Məhkəmə qərarları › İş №2(103)-1937/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1937/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1937/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-555/2025 saylı işi üzrə 21 yanvar 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı MMC Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 48000 manat maddi ziyanın və ödənilmiş 300 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 14 yanvar 2025-ci il tarixdə İddiaçı MMC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində əsassız və yalan məlumatlar yaymaqla şərəf və ləyaqətinə, işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə 8000 manat məbləğində pulun İddiaçı MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-555/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı MMC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiasının icraata qəbul edilməməsi və geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, təqdim olunmuş qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnmir. Bu səbəbdən də Cavabdeh İddiaçı MMC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası icraata qəbul edilməməli və geri qaytarılmalıdır. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin e- 2(002)-555/2025 saylı, xx.xx.2025- ci il tarixli qərardadının ləğv olunmasını, qarşılıqlı iddia tələbinın icraata qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə isgtinadən qeyd edilmişdir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin e-2(002)-555/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh "xxxx" MMC-yə qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası icraata qəbul edilməmiş və geri qaytarılmışdır.Məhkəmənin qərardadında bircə abzas qeyd edilmişdir ki, "təqdim olunmuş qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnmir" Məhkəmə mövqeyini qısaca qeyd etsə də, bu mövqeyə necə gəldiyini əsaslandırmamış və onun qarşılıqlı iddiasının ilk iddia ilə əlaqəli olması barədə mövqeylərinə isə ümumiyyətlə münasibət bildirməmişdir. Yəni, əgər onların bu mövqeyləri yanlışdırsa və ya məhkəmə bu mövqe ilə razılaşmırsa, bu barədə əsaslandırma olmalı idi. Çünki nə qərardadın nəticə hissəsi elan edildikdə, nə də məhkəmə qərardadında onların mövqeyinə münasibət bildirilməmiş və məhkəmə də belə nəticəyə niyə gəldiyini əsaslandırmamışdır.Hesab edir ki, qarşılıqlı iddia tələbinin icraata götürülməməsi, həmçinin məhkəmələrin işini lüzumsuz olaraq artırılmasına da səbəb olacaqdır. Qarşılıqlı iddia tələbi ilkin iddia tələbi ilə kifayət qədər əlaqəlidir,həmin tələbdən qaynaqlanır və ilkin tələb üzrə iddiaçının qeyd etdiyi hərəkətləri və fikirlərinin ifadə forması ona mənəvi zərər vurmaqla işgüzar nüfuzuma xələl gətirir.Ona görə də sözügedən qərardadın ləğv edilməsinə və qarşılıqlı iddia tələbi üzrə ərizənin icraata göütürlməsini xahiş edir. İddiaçı öz əmrlərində, iddia ərizəsində, açıq məhkəmə iclaslarında onu məlumat bazası oğurlamaqda, ona məxsus vəsaiti mənimsəməkdə ittiham edir və bununla bağlı sübut təqdim edə bilmir. Bu sözügedən qərardad isə iddiaçının hərəkətləri nəticəsində ona vurduğu ziyanı tələb etmək hüququnu məhdudlaşdırır. Ona görə də qərardadı qanunsuz və ədalətsiz hesab edir. İddiaçı təşkilat həm iddia ərizəsində, həm də onun barəsində işdən çıxartma əmrində, həm də nümayəndəsi vasitəsi ilə açıq məhkəmə iclasında onu şirkətə "məxsus" olan müştəri bazasından şirkətin müştərilərinə dair məlumatları oğurlamaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədən və guya həmin müştərilərə satdığı biletlərdən əldə etdiyi pulu mənimsəməkdə ittiham etmişdir. İddiaçı təşkilatın onu ittiham etdiyi əməllər cinayət məsuliyyətinə səbəb ola bilən hallardır. X2 təqsirsizlik prezumpsiyasına əsasən barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kimi təqsrli bilib ittiham etmək olmaz. İddiaçı təşkilat isə bütün sənədlərdə onu açıqaşkar cinayət əməlləri törətmiş şəxs kimi qələmə vermiş və o bununla bağlı mənəvi istirab keçirmişdir. Həmçinin o işçi kimi işgüzar nüfuzuna da zərər vuraraq eyni fəaliyyəti həyata keçirən başqa şirkətlərlə əməkdaşlıq etməyinə mane olmuşdur. Bu səbəbdən də cavabdeh təşkilat ona mənəvi zərər vurmuşdur. Yəni onun qarşılıqlı iddiası iddiaçının iddia tələbi ilə bağlıdır ki, həm iddia ərizəsində,həm də məhkəmə çıxışlarında bu fikirlərin səslənməsi ona mənəvi zərər vurur. Məhkəmə isə öz qərardadında onun mövqeyi ilə nəyə görə razı olmadığını bir cümlə ilə belə ifadə etməmişdir. İddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə etiraz daxil olmuş, etirazda cavabdeh tərəfindən verilmiş şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-555/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-555/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1.qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublıkası Adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarı ilə müəyyən edilir ki: qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. Qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür.Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər.Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmədiyindən qərardad ləğv edilməli, qarşılıqlı iddianın icraata qəbul məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə qəbul etdiyi qərardadı əsaslandırmamış, Mülki Prosessual Məcəllədə qarşılıqlı iddia ilə bağlı normaları yazmaqla kifayətlənmişdir. Kollegiyası hesab edir ki, cavabdehin qarşılıqlı iddiası prosessual qanunvericiliyin tələblərinə cavab verir və qarşılıqlı iddia tələbi ilkin tələblə birbaşa bağlıdır və həmin tələblərə birgə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-555/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh “ mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar