Məhkəmə qərarları › İş №2(103)-1940/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1940/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1940/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1940/2025 (Açar sözlər: vurulmuş maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3543/2024 nömrəli 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-147/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Arablinka yaşayış massivində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

2. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolun surətindən görünür ki, Cavabdeh 28578 nömrəli “Attenti” markalı mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbaq və çanta təhkim olunmuşdur. Məhkuma hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.

3. xx.xx.2022-ci il tarixli izahata əsasən müəyyən olunur ki, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması barədə icra məmuru tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir.

4. “Eurodesign” ("xxxx") QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinə əsasən məhkum Cavabdeh təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsinə xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmiş, avadanlığın nəmişlik səbəbindən ana platada elektron elementlərdə oksidləşmə prosesinin başladığı, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu qeyd edilmişdir.

5. “Eurodesign” ("xxxx") QSC-nin arayışına əsasən “Attenti” markalı elektron nəzarət vasitəsinin cəmi məbləği 2277,40 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona təhvil verilmiş avadanlığın 2277,40 manat dəyərində vəsaitin Bakı şəhər Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-147/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə idarənin icra məmuru Aynur Yadigarova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla “Attenti” markalı 35628578 nömrəli elektron nəzarət vasitəsi məhkum Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh təhvil alınmış elektron nəzarət vasitəsinə texniki baxış keçirilərkən müəyyən edilmişdir ki, rütubət səbəbindən ana platada elektron elementlərdə oksidləşmə prosesi başlayıb. Təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Mübahisənin başqa həlli mövcud olmadığından, tərəflərindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3543/2024 nömrəli 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2277,40 manat pul vəsaiti alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, Cəzaların İcrası Məcəlləsinin 15-2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 238, 241-244 və 253-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, “Attenti” markalı elektron nəzarət vasitəsinə xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmiş, avadanlığın nəmişlik səbəbindən ana platada elektron elementlərdə oksidləşmə prosesinin başladığı, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu qeyd edilmişdir. Avadanlığın baxış tarixi xx.xx.2024-cü il tarixə aparılsa da avadanlıq ondan çox əvvəl yararsız vəziyyətdə idi. Belə ki, xx.xx.2023-cü il tarixdə qolbağı onun ayağına taxanda avadanlıq yarasız vəziyyətdə idi. Bununla bağlı avadanlıq ayağına taxılan günün səhəri günü tərəfindən icra məmuruna və DİN-nin 102 qaynar xəttinə məlumat vermişdir. İcra məmuru tərəfindən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il və digər tarixlərdə tərtib edilmiş protokola əsasən elektron cihazın işlək olmaması müəyyənləşdirilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə İddiaçı icra məmuru Aynur Yadigarova tərəfindən Elektron Monitorinq İdarəsinə ünvanlanmış məktubda məhkumlara tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilmiş, məhkumlar tərəfindən pozuntu və qurğuya hər-hansı müdaxilə aşkar edilməməsi qeyd edilmişdir. Qeyd edilən elektron nəzarət vasitələrinin dəyişdirilməsi üçün yeni nəzarət vasitələrinin təmin edilməsi xahiş edilmişdir. Həmçinin yeni elektron nəzarət vasitələrinin verilməsi barədə xx.xx.2023-cü ildə məlumat cədvəli də tərtib edilmişdir. Lakin bu maddi sübutlara məhkəmə hüquqi qiymət verməmişdir. Halhazırda onun tərəfindən verilmiş cəzanı tam çəkib qurtarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 17.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi

20. Maddə 156-1.4. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur.

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi

21. Maddə 15-2.1. İctimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir.

22. Maddə 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

23. Maddə 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.

32. Göründüyü kimi, iddiaçı hazırkı tələbində cavabdehin elektron qurğunu sıradan çıxarmasına istinad edərək, həmin qurğunun dəyərini tələb edir.

33. İddiaçı hazırkı tələbi ilə bağlı sübut kimi “Eurodesign” ("xxxx") QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinə istinad edir. Həmin rəyə əsasən məhkum Cavabdeh təhkim edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsinə xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmiş, avadanlığın nəmişlik səbəbindən ana platada elektron elementlərdə oksidləşmə prosesinin başladığı, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu qeyd edilmişdir.

34. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerində müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən, həmin zədənin cavabdeh tərəfindən edilməsi barədə sübutları araşdırmadan iddianın təmin olunması barədə səhv qənaətə gəlmiş, öz mövqeyini maddi və prosessual hüquq normaları baxımından lazımi qaydada əsaslandırmamışdır.

35. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).

36. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

37. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

38. Hazırki işdə cavabdeh tərəfindən zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsiri müəyyən edilməmişdir.

39. İddia ərizəsində qeyd edilən halı təsdiq edən sübut nə birinci instansiya, nə də apellyasiya icraata zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir.

40. Məhkəmə kollegiyası işin hallarını və təqdim edilmiş sübutları nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

41. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3543/2024 nömrəli iş üzrə 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar