Məhkəmə qərarları › İş №2(103)-1931/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1931/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1931/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-265/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29693,85 ABŞ dolları məbləğində əsas borcun, 1449 ABŞ dolları məbləğində faiz borcunun, 3146 ABŞ dolları məbləğində cərimənin, cəmi 34288,85 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş cəmi 60 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən 16 saylı evin 42 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq kredit borcunun banka ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə, həmin şəxslərin mənzildən məcburi çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X4 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli «Baş kredit razılaşması»na əsasən bank tərəfindən həmin cavabdehə xx xxxx 2013-cü il tarixdən xx xxxx 2023-cü il tarixədək 150.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və xx xxxxxx 2014-cü il tarixli «Kommersiya krediti müqaviləsi»nə əsasən illik istifadə dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 33.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş və Baş Kredit razılaşmasına əsasən veriləcək kreditin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən 16 saylı evin ümumi sahəsi 52,9 kv.m, yaşayış sahəsi 31,2 kv.m, yardımçı sahəsi 21,7 kv.m olan 2 mərtəbəli, 2 otaqlı 42 saylı mənzil ipoteka ilə yüklü edilmiş, həmçinin kreditin digər təminatı kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2014-cü il tarixli «Kommersiya krediti müqaviləsi»nə əlavə və dəyişikliklər edilməsi barədə xx xxxxx 2016-cı il tarixli razılaşmaya əsasən mövcud olan kredit borcu kapitallaşdırılaraq 29.794,59 ABŞ dolları məbləğində, illik faiz 18 faiz müəyyən edilmiş, müqavilənin bir sıra bəndləri qüvvədən düşmüş hesab edilmişdir. Lakin cavabdehlər razılaşmaya əsasən müəyyən edilən kredit öhdəliyini yerinə yetirməmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29693,85 ABŞ dolları məbləğində əsas borcun, 1449 ABŞ dolları məbləğində faiz borcunun, 1400 ABŞ dolları məbləğində cərimənin, cəmi 32542,85 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən 16 saylı evin 42 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddia tələbinin Cavabdeh2 aid hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatsız olması, bu barədə yalnız icra şöbəsindən məlumat əldə etməsi, qətnamə ilə razı olmaması, kredit borcunun şişirdilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ən aşağı məbləğdə qiymətləndirilməsi və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, kredit müqaviləsindən, eləcə də sonradan kredit müqaviləsinə edilən dəyişikliklərdən məlumatı olmamışdır. Hesab edir ki, verilmiş kredit müqaviləsinin şərtləri, həmçinin sonradan ona edilən dəyişikliklər barədə ona da məlumat verilməli, onun razılığı alınmalı idi. Bu səbəbdən də hazırki vaxtda onun zamin və ipoteka qoyan kimi məsuliyyəti ola bilməz, iddia ona qarşı hissədə rədd olunmalıdır. Lakin, birinci instansiya məhkəməsi bunları nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakedən digər Cavabdeh1apellyasiya şikayətini əsaslı sayaraq, əvvəllər verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən Cavabdeh2 kredit müqaviləsinin şərtlərindən və sonradan dəyişdirilmiş şərtlərdən məlumatı olmamış, onun iştirakı təmin olunmamışdır. Hesab edir ki, iddia Cavabdeh2 aid hissədə tam rədd olunmalıdır. Həmçinin bildirir ki, o, qətnamədən apellyasiya şikayəti verməmişdir. Hazırki vaxtda əgər bank ona müəyyən güzəştlər edərsə, yəni qalıq borcu bir qədər aşağı məzənnə ilə hesablayarsa kredit borcunu bağlaya bilər. Lakin, iddiaçı ona heç bir güzəşt etmir. Buna baxmayaraq kredit ödənişlərini hissəhissə etməyə çalışır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, əvvəllər verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edtmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, lakin qətnaməniişdə iştirak edən şəxslərdən yalnız Cavabdeh2 mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh2 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı mümkün hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməlidir. Belə ki, işdə olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli «Baş kredit razılaşması»na əsasən bank tərəfindən Cavabdeh1 xx xxxx 2013-cü il tarixdən xx xxxx 2023-cü il tarixədək 150.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx xxxxxx 2014-cü il tarixli «Kommersiya krediti müqaviləsi»nə əsasən isə Cavabdeh1 illik istifadə dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 33.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, iddiaçı ilə Cavabdeh2 arasında veriləcək kreditin təminatı kimi xx xxxx 2013-cü il tarixli ipoteka və zaminlik müqavilələri bağlanmışdır (ipoteka müqaviləsinə əsasən – Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən 16 saylı evin 42 saylı mənzilinini bank qarşısında ipoteka ilə yüklü etmişdir). Sonradan, yəni xx xxxxx 2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağşlanmış kredit müqailəsinə əlavə və dəyişikliklər edilmiş, əldə edilmiş razılaşmaya əsasən mövcud kredit borcu kapitallaşdırılaraq 29.794,59 ABŞ dolları məbləğində müəyyən edilmiş, eləcə də illik faiz dərəcəsi 18 faiz müəyyən edilmiş, müqavilənin bir sıra bəndləri qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı 2017-ci ilin mart ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsini və banka ümumilikdə 34.288,85 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin əsas borclu Cavabdeh1 və və zamin Cavabdeh2 müştərək qaydada bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini və s. xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, həmçinin Cavabdeh2 zamin və ipoteka qoyan kimi zaminlik və ipoteka müqavilələrindən irəli gələn mülki məsuliyyətinin mövcudluğunu müəyyən etmişdir. Cavabdeh2 isə zaminlik və ipoteka müqavilələrinin bağlanmasını təsdiq etsə də, sonradan verilmiş kredit müqaviləsindən, eləcə də həmin kredit müqaviəsinə edilmiş əlavə və dəyişikliklədən məlumatlı olmamasını, zaminlik və ipoteka müqavilələrinə əlavə və dəyişikliklər olunmamasını, kreditin şərtlərindən tam məlumatlı olmamasını və s. göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd edildiyi kimi işdə olan sübutlara əsasən – iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli «Baş kredit razılaşması»na əsasən sonuncuya 150000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin razılaşmaya əsasən kreditlər əlavə bağlanacaq müqavilə və ya razılaşmalar (kredit müqavilələri) əsasında veriləcəkdir. Eyni zamanda, həmin tarixdə (xx xxxx 2013-cü ildə) iddiaçı ilə Cavabdeh2 arasında zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Sonradan, yəni xx xxxxxx 2014-cü il tarixli «Kommersiya krediti müqaviləsi»nə əsasən isə Cavabdeh1 illik istifadə dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 33.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, qeyd olunan müqavilədən və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, orada Cavabdeh2 zamin və ipoteka qoyan kimi müqavilənin şərtləri (faiz və s.) ilə tanış olmasına dair hər hansı qeyd mövcud deyildir. Həmçinin, xx xxxxxx 2014-cü il tarixdə və ya ondan sonra zaminlik və ipoteka müqavilələrinə də hər hansı əlavə və ya dəyişikliklər olunmamışdır. Hətta sonradan, yəni xx xxxxx 2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqailəsinə əlavə və dəyişikliklər edilmiş, əldə edilmiş razılaşmaya əsasən mövcud kredit borcu kapitallaşdırılaraq 29.794,59 ABŞ dolları məbləğində müəyyən edilmiş, eləcə də illik faiz dərəcəsi 18 faiz müəyyən edilmiş, müqavilənin bir sıra bəndləri qüvvədən düşmüş hesab edilmişdir. Lakin, buna baxmayaraq yenə də Cavabdeh2 zamin və ipoteka qoyan kimi əlavə və dəyişikliklərdə tanış edilməmiş, onun razılığı alınmamış, zaminlik və ipoteka müqavilələrinə də hər hansı əlavə və ya dəyişikliklər olunmamışdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik və ipoteka müqavilələrində ümumiyyətlə verilmiş kreditin məbləği, faiz dərəcəsi və s. bu kimi müqavilənin imperativ şərtləri göstərilməmiş, yalnız xx xxxx 2013-cü il tarixli Baş kredit razılaşmasına (kredit xətti) istinad olunmaqla kifayətlənmişdir. Qeyd edilməlidir ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Həmçinin, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qeyd edilməlidir ki, girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Girov və ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır (Mülki Məcəllənin 269.11-ci maddəsi). İşdə olan sübutlardan (kredit, zaminlik və ipoteka müqavilələri, kredit müqaviləsinə əlavə və dəyişikliklər, ödəniş cədvəlləri və s.) açıq-aşkar görünür ki, zaminlik və ipoteka müqavilələrində qanunvericiliklə nəzərdə tutulmalı olan imperativ şərtlər (faizlərin məbləği və s.) göstərilməmiş, buna baxmayaran, kreditin real olaraq verilməsi ilə bağlı bağlanmış kredit müqaviləsi üzrə zaminin və ipoteka qoyanın razılığı alınmamış, həmin müqavilələrə hər hansı dəyişiklik və ya əlavələr edilməmiş, eləcə də zamin və ipoteka qoyanın sonradan verilmiş kreditin şərtləri ilə tanış edilməmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, qeyd edilən hissədə tələbini əsaslandıra bilməmişdir. Halbuki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarı). Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu xx xxx 2018-ci il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında mövqeyini onunla əsaslandırmışdır ki, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Analojifikirləriipotekamüqaviləsiüzrədəifadəetməkolar. Beləki, Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər «İpoteka haqqında» Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və «İpoteka haqqında» Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən qərarında hesab etmişdirki, ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, «İpoteka haqqında» Qanunun 14cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Həmçinin, işə baxıldığı vaxtı qəbul edilmiş «Banklar haqqında» Qanunun 1.0.9-cu, «İpoteka haqqında» Qanunun 10.5, 14 və 48-ci maddələrinin və Mülki Məcəllənin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumunu qərarında Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında əks olunmuş hüquqi mövqelərin tətbiqi zamanı yaranmış fərqli yanaşmaları nəzərə alaraq qeyd etməyi vacib bilmişdir ki, Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 2005-ci il 25 yanvar tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə istinadən bir daha qeyd edir ki, məhkəmələr öz qərarlarını Konstitusiya Məhkəməsi tərəfindən iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olmayan qərar qəbul etməklə Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinin və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərini pozmuş olurlar. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşdən görünür ki, hazırki mübahisə Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmənin icraatında olmuşdur, bu səbəbdən də Plenumun qeyd edilən qərarlarındakı hüquqi mövqeyləri hazırki mübahisəyə birbaşa tətbiq olunur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki vaxtda Cavabdeh2 zamin və ipoteka qoyan kimi mülki məsuliyyəti mövcud deyildir. İddiaçı tərəfindən yol verilmiş pozuntular nəticəsində Cavabdeh2 zamin və ipoteka qoyan kimi hüquqları pozulmuş, o, sonradan verilmiş kreditin, eləcə də ona edilmiş əlavə və dəyişikliklərin şərtləri ilə ümumiyyətlə tanış edilməmiş, bu istiqamətdə onun razılığı alınmamış, zaminlik və ipoteka müqavilələrinə müvafiq dəyişikliklər edilməmişdir. Bu hal isə istər mülki qanunvericilikdə nəzərdə tutulmuş normaların tələbləri, istərsə də Konstitusiya Məhkəməsinin yuxarıda öz əksini tapmış şərhlərindəki hüquqi mövqeyi baxımından Cavabdeh2 zamin və ipoteka qoyan kimi mülki məsuliyyətinin olmaması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin, qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarındakı göstərişləri nəzərə alınaraq, araşdırıldıqdan sonra məhkəmə kollegiyası mübahisə üzrə hazırki nəticəyə gəlməyi məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış, iddianı Cavabdeh2 münasibətdə təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə, qətnamə həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən, yəni Cavabdeh2 münasibətdə ləğvi üçün tam əsasdır. Həmçinin, qeyd edilməlidir ki, iddia- tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi hissəsində əsassız olduğundan, qətnamə eyni zamanda – «mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılsın» hissədə də ləğv olunmalı, iddia həmin hissədə də təmin olunmamalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qalan hissədə (kredit borcunun düzgün hesablanmaması ilə bağlı) təmin olunmamalıdır. Məhkəmə kollegiyası hər bir halda yuxarıda göstərilənlərə əsasən iddianın Cavabdeh2 münasibətdə rədd olunması nəticəsinə gəlmişdir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı (apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən), birinci instansiya məhkəməsinin qətnaməsi qismən (yəni, Cavabdeh2 29693,85 ABŞ dolları məbləğində əsas borcun, 1449 ABŞ dolları məbləğində faiz borcunun, 1400 ABŞ dolları məbləğində cərimənin, cəmi 32542,85 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən 16 saylı evin 42 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılmaları) ləğv edilməli, iddia qeyd edilən hissələrdə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-265/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)- 265/2018 saylı qətnaməsi qismən, yəni – iddianın Cavabdeh2 aid təmin olunmuş hissələrində (yəni, Cavabdeh2 29693,85 ABŞ dolları məbləğində əsas borcun, 1449 ABŞ dolları məbləğində faiz borcunun, 1400 ABŞ dolları məbləğində cərimənin, cəmi 32542,85 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən 16 saylı evin 42 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılmaları) ləğv edilsin, iddia qeyd edilən hissələrdə təmin olunmasın. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlikedən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar