Məhkəmə qərarları › İş №2(103)-1930/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1930/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1930/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(011)-2013/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 36130.33 manatın, bundan 15999.65 manat əsas, 8890.95 manat faiz, 8890.95 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2348.76 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli, 003T12160025 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 16000 manat məbləğində kredit xətti açmışdır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilmişdir. Kredit xətti 27.12.2016-cı il tarixdən 27.11.2017-ci il tarixədək açılmışdır. Kredit xəttinin müddəti kredit kartının müddətindən çox olmamalıdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə Kart vasitəsilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, valyuta mübadiləsinin aparılması, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 20.10.2020-ci tarixə Cavabdeh kredit üzrə cəmi borcu 36130.33 manat təşkil edir. Bundan 15999.65 manat əsas, 8890.95 manat faiz, 8890.95 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2348.76 manat faiz borcu təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(011)-2013/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 15999.65 manat əsas, 2314.03 manat faiz borcu, 889 manat cərimə borcu olmaqla, cəmi 19202.68 manat məbləğində pul vəsaitinin İddiaçıASC-nin xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilməsi, eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%, yəni 50 manat Cavabdeh, 50%, yəni 50 manatın iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə bu maddələrin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçı təşkilatın mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Belə ki, məhkəmə cavabdehin iştirakını təmin etmədən, çəkişmə hüququnu pozaraq əleyhinə qərar qəbul edərək kobud qanun pozuntusuna yol vermişdir. İddiaçı tərəfindən qanunun tələbinin konkret pozulması halı müəyyən edilsədə qiymət verməmişdir. Məhkəmə yalnız iddiaçının nümayəndəsinin izahatına əsaslanaraq heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmışdır ki, hazırki işə Xətai Rayon Məhkəməsində baxılarkən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı digər borc tələbinə dair iddiasına başqa hakim tərəfindən baxılarkən, qeydiyyatda və yaşadığın ünvana bildirişlər gəlmiş, həmçinin telefon vasitəsilə sms bildirişi almışdır. Ona görə də həmin məhkəmənin iclaslarında iştirak etmişdir. Ancaq hazırki mübahisə ilə bağlı heç bir poçt bildirişi və ya telefonuna sms bildirişi daxil olmamışdır. Göründüyü kimi məhkəmə bilərəkdən onun iştirakını təmin etmək niyyətində olmamışdır. İşin hallarından və qətnamədən göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 26.12.2016-ci il tarixli 003T12160025 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 16000 manat məbləğində kredit xətti açılmışdır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilmişdir. Kredit xətti 27.12.2016-cı il tarixdən 27.11.2017-ci il tarixinədək açılmış və kredit xətti müqaviləsinin müddəti 27.11.2017-ci il tarixdə bitmişdir. Bundan sonra banka heç bir ödəniş daxil olmamış və bank bununla bağlı məhkəməyə 19.01.2021-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı qanunvericliyin tələblərini pozaraq iddia müddətini ötürməklə iddia ərizəsini vermişdir. Əgər məhkəmə iclasında iştirakı təmin olunsaydı bu barədə ərizə təqdim edərək iddia müddətinin tətbiq olunmasını xahiş edəcəkdi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27.12.2016-cı il tarixli, 003T12160025 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 16000 manat məbləğində 11 ay, illik 19.2 faiz dərəcəsə ilə kredit xətti açılmışdır. İddiaçı ASC tərəfindən verilmiş 02.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 15999.65 manat əsas, 8890.95 manat faiz, 8890.95 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2348.76 manat faiz borcu olmaqla, cəmi 36130.33 manat borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC–nin cavabdehə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, 9/2821 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 27 dekabr 2016-cı il tarixdə bağlanmış 003T12160025 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" ASC-yə sualda göstərilən yəni, 27 noyabr 2017-ci il tarixinə olan borcu: 27 noyabr 2017-ci il tarixə 18313.68 AZN, əsas borc üzrə 15999.65 AZN, faiz borcu üzrə 2314.03 AZN müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739, 442, 445 və 449 maddələrinə əsasən iddia tələbi əsas borc məbləğinin tutulması hissəsində əsaslı hesab edilmişdir. Həmçinin, mülki işin materialları ilə təsdiq edilir ki, tərəflər arasında 27.12.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin müddəti 27.11.2017-ci il tarixdə bitmişdir. İş materiallarında olan ekspert rəyi ilə təsdiq edilir ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin müddətinin bitdiyi tarixə faiz borcu 2314.03 manat olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsaasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməmiş və çəkişmə prinsipi qaydaları pozulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan başqa, iddia tələbinin borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə hesablanmış borc məbləği iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş maliyyə arayışına əsasən hesablanmışdır. Lakin, hazırkı mübahisə üzrə müddətlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərara almışdır ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. İş materiallarından görünür ki, kredit xətti 27.12.2016-cı il tarixdən 27.11.2017-ci il tarixinədək açılmış və kredit xətti müqaviləsinin müddəti 27.11.2017-ci il tarixdə bitmişdir. Bundan sonra banka heç bir ödəniş daxil olmamış və bank bununla bağlı məhkəməyə 19.01.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil tərəfindən iddia müddətinin ötürülməsinə dair ərizə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığından, mübahisə predmeti olan 27.12.2016-cı il tarixli, 003T12160025 nömrəli kredit xətti müqaviləsi üzrə iddia müddətinin axımı cavabdeh tərəfindən banka edilən son ödəniş tarixindən hesablanmalıdır. Lakin, iş materiallarından hazırki müqavilə üzrə hər-hansı ödənişlərin olduğu müəyyən edilməmişdir. İş materiallarına hesabdan çıxarış əlavə edilsə də, hesabdan çıxarışın hazırki müqavilə üzrə aparılmış əməliyyatlara aid olub-olmaması müəyyən edilmir. Hazırki müqaviləyə aid edilsə belə, həmin hesabdan çıxarışa görə sonuncu ödəniş 27.11.2017-ci il tarixdə olmuşdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edildiyindən və mübahisə predmeti olan 27.12.2016-cı il tarixli, 003T12160025 nömrəli kredit xətti müqaviləsi üzrə iddia müddətinin axımının, kredit xətti müqaviləsinin bitdiyi tarixdən, yəni 27.11.2017-ci il tarixdən başlanması müəyyən edilmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməli, iddia tələbi rədd edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 100 manat məbləğində pul iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(011)-2013/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 100 manat məbləğində pul iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar