Məhkəmə qərarları › İş №2(103)-1923/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1923/2023

30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1923/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı X7 iştirakı ilə, İddiaçı X7 Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4484/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Sadə qaydada tərtib edilmiş yazılı sənədə əsasən Cavabdeh ona məxsus olan və atasından və anasından ona miras qalmış ünvan 1 ünvanda olan 10 sotun içində yerləşən iki mərtəbəli evi qeydiyyat yolu ilə 105 000 manata X1, bunun müqabilində 28.500 manat beh aldığını göstərmiş və sənədi imzalamışdır. Həmin sənəd, həmçinin, evin alıcısı qismində X8 və şahid qismində 6 şəxs, o cümlədən İddiaçı. Mirzəyev intiqam, Həsənli Ülviyyə, Həsənli Elnarə tərəfindən imzalanmışdır. Həmin sənəd üzərində xx.xx.2018-ci il tarixdə aparılmış qeydə əsasən Cavabdeh ona verilən 28.500 manat pulun 7.000 manat hissəsini qaytardığını, 19.000 manat pulun qaldığını, həmin pulu ev satılanda verəcəyini göstərmiş və 7.000 manat pulun verilməsini və alınmasını müvafiq olaraq Cavabdeh və X8 öz imzaları ilə təsdiq etmişdilər.

2. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ serialı, 200866 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2021-ci il tarixdə “Bronxların və ya ağciyərin yuxarı payının xərcəngi” səbəbi ilə ölmüşdür. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 21500 manat pulun vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını və Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğuna görə barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,oğlu üçün ev almaq istəmiş və bunu ev alqı-satqısı ilə məşğul olan İntiqam Mirzəyevə bildirdikdə sonuncu Cavabdeh öz evini satmaq istədiyini və evin yaxşı, hər bir sənədi olan ev olduğunu söyləmişdir. Evə baxdıqdan sonra onlar evi 105 000 manata almaq barədə razılaşmışlar və cavabdeh tezliklə evin sənədlərini qaydasına salıb evi onlara satacağına dair söz vermişdir. O, xx.xx.2018-ci il tarixdə cavabdehə 28.500 manat pul vermiş və razılıqlarına görə növbəti gün evin sənədləri təqdim ediləndən sonra o, həmin evi bank qarşısında ipoteka ilə yüklü edib, bankdan kredit götürüb evi almalı idi. Növbəti gün, xx.xx.2018-ci il tarixdə cavabdeh ona evin sənədlərinin qaydasında olmadığını, evi sadəcə ona qeyri-rəsmi sata biləcəyini bildirmişdir. O, cavabdehin onu aldatdığını, onun etibarından sui-istifadə edərək, ondan pul almasını başa düşüb, ondan pulu geri tələb etmiş və pulu qaytarmayacağı təqdirdə polisə şikayət edəcəyini demişdir. Cavabdeh pulun ona verilməsindən cəmi 1 gün keçməsinə baxmayaraq, pulun onda olmadığını bildirib, ona cəmi 7.000 manat pul qaytarmış və evi satıb, qalan pulu qaytaracağına dair söz vermişdir. O, yenə də cavabdehə inanmış və evi satmaqda ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra onun oğlu Elxan Həsənov həmin evin satılmasına dair elanı internetdə yerləşdirmişdir. Lakin aprel ayının sonunda onun oğlunun elanda göstərdiyi telefon nömrəsinə zəng edərək, onun evinin satılması barədə elanın yerləşdirilməsi səbəbləri ilə maraqlanmışdır. Oğlu evin Cavabdeh məxsus olduğunu bildirdikdə, həmin şəxs evi hələ 2019-cu yanvar ayında qeyd edilən şəxsdən aldığını bildirmişdir. Bundan sonra, o artıq evin cavabdeh tərəfindən satıldığını, cavabdehin ondan həmin evə dair pul alan zaman əsl niyyətinin onu aldatmaq olduğunu, ona pul qaytarmaq niyyətində olmadığını, 7000 manat pulu isə onu aldatmaq üçün qaytardığını başa düşmüşdür. O, bu barədə cavabdehlə danışmaq istədikdə isə onunla əlaqə yarada bilməmiş və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi Cavabdeh onun etibarından su istifadə edərək, ona 21.500 manat məbləğində zərər vurmuş, həmin məbləğdə pulu ona qaytarmayaraq əsassız varlanmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 4325/2019 saylı qiyabi qətnaməsinə əsasən X5 Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 21.500 manat pul vəsaitinin alınaraq X6 qaytarılması qət edilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4484/2022 saylı qərardadına əsasən Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-4325/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir.

7. X8 xx.xx.2021-ci il tarixdə ölmüş və bu səbəbdən xx.xx.2022-ci il tarixdə məhkəmə onu onun hüquq varisi X11 ilə əvəz etmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4484/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 19.000 manat pul vəsaitinin alınaraq X9 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X12)

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh həmin qəbzdəki imzanın onun tərəfindən icra edilməməsinə və yaxud tələb edilən pulun onun tərəfindən ödənilməsinə dair nə qiyabi qətnamənin ləğvi barədə ərizədə, nə də sonra məhkəməyə hər hansı bir məlumat verməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və növbəti iclasda sübutların təqdim olunacağını bildirmişdir. Lakin cavabdeh növbəti iclasda da iştirak etməmiş, sübutlar məhkəməyə təqdim etməmişdir. Bununla belə, Cavabdeh tərəfindən imzalanmış qəbz həyata keçirilməmiş əsasa söykənmişdir. Belə ki, həmin ev iddiaçıya satılmamışdır. Evin iddiaçıya satılmamasının səbəbinin üzrlü səbəb olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Mərhum iddiaçı tərəfindən cavabdehə beh kimi 1.500 manat pulun verilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən həmin 1500 manat pul vəsaiti cavabdehdən tutulmamalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 1091-ci, 1092.1-ci, 1093-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X10 üçün ev almaq istəmiş, bununla əlaqədar ev alqı-satqısı ilə məşğul olan İntiqam Mirzəyevə bildirdikdə ona məxsus evə baxıb, onunla evi 105.000 manata almaq barədə razılaşmışdır. Həmin vaxtı X8 və ailə üzvləri evə baxmış, bəyənmiş evi almaq barədə razılığa gəlmişdir. Ona məxsus evin bütün sənədləri qaydasında olmuş, xx.xx.2018-ci il tarixdə ev alqı-satqısı ilə məşğul olan İntiqam Mirzəyevlə birlikdə 28.500 manat pul gətirmiş və həmin pulun 5000 manat hissəsini ev alqı-satqısı ilə məşğul olan İntiqam Mirzəyev götürmüş, 23.500 manat pul isə ona beh olaraq verilmişdir. xx.xx.2018-ci il tarixdə X13 evə gələrək, evin çox böyük olduğunu bildirmiş, evi almaqdan imtina etmişdir. Sonradan iddiaçı behi ondan geri tələb etmiş və pulu qaytarmayacağı təqdirdə polisə şikayət edəcəyini demişdir. O, iddiaçıya bildirmişdir ki, ona verilən pul razılaşmalarına əsasən beh kimi verilmişdir, MM-ə görə əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Belə ki, əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borclu olduğu ona izah edilmişdir. İddiaçı onun evinə beh verilməmişdən gəlib baxmış, evi bəyənmiş, 5 gündən sonra isə evin çox böyük olduğunu, gəlinin həmin evi yığışdırmaqda çətinlik çəkəcəyini bildirmiş və əsassız olaraq evi almaqdan imtina etmişdir. Lakin iddiaçının xahişlərindən sonra beh kimi aldığı 23.500 manat puldan 7000 manat pulu qaytarmışdır. Həmin evi başqa şəxsə satmışdır. Məhkəmə iddianın təmin edilməsini onunla əsaslandırmışdır ki, cavabdeh əsassız varlanmışdır. Lakin məhkəmə iddiaçının iddia ərizəsində göstərildiyi kimi, həmin evin hər hansı sənədinin olmamasını yoxlamamış, iddiaçının ev almaqdan imtina etməsinin səbəblərini, evin sənədinin olmadığı halda, hansı səbəbdən 23.500 manat behin verildiyini, sənədsiz olaraq başqa şəxsə hansı qaydada satıldığını araşdırmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həmin əmlak barəsində razılaşma olmuş, iddiaçı evi bəyənmiş, aralarında beh barədə razılıq olmuş, iddiaçının təqsirindən alqı-satqı baş tutmamışdır. Məhkəmə isə bu halları araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 (X5 hüquqi varisi) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və iş üzrə birinici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iki dəfə məhkəmə iclasının təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İlk dəfə məhkəmə kollegiya onun ərizəsini nəzərə almaqla məhkəmə iclasını təxirə salmış, lakin sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır; 491.3.-cü maddəsinə əsasən üqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası iş materiallarına, habelə tərəflərin mövqeyinə, o cümlədən apellyasiya şikayətinin məzmununa istinadən qeyd edir ki, cavabdeh X8 ilə Cavabdeh arasında 2018-ci ilin dekabr ayında daşınmaz əmlakın alqı-satqısına dair razılaşma olmuş və bu məqsədlə qeyd edilən şəxs tərəfindən cavabdehə 28.500 manat məbləğində pul verilmişdir. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllədə belə bir əmlakın alqı-satqısının yalnız notarial qaydada rəsmiləşdirilməsinin mümkünlüyü təsbit edilmişdir. İddiaçı aralarında olan razılığın evə dair sənədlərin təqdim edilməməsi səbəbindən pozulduğunu və məhz bu səbəbdən evi almaqdan imtina etdiyini bildirir. Cavabdeh isə apellyasiya şikayətində evin sənədlərinin olduğunu bildirir və bu halın birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığını göstərir. Lakin bu mövqeydən çıxış etməsinə baxmayaraq, evə dair hər hansı sənədi nə birinci instansiya məhkəməsinə (qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə birlikdə və iş həmin məhkəmənin icraatında olanda), nədə ki, apellyasiya instansiya məhkəməsinə təqdim etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin satdığı ev mülkiyyət kimi dövlət qeydiyyatına alınmamışdır. Bununla belə, həmin vaxt mövcud olan vəziyyətdə tərəflər arasında Mülki Məcəllə ilə müəyyən edilmiş forma tələblərinə (notarial qaydada təsdiq edilmədiyindən) uyğun olmayan və hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməyən, etibarsız bir əqdin bağlanması mümkün olmuşdur. Bu səbəbdən X8 evi almaqdan imtina etmişdir. Başqa sözlə, razılaşma apellyasiya şikayətində göstərildiyi kimi bu şəxsin deyil, məhz cavabdehin təqsiri üzündən pozulmuşdur.

23. Məhkəmə kollegiyasının 22-ci bənd üzrə qənaəti tərəflər arasında bağlanmış sadə yazılı sənədin məzmunu ilə bağlıdır. Belə ki, həmin sənəddə cavabdeh yeganə vərəsə kimi atasından və anasından ona miras qalmış və ona məxsus olan evi satdığını bildirir. Cavabdehin bu cümləsi də özündə həmin evin mülkiyyət kimi rəsmiləşdirildiyini, ən azı evə dair aidiyyəti sənədlərin mövcud olmasını özündə ehtiva edir. Digər tərəfdən cavabdeh həmin sənədi beh müqaviləsi adlandırır və mülki qanunvericiliyə istinadən razılaşmanın qeyd edilən şəxs tərəfindən pozulması səbəbindən ümumiyyətlə həmin məbləği qaytarmalı olmadığını bildirir. Buna baxmayaraq, xx.xx.2018-ci il tarixdə aldığı pulun 7.000 manat hissəsini qaytarır, qalan 19.000 manat pulun isə ev satılanda qaytarması barədə öhdəlik götürür. Nəzərə alınmalıdır ki, 7.000 manat məbləğində pul xx.xx.2018-ci il tarixdə, yəni 28.500 manat məbləğində pulun alınmasından sonra (xx.xx.2018-ci il) növbəti gün qaytarılır (cavabdeh bu məsələyə münasibət bildirmədiyindən məhkəmə kollegiyası bu müddətləri əsas götürür). Müddətin belə qısa olması bütün məbləğin qaytarılmasını mümkün edir. Lakin buna baxmayaraq, cavabdeh həmin pulun cəmi 7.000 manat hissəsini qaytarır. 2019-cu ilin yanvar ayında da evi satmasına və yazılı sənəd üzrə evi satan kimi qalan məbləği qaytarması barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, qalıq borcu bügünədək qaytarmır. Qeyd edilənlər öz növbəsində iddiaçı tərəfin mövqeyinin əsaslı olmasını və razılaşmanın məhz cavabdehin təqsiri üzündən pozulduğunu təsdiq edir.

24. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər öz aralarında daşınmaz əmlakın 105.000 manat pula alqı-satqısına dair razılığa gəlsələrdə və X8 tərəfindən həmin məbləğin 28.500 manat məbləğində hissəsi ödənilsə də, sonradan bununla bağlı qanunvericiliyin tələblərinə cavab verən müqavilə bağlamamışlar (bağlaya da bilməzdilər). Ödənilmiş məbləğin də qısa müddət ərzində 7.000 manat hissəsi qaytarılsa da, qalan hissəsi bugünədək cavabdeh tərəfindən qaytarılmamışdır. Nəticə etibarı ilə cavabdeh hər hansı hüquqi əsas olmadan X6 məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan X5 hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan əldə etdiyi 19.000 manat pulu iddiaçı X9 (X5 hüquqi varisi) qaytarmalıdır (sadə riyazi hesablama nəticəsində qaytarılmalı olan məbləğin 21.500 manat təşkil etsə də, iddiaçı tərəf bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməyibdir)

25. Cavabdehin həmin yazılı sənədin beh müqaviləsi olması barədə dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehə verilmiş 28.500 manat pul məbləğ etibarı ilə evin satış qiymətinin (105.000 manat) ¼ hissəsindən artıqdır. Bu hal artıq bu məbləğin beh olmasını istisna edir və qeyd edilən məbləğin avans olaraq ödənilməsi qənaətinə gəlməyə əsas verir. Hər bir halda, bu məbləğin beh və ya avans olmasından asılı olmayaraq, evə dair tərəflər arasında mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə, yəni əmlakın statusuna uyğun notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanması mümkün olmadığından, bağlanmış müqaviləsi isə hüquqi nəticə etibarı ilə etibarsız olduğundan tərəflər arasında bağlanmış bu razılaşma (müqavilə) da etibarlı hesab edilə bilməz.

26. Məhkəmə kollegiyası tərəflər arasında razılaşmanın pozulmasının səbəbləri ilə bağlı öz qənaətini əsas götürüb onu da qeyd edir ki, həmin yazılı sənədə etibarlı beh müqaviləsi kimi qiymət verildiyi təqdirdə belə, tələb edilən məbləğ artıq bu münasibətlərə uyğun maddi hüquq normaları tətbiq edilməklə cavabdehdən tutulmuş olacaqdır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4484/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar