Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1942/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Vəliyeva (Mehrəliyeva) Nigar Yaşar qızına və Cavabdeh2 qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2341/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Vəliyeva (Mehrəliyeva) Nigar Yaşar qızına, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vəliyeva (Mehrəliyeva) Nigar Yaşar qızındanLəğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətnin xeyrinə xx xxx 2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə 1167.39 (bir min yüz altmış yeddi dollar otuz doqquz sent) ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tairxinə faiz borcu 1188.03 ( bir min yüz səksən dollar üç sent) ABŞ dolları məbləğində faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 179.52 (yüz yetmiş doqquz dollar əlli iki sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1290.45 (min iki yüz doxsan dollar qırx beş sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 3825.39 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vəliyeva (Mehrəliyeva) Nigar Yaşar qızı arasında bağlanmış xx xxx 2015-ci il tarixli İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən N.Y.Vəliyevaya istehlak məqsədilə illik 29 (iyirmi doqquz) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2.000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu şəxs N.Y.Vəliyeva üzərinə götürdüyü kredit öhdəliklərini xx xxx 2017-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1167,39 (min yüz altmış yeddi, 39 sent ) ABŞ dolları məbləğində əsas borc, 1188,03 (min yüz səksən səkkiz dollar, 03 sent) ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 179,52 (yüz yetmiş doqquz, 52 sent) 1290,45 (bir min iki yüz doxsan dollar qırx beş sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 3.825,39 (üç min səkkiz yüz iyirmi beş dollar, 39 sent ) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan” ın vəzifəsidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2341/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Vəliyeva (Mehrəliyeva) Nigar Yaşar qızından Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxx 2015-ci il tarixli İKM 01 nömrəli istehlak krediti müqaviləsi üzrə 1167.39 ABŞ dolları əsas borc, 1188.03 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 179.52 (yüz yetmiş doqquz dollar əlli iki sent) ABŞ dollar borcunun və 50 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 2.584, 94 ABŞ dolları (iki min beş yüz səksən dörd ABŞ dolları 94 sent) borcun (ödəniş günü manata məzənnə ilə) və 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Vüqar Quliyev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2341/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozması, onları lazımınca icra etməməsi və aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində Banka qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi LPO “İddiaçı" ASC-nin cavabdehdən cərimə üzrə 1290,45 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair tələbini dəyişdirərək 50 ABŞ dolları məbləğində cərimə borcunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Bu zaman məhkəmə qətnamədə bu qənaətinin səbəbləri, əsasları, məhkəmənin bu qənaətə hansı sübütların qiymətləndirilməsi nəticəsində gəlməsini göstərməmiş, qətnamənin əsaslandırıcı hissəsində “cavabdehin hazırda ödənilməmiş faiz borcuna münasibətdə cərimənin tənəsübsüz sürətdə yüksək olduğunu” qeyd etməklə kifayətlənmişdir. Faiz borcuna münasibətdə cərimənin tənəsübsüz sürətdə yüksək olduğunu qeyd edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, öhdəliklərin icrasını təmin edilməsi üsullarından olan dəbbə (cərimə) pulunun tənəsübsüz olduğu faiz borcuna nisbətdə az ola bilməz. Cərimənin tənəsübsüz sürətdə yüksək olduğu müqavilənin tərəfləri, müqavilənin şərtləri, müqavilə üzrə tərəflərin gözlədikləri mənafelər əsasında müəyyən olunur. Lakin birinci instansiya məhkəməsi borc alanın hüquqi şəxs olması, hər iki hüquqi şəxs sərbəst iradə ifadələri ilə cərimə məbləğini müəyyən etməsi, müqavilə üzrə borcluya 2000 ABŞ dolları məbləğində kredit verilməsi və borclunun öhdəliklərini vaxtında üzrlü səbəb göstərmədən icra etməməsi, Bank təşkilatı olan kreditora həmin borcun qaytarılmamasına görə dəymiş ziyan nəzərə alınmamışdır. Məhkəmənin Qeyd olunan hallar nəzərə alınmadan cərimə borcunun tənəsübsüz sürətdə yüksək oluğu qənaətinə gəlməsi əsassızdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş (cədvələ əsasən) həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu Müqavilə ilə müəyyən ecilmiş dəbbə pulu hesablanır. Müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və ya lazımınca icra etmədikdə müqavilənin bəndində müəyyən edilmiş dəbbə pulu və zərərin əvəzini «Kreditor»a ödəmək «Borc alan»ın vəzifəsidir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1991-ci ildə Qubadlı rayonu Xocahan kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxx 2015-ci il tarixli İKM 01 nömrəli, kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Vəliyeva (Mehrəliyeva) Nigar Yaşar qızına illik 29 faizlə 24 ay müddətinə 2000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Vəliyeva (Mehrəliyeva) Nigar Yaşar qızına ünvanlanmış xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə qanunvericliyin tələbinə uyğun tədbir görülməsi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Vəliyeva (Mehrəliyeva) Nigar Yaşar qızının xx.xx.2020-ci il tarix üzrə 1167.39 ABŞ dolları əsas borc, 1188.03 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 179.52 (yüz yetmiş doqquz dollar əlli iki sent) 1290.45 (bir min iki yüz doxsan dollar qırx beş sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 3825.39 ABŞ dolları borcu mövcuddur. İş materiallarında olan xx xxx 2015-ci il tarixli zəmanət müqaviləsinin 1.1 və 1.2-ci bəndlərindən görünür ki, Cavabdeh1 01 saylı xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh2 zəmanət verən bank qarşısında borc alanın öhdəliklərinin yerinə yetrilməməsi ilə əlaqədar, faizlər məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla ödənişlərə görə borc alan kimi tam məsuliyyət daşıyır və əgər borc alan kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtı-vaxtında ödəməsə, zəmanət verən bankın ona göndərdiyi bildirişin alınması vaxtından 3 (üç) gündən gec olmamaq şərti ilə borc alanının bütün borclarını ödənilməsinə zəmanət verməsilə bağlı müqavilə imzalamışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan normaların tələblərinə əsasən kollegiya 1290.45 (bir min iki yüz doxsan dollar qırx beş sent) ABŞ dolları cərimə borcunun azaldılması və 50 ABŞ dolları məbləğində müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, kollegiya 1290.45 ABŞ dolları cərimə borcunu MM-nin 467-ci maddəsinə əsasən tənasübsüz hesab edir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cərimə borcunun azaldılmasının əsaslandırılmamasına istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış həmin cərimə borcunun əsaslılığı sübut edilmədiyindən və Mülki Məcəllənin qeyd edilən 467-ci maddəsinin tələbləri baxımından birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya zaminliyə münasibətdə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qanunsuz və əsassız olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. Belə ki, sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti xx xxx 2015-ci il tarixdən etibarən 24 (iyirmi dörd) ay müddətinə verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi nəzərdə tutulmuşdur. Zaminə qarşı iddia tələbinin müddəti ötürüldüyündən hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından Cavabdeh2 kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn zamin kimi məsuliyyəti istisna təşkil edir. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2341/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1942/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1942/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver