Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1932/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(005)-2477/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə Cavabdeh1 arasında 11 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş 09 may 2020-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrin ləğv edilməsini, cavabdehlərin əməllərinə obyektiv hüquqi qiymət verilməsi, barələrində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)- 2477/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı2 02.02.2021-ci il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)-2477/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(005)- 2477/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)-2477/2020 nömrəli qətnaməsindən İddiaçı2 verdiyi apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı2 tərəfindən şikayət verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)-2477/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə İddiaçı2 tərəfindən ərizə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(005)- 2477/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)-2477/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə İddiaçı2 ərizəsinin təmin edilməsi, müddətin buraxılmasının üzürlü hesab edilməklə, buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 tərəfindən verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(005)-2477/2020 nömrəli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəmə qətnaməsi rəsmi olaraq 12.12.2020-ci il tarixdə alınmışdır. Buna baxmayaraq iddiaçı həmin qətnamədən apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin ötürməklə 02.02.2021-ci il tarixdə rayon məhkəməsinə təqdim etmiş və prosessual müddətin bərpası barədə ərizə verməmişdir. Bundan başqa Apellyasiya Məhkəməsi mülki kollegiyası tərəfindən iddiaçının istinad etdiyi "xxxx" MMC tərəfindən təqdim edilmiş 11 mart 2020-ci il tarixli məktubunda qeyd olunanları mötəbər hesab etməmiş və qeyd etmişdir ki, SS690536887AZ saylı sifarişli poçt göndərişinin çatdırılması zamanı alıcının qeydiyyat ünvanında yaşamadığı müəyyən edilməklə göndərişin sənədləşdirilərək, geri göndəriciyə qaytarıldığı bildirilsə də, iş materiallarından görünür ki, məhkəməyə göndərişin özü deyil, onun ünvanda imza edilməkə qəbul edilməsi barədə həmin saylı poçt xəbərnaməsi daxil olmuşdur. Odur ki, Nərimanov rayon məhkəməsinin iddiaçının verdiyi şikayəti qaytarılması əsaslı hesab etmişdir. Lakin, Nərimanov məhkəməsi tərəfindən bütün bu qeyd olunanlar nəzərə alınmamış və əvvəl keçirilmiş məhkəmə iclaslarında, apellyasiya məhkəməsinin iclaslarında kollegiya tərəfindən tam ətraflı şəkildə iddiaçının təqdim etdiyi sübut qəbul edilmədiyi halda nədənsə hal hazır ki, yəni mübahisələndirilən qərardad qəbul etdikdə həmin sübut hansı səbəbdən qəbul edilib və müvafiq qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020- ci il tarixli, 2(005)-2477/2020 nömrəli qətnaməsi tərəflərə, eləcə də iddiaçı tərəfə 01 dekabr 2020-ci il tarixli məktubla göndərilmiş, qətnamə İddiaçı2 12.12.2020-ci il tarixində rəsmi qaydada qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan «Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 11 mart 2020-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı Nərimanov rayon məhkəməsi tərəfindən Tər-Tər rayon Bəyimsarov kəndi, İddiaçı2 adına ünvanlanan SS690536887AZ saylı sifarişli xəbərnaməli məktub 02.12.2020-ci il tarixdə 154 saylı poçt şöbəsində qəbul olunaraq ünvanı üzrə göndərilmiş və həmin məktub 08.12.2020-ci il tarixdə Tər-Tər PF-nin MXŞ-nə daxil olmuş, göndərişin çatdırılması zamanı alıcının qeydiyyat ünvanında yaşamadığı müəyyən edildiyindən mövcud qaydaların tələblərinə uyğun müvafiq qaydada sənədləşdirilərək geri qaytarılması göstərilmişdir. Əlavə olaraq, sözügedən məktub 06.01.2021-ci il tarixdə göndəricinin xidmət ərazisi üzrə 8 saylı poçt şöbəsinə daxil olmuş və həmin gün müvafiq sənədə imza etdirməklə məhkəmənin əməkdaşı Cəfərovaya təqdim edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmə qətnaməsini 28.01.2021-ci il tarixdə qəbzə imza etməklə qəbul edilmişdir və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)-2477/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti 02 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı2 vaxtında apellyasiya şikayəti verə bilməməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə apellyasiya qaydasında baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. Belə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmış, qəbul edilmiş qərardad apellyasiya qaydasında mübahisələndirilsə də, qərardad dəyişdirilmədən saxlanılmış, həmçinin İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarıldıqdan sonra İddiaçı2 30 mart 2021-ci il tarixdə apellyasiya şikayəti üçün müəyyən edilmiş buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə təqdim etmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Göründüyü kimi İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardad apellyasiya qaydasında mübahisələndirilmiş və17 mart 2021-ci il tarixdə apellyasiya instansiya məhkəməsinin qərardadı qəbul edilmişdir, bundan sonra isə 30 mart 2021-ci il tarixdə buraxılmış müddətin bərpası barədə ərizə vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müddətlər aralığının ağlabatan olması və həmin ərəfədə İddiaçı2 apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın mübahisələndirilməsi hazırda ötürülmüş müddətin bərpasına əsas verə biləcək üzrlü hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(005)- 2477/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Anar Tanrıverdiyev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1932/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1932/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver