Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1946/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3” ASC-nin Cavabdeh Ənvər oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1946/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “X3” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-475/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 12 mart 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% ödəmək şərtilə 9516 manat məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “X3” ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 7046,6 manat əsas, 1060,4 manat faiz, 133,34 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8240,34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 102,41 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% ödəmək şərtilə 9516 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 oktyabr 2024, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 7046,6 manat əsas, 1060,4 manat faiz, 133,34 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8240,34 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-475/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddianın qismən təmin edilməsi, Cavabdeh 7046,6 manat əsas borc, 663,28 manat faiz borcu, 49,17 manat cərimə və 98 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 7857,05 məbləğində pulun tutularaq iddiaçı “X3” ASCyə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 739 və 741-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77.1, 119.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə aralarında bağlanmış müqavilənin müddəti 2027-ci ildə bitir, lakin iddiaçı tərəfindən kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı bildiriş ona verilməmiş və iddia tələbində müqavilənin vaxtından əvvəll əğv olunması tələbi qoyulmamışdır,iddiaçı müqavilənin vaxtından əvvəl ləğvini tələb etmədən birbaşa olaraq ondan pulu tələb etmişdir. Kredit müqavilələrində pulun qaytarılmalı olduğu son müddət dəqiq müəyyən edildiyi halda müqavilənin ləğvi barədə ona bildiriş göndərilmədən, yaxud müqavilənin ləğvi tələbi barədə məhkəmə iddia qaldırılmadan həmin müddət başa çatanadək bütün borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb edilə bilməz. Bundan başqa kredit müqaviləsində iddiaçı qeyd edir ki, faizlər minimum12 faizdir maksimum isə 40 faiz və cəriməni də 40 faiz yazıb. Yəni faiz bir cür olmalı idi, ya konkret olaraq 12 faiz ya da ki məsələn 12,5 faiz. Faizin minimum 12 faiz maksimum isə 40 faiz qeyd edilməsi hüquqdan sui istifadədir və vicdanlı hərəkətlərə söykənmir.Mülki Məcəlləyə əsasən Bank öz hüquqlarını vicdanla həyata keçirilməldir. Müqavilədə belə qeyri dəqiq şərtlərin olması məbləğin də düzgün yazılıb-yazılamamasına şübhə doğurur. Hesab edir ki, hazırki iş üzrə mühasibatlıq ekspertizası təyin olunmalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər.
13. Maddə 405.1. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
14. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
15. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
16. Maddə 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
18. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (müqavilənin bağlandığı zaman qüvvədə olan redaksiya)
22. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (müqavilənin bağlandığı zaman qüvədə olan redaksiya)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 423nkNAR/22 saylı kredit müqaviləsinə əsasən bank müştəriyə illik 23 faiz dərəcəsi ilə xx.xx.2027-ci il taixinədək 9516 manat məbləğində kredit verməyi, müştəri isə həmin krediti təyinatına uyğun istifadə etməklə yaranmış borcu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür.
33. İş materiallarında olan Müqaviləyə 01 saylı Əlavə ödəniş cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.
34. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə iddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında yaranmış 7046,6 manat əsas, 663,28 manat faiz, 49,17 manat cərimə olmaqla, cəmi 7759,05 manat borcun dərhal ödənilməsi tələb edilmiş və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bank həmçinin borcluya borc məbləğini tam ödəyərək müqaviləni ləğv etməyi təklif etmişdir.
35. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 423nkNAR/22 saylı kredit müqaviləsi üzrə cavabdehin 7046,6 manat əsas, 1060,4 manat faiz borcu, 133,34 manat cərimə olmaqla, cəmi 8240,34 manat məbləğində borcu vardır.
36. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 9516 manat kredit verilmiş, “Kredit alan” verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür.
37. Kollegiya hesab edir ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımi qaydada icra edə bilməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə borcunu və hesablanmış cəriməni razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi cavabdehə bununla bağlı ünvanlanmış xəbərdarlıq nəticəsiz qaldığından iddiaçı hazırki tələbini məhkəmə qaydasında irəli sürmüşdür.
38. Kollegiya qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Qeyd olunan hüquqi mövqedən anlaşıldığı kimi, bankın xx.xx.2024-cü il tarixində borcun ödənilməsi ilə bağlı cavabdehə ünvanladığı pretenziya məktubunda həmçinin müqavilənin ləğvinə dair təklif irəli sürməsi ilə müvafiq müqavilə ləğv edilmiş sayılaraq borclunun həmin gündən öhdəliklərinə xitam verilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin cavabdehdən müqavilənin ləğv edildiyi tarixə olan borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qənaəti qanununvericiliyə və işin hallarına uyğun olmuşdur.
40. Kollegiya apellyasiya şikayətində qeyd olunan məhkəmə ekspertizasının təyin edilməsi barədə dəlillərə münasibətdə isə bildirir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da aydın olduğu kimi, məhkəmə orqanlarının ekspertiza təyininə dair səlahiyyəti dispozitiv həddə müəyyən edilmişdir.
41. Bundan əlavə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfindən hesablanmış borc məbləği ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini əsassız hesab edir.
43. Məhkəmə cavabdehin müqavilənin ləğvinə dair bildirişin göndərilməməsi, müqavilənin müddəti başa çatmamış borcun tələb edilməsi, müqavilənin ləğvinə dair məhkəmədə iddianın qaldırılmaması ilə bağlı şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan “sürətli poçt daşıma xidməti” nin verdiyi qaimədən görünür ki, bankın müqavilənin ləğvinə dair ünvanlağı pretenziyanı cavabdeh şəxsən imza etməklə xx.xx.2024-cü il tarixində təhvil almışdır. Eyni zamanda Mülki Məcəllənin 421.2-ci maddəsi müqavilə tərəfinə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ verir. Həmin maddədə nəzərdə tutulmuş əsaslar olduqda müqavilənin ləğvinə dair ayrıca məhkəmədə iddia qaldırmağa ehtiyac yoxdur. Müqavilə tərəfinin bununla bağlı iradəsini digər tərəfə çatdırması ilə məhkəmədənkənar qaydada müqavilə ləğv edilir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
45. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-475/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev