Məhkəmə qərarları › İş №2(103)-194/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-194/2020

09.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-194/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1746/2018 saylı mülki iş üzrə qəbul etdiyi 21 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu yeni sahə ərazisində yerləşən, İddiaçı1 məxsus və faktiki istifadəsində olan qızı İddiaçı2 etibarnamə və vəsiyyətnamə əsasında verdiyi iki ədəd ayrı-ayrı torpaq sahəsinə, həmin torpaq sahələrində olan tikililərə və digər ona aid olan əmlaklara cavabdehlər tərəfindən hər hansı formada müdaxilə edilməsinin onlara qadağan edilməsi, cavabdehlər tərəfindən Binə qəsəbəsi Südçülük Sovxozu yeni sahə ərazisində İddiaçı2 tərəfindən inşa edilmiş tikililər özbaşına sökülməklə vurulmuş 3600 manat maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(003)- 1746/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı1 1988-ci ildən Xəzər rayonu Binə qəsəbəsi X9 ərazisində yaşayır, bu müddət ərzində oğlanları Cavabdeh1 və Cavabdeh2 onun sayəsində torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində oğlanları üçün ayrı-ayrılıqda fərdi yaşayış evi tikmişdir. Cavabdehlərin təsərrüfatı digər övladlarının və onun təsərrüfatından ayrı olmaqla müxtəlif ərazilərdə yerləşir. Onun torpaq sahəsi qızı İddiaçı2 məxsus torpaq sahəsi ilə yanaşıdır. O, 27 sentyabr 2017-ci il tarixdə ona məxsus əmlakları qızına vəsiyyətnamə əsasında vəsiyyət etmişdir. Təxminən beş il olar ki, onun oğlanları ilə münasibəti yoxdur. Qızı İddiaçı2 öz torpaq sahəsində onun tapşırığı əsasında mal-heyvan saxlamaq üçün 2016-cı ildə tövlə tikmiş və 3600 manat vəsait sərf etmişdir. Lakin evdə olmayan vaxt cavabdehlər ümumi həyətə daxil olaraq orada inşa olunan tikintini dağıtmışlar. Bunun nəticəsində İddiaçı2 maddi ziyan dəymişdir. Cavabdehlərin hərəkətləri ilə bağlı Xəzər RPİ-nin 2-ci PByə ərizə ilə müraciət etmişlər və 03 oktyabr 2017-ci il tarixdə polis tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə də bu əsaslar müəyyən edilir. Belə ki, iş materiallarında olan 14.03.2019-cu il tarixli RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 ərazisində yerləşən ümumi sahəsi 0,1155 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı2 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, İddiaçı2 onun arvadı, İddiaçı1 isə qayınatasıdır. O, 1994-cü ildə qayınatasına məxsus Binə yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. 2017-ci ilin sentyabr ayında həmin sahədə tövlə tikdirmiş, lakin tövlənin tikintisi üçün 3600 manat xərci arvadı çəkmişdir. Sonradan onlar evdə olmadığı vaxtda cavabdehlər həyətə traktor salaraq tikilini sökmüşlər. Həmin tikilinin uzunluğu 10 metr, eni 10 metr, hündürlüyü isə 4,80 metr olmuş və qoşa daşdan inşa olunmuşdur. Lakin tövlənin üstü örtülməmişdir. Cavabdeh1 və Cavabdeh2 tövlənin analarına məxsus olduğunu bildirərək, traktorla sökdülər. X1 öz ifadəsində bildirmişdir ki, İddiaçı1 atası, İddiaçı2 isə bacısıdır, cavabdehlər isə qardaşlarıdır. Atası bacısı Aybənizə torpaq sahəsi vəsiyyət etmiş, bacısı da həmin sahədə tövlə inşa etmişdir. Lakin tikilinin üstü tam örtülməmiş, qardaşları traktorla həmin tikilini sökmüşlər. Göründüyü kimi qeyd olunan sübutlarla İddiaçı2 tərəfindən inşa olunmuş tikilinin cavabdehlər tərəfindən sökülməsi və bunun nəticəsində ona maddi zərər dəyməsi faktı tam təsdiq olunur. İddiaçıya dəymiş zərərin məbləği isə aşağıdakı qaydada müəyyən edilməlidir. Belə ki, hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2019-cu il tarixli 10876 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Xəzər rayonu X5 ərazisində yerləşən tikilinin sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribi 3222 manat məbləğində müəyyən olunur. Bu baxımdan kollegiya hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi hissəsində iddia qismən təmin edilərək, 3222 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, digər hissələrdə iddia tələbləri rədd edilməlidir. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Lakin hazırki işdə həmin maddənin dispozisiya şərtlərinin mövcud olması təsdiq olunmur. Belə ki, iddiaçılar onlara məxsus torpaq sahələrinə, həmin torpaq sahələrində olan tikililərə və digər əmlaklara cavabdehlər tərəfindən müdaxilə edildiyini bildirsələr də, bunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Belə olan halda isə həmin tələblərin təmin edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1746/2018 saylı mülki iş üzrə qəbul etdiyi 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3222 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar