Məhkəmə qərarları › İş №2(103)-1946/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1946/2024

12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1946/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlərə "xxxx" ASC-yə və "xxxx" firmasına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" firmasının nümayəndəsi və vəkili Nümayəndə3 Akif oğlunun, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4024/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" firması tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlərə "xxxx" ASC-yə və "xxxx" firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus Təhlükəsiz Şəhər Xidmətinin “Qırmızı işıq” sisteminə dəymiş ziyanın - 7736 manat məbləğində pulun cavabdehlər “Vətən" Firması və “AZSİĞORTA" ASC-dən tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 firmasının sürücüsü X2 idarə etdiyi “Daewoo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Cavadxan küçəsi ilə İ.Cümşüdov küçəsinin kəsişməsində yol hərəkəti qaydalarına əməl etməyərək yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Təhlükəsiz Şəhər Xidmətinin “Qırmızı işıq” sistemi kameralarının quraşdırıldığı dirək zədələnmişdir. Cavabdehin işçisi T.Ağayev barəsində yol-hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilmişdir. Ümumilikdə hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərər məbləği 7736 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda, cavabdeh “AZSİĞORTA" ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. Cavabdeh "xxxx" firmasının işçisi T.Ağayev tərəfindən mülki hüquq pozuntusu (delikt) törədildiyindən işəgötürən "xxxx" firmasından və “AZSİĞORTA" ASC-dən 7736 manat məbləğində maddi zərər tutularaq DİN-in hesabına ödənilməlidir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-4024/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 4800 manat, "xxxx" firmasından 2936 manat pul vəsaiti tutularaq AR Daxili İşlər Nazirliyinə ödənilməsi, cavabdeh "xxxx" ASC-dən 60,41 manat və "xxxx" firmasından 36,95 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, 60 manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərinin 37,23 manatı cavabdeh "xxxx" ASC-dən, 22,77 manatı "xxxx" firmasından tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir.

4. Cavabdeh "xxxx" ASC qətnaməni mübahisələndirməmişdir.

5. Digər cavabdeh "xxxx" firması isə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh “Vətən" firması qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi işə baxarkən iddiaçı tərəfin təqdim etdiyi aktı əsas götürmüşdür ki, həmin akt qanunauyğun tərtib edilməmişdir, eyni zamanda yenidən ekspertiza təyin edilməsini xahiş etsələr də, vəsatət əsassız olaraq təmin edilməmişdir. Bu səbəbdən də şikayətin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" firmasının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq da göstərdi ki, qiymət həddindən artıq şişirdilmişdir.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi L.Neymətova şikayətin həllini kollegiyanın mülahizəsinə buraxdığını bildirdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətlə razı olmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, 3-cü şəxs T.Ağayev məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. DİN-nin DYP-nin Web portalından xx.xx.2022-ci il tarixli çıxarışa əsasən “DAEWOO” markalı, 10TF897 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" firmasına məxsusdur.

12. PAZ210331568 nömrəli, xx.xx.2021 -ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə’’ əsasən “DAEWOO” markalı, 10TF897 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növü ilə sığortalanmışdır.

13. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" firmasının sürücüsü X2 xx.xx.2022-ci il tarixdə "xxxx" firması tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etdiyi “DAEWOO” markalı, 10TF897 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə (avtobusla) yol-nəqliyyat hadisəsi törətmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8161 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən ekspertiza təyini haqqında qərarda göstərilən QİS video müşahidə nöqtəsinə dəymiş ziyanın ümumi məbləği 2023-cü ilin avqust ayına nəzəri qaydada təxminən 7736,00 manat müəyyən olunmuşdur. Rəyin tədqiqi hissəsində dirəyin sökülməsi bünövrəsinin yenilənməsinin dəyəri 550 manat, yeni dirəyin qoyulmasının dəyəri 2500 manat, Red Line sisteminin dəyəri 4686 manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Ddelikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il Qərarına əsasən:

1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.

2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilə Tətbiq edilən prosessual hüquq normaları:

16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

17. Hazırkı halda, iddia təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 firmasına aid hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

19. Kollegiyanın araşdırmaları ilə müəyyən edilmişdir ki, həqiqətən də Cavabdeh2 firmasının sürücüsü əmək vəzifələrinin icrası zamanı yol-nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı 2 zərərçəkmiş şəxsə - Binəqədi Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus əmlaklara zərər dəymiş, hadisə törətmiş avtomobilin "xxxx" ASC tərəfindən sığortalanması müəyyən edilmişdir.

20. "xxxx" ASC tərəfindən təqdim edilmiş Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 108 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Zərifə xanım Əliyeva adına parkın ağlay örtüklə əhatə olunmuş daş hasarı yolnəqliyyat hadisəsi nəticəsində yararsız hala salınmış və dəymiş zərər 308 manat müəyyən edilmişdir.

21. Birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın nəticəsi olaraq, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən iddiaçıya yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 7736 manat qiymətləndirilmişdir.

22. Beləliklə Cavabdeh2 firmasının sürücüsünün törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində 2 zərərçəkmişə dəymiş zərərin ümumi məbləği 8044 (308+7736) təşkil etmişdir.

23. Kollegiya hesab edir ki, qeyd olunan qanunvericilik aktlarına əsasən bir sığorta hadisəsinə görə ödənilməli sığorta ödənişinin məbləği ümumi sığorta məbləğindən, yəni 5000 manatdan artıq ola bilməməsini nəzərə alan birinci instansiya məhkəməsi iddiaçının xeyrinə "xxxx" ASC-dən 4800 manat, öz işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğundan dəymiş zərərin qalan hissəsini, yəni 2936 manatı isə Vətən” firmasından tutmaqda haqlı olmuşdur.

24. Bundan başqa, cavabdeh apellyasiya şikayətində yenidən ekspertiza keçirilməsini xahiş etsə də, iş üzrə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli 9/8161 saylı ekspert rəyininin mötəbərliliyini şübhə altına ala biləcək, əsaslı, şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübut verə bilməmişdir.

25. Beləliklə də aparılmış araşdırmalarla müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayəti təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Nəticə:

26. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

28. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi hissədə iddianın qiyməti 2936 manat pul təşkil etdiyindən, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh "xxxx" firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4024/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayət vermiş cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar