Məhkəmə qərarları › İş №2(103)-1946/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1946/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1946/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(002)-2098/2019 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” QSC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada QSC-nin xeyrinə 14R000009421 saylı kredit razılaşması üzrə 18.567,59 ABŞ dolları məbləğində kredit borcu, 10.090,44 ABŞ dolları məbləğində faiz borcu və 21.795,01 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 50.453,04 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 14L000002025 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuş, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 QSC ilə bağlanmış xx.xx.2014cü il tarixli 14R000009421 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 14R000009421S saylı, xx.xx.2016-cı il tarixli 14R000009421SA saylı sazişlə razılaşma və ödəniş planına dəyişiklik edilmişdir. Lakin Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə gecikdirmiş, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən başlayaraq banka qaytarmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(002)- 2098/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 14R000009421 saylı kredit razılaşması üzrə 18.567,59 ABŞ dolları məbləğində kredit borcu, 10.090,44 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 28.858,03 ABŞ dolları məbləğində borc manatın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, banka olan əsas borcunun xeyli hissəsini ödəsə də ödənişləri faizə çıxılmış və əsassız olaraq şişirdilmiş məbləğdə əsas borc hesablanmışdır. Həmçinin müqavilədə dollar yazılsa da ona manatla kredit ödənilmişdir. Şişirdilmiş halda faiz və cərimə borcu hesablanmış, məhkəmə borcun dəqiqləşdirilməsi üçün ekspertiza təyin etməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar ondan vaxtı keçmiş faiz və cərimə borcunun tutulması tamamilə əsassızdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edəcək hər hansı sənəd əlavə edilmədiyindən, Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, iddia qismən təmin edilsə da, qətnamə iddiaçı və digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir, Cavabdeh3 apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, qətnamə yalnız ona aid hissədə yoxlanılır, qətnamənin bütünlüklə yoxlanılması və digər cavabdehin şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi tərəflərin hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. xx xxxxx 2012-ci il tarixli 14L000002025 saylı kredit xətti müqaviləsinə əsasən, İddiaçı QSC ilə Cavabdeh3 arasında müqavilə bağlanmış, bu müqavilə və kredit razılaşması əsasında istənilən məbləğ 120 ay müddətinə, yəni xx xxxxx 2022-ci il tarixdən gec olmayaraq verilməli idi. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilmiş, həmin müqavilənin 1.5-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsələləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsində olan ödəniş planına uyğun olaraq Banka qaytarmağı öhdəsinə göstürmüşdür. xx xxxxx 2012-ci il tarixli 14L000002025 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixli 14L000009421 saylı kredit razılaşmasına və ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 14L000009421 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixli ödəniş planına görə, Cavabdeh3 öhdəsinə ödəniş planına uyğun alaraq 30000 ABŞ dolları əsas borcu və ona hesablanmış 12594,84 ABŞ dolları faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 14R000009421SA saziş ilə xx xxxxx 2014-cü il tarixli 14R000009421 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1.6667%, xx.xx.2017-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanmışdır. Kredit alanın Ödəniş Planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 2220,9 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öhdəsinə götürmüşdür. Öhdəliyin icrası müddəti xx xxxxxxx 2018-ci il müəyyən edilmişdir (sonuncu ödəniş günü). İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli 14S000008941 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh3 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh3 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Cavabdeh3 apellyasiya şikayətində borcun düzgün hesablanmadığını qeyd edərək, ekspertiza təyin olunmalı olduğunu qeyd etmişdir. Apellyasiya şikayətinin qeyd edilən dəlilinin araşdırılması məqsədi ilə Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 09/195 nömrəli rəydən görünür ki, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli 14R000009421 saylı kredit razılaşması və əlavə sazişlərin şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2018-ci il tarixə və xx.xx.2019-cu il tarixə banka olan borcu 24.608,62 ABŞ dolları məbləğində, o cümlədən: əsas borc üzrə 17.299,06 ABŞ dolları, faiz borcu üzrə 7.309,55 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli 14R000009421 saylı kredit razılaşması və əlavə sazişlərin şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2018-ci il tarixə və xx.xx.2019-cu ilədək olan dövrün faiz borcu illik 5 faizlə hesablanmaqla banka olan borcu 25.305,38 ABŞ dolları məbləğində, o cümlədən: əsas borc üzrə 17.299,06 ABŞ dolları, faiz borcu üzrə 7.309,55 ABŞ dolları, illik 5%-lə faiz borcu üzrə 696,77 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14R000009421 saylı kredit razılaşması cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank gecikmələrə görə cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh3 müqavilə üzrə cərimə hesablanmamışdır. Kollegiya əsas və faiz (müqavilə müddəti bitdikdən sonra olan dövrün faiz borcu illik 5 faizlə hesablanmaqla) borcuna dair hissədə məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsaslı sayır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməli və ekspertiza rəyi üzrə müəyyən edilmiş əsas borc üzrə 17.299,06 ABŞ dolları, faiz borcu üzrə 7.309,55 ABŞ dolları, illik 5%-lə faiz borcu üzrə 696,77 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Cərimə məbləğinə aid hissədə Kollegiya qeyd edir ki, məhkəmə qeyd olunan normaya əsaslanaraq cərimə məbləğinin azaldılaraq 200 ABŞ dolları məbləğində tutulması barədə haqlı nəticəyə gəlmişdir. Cavabdeh3 kreditin ABŞ dolları ilə rəsmiləşdirildiyi halda ona kreditin manatla verilməsi barədə dəlillərinə qiymət verən məhkəmə qeyd edir ki, ABŞ dolları ilə alınmış kreditin konvertasiya edilərək verilməsi onun azərbaycan manatı ilə verilməsini ehtiva etmir. Kreditin ABŞ dolları ilə verilməsi kredit müqaviləsi, ödəniş cədvəli və digər sənədlərdə aydın şəkildə ifadə olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Məhkəmə hesab edir ki, alınmış kreditin konvertasiya edilərək borcluya verilməsi onun öz razılığı ilə baş vermişdir ki, bu da kredit müqaviləsinin etibarsızlığına, nə də hazırda mövcud olan borcun ödənilməsindən imtina edilməsinə əsas vermir. Ona görə də məhkəmə cavabdehin həmin dəlilinə tənqidi yanaşaraq əsassız hesab edir. Bundan başqa cavabehin apellyasiya şikayətinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar ondan vaxtı keçmiş faiz və cərimə borcunun tutulmasının əsassız olması ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, hazırki kredit müqaviləsi tələb olunan əsas məbləğə görə Fərmanın təsiri altına düşmür. Belə ki, Fərmanın təsiri altına fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər düşür. Apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz (müqavilə müddəti bitdikdən sonra olan dövrün faiz borcu illik 5 faizlə hesablanmaqla) borcuna aid hissədə dəyişdirilməsi, mübahisələndirilən digər hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manatın 50 manatı İddiaçı KB ASC-dən, 150 manatı Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2098/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cuil tarixli qətnaməsi əsas və faiz borcuna aid hissədə dəyişdirilsin. 14R000009421 saylı kredit razılaşması üzrə tutulmalı olan əsas borc 17.299,06 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixədək (xx.xx.2018) faiz borcu 7.309,55 ABŞ dolları və müqavilə müddəti bitdiyi vaxtdan iddia qaldırılanadək olan dövr üçün illik 5 faizlə hesablanan faiz borcu 696,77 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər (cərimə borcuna aid) hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı KB ASC-dən, 150 manatı Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar