Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1924/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 5011 AZN əsas, 1016.89 AZN faiz, 4,83 AZN cərimə borcu olmaqla, cəmi 6032,72 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş №2(005)-4015/21) iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdırki, tərəflər arasında bağlanmış 23.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25% ödəmək şərtilə 5011 AZN məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16.07.2021-ci il tarixinə Banka 5011 AZN əsas, 1016.89 AZN faiz, 4,83 AZN cərimə, cəmi 6032,72 AZN borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən əsas və faiz borcunun şişirdildiyi, eləcə də aparılmış ödənişlər nəzərə alınmamışdır. Məhkəmə borc məbləğinin dəqiqləşdirilməsi məqsədilə ekspertiza təyin etməmişdir. Həmçinin onun kredit müqaviləsi üzrə cərimə öhdəliyi nəzərdə tutulmasa da, qətnamə ilə ondan cərimə borcu tutulmuşdur. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 23.09.2020-ci il tarixli, 1913nkNAR/20 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən Bank cavabdehə 48 ay müddətinə illik 25% faiz ödəmək şərtlərlə 5011 manat məbləğində kredit verməyi, sonuncu isə qeyd edilən məbləğdə krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit və ona hesablanmış faiz məbləğini qaytarmağı, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Cavabdehin Bank qarşısında maliyyə arayışının tərtib olunduğu 16.07.2021-ci il tarixinə 5011 manat əsas, 1016.89 manat faiz, 4.83 manat cərimə, cəmi 6032.72 manat məbləğində borcu vardır. İddiaçının tələbi maliyyə arayışında göstərilən borc məbləğinin cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə öhdəliyinin olmasını və cavabdeh tərəfindən bu öhdəliyin yerinə yetirilmədiyini nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443, 739-cu və s. maddələrini rəhbər tutaraq iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdeh öz etirazında (apellyasiya şikayətində) istinad etdiyi faktları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı tam təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri borcun düzgün hesablanmaması barədədir. Birinci instansiya məhkəməsində işə baxılarkən qeyd edilən əsaslar cavabdehin iddiaya etirazının da əsasını təşkil etmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, lakin Bank ekspert vəsatətində təqdim edilmiş sənədləri təqdim etmədiyindən ekspertizanın keçirilməsindən imtina olunmuşdur. MPM-ə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (maddə 97.1). Digər tərəfdən, cavabdeh təkrar şifahi vəsatət verərək ekspertiza keçirilməsini xahiş etmiş, vəsatət əsaslandırılmamış, yazılı qaydada verilməmişdir. Cavabdeh borcun düzgün hesablanmadığını bildirsə də, özünün Banka ödənişləri barədə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 5011 manat kredit götürməsi işin mübahisəsiz halı olduğundan və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə hər hansı ödəniş (əsas borc, faiz, cərimə) aparılmadığından, tələb olunan əsas, faiz və cərimə borcu müqaviləyə və ödəniş qrafikinə uyğun olduğundan, bir sözlə aydın olmayan və izahı üçün xüsusi bilik tələb olunan hər hansı sual yaranmadığından iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasına da ehtiyac yoxdur. Bank qarşısında cərimə öhdəliyinin olmaması barədə şikayətin dəlili də iş materialları ilə təkzib olunur. Belə ki, kredit müqaviləsinin 3.1-ci bəndində tərəflər öhdəlik götürmüşlər ki, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq Bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə tətbiq edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bütünlüklə əsassız sayır və qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə borcun iddiaçının tələb etdiyi məbləğdən daha az olduğunu təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1924/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1924/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver