Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1935/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2022-ci il tarixli qətnamədən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın ləğvedicisi olan Fond cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/136329/15/1 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.627,81 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.175,45 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.161,04 ABŞ dolları, gecikdirilmiş müddət üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 485,76 ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 95,67 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh onunla Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən illik 26 faiz dərəcəsi ilə, 12 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 2.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, borcun bir hissəsini qaytarsa da, qalan borcu ödəməmiş və bunun nəticəsində cavabdehin Banka 1.627,81 ABŞ dolları məbləğində əsas kredit borcu, 1.175,45 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu və 485,76 ABŞ dolları məbləğində vaxtı keçmiş faiz borcu yaranmışdır. Bundan başqa, Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsasən cavabdehə cərimə hesablamışdır ki, həmin cərimənin məbləği 1.161,04 ABŞ dolları təşkil edir. Borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunsa da, cavabdeh, kredit borcunu ödəməmiş, buna görə Bankın ləğvedicisi olan Fond hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Bank, kredit borcunun ödənilməsi ilə bağlı tələblərin irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Buna görə də iddia rədd edilməlidir.
4. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə təqdim edilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Belə olan halda müəyyən edilir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixədək məhkəməyə verilə bilərdi. Lakin “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilk dəfə məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Bununla da, iddiaçı, iddia müddətini ötürmüşdür. İşin baxılması zamanı cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizə verdiyindən iddia rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsi ilk dəfə elektron qaydada xx.xx.2019-cu il tarixdə göndərilmiş, lakin Rayon Məhkəməsi iddia ərizəsini elektron qaydada gec, yəni xx.xx.2019-cu il tarixdə qəbul etmişdir. Lakin hazırki işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iddia müddətini əsassız tətbiq etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. İş üzrə iddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, Elektron Məhkəmə İnformasiya Sistemdən götürülmüş və apellyasiya şikayətinə əlavə edilmiş çıxarışdan görünür ki, Bankın cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi Xətai Rayon Məhkəməsinə ilk dəfə elektron qaydada xx.xx.2019-cu il tarixdə göndərilmiş, lakin Rayon Məhkəməsi iddia ərizəsini elektron qaydada yalnız 4 gün sonra qəbul etmişdir. Həmin iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(011)-9667/2019 saylı qərardadla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına” əsasən geri qaytarılmışdır. Lakin iş üzrə cavabdeh həmin Fərmanın tətbiqi ilə bağlı iddiaçıya yaxınlaşmamışdır. Qeyd edilən bu hallar Bankın təqsiri üzündən baş vermədiyindən iddia müddətinin tətbiqi üçün əsas ola bilməz.
10. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və “iddia müddətinin tətbiqi barədə” ərizəsinin məzmuna, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.
11. O, əlavə olaraq bildirdi ki, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə müəyyən ödənişlər etmiş, lakin sonradan Bank ləğv edilmiş, bu səbəbdən də, o, ödənişləri dayandırmışdır. Əgər Bankın ləğvedici olan Fond həmin Banka olan borcların qaytarılmasında maraqlı idisə, onda ona müraciət edərək borcun ödənilməsini tələb etməli idi, lakin Fond bunu etməmiş və borc məbləğinin artmasını gözləmişdir. Bu səbəbdən də, o, hesab edir ki, Rayon Məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, cavabdehin, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə borcunun yaranması işin mübahisəsiz halıdır. Bu hal apelyasiya baxışı zamanı Bankın nümayəndəsinin Məhkəməyə təqdim etdiyi “Hesabdan çıxarışla” və cavabdehin özü tərəfindən təsdiq edilir. Bununla da müəyyən edilir ki, borclu olan cavabdeh kreditor olan Bank qarşısında həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
14. Adı qaydada bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 445, 448, 462 və 465-ci maddələrinə uyğun olaraq iddianın tam və ya qismən təmin edilməsi üçün əsas ola bilərdi. Lakin hazırki halda iddia təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.).
15. Elektron Məhkəmə İnformasiya Sistemdən götürülmüş və apellyasiya şikayətinə əlavə edilmiş çıxarışdan görünür ki, Bankın cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi Rayon Məhkəməsinə ilk dəfə elektron qaydada xx.xx.2019-cu il tarixdə göndərilmiş, lakin Rayon Məhkəməsi iddia ərizəsini elektron qaydada yalnız 4 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə qəbul etmişdir.
16. Bununla bağlı olaraq Məhkəmə qeyd edir ki, iddia ərizəsi Elektron Məhkəmə İnformasiya Sisteminə yükləndiyi tarixdən, hazırki halda xx.xx.2019-cu il tarixdən məhkəməyə verilmiş sayılır. Lakin bu zaman nəzərə alınmalıdır ki, Bankın ilk dəfə cavabdehə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının geri qaytarılması iddia müddətinin axımını dayandırmamış (Mülki Məcəllə; maddə 379.), müddətin axımını kəsməmiş (maddə 380.) və müddəti bərpa etməmişdir (maddə 382.).
17. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ilk iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verilməsini səhv müəyyən etsə də, hazırki (ikinci dəfə verilmiş) iddia ərizəsini cavabdehin verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizəyə əsasən rədd etməkdə faktlar nöqteyi-nəzərindən haqlı olmuşdur.
18. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin təmin, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
19. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı “Bank Standard” KB-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.