Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1951/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-1877/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 2672,33 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1469,53 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 375,18 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1931,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6448,64 ABŞ dollar borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 414 saylı istehlak kredit müqaviləsinə əsasən ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 2800 ABŞ dolları məbləğində kredit verilmiş, müqavilənin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqavilənin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1877/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh1 2672,33 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1469,53 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4241,86 ABŞ dolları məbləğində borc (borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın cərimə borcunun azaldılması və müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcunun silinməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə cərimə borcunun azaldılması hissəsində qanunsuz və əsassızdır. Məhkəmə nəzərə almamışdır ki, öhdəliklərin icrasını təmin edilməsi üsullarından olan dəbbə pulunun tənasübsüz olduğu faiz borcuna nisbətdə az ola bilməz, məhkəmənin cərimə borcunun tənasübsüz sürətdə yüksək olduğu qənaətinə gəlməsi əsassızdır. Cavabdeh öhdəliklərini vaxtında icra etmədiyi və borclu olduğu pul vəsaitini vaxtında ödəmədiyi üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüquqları yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, digər cavabdeh ölmüşdür, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, bu barədə məlumatları olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, təxminən il yarım əvvəl banka getmiş, ona təxminən 5000 manat civarında ödəniş etməli olduğunu bildirmişlər, o isə heç bir yerdə işləmədiyini və bir dəfəyə ödəməyə maddi imkanının olduğunu bildirərək, yeni ödəniş cədvəli tərtib olunmaqla ödəniş məbləğinin aşağı salınmasını xahiş etmişdir. Ödənişləri davam etdirməkdən yayınmır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1877/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh2 aid hissədə ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. İddianın qalan hissəsi ilə bağlı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin illik 5% faizlə hesablanmış borcun (əldən çıxmış faydanın) təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarında əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 414 saylı istehlak kredit müqaviləsinə əsasən ASC Cavabdeh1 18 ay müddətinə, illik 28% ödəmək şərti ilə 2800 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 2672,33 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1469,53 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 375,18 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1931,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6448,64 ABŞ dolları məbləğində borcu vardır. Cavabdehə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçının apelyasiya şikayətində qətnaməni cərimə borcunun azaldılması və iddia tələbinin rədd edilmiş - əsas borca illik 5 % hesablanmış borcun tutulması hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alaraq, cərimə borcu müəyyən edilərkən tənasüblüyün qorunmaması və dəbbə pulunun azaldılması barədə əsaslı nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin bununla bağlı dəlili əsassızdır. İddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 375,18 ABŞ dolları borc hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, həmin hissədə məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. İddia tələbi həmin hissədə təmin edilməlidir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda, o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ona görə də Kollegiya hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməli, Cavabdeh1 iddiaçının xeyrinə müqavilə müddəti bitdikdən sonra ödənilməmiş faizlərə görə 375,18 ABŞ dolları məbləğində pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1877/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 375,18 ABŞ dolları borca aid iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh1 müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmaqla 375,18 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1951/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1951/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver