Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1935/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-95/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı QSC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19236 manat 12 qəpik əsas borc, 3.465 manat 48 qəpik faiz, 1.273 manat 43 qəpik olmaqla, cəmi 23.975 manat 03 qəpik pul vəsaitinin və ödənilmiş 161 manat 93 qəpik dövlət rüsumunun Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC arasında bağladığı xx.xx.2022-ci il tarixli 027A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri», Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faizdən ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1.763,88 manat ödəniş etmiş və onun banka 19.236,12 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 331 gün üçün hesablanmış faiz 3.465,48 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 331 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1.292,66 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında kreditin alınması ilə bağlı imzalanmış sənədlərdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 48 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667 % ödəmək şərti ilə 21.000 manat məbləğində kredit verilmişdir; - Maliyyə arayışından görünür ki, 31 avqust 2023-cü il tarixə Cavabdeh İddiaçı QSC-yə 19.236 manat 12 qəpik əsas borc, 3.465 manat 48 qəpik faiz, 1.273 manat 43 qəpik olmaqla, cəmi 23.975 manat 03 qəpik borcunun olduğu qeyd edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6840 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027A********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə, yəni maliyyə arayışı müddətinədək Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən; əsas borc üzrə - 19.157,40 manat, faiz üzrə 3.799,55 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
3. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-95/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 467; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edilməklə iddia qismən təmin edilmiş, ekspert rəyində göstərilən 19157,40 manat əsas borcun, iddia ərizəsində qeyd edilən 3.465 manat 48 qəpik faiz, 127 manat cərimə olmaqla, cəmi 22.749 manat 88 qəpik pul vəsaitinin və ödənilmiş 161 manat 93 qəpik dövlət rüsumunun Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı QSCdən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 161 manat 93 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ekspert rəyində göstərilən 19.157,40 manat əsas borc, iddia ərizəsində qeyd edilən 3.465 manat 48 qəpik faiz, 127 manat cərimə olmaqla, cəmi 22.749 manat 88 qəpik pul vəsaiti və ödənilmiş 161 manat 93 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab edir ki, 127 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-95/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4; Mülki Prosessual Məcəlləsinin 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-95/2024 saylı qətnaməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, tamamilə iddiaçının xeyrinə bir qətnamə qəbul etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının tələb etdiyi məbləğ həddə artıq şişirdilmiş və məhkəmə bu mübahisəni araşdırarkən məhkəmə-mühasibatlq ekspertizasının keçirilməsini məqbul sayaraq iş üzrə ekspertiza təyin etsə də, müstəqil ekspertdə iddiaçının təqdim etdiyi sənədlərə əsasən iddia tələbinə uyğun rəy hazırlayaraq göndərmişdir. Məhkəmə qətnaməni qəbul edərkən ekspert rəyinə əsaslansa da, həm məhkəmə qətnaməsi, həm də ekspert rəyi ilə razı deyil. Birinci instansiya məhkəməsi yekun məhkəmə aktını qəbul edərkən hazırkı işin bütün faktiki hallarını hərtərəfli, tam, obyektiv araşdırmalı idi. Qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan məbləği vaxtında ödəməməyinin əsas səbəbi işsiz olmağı və bir sıra problemlərin baş verməsi olmuşdur. Ancaq birinci instansiya məhkəməsi vicdanlılıq prinsipinin şərtlərini kobud şəkildə pozaraq qeyd etdiyi xüsusatı düzgün qiymətləndirməmiş, tamamilə onların zərəri ilə nəticələnəcək bir qətnamə qəbul etmişdir. Hesab edir ki, hazırkı iş üzrə düzgün və ədalətli qərarın qəbul edilməsi üçün təkrar məhkəmə-mühasbatlq ekspertizasının keçirilməsi olduqca zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Plenum Qərarına əsasən, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. X3 əsasən konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Ancaq birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin sözügedən qərarınında nəzərdə tutulan xüsusatları nəzərə almamışdır. Bu isə əlbəttə ki, mülki qanunvericiliyin prinsiplərindən sayılan mülki hüquq subyektlərinin bərabərliyi prinsipini kobud şəkildə pozur. Belə olan halda onun həm konstitusion hüquqları, həm də mülki məcəllədə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulur. Göründüyü kimi birinci instansiya məhkəməsi sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə əsasən “məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur” hallarından açıq-aşkar görünür ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sanki qabaqcadan müəyyən etdiyi qərarı məhkəmə zalında elan etmişdir. Halbuki, açıq-aşkar görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, bununla da qərəzli qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv qaydada baxılmamış, işin həlli və ədalətli məhkəmə qərarının çıxması üçün əsas faktlar yoxlanılmamışdır. Belə ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq təyin olunmuşdur. Lakin bu ekspert rəyi ilə razı olmadığını bildirmək istəyir. Bununla bağlı olaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə də söylədiklərinin şahidi olmaq mümkündür. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında kreditin alınması ilə bağlı imzalanmış sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh 48 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667 % ödəmək şərti ilə 21.000 manat məbləğində kredit verilmişdir, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
10. Qeyd edilməlidir ki, cavabdehin özünün imzaladığı kredit müqaviləsi üzrə ödənişlərinin edilməsini müəyyən (şikayətinin əsasını təşkil) edən sübutedici hallar, bununla da təkrar ekspertizanın keçirilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. Beləliklə də, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə dair sübutlar müəyyən edilmir.
11. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-95/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.