Məhkəmə qərarları › İş №2(103)-1930/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1930/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1930/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İrizvan qızının Cavabdeh qarşı “alimentin artırılması” barədə ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı İrizvan qızına qarşı “alimentin azaldılması” barədə qarşılıqlı iddiasına mülki iş (Açar sözlər: «alimentin artırılması, alimentin azaldılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5635/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X9 ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə nikah bağlamış və bu nikahdan üç övladları, xx.xx.2012ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X10 doğulmuşdur.

2. Tərəflərin nikahı Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 906/2020 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

3. Cavabdeh müddətsiz olaraq 3-cü qrup gözdən əlildir və ikinci nikahından xx.xx.2022-ci il təvəllüdlü bir övladı - X11 adlı övladı da vardır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı X1 Xəqani Həzixan oğluna qarşı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 oktyabr 2012-ci il təvəllüdlü X2, 23 iyun 2014-cü il təvəllüdü X3 və 02 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa gorə 193 manat, cəmi 579 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlk iddiada göstərilir ki, cavabdeh hazırda da alimenti ödəməkdən yayınır. Bu da onun hüquqlarını pozur. Uşaqların və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərcləri ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçun məhkəmə qaydasında alimentin tutulması tam qanuna uyğundur.

6. Cavabdeh da Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 906/2020 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün ondan hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləğinin hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.

7. Qarşılıqlı iddiada göstərilir ki, uzun illər göz xəstəliyindən əziyyət çəkməyinə baxmayaraq, cavan olduğu vaxtlarda ciddi problem hiss etmirdi. Yaş ilə əlaqədar, həm də xəstəliyin yeni fəsadları yarandığı üçün o, 19 mart 2021-ci il tarixdən etibarən müddətsiz üçüncü dərəcəli gözdən əlildir. Bu səbəbdən o, hər hansı bir fiziki işlərdə çalışmaq imkanları məhdudlaşmışdır. Dövlətdən əlilliyə görə 120 manat həcmində müavinat alır. Gözdən əlillik ilə əlaqədar olaraq hər hansı özəl və digər müəssisə və təşkilatlarda əmək müqaviləsi əsasında çalışmır. Gözdən əlil olaraq əlavə qulluğa ehtiyacı olduğundan, o, yeni ailə qurmaq məcburiyyətində olmuşdur. Yeni qurduğu ailədən bir uşağı xx.xx.2022-ci il tarixdə dünyaya gəlmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5635/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə ilkin iddia tələbinin qismən təmin edilərək Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-906/2020 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 185 manat olmaqla, cəmi 555 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı İrizvan qızına ödənilməsi; ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi; qarşılıqlı iddia tələbinin təmin edilməməsi; qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün alimentin artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2020-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onun zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə hər ay ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin də maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, cavabdehin qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Həmçinin, AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının elektron məlumatına əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü qrup gözdən əlildir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabdeh yenidən nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2022-ci il tarixdə bir övladı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay cəmi 579 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, cavabdehin maddi və sosial vəziyyəti onun göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay hər uşaq üçün 185 manat olmaqla, 555 manat məbləğində müəyyən edilməsini daha məqsədə uyğun hesab edir. Cavabdeh alimentin azaldılmasını səhhəti (3-cü qrup gözdən əlil olması) və ailə vəziyyəti (yeni ailə qurması və yeni nikahdan bir övladının olması) ilə əlaqələndirir. Məhkəmə cavabdehin səhhətinə görə alimentin azaldılması barədə dəlili ilə razılaşmır, belə ki, iş materiallarında olan AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının elektron məlumatına əsasən cavabdehə xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü qrup gözdən əlillik dərəcəsi verilsə də, onun görmə itiliyi tələb edilməyən yüngül işlərdə işləməsi göstərilmişdir. Bu hal isə cavabdehin, ümumiyyətlə əmək qabiliyyəti ilə məşğul ola bilməməsi mənasına gələ bilməz. Digər bir tərəfdən, Ailə Məcəlləsinin 78.2-ci maddəsində məhkəmələrdən tələb edilir ki, sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınarkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. İş materialları ilə müəyyən edilir ki, uşaqlar üçün aliment Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş, həmin vaxtdan sonra ölkə üzrə bir uşağın saxlanması üçün xərc, həm 2021-ci il, həm də 2022-ci il üçün artırılmışdır. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdehin səhhəti əsas götürülərək alimentin azaldılması həm uşaqların mənafeyinə zidd olardı, həm də bu onların əvvəlki təminatının azaldılmasına səbəb olardı.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, ilkin iddianı təmin edərək aliment məbləğinin artırılması düzgün deyildir. Mübahisənin düzgün həlli üçün məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmaqla, onun gözdən əlil olaraq Dövlətdən 120 manat müavinət almasına dair faktı məhkəmə düzgün qiymətləndirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsi alması, ağır fiziki işlərdə (beton, daş, hörgü və s.) çalışmağa fiziki gücünün yetərli olmaması faktını Məhkəmə nəzərə almamışdır. Məhkəmə nəzərə almır ki, Dövlət orqanları, yaxud sahibkarlar tərəfindən ona hər hansı bir yüngül iş təklif edilərsə, həmin işin icrasından imtina etməz. İşin bu faktiki hallarını Məhkəmə düzgün araşdırmadığı üçün, habelə ilkin iddiaçı mediator vasitəsilə onun uşaqlarla ünsiyyətinə razılıq verdiyi halda, hazırda uşaqlar ilə ünsiyyətinə icazə vermir. İddiaçı məhkəmədə və məhkəmədənkənar qəsdən onun barəsində belə bir fikir formalaşdırır ki, guya sən demə o, milyonların sahibidir! Beləliklə, məhkəmə aliment məbləğinin artırılması barədə qərar qəbul edərkən onun maddi vəziyyətini, sağlamlıq vəziyyətini və yeni ailə qurması ilə əlaqədar vəziyyətini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı X9 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanunu.

«Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən, yəni ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsasdır.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın rədd edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarıda qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İlkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından ilkin iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamış, qarşılıqlı iddianın rədd edilməsi hissəsində də isə düzgün olmuşdur.

23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları ilkin iddianın Ailə Məcəllənin yuxarıda qeyd olunan normasının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından ilkin iddia haqlı sayılmırdı.

24. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir.

25. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir.

26. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər.

27. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur.

28. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər.

29. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur.

30. Hazırki işdədə ilkin iddiaçı tərəfindən cavabdehin qazancının artmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmiş, eləcə də iddiaçı alimenti cavabdehin qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində artırılmasını istəmişdir.

31. Əlbətdə ki, ilkin iddiaçının cavabdehin daha artıq qazancının və digər gəlirlərinin olması barədə mötəbər sübut əldə edərsə sabit pul məbləğində yaxud da aylıq qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi aliment tələbinə(artırılmasına) dair yenidən məhkəməyə müraciət etməyə hansısa maneə mövcud deyildir. Lakin hazırki vəziyyətdə ilk iddia üzrə cavabdehin Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri baxımından maddi vəziyyətində dəyişiklik olardısa, yəni qazancı və digər gəlirləri artmış olsaydı alimentin müəyyən olunmuş mqdarının qismən də olsa artırılması başadüşülən olardı. Ancaq qeyd olunduğu kimi belə bir dəyişikliyin olmasına dair ilkin iddiaçı məhkəməyə hansısa sübut təqdim etməmişdir.

32. Əksinə, ilkin iddia üzrə cavabdehin maddi vəziyyətindəki dəyişikliyi uşaqların əvvəlki vəziyyətdə saxlanılmaları üçün üstün mənafeləri olmasaydı müəyyən olunmuş alimentin azaldılması üçün əsas olan hallara aid etmək olardı. Çünki, cavabdeh üçüncü qrup gözdən əlil olmuş və ikinci nikahdan yeni bir övladı da doğulmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin ilkin iddianın qismən təmin edilməsi hissəsində qənaəti açıqaşkar əsassız olmasa da yuxarıda qeyd olunan hallar da nəzərə alınmalı idi.

33. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5635/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməli, ilkin iddia tələbi həmin hissədə də təmin edilməməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5635/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edildiyi hissədə ləğv edilsin və ilkin iddia həmin hissədə də təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar