Məhkəmə qərarları › İş №2(103)-1929/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1929/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1929/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3274380Nümayəndə4, cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3274380Vəkil1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(010)- 2710/2024 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şəxsi beynəlxalq plastik kartının alınması, istifadə edilməsi və bank hesabının açılması haqqında ərizədən görünür ki, ərizəçi Cavabdeh müvafiq ərizəni imzalamaqla İddiaçı QSC-nin plastik kartının verilməsini xahiş etmiş və plastik kartın verilməsi üçün Xidmət Müqaviləsinin onun tərəfindən imzalandığını və qeyri-şərtsiz olaraq müqavilənin şərtlərinə riayət etməyi öz öhdəliyinə götürdüyünü təsdiq etmişdir.

2. AZ84ACAB******************** nömrəli kart hesabı üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müvafiq kart hesabı üzrə sonuncu əməliyyat 07 iyun 2021-ci il tarixdə “Bank daxili köçürmə” təyinatı üzrə həyata keçirilmiş və 6416,92 manat məbləğində qalıq borc yaranmışdır.

3. 27 mart 2024-cü il tarixli, OUT-2024/03/27-15 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh 26010000********** saylı, 21 iyun 2016-cı il tarixli VİSA Classic/Standart Debit kartı üzrə 27 mart 2024-cü il tarixinə 6416,92 manat əsas borc olmaqla, ümumilikdə 6416,92 manat məbləğində borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə 21 yanvar 2016-cı il tarixli, ******************** saylı müqavilə üzrə yaranmış borc üzrə 6416,92 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 84,17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 21 yanvar 2016-cı il tarixli, ******************** saylı plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, Cavabdehin sifariş ərizəsinə əsasən onun adına VİSA Classic/Standart debit kart növlü kart hesabı açılmış və 4268********8374 nömrəli kart cavabdehə təhvil verilmişdir. Kart vasitəsilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı 6416,92 manat məbləğində borc yaranmış və cavabdeh müqavilənin 3.3.3-cü bəndini pozaraq 07 iyun 2021-ci il tarixdən borcu ödəməkdən yayınmışdır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotoreya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC (“X5”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və verginin ödənişə cəlb edilib-edilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən, hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Vergi tutulmalı olan əməliyyatların aparıldığı kart İddiaçı QSC tərəfindən verildiyindən hazırkı iş üzrə Bank vergi agenti qismində çıxış edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən 27 mart 2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(010)- 2710/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Qətnamənin əsaslarına görə İddiaçı QSC tərəfindən Cavabdeh adına xx.xx.2016-cı il tarixdə bank hesabı açılmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, həmin hesab üzrə ilk əməliyyat (mədaxil) xx.xx.2016-cı il, sonuncu əməliyyat (bank daxili köçürmə) xx.xx.2021-ci il tarixdə baş tutmuşdur. Həmçinin görünür ki, sonuncu əməliyyatdan əvvəl – xx.xx.2021-ci il tarixində “LC LC X9” təyinatı ilə hesabdan 7288.69 manat məbləğində vəsait silinmiş, bunun 371.77 manatı hesabda olan qalıqdan silinmiş, qalan 6916.92 manatı isə hesabda vəsait olmadığına görə “-6916.92” şəklində göstərilmişdir. xx.xx.2021-ci il tarixdə həmin hesab üzrə sonuncu əməliyyat kimi hesaba 500 manat vəsait daxil olmuş, həmin vəsait “bank daxili köçürmə” təyinatı ilə hesabdan silinərək, hesabda “-6416.92” göstərilmişdir. Bundan sonra hesab üzrə heç bir əməliyyat həyata keçirilməmişdir. Hazırda iddiaçı Bank iddia edir ki, hesabda “-6416.92” kimi göstərilən məbləğ Cavabdeh həmin kart vasitəsilə xarici satıcıdan elektron ticarət qaydasında aldığı mallara görə iddiaçı Bankın ödəmiş olduğu vergidir. İddiaçıya görə, həmin pul cavabdehin həyata keçirdiyi əməliyyatlara görə iddiaçı tərəfindən ödənilmiş olduğundan cavabdehdən tutulmalıdır. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin əlaqəli maddələrindən görünür ki, Azərbaycan Respublikasında əlavə dəyər vergisi üçün qeydiyyata alınmayan qeyri-rezidentlər Vergi Məcəlləsi ilə müəyyən edilən vergi agenti üçün göstərdiyi xidmət və gördüyü işlərə görə vergiyə cəlb olunur. Bu vergiyə cəlb olunma qaydası isə Vergi Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləyə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Bu zaman ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı vergi agenti hesab olunur. Hansı ki, hazırkı iş üzrə iddiaçı Bank da iddia edir ki, cavabdehin aldığı elektron xidmətlərə görə cavabdehin əvəzinə vergi agenti kimi ödəniş etmişdir. Bununla belə, Vergi Məcəlləsində vergi agentinin yuxarıda qeyd edilmiş vergini ödəməli olduğu vaxt müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləyə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Lakin hazırkı işdən görünür ki, iddiaçının ödədiyi iddia edilən 6416,92 manat məbləğində vergi borcunun hansı əməliyyat(lar)a görə nə vaxt hesablandığı, vergi agenti (iddiaçı Bank) tərəfindən hansı bəyannamə üzrə nə vaxt ödənildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı Bankın nümayəndələri bunu onunla əsaslandırmışdır ki, vergi orqanı onlardan vergi borcunu ümumi şəkildə tələb etmiş, onlar da ödənişi ümumi şəkildə etmişlər. Bu səbəbdən hansı ödənişin hansı müştərinin borcuna görə ödənildiyini təsdiq edən sübutların təqdim edilməsi mümkün olmamışdır. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı öz sübutetmə vəzifəsini lazımınca icra etməmiş sayılmalıdır. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, vergi ödəmələrinin Vergi Məcəlləsində qeyd edildiyi kimi hər vergi əməliyyatına görə ayrıca yox, hansısa dövr üçün cəmlənmiş qaydada ödənilməsi son nəticədə cavabdeh üçün ədalətsiz vəziyyət yaratmışdır. Belə ki, əgər iddiaçı Bank cavabdehin hər vergi tutulmalı əməliyyat həyata keçirdiyi vaxt müvafiq verginin tutulmasını təmin etmiş olsa idi, cavabdeh növbəti belə əməliyyatlar həyata keçirərkən tutulacaq vergini də nəzərə almaq imkanına malik olardı. Xüsusən nəzərə alınmalıdır ki, iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı Bank tərəfindən cavabdehin adına hesab açılarkən qeyri-rezidentlərin iştirakı ilə elektron ticarət vergiyə cəlb olunmamış, Vergi Məcəlləsinə müvafiq dəyişiklər sonradan edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən vergi ödənişlərinin cavabdehin hesabından qanunla müəyyən edilmiş müddətdə tutulmaması və sonradan cəmlənmiş vəsaitin cavabdehdən tələb edilməsi həm də hüquqdan sui-istifadə xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan suiistifadədir. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddia edilən 6416.92 manat məbləğində vergi borcunu yaradan vergi əməliyyatlarının tarixinin dəqiq müəyyən edilməsi hazırkı iş üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi, qeyri-rezidentlərin iştirakı ilə elektron ticarət Azərbaycan Respublikasının Vergi Məcəlləsinin xx.xx.2016-cı il tarixdə edilmiş dəyişikliklərdən sonra vergiyə cəlb edilmişdir və müvafiq dəyişikliklər 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Hazırkı iş üzrə iddiaçı Bank tərəfindən cavabdehin adına hesabın 2016-cı ilin yanvar ayında açılmış olduğu nəzərə alındıqda, cavabdehin dəyişikliklər qüvvəyə mindiyi dövrə qədər apardığı elektron ticarətlə bağlı əməliyyatların vergiyə cəlb edilməməsi mümkündür. Lakin hazırkı işdə iddiaçı tərəfindən tələb edilən vergi borcunun hansı tarixdə həyata keçirilmiş hansı əməliyyata görə yarandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən bu hala qiymət verilməsi də mümkün olmamışdır. Ümumiyyətlə, iddiaçı Bank tərəfindən məhz cavabdehin həyata keçirdiyi əməliyyatlara görə vergi orqanına hansısa vergi ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən sənəd yalnız hesabdan çıxarışdır ki, oradan da yalnız hesaba “LC LC X9” təyinatı ilə mənfi vəsait yazıldığı görünür. İddiaçı Bank iddiasının əsasını təşkil edən və işin mahiyyəti üzrə həll edilməsi üçün mühüm əhəmiyyət daşıyan halları sübut edə bilməmişdir ki, bu vəziyyətdə iddianın təmin edilməsi istisna edilir. Bununla belə, məhkəmə cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin ötürülməsinə dair ərizə ilə razılaşmır. Ona görə ki, iddiaçı Bankın tələbi müqavilədən yox, qanundan irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Belə ki, iddiaçı Bank cavabdehin əvəzinə vergi borcunu ödədiyini iddia etmiş və həmin borcu reqres qaydada cavabdehdən tələb etmişdir. Belə olan halda Mülki Məcəllənin 377.4-cü maddəsinin tələbinə uyğun olaraq reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanmalıdır. Hazırkı işdə iddia edilən öhdəliyin icrası anı 2021-ci ilin iyun ayı olduğundan müddətin axımı da həmin andan başlamalı, Məcəllədə ümumi iddia müddəti kimi müəyyən edilmiş 10 il müddətində davam etməlidir. Bu baxımdan iddia müddəti ötürülməmişdir. Lakin məhkəmənin artıq yuxarıda əsaslandırdığı səbəblərdən iddianın təmin edilməsi istisna edilir. Odur ki, iddia rədd edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 372, 385, 386-cı maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166 və 169-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməyərək qeyd olunmuşdur ki, iddiaçı tərəfindən tələb edilən vergi borcunun hansı tarixdə həyata keçirilmiş hansı əməliyyata görə yarandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən cavabdehin adına açılan kart hesabının 2016-cı ilin yanvar ayından açılmış olduğunu nəzərə alaraq, cavabdehin Vergi Məcəlləsindəki 16 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliklər qüvvəyə mindiyi dövrə qədər apardığı elektron ticarətlə bağlı əməliyyatların vergiyə cəlb edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Hesab edir ki, iş materiallarına əlavə edilmişsübutlara məhkəmə düzgün qiymət verməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunurvəhəmin dövlətdədə ƏDV tətbiq olunur. Məhkəmə qətnamədə qeyd edir ki, Vergi Məcəlləsində vergi agentinin ƏDV-ni ödəməli olduğu vaxt müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləyə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Vergi Məcəlləsinə əsasən, vergi agenti kimi AccessBank QSC tərəfindən Cavabdeh tərəfindən ƏDV-yə cəlb olunmalı əməliyyatlar üzrə ödənilməli olan 18% ƏDV vaxtlıvaxtında ödənilmişdir. Bu məsələ ilə bağlı mübahisənin tərəfi Cavabdeh deyil, vergi agenti kimi öhdəlik AccessBank QSC-nin üzərinə düşür və AccessBank QSC öz öhdəliyini icra etmişdir. Hazırki mübahisə 10 fevral 2020-ci il tarixindən 2021-ci ilin fevralın 16-dək Cavabdeh tərəfindən aparılmış əməliyyatlar üzrə 6916,92 manat manat məbləğində vergiyə cəlb olunmuş məbləğin Accessbank QSC-nin hesabından ödənilməsidir. Həmin məbləğin AccessBank QSC-nin hesabından silinməsinin hüquqi əsası isə tərəflər arasında imzalanmış “plastik kartın əldə edilməsi, istifadəsi vəxüsusi kart hesabının açılması haqqında” 21 yanvar 2016-ci il tarixli, ******************** nömrəli müqavilədir. Həmin müqaviləni Cavabdeh imzalayaraq, müqavilənin bəndlərinə öz razılığını bildirmişdir. Belə ki, ******************** saylı müqavilənin 3.2.3-cü bəndinə əsasən kart sahibi öhdəsinə götürür ki, kart sahibinin istənilən öhdəlik üzrə Banka yaranmış borcunu Kart sahibinin sərəncamı olmadan cari bank hesabından Bankın xeyrinə silmək hüququ vardır. Hazırki mülki iş üzrə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan aydın olur ki, 10 fevral 2020-ci il tarixindən 2021-ci ilin fevralın 16-dək Cavabdeh tərəfindən 7288,68 manat məbləğində vergiyə cəlb olunmalı əməliyyatlar aparılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3274380Nümayəndə4 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3274380Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Bakı Apellyasiya Məhkəməsininin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 03 iyun 2025-ci il tarixli 3-21-2-3/2-646707/2025 saylı məktubuna əsasən Cavabdeh uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi kimi Accessbank-QSCdə (VÖEN: **********) hesabı müəyyən edilmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 377. İddia müddətinin başlanması. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Maddə 169.1. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Maddə 169.2. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. Maddə 169.3. Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyrirezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir. Maddə 169.4. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. Tələbin əsasını o təşkil edir ki, Cavabdeh kart vasitəsilə apardığı əməliyyatlar üzrə yaranmış vergi borcu bank tərəfindən ödənilmiş, buna görə də sonuncunun göstərilən məbləğdə borcu yaranmışdır. Bu faktın təsdiqi üçün iddiaçı tərəfindən həmin pul vəsaitinin həqiqətən də Cavabdeh kart vasitəsilə apardığı əməliyyatlar üzrə yaranmış vergi borcunun ödənilməsi halı sübuta yetirilməlidir. Lakin nə birinci instansiya məhkəməsində, nə də işə apellyasiya mərhələsində baxılarkən iddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

21. Bununla bağlı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, qeyd olunan hal iddianın əsasını təşkil etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərardadına əsasən Cavabdeh adına olan AZ84ACAB******************** nömrəli hesab üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş plastik kart üzrə aparılmış əməliyyatlarla bağlı vergi borcunun yaranıb – yaranmaması, yarandığı təqdirdə həmin borcun ödənilib – ödənilməməsi, ödənilmişdirsə bu ödənişin hesabdan tutulması və ya İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi barədə məlumat və bu barədə sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə təqdim edilməsi qərara alınmışdır. X8 Xidmətinin cavab məktubunda da bu hala dair hər hansı bir xüsusat əksini tapmamışdır.

22. Birinci instansiya məhkəməsi bununla bağlı haqlı olaraq qeyd etmişdir ki, iddiaçının ödədiyi iddia edilən 6416,92 manat məbləğində vergi borcunun hansı əməliyyat(lar)a görə nə vaxt hesablandığı, vergi agenti (iddiaçı Bank) tərəfindən hansı bəyannamə üzrə nə vaxt ödənildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı bunu onunla əsaslandırmışdır ki, vergi orqanı onlardan vergi borcunu ümumi şəkildə tələb etmiş, onlar da ödənişi ümumi şəkildə etmişlər, bu səbəbdən hansı ödənişin hansı müştərinin borcuna görə ödənildiyini təsdiq edən sübutların təqdim edilməsi mümkün olmamışdır.

23. İddiaçı apellyasiya şikayətində Vergi Məcəlləsinin 169.3-cü istinad edərək qeyd etmişdir ki, həmin normanın tələbinə əsasən elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

24. İddiaçının özünün də istinad etdiyi normanın məzmununda da qeyd olunur ki, “vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.”

25. Lakin Elektron Məhkəmə İnformasiya Sistemində olan məlmuatlardan görünür ki, Cavabdeh həmin dövrdə vergi orqanlarında uçotda olmuşdur (VÖEN: **********). Belə olduğu təqdirdə qeyd olunan normanın tətbiqi mümkün deyildir. Bundan başqa normanın məzmununda “alıcının vəsaiti hesabına” sözləri qeyd olunmuşdur və digər normalarda ƏDV-nin bank tərəfindən ödənilməli olduğuna dair hər hansı bir müddəa yoxdur. Hətta Vergi Məcəlləsinin 169.5-ci maddəsi vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi halda borcun hansı qaydada alınmalı olmasının prosedurunu da müəyyən edir. Həmin normanın tələbinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyrirezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

26. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddia edilən 6416,92 manat məbləğində vergi borcunu yaradan vergi əməliyyatlarının tarixinin dəqiq müəyyən edilməsi hazırkı iş üçün xüsusi əhəmiyyət daşıyır. Lakin hazırkı işdə iddiaçı tərəfindən tələb edilən vergi borcunun hansı tarixdə həyata keçirilmiş hansı əməliyyata görə yarandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən bu hala qiymət verilməsi də mümkün olmamışdır. Ümumiyyətlə, iddiaçı Bank tərəfindən məhz cavabdehin həyata keçirdiyi əməliyyatlara görə vergi orqanına hansısa vergi ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən sənəd yalnız hesabdan çıxarışdır ki, oradan da yalnız hesaba “LC LC X9” təyinatı ilə mənfi vəsait yazıldığı görünür.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(010)- 2710/2024 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(010)- 2710/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar