Məhkəmə qərarları › İş №2(103)-1936/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1936/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1936/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2915/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında kreditin alınması ilə bağlı imzalanmış sənədlərdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 48 ay müddətinə aylıq faiz dərəcəsi 1,25 % ödəmək şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir.

2. 24 aprel 2024-cü il tarixli OUT-2024/04/24-116 saylı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə 25.173 manat 89 qəpik əsas borc, 2.391 manat 09 qəpik faiz, 887 manat 62 qəpik cərimə olmaqla, cəmi 28.452 manat 06 qəpik borcunun olduğu qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı QSC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25.173 manat 89 qəpik əsas borc, 2.391 manat 09 qəpik faiz, 887 manat 62 qəpik cərimə olmaqla, cəmi 28.452 manat 06 qəpik pul vəsaitinin və ödənilmiş 175 manat 36 qəpik dövlət rüsumunun Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri», Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.25 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faizdən ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 4.826,11 manat ödəniş etmiş və onun banka 25.173,89 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 218 gün üçün hesablanmış faiz 2.391,09 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 218 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 887,62 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2915/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın qismən təmin edilməsi, 25.173 manat 89 qəpik əsas borc, 2.391 manat 09 qəpik faiz, 88 manat cərimə olmaqla, cəmi 27.652 manat 98 qəpik pul vəsaitinin və ödənilmiş 175 manat 36 qəpik dövlət rüsumunun Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək ödənilmiş məbləğin əsas borcdan çıxılmasını, faiz və cərimə borcunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 48 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin kredit borcunu 4 ay ödədikdən sonra avtoqəza keçirmiş və ona görə də ödənişləri gecikdirmişdir. Bu barədə banka müraciət edərək müəyyən güzəştlər etməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır. Sonradan bir neçə dəfə həmin borcdan ödəniş etsə də bank tərəfindən heç bir güzəşt edilməmiş, ödədiyi məbləğ isə faiz və cərimə borcuna çıxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. İddiaçı QSC -yə müəyyən məbləğdə ödənişlər etsə də həmin pulları cərimə borcuna çıxmış, əsas borcu əsassız olaraq artırmışdır. Belə ki, ödəniş pulları birinci növbədə əsas borca hesablanmalı olsa da iddiaçı təşkilat qanunun bu tələbinə əməl etməmişdir. Bank tərəfindən qanunun bu tələbi pozularaq, ödənişlər əsas borca deyil, cərimə borcuna hesablamaqla onsuzda ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olmuşdur. Məhkəmə ödənilmiş məbləğləri nəzərə almamış, ödənişləri əsas borcdan çıxmamışdır. Bank isə ödənişləri cərimə borcuna çıxmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bütün bunlar məhkəmə zamanı tam araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı QSC apellyasiya şikayətinə etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh aylıq faiz dərəcəsi 1.25% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Həmin kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarına əsasən 4826.11 manat əsas borcdan, 2438.78 manat faiz borcundan, 268.48 manat cərimə borcundan ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Təqdim olunan hesabdan çıxarışda borclu tərəfindən kredit ödənişinə mədaxil etdiyi pul məbləğlərinin Bank tərəfindən əsas borca, faiz borcuna və ya cərimə borcuna silinməsi açıq aydın göstərilmişdir. Cavabdeh apellyasiya şikayətində ödənişlərinin cərimə borcuna silindiyini qeyd etmişdir. Lakin hesabdan çıxarışdan da göründüyü kimi cərimə borcuna cəmi 268.48 manat silinmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdehin apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur, öhdəliklərin icrasından yayınmaq məqsədi ilə prosessual hüququndan istifadə edərək apellyasiya şikayəti vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

18. Maddə 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etdiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2915/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir.

29. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Hesabdan çıxarış məlumatlarına əsasən 4826.11 manat əsas borcdan, 2438.78 manat faiz borcundan, 268.48 manat cərimə borcundan ödəniş edilmişdir. İş materiallarında olan hesabdan çıxarışda borclu tərəfindən ödənilmiş pul məbləğlərinin bank tərəfindən əsas borca, faiz borcuna və ya cərimə borcuna silinməsi aydın göstərilmişdir. Cavabdeh apellyasiya şikayətində ödənişlərinin cərimə borcuna silindiyini qeyd etsə də iş materialları ilə müəyyən olunur ki, cavabdehin cərimə borcuna 268.48 manat pul məbləği silinmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Belə olan halda kollegia hesab edir ki, şikayətdə göstərilənlə qeyd edilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2915/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar