Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1949/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3030/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən onun adına hesablanmış və bank tərəfindən silinmiş 600 manat pulun alınaraq ona qaytarılması və 240 manat iddiaçının adına hesablanmış borcun silinməsi və dövlət rüsumu kimi köçürdüyü 30 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3030/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci ildə Sumqayıt şəhərində yerləşən DNS kompüter diller mərkəzində müqavilə bağlayaraq ACER markalı noutbuk almış və bununla əlaqədar olaraq Cavabdeh ASC ilə kredit müqaviləsi bağlamışdır.Lakin həmin noutbuk işləmədiyi üçün o, qarantiya müddətində həmin kompüteri şirkətə geri qaytarmışdır. Lakin buna baxmayaraq iddiaçı həmin kompyuterə görə banka aylıq ödənişləri vaxtında etmiş və xx.xx.2012-ci ildən ödənişləri dayandırmışdır. Banka ödəmiş olduğu pulları həmin şirkətdən geri tələb etdikdə pullar ona qaytarılmamış və o, bundan sonra məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilməklə, 1448,26 manat əsas borcun və 400 manat mənəvi ziyana görə təzminatın DNS kompyuter MMC-dən onun nəfınə tutulması qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunmuş və iddiaçı həmin vəsaiti almışdır. Lakin onunla bank arasında bağlanmış 2 illik müqavilə müddəti xx.xx.2013-cü ildə başa çatmış,müqavilə üzrə almadığı və geri qaytardığı kompüterə görə cavabdeh bank ona borc və faiz hesablamaqda davam etmiş, müqavilə müddəti başa çatdıqdan sonra 3 il ərzində borcu ondan və ya DNS kompüter MMC-dən tələb etməmiş, yalnız iddia müddəti keçdikdən 6 il sonra,yəni 2019-cu ilin aprel ayında iddiaçının Finca bankdan xarici valyutada götürmüş olduğu kreditə görə ona 600 manat kompensasiya hesablandıqdan sonra həmin kompensasiyanı iddiaçının razılığı olmadan bu kompyuterə görə silmiş,hələ bu azmış kimi onun banka guya 240 manat da borclu qaldığını bildirmişdir. Bundan başqa bank bu illər ərzində hesablamalar aparmaqla ona 840 manat borc hesablamış və 600 manat kompensasiya pulunu da razılığı olmadan silmişdir. Bundan başqa cavabdeh bu tip mübahisələr üzrə 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında İddiaçı bildirdi ki, bank onu narahat edir və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə DNS kompyuter MMC-dən vurulmuş maddi ziyana görə 1448,26 (bir min dörd yüz qırx səkkiz manat, iyirmi altı qəpik) manat və mənəvi ziyan 400 (dörd yüz) manat tutularaq X1 ödənilməsi qət edilib, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2512/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Camalova (Yusifova) Reyhan Əlisoltan qızı və Hacıbalayeva Hicran Əlisoltan qızından Cavabdeh ASC-nin xeyrinə 842,49 manat məbləğində əsas borc, 148,76 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1754/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamələr qanuni qüvvəyə minmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1754/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən və xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən olunan borc həmin qətnamə ilə tutulmuş və bankın xeyrinə 842,49 manat məbləğində əsas borc, 148,76 manat məbləğində faiz borcu olması qət edilmişdir. Başqa sözlə həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən borcun əsaslı olub-olmamasına hüquqi qiymət verilmişdir. Bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmə «bank tərəfindən silinmiş 600 manat pulun alınaraq ona qaytarılması» tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası prezidentinin "Fiziki şəxslərə aid problemli kreditlərin həlli üçün əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanına əsasən X1 çatası 600 manat kompensasiya məbləği “Cavabdeh" ASC-yə ödəməli olduğu kredit borcun əvəzi olaraq X2 Palatası (hal-hazırda səlahiyyətlərini icra edən Mərkəzi Bank) tərəfindən borcun ödənilməsi üçün "Cavabdeh" ASC-yə yönəldildiyindən iddiaçının tələbi əsassızdır, təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, iddiaçı bank tərəfindən silinmiş 600 manat pulun alınaraq ona qaytarılması və 240 manat iddiaçının adına hesablanmış borcun silinməsini tələb etsə də bu məbləğlər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğləridir və burada hansısa iddia müddətinin ötürülməsini bəyan etmək əsassızdır. Çünki, iddiaçı hər bir halda qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən bu məbləğləri ödəməli idi. İddiaçıya hesablanmış 600 manat kompensasiya məbləğinin də bankın borcuna silinməsi əsassız olmamışdır. 240 manat isə qeyd olunduğu kimi məhkəmə aktları ilə müəyyən edilmiş məbləğin qalıq hissəsi olmuşdur. İkincisi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərardadı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi ilə bağlı hal qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3030/2020 nömrəli dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1949/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1949/2021
08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver