Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-193/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı Cavabdeh (hüquqi varisi Müliki-zadə Elmira Baba qızı) qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(003)-2960/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6823,46 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, Birliyin Bakı Regional qazın satışı Departamentinin abonenti olmaqla Xəzər rayonu, Türkan qəsəbəsində istixanadan istifadə edir. Cavabdehlə bağlanmış "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən 19 may 2020-ci il tarixədək onun istifadə etdiyi təbii qaza görə 6823,46 manat borcu yaranmışdır. Sərfiyyat ona məxsus olan istixanada quraşdırılmış sayğacla aparılmışdır. Aparılmış hesabata görə cavabdehin mütəmadi ödənişi olmadığından mövcud borcun yaranmasına səbəb olmuşdur. Abonent saldosundan görünür ki, cavabdeh qaz sayğacına müdaxilə etdiyinə görə 28 dekabr 2018-ci il tarixli, ******* saylı akt əsasında 2160 manat dəymiş ziyan hesablanmış, nəticədə 01 iyun 2020-ci il tarixə 6823,46 manat debitor borc yaranmışdır. Cavabdehə pulun ödənilməsinə dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(003)- 2960/2020 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 4419,34 (dörd min dörd yüz on doqquz manat otuz dörd qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissəsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Cavabdeh 03 fevral 2021-ci il tarixdə vəfat etmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 25 may 2022-ci il tarixli qərardadı ilə cavabdehin hüquq varisi (varisləri) müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmış, 22 fevral 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən 03 fevral 2021-ci il tarixdə ölmüş Cavabdeh vərəsəsi Müliki-zadə Elmira Baba qızı müəyyən edildiyi üçün, sonuncu cavabdehin hüquqi varisi kimi cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın tam təmin olunmalı olması və s. göstərilmiş, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********02600 sayla qeydiyyata alınmışdır. İşdə olan 28 dekabr 2018-ci il tarixli aktın və itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktın surətindən, abonent saldosundan görünür ki, abonent kodu **********02600 sayla qeydiyyata alınmış ünvanda qaz sayğacına müdaxilə edilməsinə görə 2404,12 manat dəymiş ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı rədd edərkən göstərmişdir ki, məhkəmə iclasında iddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə və ya qaz sayğacına qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra, Qaydalar) 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Baxılan işdə isə, iddiaçı, cavabdehin istinad etdiyi aktda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Yoxlanılan hissədə iddiaçının təqdim etdiyi aktdan isə görünür ki, o qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Ona görə də, cavabdehin sayğacdan kənar qazdan istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, iddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan azdır, bu səbəbdən də qənamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh (hüquqi varis Müliki-zadə Elmira Baba qızı) qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(003)-2960/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(003)- 2960/2020 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-193/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-193/2022
24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver