Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1928/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-1928/2023 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası QƏRARDAD 05 aprel 2023-cü il Bakı şəhəri Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Məhmməd qızının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5447/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə 15.000 manat borcun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, cavabdehlə əmək müqaviləsi bağlayaraq işə qəbul etmişdir. Belə ki, o, gözəllik salonu işlədir və cavabdeh də onun salonumda işləyəcəkdi. Cavabdehlə belə tanış olduqdan sonra ona kredit müqaviləsi əsasında 15000 manat notarial qaydada borc pul vermişdir. Cavabdeh pulu xx.xx.2025-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlə iş münasibətləri alınmadığı üçün salonunda işləmək istəmədi və çıxıb getdi. Ondan pulu istədikdə bildirdi ki, get hara müraciət edirsən et, ona heç nə verən deyil. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Hətta, bununla bağlı Xətai rayon Polis İdarəsinə də müraciət etmiş, ona bu iş mülki xarakterli olduğundan məhkəməyə müracəit etməyi bildirmişlər. Ona görə də mən hüquqlarını məhkəmədə bərpa olunmasını istəyir. Xətai Rayon Məhkəməsinin 2(011)-5447/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şikayətə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəlləyə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir (150.0.6). Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6). Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır (259.0.1) Mülki işdən görünür ki, iddiaçı cavabdehlə xx.xx.2021-ci il tarixdə 4 il müddətinə (xx.xx.2025-ci il tarixədək) kredit müqaviləsi bağlamış, müqavilə üzrə iddiaçı cavabdehə 15000 manat kredit vermiş, cavabdeh də 2025-ci ilin aprelin 7-nə qədər borcu qaytarmaq öhdəliyi götürmüşdür. Bununla da müəyyən edilir ki, iddiaçı müqavilə müddəti başa çatmamış pulunu tələb edir, faktiki olaraq müqavilənin ləğvini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin baxılan iş üzrə iddiaçı qanunverciliyin tələbinə görə cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etmədən, daha doğrusu cavabdehin iddia ərizəsində qeyd olunduğu kimi qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana müvafiq pretenziya məktubu göndərmədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddianı icraata götürərək, işə mahiyyəti üzrə baxmışdır. İddiaçının hazırki tələblə bağlı cavabdehə pretenziya məktubu göndərməsi, mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etməsini müəyyən etmək olmur, bununla bağlı iş materiallarda hər hansı sübut yoxdur. Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ona görə də kollegiyanın qənaətinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Kollegiya, həmçinin iddiaçıya izah edir ki, prosessual qanunvericiliyin tələblərinə əməl edərək, ümumi qaydada yeni ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 259.0.1, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5447/2022 saylı, 10 noyabr 2022-ci il tarixl il tarixli qətnaməsi ləğv edilsin. İddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1928/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1928/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver