Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-194/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), X17 və X9 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-76/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında yerləşən, Yasamal MTK-ya məxsus yaşayış binasının 173 nömrəli mənzili əvvəlcə ilkin iddia üzrə cavabdehə, sonra isə iddiaçıya satılmışdır. İddiaçı mənzili aldıqdan sonra öz vəsaiti hesabına mənzili təmir etdirmişdir. Lakin sonradan mənzilin əvvəlcədən cavabdehin adına rəsmiləşdirildiyi müəyyən olunaraq mənzil cavabdehə qaytarılmışdır. İddiaçı, təmir xərclərinin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Cavabdeh isə qarşılqılı iddia qaldıraraq mənəvi və maddi zərər kompensasiyası tələb etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, mənzilə çəkdiyi təmirtikinti xərcləri ilə bağlı ona dəymiş 90000 (doxsan min) manat miqdarında ziyanın, habelə iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpasını təmin etmək məqsədilə 5000 (beş min) manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İlkin iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən, Yasamal MTK-ya məxsus yaşayış binasının 173 nömrəli mənzilini (bundan sonra mətndə - mübahisəli mənzil) 2009-cu ildə X7 almış, bununla bağlı "xxxx" MTK (bundan sonra mətndə - MTK) ilə aralarında müqavilə imzalanmışdır. Həmin mənzil qanuni əsasla onun faktiki istifadəsinə verilmiş və 2009-cu il tarixdən təmir etdirilərək ailə üzvləri ilə birlikdə orada yaşamışlar. Mübahisəli mənzilin təmirinə və məişət əşyaları ilə təchizinə tərəfindən 90000 manat miqdarında xərc çəkilmişdir. Lakin ilkin olaraq 2018-ci il tarixdə, daha sonra isə xx.xx.2020-ci il tarixdə Cavabdeh ona və MTK-ya qarşı iddia qaldıraraq, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2009 tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, sözügedən mənzildən iddiaçının, yəni onun çıxarılmasını və həmin mənzilin cavabdehin faktiki mülkiyyətinə qaytarılmasını məhkəmədən tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-327/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Bundan başqa, X5 MTK-ya qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, MTK tərəfindən mübahisəli mənzil və qeyri iki mənzil üzərində sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzillərdən istifadə etmək və mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması, eləcə də həmin mənzillərdən istifadə etməsinə maneə olan hərəkətlərin MTK-ya qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-87/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edimişdir. Həmin qətnamədən o və Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8133/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-327/2021 nömrəli qətnaməsindən və birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-87/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri ilə bağlı işlər bir icraatda birləşdirilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, MTK ilə X13 arasında xx.xx.2007-ci il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqavilə üzrə Hüseynov Zamiq MTK-da pay mülkiyyətçisi statusu əldə etmişdir. Müqavilə üzrə Hüseynov Zamiqin mülkiyyətinə (MTK-dan payına) mübahisəli mənzil verilmişdir. X13 MTK-dan aldığı payı mülkiyyətçi kimi Cavabdeh satmışdır. Daha sonra sözügedən müqavilələr ləğv və ya etibarsız hesab edilmədən xx.xx.2009-cu ildə mübahisəli mənzil X10, sonradan eyni tarixli sənədlərlə X14 və sonra ona - İddiaçı satılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-321/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı, yəni onun verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2(004)-87/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, həmin qətnamənin qismən – mübahisəli mənzilin üzərində X1, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə maneə olan hərəkətlərin cavabdehə qadağan edilməsi, müvafiq müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin rədd edilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-321/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmiş, şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3671/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh İddiaçı qarşı MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzildən İddiaçı çıxarılması və həmin mənzilin Cavabdeh faktiki mülkiyyətinə qaytarılması hissələrində ləğv edilərək, mülki işin həmin hissələrdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisləndirlən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 7283/2022 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 327/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, həmin qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, MTK ilə İddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin dəyəri olaraq ödənilmiş 55008 manat məbləğində pul vəsaitinin MTK-dan tutularaq İddiaçı qaytarılması, sonuncunun həmin mənzildən çıxarılması və mənzilin Cavabdeh faktiki mülkiyyətinə qaytarılması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə tərəfindən Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnaməsindən kassasiya şikayəti verilmiş, qətnamənin tamamilə ləğv olunaraq, iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, mübahisəli mənzil 2009-cu il tarixdən onun və ailəsinin istifadəsindədir. Mübahisəli mənzilin təmiri üçün ən keyfiyyətli və bahalı tikinti materiallarından istifadə olunmuş və yaşayış üçün hər bir avadanlıqla təchiz olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının sözügedən qətnaməsi ilə mənzilin dəyəri olaraq ödənilmiş 55008 manat məbləğində pul vəsaitinin MTK-dan tutularaq ona qaytarılması qət edilsə də, onun mənzilin təmiri və təchizi üçün çəkdiyi xərc hesaba alınmamışdır. Odur ki, mənzil üçün çəkdiyi 90000 manat məbləğində pul Cavabdeh tərəfindən ona ödənilməlidir.
4. Daha sonra, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı 50000 manat məbləğində maddi, 10000 manat məbləğində mənəvi zərərin, eləcə də ödənilmiş 271 manat dövlət rüsumunun, ümumilikdə 60271 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilkin iddia ərizəsində göstərdiyi xüsusatlar tamamilə qanunsuz və əsassız olmaqla yanaşı həqiqəti əks etdirməməkdədir. Belə ki, mübahisəli mənzil barəsində uzun zamandır məhkəmə prosesləri olmuş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)- 1763/2023 nömrəli qərarı ilə həmin mənzilin onun mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.2007-ci il tarixli müqavilə əsasında MTK tərəfindən X2 və onun tərəfindən dəyəri tam ödənilmişdir, daha sonra 2009-cu ildə o, həmin mənzili Cavabdeh satmış və onun tərəfindən mənzilin dəyəri tam ödənilmiş, onunla müqavilə elə X13 ilə bağlanmış tarixə (xx.xx.2007-ci il) bağlanılmışdır. Bundan başqa, həmin mənzil 2009-cu ildə X8 adına rəsmiləşdirilməklə Vaqif Zeynalova, həmçinin X3, Vaqif Zeynalov özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 2012-ci ildə xx.xx.2009-cu il tarixli müqavilə əsasında İddiaçı satmışdır. Göründüyü kimi, mübahisəli mənzil ilk dəfə X11, onun tərəfindən isə Cavabdeh satılmışdır. Daha sonra onlarla bağlanmış müqavilələr ləğv və ya etibarsız hesab edilmədən digər şəxslərə satılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil Cavabdeh məxsus olmuşdur. Bu halda onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxslər arasında onun iradə ifadəsi olmadan qeyd edilən müqavilələr bağlana bilməzdi. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi MTK-nın faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla İddiaçı ilə bağladığı müqaviləni etibarsız hesab etməklə, sonuncunun mübahisəli mənzildən çıxarılmasını və mənzilin onun faktiki mülkiyyətinə qaytarılmasını qət etməkdə haqlı olmuşdur. Həmçinin hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsində olan ikinci icraatda apellyasiya instansiya məhkəməsinin 2(103)-7283/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə dair İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edərkən əvvəlki apellyasiya məhkəməsinin qətnaməsi ilə eyni hüquqi əsaslardan çıxış etmiş, İddiaçı tərəfindən mənzili satın almaq üçün ödənilmiş 55008 manat məbləğində pulun MTK-dan alınaraq ona qaytarılması qərara alınmışdır. Bundan sonra Ali Məhkəmənin 2(102)-1763/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7283/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Göründüyü kimi, Ali Məhkəmə haqlı olaraq mübahisəli mənzil üzərində onun mülkiyyət hüquqlarını tanımışdır. Lakin o, sözügedən mənzili xx.xx.2007-ci il tarixindən rəsmi qaydada alqı-satqı müqaviləsi ilə aldıqdan sonra həmin mənzildə hələ də yaşaya bilməmişdir. Artıq 16 ildən çoxdur ki, ailəsi ilə birlikdə kirayədə yaşayır, bu isə onlara həm maddi, həm də mənəvi cəhətdən ciddi şəkildə mənfi təsir edir. Bugünə kimi MTK və digər alıcıların qanunsuz əməlləri nəticəsində hələ də həmin mənzildə yaşamağı mümkün olmamışdır. İlkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından da görünür ki, sözügedən mənzili almaq üçün 55008 manat pul ödəmişdir. Belə olan halda, 55008 manata aldığı mənzili ilkin iddia ərizəsində qeyd etdiyi kimi 90000 manata təmir etməsi kifayət qədər əsassız məsələdir. Əgər ilkin iddia üzrə iddiaçı mənzilin təmiri ilə əlaqədar müəyyən xərclər çəkmişsə də, həmin məbləğ ondan deyil, mənzili satan MTKdan tutulmalıdır. Bu müddətlər ərzində ailəsi ilə birlikdə kirayədə yaşadığında hər ay üçün kirayə haqqı ödəyir. Bundan başqa mübahisəli mənzil barəsində illərdir gedən məhkəmə mübahisəsi üçün həm dövlət rüsumları, həm vəkilə ödənilmiş pul vəsaiti, həm də məhkəməyə gediş-gəlişlə əlaqədar tərəfindən kifayət qədər böyük məbləğdə maddi vəsait ödənilib. Buna görə də hesab edir ki, ilkin iddia üzrə İddiaçı dəymiş maddi ziyana görə 50000 manat pul vəsaiti tutularaq ona ödənilməlidir. Həmçinin İddiaçı rəsmi şəkildə ona məxsus olan mənzildə yaşaması, hazırkı mənzil barəsində uzun zamandır məhkəmə mübahisəsinin getməsi səbəbindən həm o, həm ailəsi ciddi şəkildə mənəvi cəhətdən əzab çəkir. Bu mübahisədən dolayı keçirtdiyi əsəb-stresə görə müalicə olunmuş, dərmanlara kifayət qədər pul xərcləmişdir. Buna görə də hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən vurulmuş mənəvi zərərə görə 10000 manat maddi vəsait alınaraq ona ödənilməlidir.
6. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərək, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti həmin qərardad əsasında xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5934 nömrəli rəy tərtib edərək bildirmişdir ki, mübahisəli mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 68212,2 manat məbləğində olduğu müəyyən edilmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (2(004)-76/2024 nömrəli mülki iş üzrə, hakim K.Xudayev) qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 68212,2 (altmış səkkiz min iki yüz on iki manat iyirmi qəpik) manat məbləğində pulun və hüquqi yardıma görə ödənilmiş 2000 (iki min) manat məbləğində pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilmsəi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın isə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ödənilmiş dövlət rüsumlarının isə tərəflərə aid edilmsəi qət olunmuşdur.
8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzil ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təmir olunduqdan sonra məhkəmə qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Belə olan halda, Cavabdeh əsassız varlanmışdır. Çəkilmiş təmir-tikinti xərclərini keçirilmiş ekspertiza nəticəsində müəyyən edən məhkəmə hesab etmişdir ki, ekspertizanın verdiyi rəy sübut növü kimi qəbul edilməli və ilkin iddia üzrə Cavabdeh mübahisəli mənzilə ilkin iddia üzrə İddiaçı çəkdiyi təmir-tikinti xərclərinin iddia tələbində qeyd etdiyi 90000 manat miqdarında deyil, ekspert rəyində qeyd edildiyi kimi 68212,2 manat məbləğində tutulmalıdır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin hüquqi yardımla bağlı çəkilmiş xərcin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı 5000 manat məbləğində hüquqi yardımla bağlı xərci tələb etsə də, iş materiallarında olan İddiaçı ilə Vəkil1 arasında bağlanmış “De Fendo” Vəkil bürosu hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, 270 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli qəbzlə İddiaçı hüquqi yardımla bağlı 2000 manat məbləğində vəsait ödədiyi görünür. Qalan məbləğlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilə bilməmişdir. Odur ki, ilkin iddia tələbi bu hissədə də qismən əsaslı olduğundan, 2000 manat məbləğində təmin edilməlidir. Birinci nstansiya məhkəməsinin qarşılıqlı iddia tələbinə münasibətdə mövqeyi isə belə olmuşdur ki, tərəflərin izahatlarından və iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh maddi və mənəvi zəririn ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, yəni qarşılıqlı iddia tələbi özü-özlüyündə əsaslı olmuş, lakin iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Belə olan halda, qarşılıqlı iddia tələbi hazırda təmin edilə bilməz.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixli qərardad qəbul edilərək, məhkəmə-əmtəəşünaslıq və əlavə tikinti-texniki ekspertizaları təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. 10.Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/56xxxx/5496/2024 nömrəli məktubu ilə ekspert rəyi apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardad ilə iş üzrə icraat təzələnmişdir.
11. Ekspert rəyində qeyd edilmişdir ki, mübahisəli mənzildə olan, ekspert baxışına təqdim edilmiş ayrılması mümkün olmayan əşyaların istismar və aşınması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1000,0 manat müəyyən olunur. Həmçinin ekspert qarşısında qoyulmuş 1 və 2-ci suallarla bağlı (mübahisəli mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin 2009-cu il tarixə olan dəyərinin bazar qiymətləri (aşınma nəzərə alınmaqla) nə qədər təşkil edir? və Həmin mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin həmin ev cavabdehə təhvil verilən tarixə olan dəyərinin bazar qiymətləri (aşınma nəzərə alınmaqla) nə qədər təşkil edir?) 2009-cu və köhnə illərdə mövcud olmuş bazar qiymətlərinə dair məlumat bazası olmadığından suallar üzrə tədqiqat aparılmadığı bildirilmişdir. 12.Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərək, məhkəmə-əmtəəşünaslıq və əlavə tikinti-texniki ekspertizaları təyin edilmiş və mütəxəssis rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. 13."xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, CVN/M 08-063/25 nömrəli məktubu ilə mütəxəssis rəyi apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardad ilə iş üzrə icraat təzələnmişdir. 14.Mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli mənzildə yerinə yetirilmiş zəruri tikinti-təmir və quraşdırma işlərinin 2009-cu ilə aid olmadığı yuxarıda əks edilmiş xəritə və digər monitorinqə əsasən müəyyən edilir. Belə ki, 2014-cü il tarixədək yaşayış binasının dam örtüyü bağlanmadığından binada hər hansı təmir işlərinin aparılması mümkün hesab edilmir. Mənzilin daxilində istifadə edilmiş tikinti materiallarının model, dizayn və digər xüsusiyyətlərə əsasən təmir işlərinin 2016-2017-ci illərdə aparıldığı müəyyən edilir. Həmin mənzildə yerinə yetirilmiş zəruri tikinti-təmir və quraşdırma işlərinin 2016-2017-ci tarixinə aid olduğu müəyyən edilir. Cədvəl 1-də həmin dövr üçün tikinti-təmir və quraşdırma işlərinə çəkilmiş xərclər hesablanmışdır. Bu məbləğ həmin dövr üçün 55608,4 (əlli beş min altı yüz səkkiz) manat, 40 qəpik təşkil edir. Baxış zamanı mənzildə olan əşyaların əksəriyyətində aşınmaların mövcudluğu müəyyən edilmişdir. Mənzilin bir otağının divar kağızı dəyişdirilmişdir, kombi qurğusu yararsız vəziyyətə düşmüşdür. Qapılar, şkaf kupe, mətbəx və digər qurğuların təmir-bərpasına ehtiyac vardır. Mütəxəssis tərəfindən ümumi aşınma dərəcəsi (bərpa xərcləri) 10% məbləğində hesablanır. Beləliklə, həmin mənzildə yerinə yetirilmiş zəruri tikinti-təmir və quraşdırma işlərinin cavabdehə təhvil verilən tarixə olan dəyəri bazar qiymətləri (10% aşınma) nəzərə alınmaqla məbləğ həmin dövr üçün 50047,56 (əlli beş min qırx yeddi) manat, 56 qəpik təşkil edir. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
15. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra mətndə - iddiaçı) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qərəzli yanaşaraq, yalnız qarşı tərəfin mövqeyindən çıxış edərək, iddiaçının verdiyi izahatı qəbul etməyərək, onun tərəfindən təqdim edilmiş etiraza qiymət verməyərək, müdafiə hüququna şərait yaratmadan qanuna zidd qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi düzgün araşdırma aparmadan, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq bir tərəfli qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində mübahisəli mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 68212,2 manat məbləğində olduğu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, ekspert rəyindən də məlum olduğu kimi, iş üzrə ekspertiza aparılarkən qaz, su, işıq xətlərinin çəkilməsi, sayğacların quraşdırılması, sənədləşmə işlərinə çəkilən xərclər nəzərə alınmamışdır. Odur ki, mübahisəli mənzil üçün çəkdiyi xərc - ümumilikdə 90000 manat məbləğində müəyyən edilməli və Cavabdeh qız tərəfindən iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı pozulmuş hüquqlarının bərpasını təmin etmək məqsədilə 5000 manat məbləğində hüquqi yardım xərci çəkilmişdir. Qeyd olunan məbləğ də həmin şəxsdən iddiaçının xeyrinə tutulmalıdır.
17. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra mətndə - cavabdeh) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, barəsində mübahisə olan mənzil məhkəmə qərarı əsasında iddiaçıdan alınaraq, cavabdehə verilmişdir. Mənzil ona təhvil verilərkən bildirmişdir ki, iddiaçı bütün əşyalarını götürsün, evin təmirinə işlənmiş tikinti materiallarını da söküb aparsın. Bundan sonra isə o, mənzili öz zövqünə uyğun təmir etdirəcək. Birinci instansiya məhkəməsi isə onun konstitusion azadlıq və hüququnu məhdudlaşdıraraq, onu iddiaçının öz zövqünə uyğun etdiyi təmirini qəbul edib, əvəzini ödəməyə məcbur edir. Bu halın qətnamədə cavbdehin əsassız varlanma kimi qiymətləndirilməsi tam əsassızdır. Bundan başqa, delikt məsuliyyətinin yaranması üçün 3 şərtin olması vacibdir (zərərin vurulması, zərər vuran şəxsin hüquqa zidd hərəkəti, zərərlə bu hərəkətlər arasında səbəbli əlaqə). Birinci instansiya məhkəməsi bu şərtlərdən irəli gələrək yaranmış suallara cavab verməkdə çətinlik çəkmiş və nəticə etibarı ilə ədalətsiz və tam qanunsuz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində həm iddiaçıya, həm də cavabdehə dəymiş zərərin MTK-nın təqsirli hərəkətləri üzündən olduğunu təsdiq edir, lakin iddiaçının təmirə çəkdiyi xərci cavabdehdən tutur, cavabdehə vurulmuş zərərin isə MTK-dan tələb edilməli olduğunu bildirir. Bununla yanaşı, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə mübahisəli mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 68212.2 manat məbləğində olunduğu müəyyən edilmişdir. Ekspert rəyində göstərilmiş qiymətlər həqiqətə uyğun deyil, şişirdilmişdir və iddiaçının sözlərinə əsasən yazılmışdır. Belə ki, hal-hazırda Bakı şəhəri üzrə təmir-tikinti işləri aparılması üçün məbləğ 200-300 manat arası müəyyən edilir. Bundan başqa iddiaçının dediyinə görə o, 2009–cu ildə həmin mənzilə köçmüşdür və təmir həmin illərə aiddir. Beləliklə, mənzil 15 il ərzində istismar olunmuşdur və 2009-cu ildə edilmiş təmir hal-hazırda yararsızdır. Cavabde isə məcbur olub yenidən təmir edir. Bundan başqa, faktiki olaraq iddiaçıya heç bir ziyan dəyməmişdir. Belə ki, məhkəmənin qərarına əsasən, onun mənzil üçün ödədiyi pulun qaytarılması vəzifəsi MTK-nın üzərinə qoyulmuşdur. Bununla paralel olaraq, iddiaçıya əvəzsiz başqa mənzil də verilmişdir ki, belə olduğu halda, o, həm pulsuz mənzil əldə edir, həm də mübahisəli mənzilə görə ödədiyi pulu da geri alır. Deməli, geri aldığı pulla pulsuz aldığı mənzili təmir edə bilər və bu halda ona hansısa bir zərərin vurulmasından danışmaq olmaz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Bundan əlavə o, bildirmişdir ki, mübahisəli mənzildə qalan əşyalar artıq bir neçə ildir ki istifadə olunmuşdur. İddiaçı sözügedən mənzili 2009-cu ildə almış, 2014-cü ildən təmirə başlamış və 2017-ci ildə isə təmir bitdikdən sonra köçüb yaşamışdır.
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Bundan əlavə o, bildirmişdir ki, iddiaçıya 30000 manat ödəməyə razıdırlar, hesab edirlər ki, bu real qiymətdir.
23. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə həm ilkin, həm də qarşılıqlı iddia tələbləri olduğundan və birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında hər iki iddia tələbinə münasibətdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları araşdıraraq, eləcə də tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tutulan məbləğin həcmi hissəsində dəyişdirilməlidir.
27. Məhkəmə kollegiyası, iş üzrə həm ilkin, həm də qarşılıqlı iddia tələblərinin irəli sürüldüyünü nəzərə alaraq, qətnamədə hər bir tələbə münasibətdə ayrı-ayrılıqda hüquqi əsaslandırmanın verilməsini zəruri hesab edir.
28. Əvvəlcə ilkin iddia tələbinə münasibətdə qeyd olunmalıdır ki, kollegiya işin halları üzrə təqdim olunmuş sübutları və tərəflərin izahatlarını təhlil edərək müəyyənləşdirmişdir ki, iddiaçı mübahisəli mənzili əldə etdikdən sonra, həmin əmlakda yaşayış üçün zəruri şəraitin yaradılması məqsədilə şəxsi vəsaiti hesabına təmir işləri aparmışdır. Təmir işlərinin aparılması nəticəsində yaşayış sahəsinin funksional dəyəri əhəmiyyətli dərəcədə artırılmış, müasir və yaşayışa tam yararlı vəziyyətə gətirilmişdir.
29. Lakin sonradan məlum olmuşdur ki, əmlak üzərində ilkin mülkiyyət hüququ cavabdeh şəxsə məxsusdur və bu səbəbdən iddiaçı qeyd olunan əmlakı cavabdehə qaytarmağa məcbur olmuşdur (bu fakt işin mübahisəsiz halı olmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 82.3-cü maddəsinə uyğun olaraq, yenidən sübut edilmir).
30. Hazırkı mübahisə də məhz bu prosesdən qaynaqlanmaqdadır. Belə ki, iddiaçı mübahisəli mənzili aldıqdan sonra oranı təmir etdirmiş və sonra məhkəmə qətnaməsi əsasında həmin mənzildən çıxarılmışdır. Hazırkı tələb də məhz həmin təmir-tikinti xərcləri ilə bağlıdır ki, iddiaçı çəkdiyi xərcin dəyərini cavabdehdən tələb edir.
31. Bunnla bağlı kollegiya ilkin növbədə qeyd edir ki, sözügedən mübahisə həll olunarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinin tələbləri rəhbər tutulmalıdır. Belə ki, sözügedən müdəalara əsasən, əgər bir şəxs hüquqi əsas olmadan, digər şəxsin hesabına əmlak əldə edirsə və ya onun maddi rifah halı yaxşılaşdırılırsa, bu, əsassız varlanma hesab olunur. Əsassız varlanma yalnız hüquqi və ya müqavilə əsası olmadan varlanma ilə məhdudlaşmır, eyni zamanda həyata keçirilməmiş və ya sonradan aradan qalxmış hüquqi əsaslar mövcud olduqda da tətbiq edilir. Baxılan iş üzrə cavabdeh, iddiaçının maddi və fiziki iştirakı ilə həyata keçirilmiş yüksək məbləğli təmir işləri nəticəsində mübahisəli mənzili təmirli, istifadəyə tam yararlı və əlavə dəyər qazanmış şəkildə əldə etmişdir. Cavabdeh həmin faydanı hər hansı hüquqi əsas olmadan, ödənişsiz əldə etməklə maddi baxımdan zənginləşmiş, lakin təmir xərclərinə cəlb olunmamışdır. Bu isə Mülki Məcəllənin göstərilən müddəaları çərçivəsində əsassız varlanma halı kimi qiymətləndirilməlidir.
32. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin əsassız varlanmasına münasibətdə gəldiyi nəticəni qanunauyğun hesab edir.
33. Cavabdeh isə birinci instansiya məhkəməsinin əsassız varlanma ilə bağlı gəldiyi nəticəni qəbul etməyərək, öz apellyasiya şikayətində mübahisəli halın delikt xarakteri daşıdığını qeyd etmişdir. Cavabdehin bu dəlili ilə əlaqədar məhkəmə kollegiası izah edir ki, iş üzrə yaranmış hüquqi münasibətlər delikt yox, əsassız varlanma institutuna aiddir. Əvvəla cavabdehin bu dəlili hüquqi baxımdan əsaslandırılmamışdır, digər tərəfdən isə Mülki Məcəllədə nəzərdə tutulmuş hüquqi təsnifatla uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarına əsasən, “əsassız varlanma” o halda baş verir ki, bir şəxs digər şəxsin hesabına, lakin qanuni əsas olmadan əmlak əldə edir və ya maddi rifah halını yaxşılaşdırır. Həmin müdəəaların təfsiri zamanı müəyyən olunur ki, buradakı əsas məqsəd, hüquqi əsas olmadan əldə edilmiş maddi faydanın ilkin sahibinə (məhrum olan şəxsə) qaytarılmasını təmin etməkdir. Delikt hüququ – yəni qanunsuz hərəkətlər nəticəsində vurulmuş zərərin ödənilməsi (Mülki Məcəllənin 1096-cı maddəsi və ardıcıl müddəaları) isə yalnız o hallarda tətbiq olunur ki, bir şəxs digər şəxsə qanunsuz, günahkar hərəkət və ya hərəkətsizliklə, əmlak və ya qeyri-əmlak zərəri vurmuş olsun. Bu iş üzrə isə iddiaçı və ya cavabdeh tərəfindən qanunsuz və təqsirli bir hərəkət həyata keçirilməmişdir. Əksinə, hüquqi əsasın sonradan aradan qalxması səbəbindən iddiaçı mənzili cavabdehə qaytarmalı olmuş və bu zaman cavabdehin maddi fayda əldə etməsi (hazır təmirli mənzili heç bir xərc çəkmədən alması) halı baş vermişdir. Deməli, məsələ delikt yox, əsassız varlanma institutu ilə tənzimlənməlidir. Odur ki, cavabdehin bu dəlili sadəcə formal mülahizən ibarətdir və qətnamənin sözügedən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz.
34. Hazırkı mübahisənin əsassız varlanma instituna mənsubluğunu izah edən kollegiya, bununla yanaşı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş üzrə müəyyən edilmişdir ki, iddiaçının təmir məqsədilə çəkdiyi xərclər birbaşa cavabdehin maddi rifahının artırılmasına xidmət etmiş və onun əmlakına real və ölçülə bilən dəyər əlavə etmişdir. Cavabdeh şəxs təmirli və yaşayış üçün tam yararlı vəziyyətdə olan mənzili iddiaçının şəxsi vəsaiti hesabına həyata keçirdiyi təmir işlərindən sonra təhvil almış və bunun müqabilində hər hansı maddi qarşılıq ödəməmişdir. Bu baxımdan cavabdehin mənzilə dair əldə etdiyi nemət yalnız mənzil deyil, eyni zamanda onun funksional və estetik dəyərinin artırılmasıdır ki, bu da əldə edilmiş əlavə fayda kimi qiymətləndirilir və Məcəllənin 1092.1-ci maddəsinə uyğun olaraq cavabdehin qaytarmaq öhdəliyini şərtləndirir. Hansı ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 da öz izahatında iddiaçıya 30000 manat ödəməyə razı olduqlarını bildirmişdir və bu hal mübahisəli mənzildə təmir işlərinin aparılmasını öz-özlüyündə sübut (etiraf) edir.
35. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsassız varlanma nəticəsində əldə edilmiş dəyərin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olması ilə bağlı gəldiyi qərarı da qanunauyğun hesab edir.
36. Kollegiya bununla yanaşı qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin əsassız varlanmasını müəyyən edərək, cavabdehin iddiaçının şəxsi vəsaiti hesabına həyata keçirdiyi təmir işlərindən faydalandığını və buna görə də iddiaçıya kompensasiya ödəməsi gərəkdiyini qəbul etsə də, təyin edilən təmir xərcinin məbləğini düzgün həddə müəyyən etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi zamanı ekspert rəyinə əsaslanmış, lakin nəzərə almamışdır ki, ekspertiza keçirilərkən mübahisəli mənzilin təmir olunduğu illər, təmirdə mövcud olan aşınma halları, eləcə də digər zəruri xüsusatlara qiymət verilməmişdir. Halbuki, bu xüsusatlar qiymətin müəyyən edilməsində əhəmiyyətli rol oynayır. Bundan başqa, cavabdeh də apellyasiya şikayətində tutulan məbləğin şişirdildiyini iddia etmişdir.
37. Cavabdehin tutulan məbləğin şişirdilmiş olması ilə bağlı dəlilini, habelə həmin məbləğin yuxarıda qeyd olunan xüsusatlar əsasında yenidən hesablanmalı olmasını nəzərə alan kollegiya yenidən ekspertizalar təyin etmiş, eləcə də müvafiq mütəxəssis rəyi almışdır. Alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyində mübahisəli mənzildə olan, ekspert baxışına təqdim edilmiş ayrılması mümkün olmayan əşyaların istismar və aşınması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1000,0 manat müəyyən olunduğu, dəhliz mebelinə aid isə yerli internet saytlarında məlumat olmadığından qiymətləndirmə aparmağın mümkün olmadığı, 2009-cu və köhnə illərdə mövcud olmuş bazar qiymətlərinə dair məlumat bazası olmadığından ətraflı tədqiqat aparılmadığı bildirilmişdir. Göründüyü kimi keçirilmiş ekspertizalarda işin ədalətli həlli üçün dolğun rəylər əldə edilə bilməsə də, mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzil daxilində istifadə edilmiş tikinti materiallarının model, dizayn və digər xüsusiyyətlərinə əsasən təmir işləri 2016-2017-ci illərdə aparılmışdır və bununla bağlı çəkilmiş xərclərin ümumi dəyəri aşınma nəzərə alınmaqla 50047,56 manat məbləğindədir.
38. Kollegiya xüsusilə vurğulayır ki, ilkin iddia ərizəsində iddiaçının mübahisəli mənzildə 2009-cu ildən yaşamağa başladığı qeyd olunsa da, istər tərəflərin (xüsusilə də iddiaçının nümayəndəsinin və cavabdehin) izahatlarından, istərsə də alınmış mütəxəssis rəyindən müəyyən olunur ki, mənzildə yaşayış yalnız 2014-cu il tarixdən etibarən mümkün olmuş, orada təmir işləri isə həmin tarixdən başlayaraq 2017-ci ilədək davam etmişdir. Belə olan halda təbii olaraq 2017-ci il tarixindən bu günə qədər olan müddətdə əmlakda müəyyən aşınmalar və istifadə nəticəsində dəyər azalması baş vermişdir. Bu amillər, təmirin real dəyərini müəyyən edərkən mütləq nəzərə alınmalıdır. Eyni zamanda, diqqət edilməli məqam budur ki, 2017-ci ildə təmirin aparılması ilə indiki dövrdəki təmir xərcləri arasında əhəmiyyətli fərq vardır və bu da təmirin dəyərinin müəyyən edilməsi zamanı xüsusi rol oynayır. Belə olan halda, təmir xərclərinin təyin edilməsi zamanı cari dövrün deyil, təmirin həyata keçirildiyi tarixdəki bazar qiymətləri və təmirin istifadəyə verildiyi dövrün iqtisadi şəraiti nəzərə alınmalıdır.
39. Həmçinin, məhkəmə iş üzrə mütəxəssis rəyi verilənədək cavabdehin mübahisəli mənzildə 2 ilə yaxın yaşamasını da nəzərə alır.
40. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilməli və mütəxəsis rəyinə uyğun olaraq, cavabdehdən mübahisəli mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 50047,56 (əlli min qırx yeddi manat əlli altı qəpik) manat məbləğində pul tutulmalıdır.
41. İlkin iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindəki digər dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlillər sadəcə formal mülahizələrdən ibarətdir və qətnamənin dəyişdirilməsində rol oynamır.
42. Əvvəlla məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzili öz zövqü ilə təmir etdirmək istəməsi və sair bununla əlaqədar dəlillərinə münasibətdə qeyd edir ki, yaşayış və ya qeyri-yaşayış sahəsində aparılan təmir işləri nəticəsində formalaşmış tikinti elementləri – o cümlədən döşəmə örtükləri, suvaq, boya, elektrik və santexnika xətləri, qapı-pəncərə blokları və digər sabit konstruksiya elementləri – ayrılmaz surətdə daşınmaz əmlaka birləşdirilmiş sayılır və onların fiziki şəkildə götürülməsi həm texniki, həm iqtisadi, həm də hüquqi baxımdan mümkün və məqsədəuyğun deyil. Bu cür elementlərin sökülməsi həm əmlaka ciddi ziyan vura bilər, həm də onların istifadəyə yararsız vəziyyətə düşməsi ilə nəticələnə bilər. Belə olan halda, cavabdehin bu cür təklif və arqumenti reallıqdan uzaq və hüquqi nəticə doğurmayan ehtimallar üzərində qurulmuşdur. Bundan əlavə, cavabdehin “öz zövqünə uyğun təmir etmək azadlığı”na istinad edərək, birinci instansiya məhkəməsinin qərarının onun konstitusion hüquqlarını məhdudlaşdırdığı iddiası da hüquqi əsasdan məhrumdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində mülkiyyət hüququ təsbit olunmuşdur. Lakin bu hüquq digər şəxsin qanuni mənafelərinə zərər yetirmədən həyata keçirilməlidir. Bu iş üzrə cavabdeh həmin mənzili iddiaçının vəsaiti hesabına təmir edilmiş və təhvil verilmiş vəziyyətdə, heç bir xərclə qarşılaşmadan əldə etmişdir. Bu səbəbdən, cavabdehin yalnız şəxsi estetik zövqlərinə əsaslanaraq mövcud təmirin əvəzini ödəməkdən yayınmaq cəhdi onun qanunvericiliklə müəyyən olunmuş ədalətli balans prinsipinə ziddir. Əlavə olaraq qeyd edilməlidir ki, bu iş üzrə təmir nəticəsində cavabdehin əmlakı maddi və funksional baxımdan yaxşılaşdırılmış, bazar dəyəri artırılmışdır. Cavabdehin sözügedən faydanı əldə etməsi isə əsassız varlanma halını təşkil etidiyindən onun həmin faydanın dəyərini kompensasiya etməsi hüquqi zərurətdir. Bu baxımdan, cavabdehin irəli sürdüyü mülahizələr hüquqi və məntiqi əsaslara söykənmir və işin hallarına uyğun olaraq, kollegiya həmin arqumenti qəbul etmir.
43. Bundan başqa, cavabdeh şikayətində dəlillərindən biri kimi iddiaçıya əvəzsiz başqa mənzilin verilməsini iddia etmişdir. Lakin bu hal hər hansı sübutla təsdiq edilə bilməmişdir. Həmçinin bu dəlillə bağlı kollegiya bildirir ki, belə bir evin dövlət tərəfindən iddiaçıya verilməsi hazırkı mübahisə üzrə cavabdehin əsassız varlanmasını təkzib edən hal deyil və onu maddi zərər ödəmək vəzifəsindən azad etmir.
44. Odur ki, ilkin iddia tələbinə münasibətdə cavabdehin yuxarıda qeyd olunan dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.
45. İkin iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindəki dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı həmin dəlillərdə tutulan məbləğin az olmasını iddia edərək, qaz, su, işıq xətlərinin çəkilməsi və sair xərclərin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasını bildirmişdir. İddiaçı sözügedən dəlillə çıxış etsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə təqdim etməmişdir. Halbuki, iş üzrə sübutetmə yükü məhz tərəflərin üzərinə düşür. Odur ki, iddiaçının tutulacaq məbləğin az olmasını sadəcə sözdə ifadə etməsi həmin məbləğin artırılmasına əsas ola bilməz. Digər tərəfdən tutulacaq məbləğlə bağlı ədalətli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə kollegiyası tərəfindən müvafiq ekspertizalar təyin edilmiş və mütəxəssis rəyi alınmışdır. Təmir-tikinti işlərinə çəkilmiş xərcin məbləği isə alınmış mütəxəssis rəyində ətraflı şəkildə əks olunmuşdur. Həmçinin xüsusilə vurğulanmalıdır ki, tutulacaq məbləğin düzgün müəyyən edilməsi üçün hazırda mövcud olan yeganə fakt həmin rəydir. Bu rəyin həqiqəti əks etdirməməsi isə nə iddiaçı, nə də cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul edir və məbləğin məhz həmin rəyə uyğun tutulmasını qanuni və ədalətli hesab edir. Həmin rəydəki məbləğ isə iddiaçının tələb etdiyi məbləğdən kifayət qədər aşağı olduğundan, sözügedən rəy iddiaçının “tutulan məbləğin az olması” dəlilini təkzib edən fəkt kimi qiymətləndirilməlidir.
46. Bununla yanaşı, iddiaçının “birinci instansiya məhkəməsinin işə qərəzli yanaşaraq, yalnız qarşı tərəfin mövqeyindən çıxış edərək, onun verdiyi izahatı qəbul etməyərək, tərəfindən təqdim edilmiş etiraza qiymət verməyərək, müdafiə hüququna şərait yaratmadan qanuna zidd qətnamə qəbul etməsi” ilə bağlı digər dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu dəlil də heç bir sübutla əsaslandırılmamış və sadəcə formal mülahizədən ibarətdir. Belə olan halda, iddiaçının apellyasiya şikayətindəki digər dəlilləri ilə yanaşı bu dəlili də qətnamənin onun xeyrinə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Bundan başqa, iddiaçı 5000 manat məbləğində hüquqi yardımla bağlı xərci tələb etsə də, iş materiallarında olan İddiaçı ilə Vəkil1 arasında bağlanmış “De Fendo” Vəkil bürosu hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, 270 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli qəbzlə İddiaçı hüquqi yardımla bağlı 2000 manat məbləğində vəsait ödədiyi görünür. Qalan məbləğlə bağlı hər hansı mötəbər sübut təqdim edilə bilmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardımla bağlı 2000 manat məbləğində xərcin tutulması da əsaslı olmuşdur.
48. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, cavabdeh tərəfindən irəli sürülmüş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblər hüquqi baxımdan əsassızdır və bu mübahisənin predmeti ilə bağlı olaraq iddiaçıya qarşı irəli sürülə bilməz. İşin materiallarından göründüyü kimi, ilkin olaraq mübahisəli mənzil mülkiyyət hüququ əsasında cavabdehə satılmış, lakin daha sonra həmin mənzil hüquqi əsas olmadan təkrar olaraq iddiaçıya satılmışdır. Nəticə etibarilə, bu satışın hüquqi əsasının olmaması və mənzilin iddiaçının mülkiyyətinə düzgün və qanuni qaydada keçməməsi səbəbindən, sonradan mənzil cavabdehin mülkiyyətinə qaytarılmışdır. Cavabdeh, bu hüquqi prosesin nəticəsi olaraq yaşadığı çətinliklərə, yəni müvəqqəti yaşayış yerindən məhrum qalması, digər şəxsin istifadəsində olan mənzilə daxil ola bilməməsi, sağlamlıq vəziyyətindəki dəyişikliklər və mənəvi iztirablarına görə maddi və mənəvi təzminat tələbi irəli sürmüşdür.
49. Lakin kollegiya belə hesab edir ki, bu cür tələb yaranmış hüquqi vəziyyətə və məsuliyyətin mənsubiyyətinə uyğun olaraq iddiaçıya qarşı yönəldilə bilməz. Bu hüquqi münasibətlər sistemində iddiaçı heç bir qanunsuz və ya təqsirli hərəkət etməmiş, sadəcə üçüncü şəxsin hüquqa zidd əməli nəticəsində hüquqi zərərə məruz qalmışdır. İddiaçı mübahisəli mənzili əldə etmiş, mənzilə çəkilmiş təmir xərclərini öz vəsaiti hesabına ödəyərək istifadəyə vermiş və yalnız sonradan məlum olmuşdur ki, həmin mənzil əvvəlcədən cavabdehin adına hüquqi cəhətdən düzgün rəsmiləşdirilmişdir. Bununla əlaqədar cavabdehin hüquqları pozulmuşsa və ya onun mənəvi sarsıntı və maddi çətinliklər yaşaması baş vermişsə, bu hallar birbaşa olaraq mənzilin satışında qanun pozuntusuna yol vermiş hüquqi və ya fiziki şəxsin məsuliyyətini doğurur. Odur ki, iddiaçı həmin hüquqi pozuntunun törədicisi deyildir. Belə olan halda, cavabdehin maddi və mənəvi zərərin ödənilməsi barədə tələbi hüquqi baxımdan düzgün ünvanlanmamışdır və iddiaçı bu tələbin subyekti ola bilməz.
50. Qətnamə üzrə məhkəmə xərclərinin bölüşdürlüməsi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda birinci istansiya məhkəməsi yaranmış məhkəmə xərclərini Cavabdeh aid etməyə haqlı olmuşdur.
51. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq, cavabdehin bu hissədə irəli sürdüyü qarşılıqlı iddianı əsassız və hüquqi nəticə doğurmayan tələb kimi qiymətləndirir. Belə olan halda cavabdehin bu hissədə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissə üzrə dəyişdirilmədən saxlanılmalıdır.
52. Bununla yanaşı apellyasiya araşdırması zamanı yaranmış məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı kollegiya qeyd edir ki, tikinti-texniki və əlavə əmtəəşünaslıq ekspertizalarının tədiqatının ümumi dəyəri olan 700 manatın ( xx.xx.2024-cü il tarixli qərardad əsasında keçirlmiş məhkəmə ekspertizası və xx.xx.2025-ci il tarixli qərardad əsasında aparılmış qiymətləndirmənin dəyəri 600 manat) 350 manatı iddiaçıya 350 manatı isə müştərək qaydada cavabdehə aid edilməlidir.
53. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehn apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-76/2024 nömrəli qətnaməsi tutulan məbləğin həcmi hissəsində dəyişdirilsin. Cavabdeh mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 50047,56 (əlli min qırx yeddi manat əlli altı qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 50 manat və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri 600 (bir yüz) manat pul ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 300 manat və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 300 manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, müxbir hesabı: AZ03NABZ**********000001, SFİFT BİK: İBAZAZ2X, VÖEN: **********, hesab: AZ471baz********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.