Məhkəmə qərarları › İş №2(103)-195/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-195/2021

27.01.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-195/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması” barədə ilkin, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “videomüşahidə kamerasının sökülməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin və qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 520-ci məhəllə 21 ünvanında yerləşən evin 2-ci girişindəki 3 nömrəli mənzilə 2018-ci ilin iyul ayında köçdüyünü və anası ilə birlikdə həmin mənzildə yaşadığını, mənzilə köçdükləri gündən 3 və 5 nömrəli mənzillərin arasında, yəni 3-cü və 4-cü mərtəbələrin arasında binanın ümumi istifadə sahəsi olan pilləkən və çardaq hissəsinə quraşdırılmış dəmir barmaqlıqlardan ibarət qapı və maneələrlə rastlaşdıqlarını, bu maneələrin onlar oraya köçməmişdən əvvəl qanunsuz olaraq quraşdırıldığını, maneələrin 4-cü mərtəbəyə və çardağa çıxmağa, habelə damdan istifadə etməyə imkan vermədiyini, həmin dəmir qapı və barmaqlı qəfəsdən ibarət maneələrin daim açarla bağlı olduğunu, yanğın hadisə baş verəcəyi təqdirdə onun və binada yaşayan digər sakinlərin həyatı və sağlamlığı üçün təhlükə yaranacağını, faktla bağlı FHN-nin 112 nömrəli qaynar xəttinə məlumat verdiyini, FHN-nin DYNX-nin 2-ci Ərazi DYN-nin əmakdaşlarının ünvanda baxış keçirməklə faktı təsdiqlədiklərini, lakin heç bir nəticə əldə olunmadığını və cavabdhlərin könüllü olaraq maneəni aradan qaldırmaq istəmədiklərini irəli sürmüş, buna görə də sözügedən binadakı 3 və 5 nömrəli mənzillərin arasında, yəni 3-cü və 4-cü mərtəbələrin arasında binanın ümumi istifadə sahəsi olan pilləkən və çardaq hissəsinə quraşdırılmış dəmir barmaqlıqlardan ibarət qapı və maneələrin cavabdehlərin vəsaitləri hesabına aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 və Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 520-ci məhəllə 21 ünvanında yerləşən evin 2-ci girişinin üst hissəsinə İddiaçı tərəfindən quraşdırılmış videomüşahidə kamerasının onun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddialarını həmin kameranın onları və binanın sakinlərini güdmək və izləmək məqsədi ilə qanunsuz quraşdırıldığı, şəxsi həyatlarına müdaxilə təşkil etdiyi arqumentləri ilə əsaslandırmışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamədən ilkin iddiaçı apellyasiya şikayəti verərək onun qarşılıqlı iddianın təmin olunmasına dair hissədə ləğvini xahiş etmiş, şikayətini, videomüşahidə kamerasını evin həyətində saxladığı avtomobilinə zədə yetirilməsinin qarşısını almaq üçün quraşdırdığı, bunun heç bir qanunvericilik aktında qadağan edilmədiyi və kameranın qarşılıqlı iddiaçıların hüquqlarını məhdudlaşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən qarşılıqlı iddiaçılar da apellyasiya şikayəti verərək onun ilkin iddia tələbinin təmin olunduğu hissədə ləğvini xahiş etmiş, şikayətlərini belə əsaslandırmışlar ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, 3-cü və 4-cü mərtəbələrin arasında pilləkən və çardaq hissəsinə uzun illər əvvəl quraşdırdıqları dəmir barmaqlıqların ekspertiza keçirmədən qanunsuz olduğu nəticəsinə gəlmiş, həmin barmaqlıqların ilkin iddiaçının hər hansı hüququnu məhdudlaşdırmadığını nəzərə almamışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun vəkili X3, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hər biri öz şikayətlərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, ilkin iddiaçının şikayəti təmin olunaraq qətnamə qarşılıqlı iddianın təmin olunmasına dair hissədə ləğv olunmalı və qarşılıqlı iddia təmin edilməməli, qarşılıqlı iddiaçıların şikayətləri təmin olunmayaraq qətnamə ilkin iddianın təmin olunmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə tərəflər, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 520-ci məhəllə 21 ünvanında yerləşən evin 2-ci girişinin üçüncü mərtəbəsindəki 3 saylı mənzil İddiaçı, dördüncü mərtəbəsindəki 5 saylı mənzil isə Cavabdeh2 məxsusdur və 3-cü və 4-cü mərtəbələrin arasında olan pilləkən (çardaq) hissəsinə dəmir barmaqlıqlardan ibarət qapı və maneələr inşa edilmiş, evin girişinin üst hissəsində İddiaçı tərəfindən videomüşahidə kamerası quraşdırılmışdır. Tərəflər arasında mübahisə, ilkin iddiaçının, 3-cü və 4-cü mərtəbələrin arasında olan pilləkən (çardaq) hissəsinə inşa olunmuş dəmir barmaqlıqlardan ibarət qapı və maneələrin evin yanğın çıxışını bağlaması səbəbilə onun həyat üçün təhlükə yaratdığını iddia etməsi nəticəsində yaranmış, qarşılıqlı iddiaçılar isə ilkin iddiaçı tərəfindən evin girişinin üst hissəsində quraşdırılmış videomüşahidə kamerasının onların şəxsi həyatlarının sirrinə müdaxilə təşkil etdiyini irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcəllənin 36.4-cü maddəsinə görə isə, çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz, ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Mülki Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya baxışı zamanı alınmış Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ-nin müətəxəssisinin rəyi və həmin rəy əsasında verilmiş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertinin rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 520-ci məhəllə 21 ünvanında yerləşən evin 2-ci girişinin 3-cü mərtəbəsi ilə 4-cü mərtəbəsinin ortasında – pilləkan qəfəsində tikinti norma və qaydalarına zidd, ölçüləri 1,0x2,10(h) metr olan metal konstruksiyalı qapı quraşdırılmış, pillakan qəfəsinin digər boş qalan hissələri isə metal torla bağlanmışdır və binanın çardağı yanğından mühafizə üçün nəzərdə tutulduğu halda, bu qapı və dəmir barmaqlıqlar binanın yanğın çıxışından istifadəni məhdudlaşdırır. Kollegiyanın qənaətinə görə, sözügedən metal konstruksiyalı qapının və metal torun ilkin iddia üzrə cavabdehlər tərəfindən quraşdırıldığı, həmin tikililərin bina sakinlərinin birgəyaşayış qaydalarına və qanunvericiliyin tələblərinə uyğun inşa edilmədiyi müəyyən olunduğundan, birinci instansiyası məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı hesab olunmalıdır. Bununla belə kollegiya, məhkəmənin qarşılıqlı iddia üzrə gəldiyi nəticə ilə razılaşmır: Belə ki, yuxarıda qeyd olunduğu kimi, qarşılıqlı iddiaçılar öz iddia tələblərini, sökülməsini istədikləri kameranın onları və binanın sakinlərini güdmək və izləmək məqsədilə qanunsuz quraşdırıldığı, şəxsi həyatlarına müdaxilə təşkil etdiyi arqumentləri ilə əsaslandırmışlar. Azərbaycan Respublikasının da tərəf olduğu X4 Konvensiyasının (Konvensiya) 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi hüququna malikdir. Maddənin 2-ci hissəsinə görə isə, milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Qeyd olunmalıdır ki, Konvensiyanın 8-ci maddəsinə istinad edə bilmək üçün ərizəçi, şikayətinin bu maddədə göstərilmiş dörd maraqdan ən azı birinə, yəni şəxsi həyatın, ailə həyatının, mənzilin və yazışmaların toxunulmazlığının qorunması maraqlarına aid olduğunu sübut etməlidir. Avropa Məhkəməsi ilk növbədə ərizəçinin iddiasının 8-ci maddənin tətbiq dairəsinə düşüb-düşmədiyini müəyyənləşdirir, bunun ardınca həmin maddədə yer alan hüquqa müdaxilənin olub-olmadığını və ya dövlətin həmin hüququ qorumaqdan ibarət pozitiv öhdəliyinin yaranıb-yaranmadığını araşdırır. 8-ci maddə ilə qorunan hüququn həyata keçirilməsinə dövlətin müdaxilə etməsi üçün şərtlər 8-ci maddənin 2-ci bəndində sadalanır və milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün tətbiq edilən məhdudiyyətləri əhatə edir. Yalnız yuxarıda sadalanan məqsədlərdən hər hansı birinə xidmət edən, "qanunla müəyyən edilmiş" və ya "qanunla nəzərdə tutulmuş" olan və "demokratik cəmiyyətdə zəruri" olan məhdudiyyətlərin tətbiqinə icazə verilir. Müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmadığını qiymətləndirərkən Məhkəmə çox zaman ərizəçinin 8-ci maddə ilə qorunan maraqlarını üçüncü tərəfin Konvensiyanın və onun Protokollarının digər maddələri ilə qorunan maraqları ilə balanslaşdırmalı olur. Bu mənada kollegiyanın qənaətinə görə, küçədə, yaxud ictimai yerlərdə quraşdırılmış kameralar vasitəsilə çəkiliş aparılması Konvensiyanın 8-ci maddəsi ilə qorunan “şəxsi həyat” anlayışının tətbiq dairəsinə düşür; lakin belə çəkilişin fərdin həmin maddə ilə qorunan hüququnun pozuntusunu təşkil edə bilməsi üçün, onun “milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün" həyata keçirilmə məqsədinə xitmət etmədiyinin müəyyən olunması zəruridir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Avropa Məhkəməsi 8-ci maddənin əsas məqsədini xarakterizə edərkən bu öhdəliyi klassik neqativ öhdəlik kimi göstərib; bununla belə, üzv dövlətlər hətta fiziki şəxslər arasında da 8-ci maddədə nəzərdə tutulmuş hüquqlara hörmət edilməsini təmin etməkdən ibarət pozitiv öhdəlik daşıyırlar. Konkret olaraq, 8-ci maddənin məqsədi fərdləri dövlət orqanlarının əsassız müdaxilələrindən qorumaq olsa da, bu maddə dövlətin təkcə belə müdaxilələrə yol verməkdən çəkinməsini nəzərdə tutmur: əsasən neqativ öhdəlik olan bu öhdəlikdən əlavə, şəxsi həyata hörmət hüququnun faktiki təmin edilməsi üçün pozitiv öhdəliklər də mövcud ola bilər. Bu öhdəliklər hətta fərdlərin öz aralarındakı münasibətlər sahəsində şəxsi həyata hörməti təmin etmək üçün nəzərdə tutulmuş tədbirlərin qəbul olunmasını da əhatə edə bilər. Konvensiya əsasında dövlətin daşıdığı pozitiv və neqativ öhdəliklərin qiymətləndirilməsi zamanı tətbiq olunan prinsiplər oxşardır. Bu zaman qarşı-qarşıya duran maraqlar, yəni fərdin maraqları ilə bütövlükdə cəmiyyətin maraqları arasında ədalətli balans nəzərə alınmalıdır və bu halda 8-ci maddənin ikinci bəndində göstərilən məqsədlər müəyyən dərəcədə əhəmiyyət daşıyır. İş neqativ öhdəliklə əlaqədar olduğu hallarda Məhkəmə müdaxilənin 8-ci maddənin 2-ci bəndinin tələblərinə uyğun olub-olmadığını, yəni qanunla nəzərdə tutulmuş olduğunu, qanuni məqsəd daşıdığını və demokratik cəmiyyətdə zəruri olduğunu qiymətləndirməlidir. Pozitiv öhdəliklərə gəlincə, bu halda Məhkəmə araşdırılan marağın ərizəçinin iddia etdiyi kimi pozitiv öhdəliyin tətbiqini tələb edəcək dərəcədə önəmli olubolmadığını nəzərdən keçirir. Dövlətlərin üzərinə düşən pozitiv öhdəliklərin məzmunu qiymətləndirilərkən müəyyən amillər əhəmiyyətli hesab olunur. Bu amillərin bəziləri ərizəçi ilə bağlıdır. Onlar araşdırılan marağın nə dərəcədə önəmli olması və məsələnin şəxsi həyatın "fundamental dəyərlərinə" və ya "əsas aspektlərinə" nə dərəcədə aidiyyəti olması ilə, yaxud ictimai reallıqla qanunvericilikdəki uyğunsuzluğun ərizəçiyə nə dərəcədə təsir göstərməsi ilə əlaqədar amillərdir və 8-ci maddə əsasında qiymətləndirmə aparılarkən ölkədaxili sistemdə idarəetmə və hüquq praktikasının nə dərəcədə uzlaşması mühüm amil hesab olunur. İlkin iddiaçı tərəfindən müşahidə kamerasının tərəflərin yaşadıqları evin 2-ci girişinin üst hissəsində, binanın həyətinə istiqamətlənmiş şəkildə quraşdırıldığı işin mübahisə olunmayan halıdır və iş materiallarında olan Yasamal rayon RPİ-nin 26-cı PB-nin təhqiqatçısının “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən, fotoşəkillərdən, habelə verilən izahatlardan aydın olur ki, ilkin iddiaçı həmin kameranı avtomobilinin (əmlakının) naməlum şəxslər tərəfindən zədələnməsinin qarşısını almaq məqsədilə quraşdırmışdır. Başqa sözlə, həmin kameranın quraşdırılmasında ilkin iddiaçının öz əmlakının qorunmasından ibarət olan mənafeyi vardır və qarşılıqlı iddia üzrə düzgün nəticəyə gəlinməsi üçün, həmin mənafe ilə qarşılıqlı iddiaçıların Konvensiyanın 8-ci maddəsi ilə qorunan “şəxsi həyat”ları arasında ədalətli balansın uzlaşıb-uzlaşmadığının müəyyənləşdirilməsi zəruridir. Bu zaman həm də nəzərə alınmalıdır ki, ilkin iddiaçının yaşadığı binanın həyətinə baxan istiqamətdə kamera quraşdırmasının, qarşılıqlı iddiaçıların Dövlətdən pozitiv öhdəliyin tətbiqini tələb edəcək dərəcədə önəmli olubolmadığının aydınlaşdırılması, eyni zamanda 8-ci maddənin ikinci bəndində göstərilən məqsədlər əhəmiyyət daşıyır. Kollegiya hesab edir ki, küçəyə (ictimai əraziyə) istiqamətlənmiş sözügedən kameranın quraşdırılmasında ilkin iddiaçının öz əmlakının qorunmasından ibarət olan mənafeyi ilə qarşılıqlı iddiaçıların “şəxsi həyat”larının qorunması mənafeləri arasında ədalətli balans mövcuddur və kameranın qarşılıqlı iddiaçılara yaratdığı narahatçılıq (diskomfort), onların digər şəxslərlə birgəyaşayışı asanlaşdıran sosiallaşmış məkanda yaşamaq hüquqlarının pozuntusu kimi qəbul edilə bilməz. Bu qənaətə gələrkən kollegiya xüsusilə nəzərə alır ki, ilkin iddiaçının sözügedən kameranı quraşdırmasında “qanuni məqsəd” vardır və Azərbaycan Respublikasının qanunverciliyində şəxsin əmlakını qorumaq məqsədilə öz yaşadığı evin həyətinə, yəni hər kəsin (bina sakinlərinin və üçüncü şəxslərin) istifadəsinə açıq olan küçəyə istiqamətlənmiş kamera quraşdırmasını qadağan edən norma mövcud deyildir. Əksinə, hamıya bəlli olan haldır ki, fərdlərə məxsus əmlakı, yaxud insanların həyat və sağlamlıqlarını qorumaq məqsədilə evlərin (binaların), mağazaların girişlərində, habelə ictimai yerlərdə (küçələrdə, parklarda və s.) müvafiq kameraların quraşdırılması geniş tətbiq edilən və qadağan olunmayan davranış qaydasıdır. Kollegiya onu da qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə gəlinən nəticə, ilkin iddiaçının quraşdırdığı kamera vasitəsilə qeydə alınmış görüntülərdən qarşılıqlı iddiaçıların “şəxsi və ailə həyatlarının sirri”ni pozmaq məqsədilə istifadə olunacağı təqdirdə (belə görüntülər qeydə alınmışdırsa), onları ilkin iddiaçıya qarşı müvafiq tələblər irəli sürmük hüququndan məhrum etmir. Çünki istənilən subyektiv hüququn hüdudları vardır - subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu onu özbaşınalığa çevirir, buna görə də hüquqdan sui-istifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4771/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə, yəni “Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 520-ci məhəllə 21 nömrəli evin 2-ci girişinin üst hissəsinə İddiaçı tərəfindən quraşdırılmış videomüşahidə kamerasının onun vəsaiti hesabına sökülməsi” hissəsində ləğv olunsun. Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “videomüşahidə kamerasının sökülməsi” barədə qarşılıqlı iddia tələbləri təmin edilməsin. Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətləri təmin olunmasın və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin; İddiaçı apellyasiya şikayəti üçün ödədiyi rüsumun əvəzi olaraq 10,40 (on manat 40 qəpik) isə onlardan alınıb İddiaçı verilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın xərci qismində 100 (yüz) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22), mütəxəssis rəyinin xərci qismində 100 (yüz) manat “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına (VÖEN **********1, H/h: AZ08AZFİ38060AZ**********006, “xxxx” ASC-nin Sahil filialı) köçürülsün, Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Şeyda Məhərrəmova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar