Məhkəmə qərarları › İş №2(103)-1935/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1935/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1935/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi),Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.12.2008-ci il tarixli qiyabi qətnaməsi ilə qismən təmin olunmuş, Cavabdeh1 221 348 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 174 saylı mağazaya tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması qət edilmişdir. 06 dekabr 2021-ci il tarixdə Cavabdeh1 həmin qiyabi qətnamənin ləğvi və eyni zamanda müddətin bərpası barədə ərizə verərək göstərmişdir ki, qətnamə ona 03.12.2021-ci il tarixdə təqdim olunduğundan onun ləğvi üçün ərizəni vaxtında verə bilməmişdir, ona görə də müvafiq müddətinin bərpa olunmasını xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə, həmçinin qiyabi qətnamənin ləğvi barədə ərizə təmin edilməmiş, Cavabdeh1 həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 244-cü maddəsinə görə isə, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. İş materiallarından aydın olur ki, Cavabdeh1 qardaşı olan digər Cavabdeh2 qiyabi qətnaməni 04.02.2009-cu il tarixdə aldığını bildirməklə onun ləğvi barədə 24.02.2009-cu il tarixdə ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 04 mart 2009-cu il tarixli qərardadı ilə ərizə təmin olunmamış, qətnamə icraya yönəldilmiş, Cavabdeh1 özünün bildirməsinə görə icra zamanı (2009-cu ildə) qətnamədən məlumatlı olmuş, ondan şikayət verilməsini vəkilinə həvalə etmiş, lakin vəkil tərəfindən şikayət verilməmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Kollegiya hesab edir ki, işin hallarından Cavabdeh1 qiyabi qətnamənin ləğvi ilə bağlı müraciət müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün deyildir və bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1056/2008 saylı iş üzrə 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Fuad Babayev Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar