mənzilə qeydiyyata alınmışdır. Hesab edir ki, cavabdehlə ailə münasibətlərinə xitam verildiyinə görə onun mənzildən istifadə hüququ qalmamışdır. Buna görə də cavabdehə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsini və onun mənzildən çıxarılmasını tələb edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(007)- 882/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ 3 il müddətinə saxlanmaqla xitam verilməsi və cavabdehin həmin tarixdə mənzildən çıxarılması, müddətin əvvəlinin qətnamənin qəbul edildiyi vaxtdan hesablanması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermiş, iddiaçı qətnamənin dəyişdirilərək, müddət müəyyən edilmədən cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini, cavabdeh isə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh iddia tələbi olmadığı halda, məhkəmə onun mənzildən istifadə hüququnu 3 il müddətinə saxlamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında mənzillə bağlı hüquq münasibətləri 2002-ci ildə yarandığı halda, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini deyil, qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. Halbuki, 28 dekabr 2002-ci il tarixdə birgə nikaha daxil olaraq İddiaçı atasına məxsus mübahisəli mənzilə köçüb birlikdə yaşamaqları onların münasibətlərinin yaranma tarixidir. Cavabdeh həmin mənzilə 2011-ci ildə pasport qeydiyyatına düşsə də, ondan xeyli əvvəl uşaqları ilə birlikdə bu mənzildə yaşamağa başlamışdır. Mənzilə köçdükdən sonra tərəflərin arasında etibarlı ailə əlaqələri olduğuna görə mənzildən istifadə hüququnun yaranması üçün notarial qaydada təsdiq olunmuş razılaşmaya zərurət olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi onu mənzildən istifadə hüququna xitam müqabilində kompensasiya almaq hüququndan da məhrum etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi iddiaçının apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin dəyişdirilərək, müddət müəyyən edilmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini və cavabdehin apellyasiya şikayətinin rədd edilməsini, Cavabdeh nümayəndəsi isə cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini və iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(007)-882/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan 08 noyabr 2016-cı il tarixli bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 42,62 kv.m. olan 3 otaqlı mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan 17.11.2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 24.12.2019-cu il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı, X4, X6, X5, X7, X8, X9, X10 və Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli 2(007)-2672/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh аrаsındа 28 dekabr 2002-ci il tаriхdə bağlanmış nikahın pozulması, 09 noyabr 2003-cü il təvəllüdlü X4, 01 iyul 2005-ci il təvəllüdlü X6 və 05 sentyabr 2011-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılması, uşaqların yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün İddiaçı 18 iyul 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, tərəflər 28 dekabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ailə qurduqdan sonra tərəflər Bakı şəhəri Nizami rayonu T.Abbasov küçəsində yerləşən 39 saylı evin 11 saylı mənzilində yaşamağa başlamışlar. Mənzil iddiaçının atası X3 məxsus olmuş, 08 noyabr 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Rəşid Ələkbərov həmin mənzili oğlu İddiaçı bağışlamışdır. Cavabdeh qayınatasına məxsus mənzilə köçdükdən sonra 13 aprel 2011-ci ildə həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Cavabdeh mülki qanunvericiliyin tələbləri baxımından qayınatası Rəşid Ələkbərovun ailə üzvü hesab olunmadığından, Mülki Məcəllənin 228.2 və 228.5-ci maddəsinə əsasən həmin mənzildən istifadə hüququnun yaranması üçün aralarında yazılı formada bağlanan və notariat qaydasında təsdiqlənən razılaşmanın olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunurdu. Beləliklə, Cavabdeh 2002-ci ildə qayınatasına məxsus evə köçsə də və 2011-ci ildə həmin evə qeydiyyata alınsa da, mülki qanunvericiliyin tələbləri baxımından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. “Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Ü.Rəhimovanın mübahisəli mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsi barədə gəldiyi nəticəni qanunsuz hesab etmişdir. Mübahisəli mənzil 08 noyabr 2016-cı il tarixdə iddiaçıya bağışlandıqdan və onun mülkiyyətinə keçdikdən sonra qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən cavabdeh iddiaçının ailə üzvü kimi həmin mənzildən istifadə hüququ əldə etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulduqdan sonra Mənzil Məcəlləsinin 30.4cü maddəsinin tələbləri baxımından cavabdehin həmin mənzildən istifadə hüququ saxlanmamışdır. Lakin birinci instansiya məhkəməsi cavabdehin 2002-ci ildən həmin mənzildə yaşamasını və üç azyaşlı uşağı ilə birlikdə başqa yaşayış yerinin olmamasını nəzərə alaraq, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə uyğun olaraq cavabdehin həmin mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanılması qərarına gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2016-cı ildən sonra, yəni mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmasını, Cavabdeh hazırda onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmamasını və tərəflər arasında hər hansı razılaşma olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanılmaqla həmin müddət başa çatdıqdan sonra mənzildən istifadə hüququna xitam verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanılması tərəflərin qarşılıqlı münasibətləri və işin halları baxımından (cavabdehin özünü başqa yaşayış sahəsi ilə təmin etmək və s.) yetərlidir. Həmin müddət həmçinin mənzilin mülkiyyətçisi olan iddiaçının xüsusi və həddən artıq məhrumiyyətə məruz qalmasına səbəb olmayacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Hər iki apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qanuni və ədalətli məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(007)- 882/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1923/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1923/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver