Məhkəmə qərarları › İş №2(103)-1937/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1937/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1937/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilə bağlanması öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3599/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1563/2017 saylı məhkəmə əmri ilə İddiaçı 2.401,08 manat əsas, 1.385,31 manat faiz, cəmi 3.786,39 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq, Cavabdeh ASC-yə ödənilməsi əmr edilmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-4609/2017 saylı məhkəmə əmri ilə İddiaçı 982.45 manat əsas, 739.19 manat faiz, cəmi 1.721,64 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq, Cavabdeh ASC-yə ödənilməsi əmr edilmişdir.

3. xx.xx.2019-cu il tarixli problemli kreditlərin kompensasiyası məlumatlarına əsasən iki müxtəlif kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh ASC-yə 01 mart 2019-cu il tarixinə əsas kredit borcu müvafiq olaraq 2.401.08 manat və 982,45 manat, borcun azalmasına yönələn məbləğ 864,96 manat və 353,92 manat, qalıq borcun məbləği 1.536,12 manat və 628,53 manat təşkil edir.

4. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən İddiaçı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının icrası ilə bağlı xx.xx.2019-cu il tarixində kreditləri hesabına kredit kartı üzrə 353,92 manat və nağd pul krediti üzrə 864,96 manat, cəmi 1.281,88 manat kompensasiya məbləğinin köçürüldüyü, cari tarixə Bank qarşısında kredit kartı üzrə 787,96 manat və nağd pul krediti üzrə 2.442,44 manat borc öhdəliyinin mövcud olduğu bildirilmiş və müvafiq fərmanın icrasına uyğun olaraq cari əsas borc öhdəliklərinin restrukturizasiya edilməsi ona təklif edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 528/2020 saylı qətnaməsinə əsasən iddiaçı X5 Cavabdeh ASC-yə qarşı “borc məbləğinin düzgün müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 20 manat məbləğində pul vəsaiti X3 tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-802/2021 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4703/21 saylı qərarı ilə təmin edilməmişdir.

6. Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli müraciətində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasına əsasən restrukturizasiya ediləcək borclar sırasına daxil edilmiş kredit müqaviləsi üzrə faiz və dəbbə pullarının silinməsinin tərəflər arasında yeni güzəştli kredit müqaviləsinin bağlandığı hallara şamil edilməsi nəzərdə tutulmuşdur. Fərmana görə banklara bu cür güzəştli şərtlərlə tövsiyə olunan kreditlərin restrukturizasiyası dövlətin təşviq tədbirləri ilə dəstəklənmişdir. Belə ki, Fərmana əsasən kredit təşkilatlarının restrukturizasiya etdiyi kredit borcları ilə bağlı Mərkəzi Bankdan dövlətin verdiyi zəmanət əsasında illik faiz dərəcəsi 0,1 faiz olmaqla güzəştli kredit almaq hüququ müəyyən edilmişdir. Lakin dövlətin zəmanəti və Mərkəzi Bankın güzəştli krediti də məhz yuxarıda qeyd olunan tarixədək restrukturizasiya olunmuş kredit müqavilələrinə şamil edilir.

7. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən İddiaçı bankdan müxtəlif vaxtlarda 4 müqavilə üzrə kredit götürdüyünü, sonradan borcunu ödəyə bilməməsi səbəbindən promlemli kreditinin yarandığını, problemli kreditlərin restrukturizasiyası ilə əlaqədar ölkə başçısının 28 fevral 2019-cu il tarixli Fərmanına və MBNP tərəfindən qəbul edilmiş qaydalara əsasən onun problemli kreditləri üzrə qalıq borc məbləğinin düzgün hesablanmadığını, bununla əlaqədar məhkəməyə müraciət etdiyini və iddiasının təmin edilmədiyini bildirmiş və ölkə başçısının 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən güzəştli kredit müqaviləsinin bağlanmasını xahiş etmişdir.

8. xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh ASC “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədtədbirlər haqqında” ölkə Başçısının xx.xx.2019-cu il tarixli fərmanının icrasına uyğun olaraq kreditləri üzrə Bankda olan məlumatların aidiyyəti üzrə göndərildiyini, plastik kart və nağd pul krediti üzrə qalıq borc məbləğinə həmin fərmanda nəzərdə tutulmuş güzəştlərə uyğun olaraq göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda restrukturizasiyanın təklif edildiyi, lakin təklif edilən güzəşt şərtlərindən yararlanmadığı İddiaçı bildirilmiş, eyni zamanda müştəri məmnuniyyətinin təmin olunmasının əsas fəaliyyət prinsiplərindən biri kimi müəyyən etdiklərindən xx.xx.2022-ci il tarixinədək plastik kart krediti üzrə olan qalıq borcun xüsusi güzəştli şərtlərlə tam ödənilməsi ona təklif olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ölkə başçısının xx.xx.2019-cu il tarixli Fərmanı və MBNP-nın xx.xx.2019-cu il tarixli qaydalarına əsasən problemli kredit borc qalığı üzrə MBNP-nın rəsmi məlumatına əsasən müəyyən edilmiş 2.164,65 manat kredit borc qalığı barədə onunla yeni güzəştli kredit müqaviləsinin bağlanılmasının Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, müxtəlif vaxtlarda “Bank of Baku ASC-dən 4 müqavilə üzrə kredit götürmüşdür. Müəyyən çətinliklər səbəbindən kreditləri vaxtında tam ödəyə bilmədiyi üçün problemli krediti yaranmışdır. Ölkə başçısının xx.xx.2019-cu il tarixli Fərmanı və MBNP-nın xx.xx.2019-cu ildə təsdiq edilmiş qaydalarına və MBNP-nin rəsmi məlumatına əsasən onun xx.xx.2019-cu il tarixə problemli kredit müqavilələri üzrə ödədiyi vəsaitlərdən “Bank of Baku" ASC tərəfindən 2 müqavilə üzrə kredit borcu tam bərpa olunmuş, 2 kredit müqaviləsi üzrə isə tam olaraq qalmışdır. Prezidentin Fərmanı və MBNP-nın təsdiq etdiyi qaydalara əsasən onun qalıq borcunun Bank tərəfindən düzgün hesablanmadığı üçün mübahisə yaranmış, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə gedişatında MBNP tərəfindən hesablanmış 2.164,65 manat borc qalığına görə bank tərəfindən xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsi bir daha ona təklif olunmuş, lakin məhkəmə araşdırması qurtarmadığı üçün müqavilə ilə razı olmamışdır. Məhkəmə həmin iddianı təmin etməmiş və bu barədə məhkəmə qətnaməsi artıq qüvvəyə minmişdir. O, məhkəmə qərarının qüvvəyə minməsindən sonra yenidən MBNP-nın hesabladığı məbləğlə razılaşıb, müqavilə imzalamağa hazır olsa da bank tərəfindən heç bir təklif olmamış, bu səbəbdən xx.xx.2022ci il tarixdə rəsmi məktubla MBNP tərəfindən müəyyyən edilmiş borca görə güzəştli müqavilə bağlamağa hazır olduğu barədə banka rəsmi müraciət etmişdir. Lakin bank tərəfindən xx.xx.2022-ci il tarixdə aldığı xx.xx.2022-ci il tarixli, 33521B saylı cavab məktubunda yalnız plastik kartla olan borc qalığının 04 avqusta kimi güzəştli şərtlərlə tam ödənilməsi təklif edilmişdir. Hazırda həmin məbləğin birdəfəyə ödənilməsi onun imkanları xaricindədir. Hesab edir ki, məhkəmə mübahisəsi başa çatdıqdan sonra onunla yenidən MBNP tərəfindən hesablanmış borc qalığı üzrə yeni güzəştlı kredit müqaviləsi bağlanılmalıdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3599/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X6)

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bank tərəfindən iddiaçıya restrukturizasiya təklif edilmiş, lakin iddiaçı həmin məbləğlə razılaşmayaraq məbləğin yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Onun iddia ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış və nəticədə iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə bu faktları təsdiqləyən iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən güzəştli kredit müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Ərizənin tarixindən iddiaçının bu barədə banka xx.xx.2022-ci il tarixdə müraciət etdiyi görünür. Halbuki, yuxarıda qeyd edilən qaydalarda imperativ olaraq bu müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığı göstərilmişdir və bu qaydadan istisna müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş bankın nümayəndəsi də belə bir müqavilə bağlanması üçün texniki imkanların qalmadığını vurğulamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı və qanuni deyildir, buna görə də təmin olunmamalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 324cü, 389-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanın müvafiq bəndlərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddiannın təmin edilməsini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim edilmiş və toplanmış materialları, sənədləri, sübutları hərtərəfli və obyektiv araşdırıb, onlara düzgün hüquqi qiymət verməli olduğu halda, prosessual və maddi hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. O, MBNP-nin hesabatına əsasən qalmış kredit borcuna görə Bankla kredit müqaviləsi bağlanması tələbi ilə müraciət etsə də, məhkəmə tərəfindən əsasən problemli kreditin yaranması ilə əlaqədar ilkin məhkəmə əmrləri araşdırma mövzusu olmuşdur. Halbuki, kredit borclarının yaranması və borc qalığı barədə ölkə başçısının fərmanına əsasən MBNP tərəfindən araşdırma aparılaraq, ümumilikdə banka 2.164,65 manat məblləğində borcunun olması müəyyən edilmişdir. Məhkəmə bankın nümayəndəsinin izahatına əsaslanaraq, güzəştli müqavilənin bağlanması üçün müddətin ötürüldüyü, həmçinin, belə bir müqavilənin bağlanması üçün texniki imkanların artıq tükəndiyi, Qaydaların 6.16-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu il dekabrın 31-də başa çatması qənaətinə gəlmişdir. Bundan əlavə, Prezidentin müvafiq Fərmanı və MBNP-nın hazırladığı qaydalara əsasən onun borc qalığı düzgün müəyyən edilmədiyi üçün 26 noyabr 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir və Ali Məhkəmənin 13 dekabr 2021-ci tarixli, 2(102)-6541/2021 saylı qərarına əsasən qalığın düzgün hesablandığı müəyyən edildiyi üçün MBNP-nın müəyyən etdiyi borc qalığına görə güzəştli müqavilə bağlanılması üçün 08 iyun 2022-ci il tarixdə banka müraciət etmişdir. Bankın 04 iyul 2022-ci il cavab məktubunda yalnız plastik kart krediti üzrə olan qalıq borcunun 04 avqusta kimi güzəştli şərtlərlə tam ödənilməsi təklif olunmuşdur. Bu təklifin hansı qaydaya əsəsən olunmasını başa düşmək olmur. Bu məsələnin obyektiv araşdırılmasl üçün bank tərəfindən aşağıdakı suallara qanuna və qaydalara müvafiq rəsmi cavab verilməsi barədə 24 oktyabr 2022-ci ildə rəsmi vəsatətlə məhkəməyə müraciət etsə də, bankdan heç bir rəsmi məlumat tələb olunmamışdır. Ona görə də işin obyektiv hərtərəfli araşdırılması məqsədilə vəsatətlmin təmin edilərək bankdan aşağıdakı suallara qanuna müvafiq rəsmi cavab alınmalıdır: 1) Prezidentin Fərmanının icrasına dair MBNP tərəfindən təsdiq edilmiş qaydaların 6.16-cı maddəsinə əsasən restrukturizasiya məqsədilə yeni güzəştli kredit müqavilələrinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 31 dekabr 2019-cu ildə başa çatır. Bəs Fərman və qaydalarda harada qeyd edilmişdir ki, məhkəmə predmeti olan işlərə 31 dekabr 2019-cu ildən sonra restrukturizlsiya tətbiq olunmamalıdır? 2) Prezidentin banklar üçün ayırdığı 682 milyon manat banklara tam daxil olmuşdurmu? 3) 682 milyon manat vəsait müəyyən edilərkən mənə hesablanmış faiz və dəbbə pulları həmin vəsaitdə nəzərə alınmışdırmı? 4) MBNP-nın 5.1-ci bəndinə əsasən Prezidentin müvafiq Fərmanına kimi nə qədər borcumun qalması barədə MBNP-na təqdim olunmuş 1 nömrəli əlavənin surəti təqdim edilsin. 5) MBNP-nın 5.2.1, 5.2.2 və 5.2.3 maddələrinə rəsmi izah verilsin. Beləliklə, məhkəmə tərəfindən göstərdiyi Prezidentin Fərmanına əsasən MBNP tərəfindən araşdırma aparılaraq ümumilikdə banka 2.164,65 manat borcunun olması müəyyən edilməsinə dair dəlillərə əhəmiyyət verilməmişdir. Göstərilən hallar məhkəmə tərəfindən araşdırılmadan əsassız olaraq iddia rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, onlar tərəfindən elektron qaydada məhkəmənin sistmenə əlavə edilən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli məktubu icmal xarakterli məktubdur. Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçı ilə güzəştlli kredit müqaviləsi bağlanması üçün müddət ötürülmüşdür. Prezidentin müvafiq fərmanına əsasən restrukturizasiya ilə bağlı banklar üzrə vahid elektron sistem qurulmuşdu və müştəri ilə yeni tələblərə əsasən bağlanan müqavilə həmin sistemə yüklənmişdir. Hazırda həmin sistem fəaliyyət göstərmir və restrukturizasiya ilə bağlı müştəri ilə müqavilə bağlanması hazırda teniki cəhətdən də mümkün deyil. Lakin bank tərəfindən müştəriyə bankdaxili güzəştlər tətbiq edilə bilər. Güzəşt isə tətbiq edilərkən hər müştəriyə fərdi yanaşma olur və real şərait nəzərə alınır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.2-ci və 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir; 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır; 409.7-ci maddəsinə əsasən əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır; 410.1-ci maddəsinə əsasən oferta üçün gecikmiş aksept yeni oferta sayılır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

21. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublilkası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının: 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 6-cı bəndinə əsasən Banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər; 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır; 8-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın məqsədləri üçün fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

22. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: 6.2-ci bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur; 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır; 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər; 6.10-cu bəndinə əsasən kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir; 6.11-ci bəndinə əsasən palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir; 6.12-ci bəndinə əsasən bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir; 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür; 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin olunması xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, tərəflər arasında xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixlərdə bağlanmış kredit müqavilələri üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməməsi səbəbindən onun iddiaçıya müvafiq olaraq 982,45 manat əsas və 739,19 manat faiz, cəmi 1.721,64 manat və 2.401,08 manat əsas, 1.385,31 manat faiz, cəmi 3.786,39 manat borcu yaranmışdır. Bununla bağlı tərəflər arasında yaranmış məhkəmə mübahisələri üzrə çıxarılmış xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli məhkəmə əmrləri ilə həmin müqavilələr üzrə yaranmış bu borc məbləğləri cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur.

28. Bundan sonra dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublilkası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərman imzalanmış, habelə Fərmanın icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli Qərarı ilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Qaydalarda kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması, kompensasiyanın ödənilməsi, fiziki şəxslərin kompensasiya hesablanan əsas kredit borclarına güzəştlərin tətbiq edilməsi, vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası, fiziki şəxslərlə işin təşkili, habelə yaranmış mübahisələrin həlli məsələləri tənzimlənmişdir.

29. Həmin Fərmanla fiziki şəxslərə xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası, yəni əsas kredit borclarının ödənilməsi məqsədilə güzəştli kreditlərin verilməsi imkanları yaradılmışdır.

30. Fərmanın icrası qaydasında iddiaçının xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 353,92 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 864,96 manat borcun azaldılmasına yönələn məbləğ (kompensasiya məbləği) kimi müəyyən edilmiş və restrukturizasiya şərtlərinə uyğun olduğundan müvafiq olaraq qalıq qalmış 628,53 manat və 1.536,12 manat, cəmi 2.164,65 manat borc məbləği ilə bağlı cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə Güzəştli kredit müqaviləsi (1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə faiz hesablanmaqla) tərtib edilərək, əsas borc öhdəliklərinin restrukturizasiya edilməsi, o cümlədən həmin müqavilənin imzalanması iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı kredit borcunun məbləğinin düzgün müəyyən edilməməsini əsas gətirərək, müqavilə imzalamaqdan imtina etmiş və kredit borcunun məbləğini məhkəmə qaydasında mübahisələndirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-528/2020 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi (xx.xx.2021-ci il tarixli, 2(103)-802/2021 saylı qətnaməsi) və Azərbaycan Respublikası Ali Məhkəməsi (xx.xx.2021-ci il tarixli, 2(102)-4703/21 saylı qərarı) bu nəticə ilə razılaşmışdır. Bundan sonra iddiaçı həmin müqavilənin bağlanması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh hazırda bunun qeyri-mümkün olduğunu bildirmişdir. İddiaçı da hazırda bu müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin Qaydaların 6.9- 6.12-ci və 6.16-cı bəndlərində restrukturizasiya qaydasında yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün konkret prosedur müəyyən edilmiş və bu prosedurun həyata keçirilməsi, o cümlədən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu konkret müddətlə məhdudlaşdırılmışdır (xx.xx.2019-cu il tarixdə başa çatır).

32. Cavabdeh Fərmanın icrası qaydasında və Qaydalarla müəyyən edilmiş prosedura və müddətə riayət edərək, güzəştli kredit müqaviləsinin bağlanmasını iddiaçıya təklif etmiş və təklifinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə güzəştli kredit müqaviləsi, o cümlədən ödəniş cədvəli tərtib etməklə öz təklifinin icrasına hazır olduğunu ifadə etmişdir. Belə ki, belə bir müqavilənin bağlanması nəticə etibarı ilə cavabdehin iradəsinə, xüsusilə də onun şəxsi vəsaitinə bağlı olmamışdır. Başqa sözlə, cavabdeh tərəfindən maliyyələşməmişdir. Fərmana və onun icrası ilə bağlı qəbul edilmiş Qaydalara uyğun olaraq cavabdeh bilavasitə belə bir müqavilənin bağlanması vəzifəsini daşımış və müəyyən edilmiş müddət ərzində bu müqavilənin bağlanmasını təmin etməli idi. Yalnız müqavilə bağlandıqdan və bu barədə məlumat aidiyyəti üzrə təqdim edildikdən sonra cavabdehə açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kredit ayrılmalı və həmin məbləğin cavabdehin hesabına köçürülməsi təmin edilməli idi. Lakin iddiaçı təklifdə göstərilən müddət ərzində müqaviləni bağlamaq barədə təklifi qəbul etməmiş, hüquqi nəticə etibarı ilə müqaviləni bağlamaqdan imtina etmişdir. İddiaçının bu imtinanın səbəbi kimi göstərdiyi hal da sonradan məhkəmə mübahisəsi yaratsa da məhkəmə qaydasında da öz təsdiqini tapmamışdır. Başqa sözlə, bu məsələdə də cavabdehin hər hansı təqsiri olmamışdır.

33. Bununla belə, cavabdeh iddiaçıya münasibətdə Fərmanın icrasından irəli gələn vəzifələrini lazımi qaydada icra etmiş və Fərmanın tələblərinə uyğun olaraq iddiaçı ilə yeni güzəştli kredit müqaviləsinin bağlanmaması onun təqsiri üzündən deyil, iddiaçının imtinası ilə bağlı olmuşdur. Qeyd edilən münasibətlər müddətlə məhdudlaşdırıldığından hazırda cavabdeh belə bir müqavilə bağlamaq vəzifəsi daşımır, buna uyğun olaraq iddiaçı da belə bir tələblə çıxış etmək imkanını itirmişdir. Digər tərəfdən hazırda Fərman və Qaydalarla müəyyən edilmiş proseduru keçmək də mümkün deyil. Mövcud vəziyyətdə cavabdeh yalnız öz iradəsinə uyğun olaraq və şəxsi vəsaitlərinə əsaslanaraq 2019-cu ildə bağlanmasını təklif edən müqavilənin məzmununa uyğun güzəştli kredit müqaviləsi bağlaya bilər. Cavabdeh isə belə bir müqaviləni bağlamaq niyyətində deyil. Bu səbəbdən güzəştli kredit müqaviləsinin bağlanması barədə iddiaçının xx.xx.2022-ci il tarixli təklifinin cavabdeh tərəfindən qəbul edilməməsi qanunsuz hesab edilə bilməz və müqavilə bağlamağa məcburetmənin yol verilməzliyi, habelə müqavilə tərəflərinin iradə ifadəsinin azadlığının təmin edilməsi baxımından hazırda iddiaçının üzərinə belə bir öhdəlik qoyula bilməz.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bir sıra dəlili ilə bağlı ayrıca olaraq qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda 682 milyon manat pulun kredit təşkilatlarına ayrılması və həmin kredit təşkilatının hesabına köçürülməsi qaydası müəyyən edilmiş, habelə restrukturizasiya ediləcək borclar sırasına daxil edilmiş kredit müqaviləsi üzrə faiz və dəbbə pullarının silinməsinin tərəflər arasında yeni güzəştli kredit müqaviləsinin bağlandığı hallara şamil edilməsi nəzərdə tutulmuşdur. Fərmanın icrası qaydasında iddiaçının kredit müqavilələri üzrə hesablanmış kompensasiya, habelə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissə barədə məlumatlar iddiaçıya aid problemli kreditlərin kompensasiyası məlumatlarında əks olunmuşdur. İddiaçının kredit müqavilələləri üzrə yaranmış borcu Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşdüyündən Qaydaların 5.2.2-ci və 5.2.3-cü bəndələrinin izahına hər hansı zərurət yoxdur.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3599/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar