Məhkəmə qərarları › İş №2(103)-1948/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1948/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1948/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alimentin artırılması, yaşayış minumumu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərə cəlb edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X5 ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına “Rzayeva” soyadı verilmiş, nikahlarından 16 dekabr 2008-ci il tarixdə Samir adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinin təmin, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və nikah pozulduqdan sonra uşağın himayəyə verilməsi” tələbinin qismən təmin edilməsi, tərəflər arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında 2263 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması, Samir Rzayevin yetkinlik yaşına çatanadək saxlanması üçün 2012-ci ilin iyun ayından başlayaraq hər ay Cavabdeh 150 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

3. “Vertebra” onurğa tibb mərkəzinin xx.xx.2021-ci il tarixli 103/21 saylı arayışında göstərilmişdir ki, X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mərkəzdə skolioz diaqnozu ilə kompleks müalicə almışdır və daimi həkim nəzarətindədir.

4. X5 işləmir, rəsmi qazancı yoxdur.

5. Cavabdeh “X10 Limited” MMC-də rəhbər vəzifədə işləyir, aylıq əmək haqqı 8208,06 manat təşkil edir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 may 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Dövlət reyestrində Cavabdeh xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, nizamnamə kapitalı 100 manat olan "xxxx" MMC-də (VÖEN: **********) 11 % payla təsisçisi olması barədə məlumat mövcuddur.

7. Cavabdeh X3 ilə ailə qurmuşdur və bu evliliyindən xx.xx.2014-cü il təvəllüdlü Aylin, xx.xx.2017-ci il təvəllüdlü Sofiya adlı uşaqları var.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan 150 manat alimentin məbləğinin artırılaraq aylıq 2500 manat müəyyən edilməsi və həmin aliment məbləğinin xx.xx.2023cü il tarixdən hesablanmaqla cavabdehdən tutulub ona ödənilməsi; yetkinlik yaşına çatmayan X4 müalicə xərclərinin onunla bərabər həcmdə qarşılanması üçün cavabdehin aylıq 750 manat məbləğində əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, nikahından xx.xx.2008-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, xx.xx.2008-ci il təvəllüdlü X4 ananın himayəsində qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 150 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X6 ağır dərəcəli skolioz diaqnozu qoyulmuşdur. Məlumdur ki, skolioz xəstəliyi zamanında müalicə olunmadığı təqdirdə daha ağır fəsadlara yol açır, sümüklər deformasiyaya və aşınmaya səbəb olur. Bunun qarşısını almaq üçün X8 davamlı olaraq kompleks müalicələr almışdır və almaqda davam edir. O, mütəmadi olaraq fizioterapiya kursları alır, xüsusi massaj prosedurlarına gedir. Yetkinlik yaşına çatmayan X8 daimi həkim nəzarətində saxlanılır. Bu müalicə üçün aylıq 1500 manat məbləğdə pul vəsaiti xərclənir. Həmin xərclər bu günədək tərəfindən təkbaşına qarşılanmışdır, lakin hazırkı vəziyyətdə aylıq müalicə xərclərini təkbaşına ödəməkdə çətinlik çəkir. Digər tərəfdən, cavabdehin aylıq gəliri kifayət qədər yüksək məbləğdədir. Onda olan məlumata əsasən, cavabdeh aylıq 10 000 manatdan artıq məbləğdə əmək haqqı alır. O, bir neçə xarici dildə sərbəst danışa bilir və yüksək savadlı yazılım mühəndisidir. Hal-hazırda SOCAR-da, ölkənin böyük neft şirkətlərinə xidmət göstərən təşkilatlarda proqramçı vəzifəsində çalışır. Bununla yanaşı, Dövlət Vergi Xidmətinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli **********659500 nömrəli cavab məktubundan da göründüyü kimi, cavabdeh həm də xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmiş "xxxx" MMC-nin (VÖEN: **********) 11 % payla təsisçisidir. Belə olan halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə 150 manat sabit pul məbləğində təyin edilmiş alimentin artırılması və yetkinlik yaşına çatmayan X4 tibbi xərclərinin onların arasında bərabər bölünməsi daha ədalətli və qanunauyğundur. Cavabdehin maddi vəziyyəti və digər diqqətəlayiq hallar nəzərə alınaraq, X4 maddi və mənəvi tələbatlarının təmin edilməsi məqsədilə cavabdehdən tutulan alimentin məbləği artırılmaqla cavabdehin aylıq qazancının ¼ həcmində, yəni 2500 manat məbləğdə (10 000 x 1/4 = 2500) müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət tarixi 09 avqust 2023-cü ildir. Halbuki o, artıq neçə ildir alimentin artırılması ilə bağlı cavabdehə müraciət edib, lakin cavabdeh həmişə bu tələbi könüllü olaraq icra etməkdən imtina edib və indi də edir. Belə olan halda məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Amma bu zaman da mövcud qanunvericiliyin tələblərinə əsasən, məhkəmədən öncə mediasiyaya müraciət etməli olmuşdur. Çünki əgər o, icbari mediasiya prosesini keçmədən birbaşa məhkəməyə müraciət etsəydi, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinin tələblərinə əməl etmədiyinə görə, yəni müvafiq mediasiya arayışını və ya protokolunu məhkəməyə etdiyi müraciətinə əlavə etmədiyinə görə həmin iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmalı idi. Buna görə də, icbari mediasiya prosesini keçmək üçün qanunla tələb edilən qaydada mediasiya təklifi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Həmin təklifin çatdırılmasına dair poçt qəbzindən də göründüyü kimi, bu təklif xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Beləliklə, mediasiyaya müraciət etməklə artıq rəsmi qaydada cavabdehdən alimentin artırılmasını tələb etmiş olmuşdur. Başqa sözlə, qanunvericiliklə ondan mediasiya prosesini icbari olaraq keçmək tələb olunmasaydı, o, xx.xx.2023-cü ildə mediasiya təklifi ilə cavabdehə deyil, iddia ərizəsi ilə birbaşa məhkəməyə mücariət edəcəkdi. Nəticə etibarılə, aylıq 2500 manat aliment məbləğinin həmin mediasiya təklifinin iddiaçı tərəfindən cavabdehə çatdırıldığı gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdehdən tutularaq ona ödənilməsi qanunauyğun və ədalətlidir. xx.xx.2008-ci il təvəllüdlü X6 ağır dərəcəli skolioz diaqnozu qoyulmuşdur. Onun hətta sağlamlıq vəziyyətinə dair məhkəmə-tibbi ekspertizası keçirilməklə müvafiq rəy də alınmışdır. Müalicə xərclərinə təkbaşına olaraq aylıq ən azı təxminən 1500 manat xərcləyir. Belə olan halda, yetkinlik yaşına çatmayan X4 zəruri əlavə xərclərində onunla birlikdə cavabdehin də iştirak etməsi məqsədilə cavabdehin aylıq 750 manat məbləğində əlavə xərcə cəlb edilməsi qanunauyğundur.

10. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, 1 uşağa görə alimentin miqdarı 1/4 nisbətdə olsa da, digər ailədə olan əlavə 2 uşağın mənafeyi də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hazırki cavabdehin 3 övladı vardır. 3 uşağa görə alimentin məbləği 1/2 nisbətindədir. Hər bir uşağa düşən aliment miqdarı isə 1/6 qismində müəyyən edilir. Belə olan halda məhkəmə hazırki iş üzrə cavabdehin 3 övladının olmasını nəzərə almalı və iddia tələblərini qismən, yəni bir uşağa görə 1/6 nisbətində müəyyən etməlidir. Bundan başqa məhkəməyə təqdim edilmiş əmək haqqı arayışlarından da müəyyən edilir ki, 1/6 hissədə aliment kifayət qədər yüksək məbləğ təşkil edir və 1 uşağın tam təmin edilməsinə yetərlidir.

11. Birinci instansiya məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-2310/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin və eyni zamanda əlavə xərclərə görə hər ay 100 manat pul vəsaitinin tutulması, 50 manat mediasiya xərcinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

12.1. Ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. 12.2. Bundan başqa, təqdim olunmuş tibbi sənədlərdən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1 əziyyət çəkir, bununla bağlı vaxtaşırı müayinə olunaraq, müalicə alır. 12.3. Məhkəmə cavabdehin ikinci dəfə ailə qurmaqla əlavə iki azyaşlı uşağının da olmasına dair qeyd etdiklərinə münasibətdə vurğulayır ki, cavabdeh ikinci dəfə ailə qurarkən öncəki nikahdan bir azyaşlı övladının olduğunu, onun saxlanılması üçün aliment ödəməli olduğunu və həmin uşağın böyüdükcə tələbatlarının artacağını bilmişdir. Cavabdehin ikinci nikahdan övladlarının olması, birinci nikahdan olan uşağın saxlanılması üzrə valideyn kimi vəzifələrin icra edilməsinə maneə yaratmamalıdır. 12.4. Lakin iddiaçı da, aliment məbləğinin artırılmasını tələb edərkən, cavabdehin gəlirlərinə mütənasib məbləğdə aliment tutulmasını istəməli, ona verilən hüquqdan suiistifadəyə yol verməməlidir. 12.5. Təqdim olunmuş sənədlərlə cavabdehin orta aylıq əmək haqqının kifayət qədər yüksək məbləğ təşkil etdiyi təsdiq olunur. 12.6. Qeyd olunan məqam nəzərə alındıqda aydın olur ki, cavabdehin orta aylıq əmək haqqına nisbətdə mövcud vəziyyətdə xx.xx.2008-ci il təvəllüdlü X8 üçün tutulan alimentin miqdarının cavabdehin aylıq gəlirinin 1/6 hissəsi həcmində müəyyən edilməsi uşaqlar üçün ölkə üzrə yaşayış minimumundan əhəmiyyətli dərəcədə artıqdır. 12.7. Bu səbəblə iddia qismən təmin edilməli, cavabdehdən tutulan aliment məbləği artırılaraq, hər ay əmək haqqının 1/6 hissəsi miqdarında təyin edilməlidir. 12.8. Bundan başqa, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən iddiaçının xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra tutulmalıdır. Belə ki, qanunvericiliyə əsasən alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) tutulmalara başlama anı qətnamənin qanuni qüvvəyə mindiyi andan başlanılır. Bu səbəblə, iddiaçının iddia tələbinin “xx.xx.2023-cü il tarixdən hesablanmaqla” alimentin tutulması hissəsi əsassızdır və təmin edilə bilməz. 12.9. Tərəflərin birgə nikahdan doğulmuş övladları Samirin müayinə və müalicəyə ehtiyacı var. İddiaçı uşağın müalicə xərclərinin hansı məbləği təşkil etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lakin vaxtaşırı aparılan müayinə və müalicənin məsrəf tələb etməsi aşkardır. Bu səbəbdən, məhkəmə əlavə xərc qismində hər ay tutulmalı məbləği təyin edərkən işin qeyd edilən hallarını nəzərə alır.

13. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Ailə Məcəlləsinin 81-ci və 112-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna istinad etmişdir.

14. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – cavabdehdən əlavə xərclərə görə hər ay 100 manat pul vəsaitinin tutulması hissəsində - ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmiş, şikayətini, uşağın xəstəliyi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim olunmadığı, istinad edilən sənədlərin isə 2021-ci ilə aid olduğu arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

“Uşaq hüquqları haqqında” Qanun

18. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Uşaq hüquqları haqqında” Konvensiya

19. Maddə 18 (1-ci bənd). İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. İddia tələbləri “alimentin məbləğinin artırılması və uşağın xəstəliyinə görə xərcin ödənilməsi” hissələrindən ibarət olmuş, müvafiq olaraq qətnamə də hər iki tələb üzrə çıxarılmışdır. İddiaçı qətnamədən şikayət vermədiyindən qətnamə onun iddia tələbinin təmin olunmaması ilə bağlı hissələrdə yoxlanılmır. Cavabdeh isə qətnaməni yalnız “ondan əlavə xərclərə görə hər ay 100 manat pul vəsaitinin tutulması” hissəsində mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin “xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-2310/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin və 50 manat mediasiya xərcinin tutulması, habelə iddianın qalan hissədə təmin edilməməsi” hissələri apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Qətnamənin mübahisələndirilən hissəsi, yəni “cavabdehdən əlavə xərclərə görə hər ay 100 manat pul vəsaitinin tutulması” hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

33. İddiaçının müvafiq iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan Ailə Məcəlləsinin 81-ci maddəsinin (§ 17) məzmunundan göründüyü kimi, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun.

34. Başqa sözlə, valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi üçün əsas, müstəsna halların – ağır xəstə və şikəst uşaqların, habelə əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların mövcudluğudur.

35. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun da mövqeyi belə olmuşdur ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində ...valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun”.

36. Birinci instansiya məhkəməsi xx.xx.2008-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək skolioz diaqnozu ilə kompleks müalicə aldığını və daimi həkim nəzarətində olmasını müəyyən etməklə müvafiq nəticəyə gəlmişdir.

37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, hər kəsə məlum olan haldır ki, skolioz xəstəliyinin müalicəsi mütəmadi müayinələri, fizioterapiya kurslarını, xüsusi massaj prosedurlarını tələb edir.

38. Cavabdehdən tutulmasına qərar verilmiş əlavə xərcin illik məcmusu 5000 manatdan artıq olmadığından, qanunvericiliyin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3770/2023 saylı iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh İddiaçı xeyrinə əlavə xərclərə görə hər ay 100 manat pul vəsaitinin tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumunun məbləği cavabdehə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar