Məhkəmə qərarları › İş №2(103)-1941/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1941/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1941/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “borcun tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(006)-1886/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2140***- *******0 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana aylıq faiz dərəcəsi 18% оlmaqla, 48 ay müddətinə ödənilməsi şərti ilə 39.000 manat məbləğində kredit verilmişdir.

2. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2290***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əsasən bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 18% оlmaqla, 48 ay müddətinə ödənilməsi şərti ilə 39.000 manat məbləğində kredit verildiyi, restrukturizasiya razılaşmasının imzalanması tarixinə Cavabdeh həmin kredit üzrə qalıq əsas borcunun 27.536,72 manat, faiz borcunun 2.411,52 manat mövcud olduğu və digər mühüm şərtlər qeyd edilərək, kredit üzrə faiz dərəcəsi 18 faiz və kreditin son icra müddəti xx.xx.2027-ci ilədək müəyyən edilmişdir.

3. Cavabdehə xx.xx.2024-cü il tarixli tarixli xəbərdarlıq məktubu ünvanlanaraq kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

4. 09.02.2024-cü il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh borcu 29.948,92 manat əsas borc, 1.048,18 manat faiz olmaqla, cəmi 30.997,1 manat təşkil edir.

5. BP Exploration (Caspian Sea) LTD şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli 71156/2416835-33 saylı qərarı ilə BP Exploration (Caspian Sea) LTD şirkətinin nümayəndəliyində çalışan Cavabdeh aylıq əmək haqqından ümumi məbləğ 6.226,82 manat kredit borcu İddiaçı ASC-nin xeyrinə və 436 manat dövlət rüsumu tutularaq Nəsimi rayon İcra şöbəsinə köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.948,92 manat məbləğində əsas kredit borcunun, 1.048,18 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 30.997,1 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 182,09 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Sonradan, İddiaçı ASC MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ekspertin məhkəmənin sualına uyğun olaraq borcu xx.xx.2024-cü il tarixinə hesabladığı, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixdə cavabdehin bank hesabına ümumilikdə 6.226,82 manat məbləğində vəsaitin daxil olduğu, xx.xx.2024-cü il tarixinə cavabdehin 25.952,74 manat əsas borc, 1.708,73 manat faiz borcu olmaqla, cəmi 27.661,47 manat məbləğində borcu qaldığı qeyd edilərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə 25.952,74 manat əsas borc, 1.708,73 manat faiz borcu olmaqla, cəmi 27.661,47 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 182,09 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi yuxarıda istinad olunan işin hallarına əsaslanmaqla həmçinin qeyd edilmişdir ki, Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(006)- 1886/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2527/2024 nömrəli rəyinə əsasən Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 2140***-*******0 saylı kredit müqaviləsinin və xx.xx.2023-cü il tarixli, 2290***-*******01R saylı restrukturizasiya razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 30.635,84 manat məbləğində müəyyən olunur. O cümlədən: xx.xx.2024-cü il tarixə - əsas borc üzrə - 27.718,15 manat; - faiz borcu üzrə - 2.917,69 manat.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(006)- 1886/2024 nömrəli qərardadı ilə iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7957/2024 nömrəli rəyinə əsasəniş materiallarında olan cavabdehin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2140***-*******0 saylı kredit müqaviləsinin və xx.xx.2023cü il tarixli, 2290***-*******01R saylı restrukturizasiya razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) qərardadın qəbul edildiyi tarixədək həyata keçirilmiş bütün ödənişlər nəzərə alınmaqla hesablanmalı əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024-cü il tarixə əsas borc üzrə - 24.409,02 manat; - faiz borcu üzrə - 0,00 manat.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(006)- 1886/2024 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilmiş, 24.409,02 manat əsas borc və dövlət rüsumunun əvəzi olaraq 182,09 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən 39.000 manat məbləğində kredit almış, daha sonra bankla razılaşmasına əsasən kredit müqaviləsi restukturizasiya edilmiş, lakin cavabdeh ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş olsa da, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Nəticədə bank məhkəməyə müraciət edib borcun ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır.

15. İşin araşdırılması zamanı məhkəmə tərəfindən cavabdehin banka olan borc məbləğinin müəyyən edilməsindən ötrü məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və cavabdehin əsas və faiz borcunu əks etdirən rəy daxil olmuşdur. Lakin rəy daxil olduqdan sonra da cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyi üçün bank iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilib, cavabdehin banka yalnız əsas borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda iddia tələbi qismən təmin edilərək, qalıq qalmış əsas borc cavabdehdən bankın xeyrinə ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 743.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya borcu düzgün hesablanmamış, tələblərin artırılması üzrə mühasibatlıq ekspertizası aparılmamışdır. Belə ki, ödəniş cədvəllərində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər cavabdehdən ayda bir dəfə tutulub. Halbuki, Mülki Məcəllənin 741-ci maddəsinə (müqavilə bağlandığı andakı redaksiyada) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Beləliklə, mülki dövriyyə iştirakçıları arasında müqavilə azadlığı prinsipini təbliğ edən bu müddəa sonsuz “azadlığı” məhdudlaşdıraraq, imperativ normalardan asılı edir. Kredit müqavilələrində faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması Mülki Məcəllənin 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə cavabdehin İddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, cavabdehin il ərzində İddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, cavabdehin iddiaçıya olan borcu xeyli azalmış olardı. Mülki Məcəllənin sözügedən norması (əvvəlki redaksiyada) imperativ idi. Həmin norma xx.xx.2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik ediləndən sonra dispozitiv formada 740.5-ci maddədə təsbit edilmişdir: “Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və(və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” Beləliklə, edilmiş dəyişiklik də 741-ci maddənin əvvəlki redaksiyasının imperativ olduğunu bir daha təsdiqləyir. Məhkəmə bu normanı nəzərə almamışdır. O cümlədən, müvafiq ekspertiza təyin edilməmiş, yekunda borc səhv hesablanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. Maddə 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia qismən təmin edilmiş, apellyasiya şikayəti yalnız cavabdeh tərəfindən verilmiş, şikayətin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iddiaçının nümayəndələrini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi, daha sonra müqavilə üzrə borcun restrukturizasiyası haqqında razılaşma imzalanmış, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır.

29. İşdən həmçinin görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, əldə edilmiş xx.xx.2024-cü il tarixli, 7957/2024 nömrəli ekspert rəyinə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) qərardadın qəbul edildiyi tarixədək həyata keçirilmiş bütün ödənişlər nəzərə alınmaqla, hesablanmalı əsas borcu 24.409,02 manat və faiz borcu 0 manat müəyyən edilmişdir.

30. Cavabdeh tərəfindən sözügedən borcun düzgün hesablanmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

31. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verildikdən sonra birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və borc ekspert rəyinə əsasən müəyyən edilmişdir. Həmçinin iş materialları ilə ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.

32. Bundan başqa, işdə olan ödəniş cədvəlinə əsasən tərəflər kredit borcunun və ona hesablanmış faizlərin aylıq ödənilməsini razılaşdırmışlar.

33. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda istinad olunan müddəalarına əsasən banklarla onların müştəriləri arasında münasibətlər həmçinin sözügedən Qanun və müqavilə əsasında həyata keçirilir. Qanuna əsasən, kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(006)- 1886/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar