Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1952/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 qarşı fərdi yaşayış evinə qəsdin törədilməsinin cavabdehlərə qadağan edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: icraatın dayandırılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 qarşı fərdi yaşayış evinə qəsdin törədilməsinin cavabdehlərə qadağan edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(004)-81/2024 nömrəli qərardadından iddiaçının şikayətinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh iddia ərizəsi tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (A tikilisinə) qəsdin törədilməsinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 qadağan edilməsi, həmin əmlaka vurulan zərərə görə 5464 manat məbləğində dəymiş zərərin və 100 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi və vəkili Nümayəndə2 ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh2, Muradova (Baxışova) Zülfiyyə Nadirşah qızı mübahisəli fərdi yaşayış evini İddiaçı və onun mərhum anasından alıblar. Təmsil etdiyi cavabdehlər Cavabdeh5, Cavabdeh2, Muradova (Baxışova) Zülfiyyə Nadirşah qızı 30 ilə yaxındır ki, həmin ünvanda yaşayır və qeydiyyatdadırlar. Təmsil etdiyi cavabdehlər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarını digər Cavabdeh1 satıblar. İlkin alqı- satqı müqaviləsi bağlandıqdan sonra təmsil etdiyi cavabdehlər hər biri qeyd olunan evin onlara aid hissəsini özləri sökərək aparıblar. Həmin cavabdehlər fərdi yaşayış evini sökərək köçdükdən sonra hazırki iş üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi evinə dəymiş ziyanla bağlı hazırki iddianı qaldırmışdır. İşin hallarından göründüyü kimi həmin cavabdehlər mübahisəli fərdi evi İddiaçı və onun mərhum anasından alıblar. Daha sonra isə öz istifadə hüquqlarını başqa şəxsə satıblar. Eyni zamanda iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh2, Muradova (Baxışova) X2 Şərəbanı Muxtar qızına qarşı "ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, vərəsəlik şəhadətnaməsinin və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi tələblərinə dair" iddia qaldırıblar. Həmin iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin icraatındadır. Hesab edirlər ki, həmin mübahisə üzrə yekun məhkəmə qətnaməsi qəbul olunub qanuni qüvvəyə minənə qədər hazırki mübahiyəsəyə baxılması və cavabdehlərdən pul vəsaitinin tutulması yol verilməzdir. Həmin iş üzrə iddia tələbi təmin edilərsə, hazırki mübahisənin heç bir əhəmiyyəti qalmayacaqdır. Buna görə də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-894/2024 saylı iş üzrə yekun məhkəmə qətnaməsi qəbul olunub qanuni qüvvəyə minənədək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e- 2(004)-81/2024 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 vəsatətinin təmin edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair e-2(004)-894/2024 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəsini alanadək, hazırda məhkəmənin icraatında baxılan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 qarşı “fərdi yaşayış evinə qəsdin törədilməsinin cavabdehlərə qadağan edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair e-2(004)-81/2024 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
4. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-81/2024 nömrəli və 2(004)-894/2024 nömrəli işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini, şikayət təmin edilmədiyi halda işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, icraatın dayandırılmasının səbəbi bu olmuşdur ki, hazırki mülki iş üzrə iddia tələbi mübahisəli mənzilə vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğundan və cavabdehlər həmin mənzilin iddiaçının adına verilmiş çıxarışı mübahisələndirildiyindən, habelə iddiada həmin mənzilin cavabdehlərə satılmasını nəzərdə tutan alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi tələbi qoyulduğundan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılan e-2(004)-894/2024 mülki iş üzrə yekun qərar qüvvəyə minənədək hazırki mülki işə baxılması mümkün deyildir və buna görə də mülki işin icraatı dayandırılmalıdır.” İddiaçı iddiasının əsasını ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (A tikilisinə) fərdi yaşayış evinə qəsdin törədilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 qadağan edilməsi, həmin əmlaka vurulan zərərə görə 5464,0 manat məbləğində dəymiş zərərin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi təşkiledir. e-2(004)-894/2024 saylı iş üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh6 və Cavabdeh5 iddia tələbləri alqı-satqı müqavilələrinin bağlanmış hesab olunması, Bakı şəhəri 12 saylı Notariat ofisi tərəfindən verilmiş V-31/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdeh X1 adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsindən ibarətdir. “Azərbaycan RespublikasıMülki ProsessualMəcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, “Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.” Hazırda hər iki iddia tələbinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılır. Mülki iş üzrə iddia tələbi mübahisəlimənzilə vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğundan və cavabdehlər həmin mənzilin iddiaçının adına verilmiş çıxarışı mübahisələndirildiyindən, iddiada həmin mənzilin cavabdehlərə satılmasını nəzərdə tutan alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi tələbi qoyulduğundan, iş üzrə tərəflər eyni olduğundan mülki işlərin bir icraatda birləşdirilməsi prosessual qənaət prinsipi və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi baxımından məqsədəuyğun hesab edilir. Məhkəmə bunu öz təşəbbüsü ilə edə bilərdi. Bu qaydada işlərin birinin digəri ilə bağlılığının həlli iddiaçıya daha əlverilişlidir. Bu halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hər iki tələbə eyni vaxtda baxılıb qərar verilərdi və iddiaçının pozulmuş hüquqları daha tez bərpa olunardı. Hazırki vəziyyətdə isə iddiaçı qarşı tərəfin, ondan daha sonra qaldırdığı uydurma iddianın son həllini illərlə gözləməlidir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(004)- 81/2024 nömrəli nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; Maddə 256.0. İş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər;
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarı: “... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Mülki Məcəllənin 140-cı maddəsinin məzmununa görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
10. İlkin olaraq məhkəmə kollegiyası onu qeyd edir ki, mülki prosessual qanunvericilik işlərin bir icraatda birləşdirilməsini hakimin vəzifəsi deyil, hüququ kimi müəyyən etsə də bu prosessual hərəkətin edilməsi üçün şərtləri də qeyd etmişdir: həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olması.
11. İddia ərizələrini nəzərdən keçirərkən görünür ki, işlərin eyni icraatda birləşdiridlməsi üçün mülki prosessual qanunvericimlikdə nəzərdə tutulan şərtlər mövcuddur.
12. Yuxarıda qeyd olunduğu kimi, işlərin bir icraatda birləşdirilməsi hakimin hüququ kimi müəyyəl olunsa da, hakim tərəfindən bu məsələyə qiymət verilərkən işin bütün hallarına (icraatın dayandırılması üçün əsas olan digər iddianın hansı vaxt, hansı əsaslarla qaldırılması, iddianın verilməsində iddiaçının məqsədi və sair.) qiymət verilməlidir.
13. Hazırkı mübahisə üzrə iddia ərizəsi 10 iyul 2023-cü il tarixdən məhkəmənin icraatındadır və mahiyyətini vurulmuş zərərin ödənilməsi, mülkiyyətə qəsdə son qoyulması təşkil edir. İş üzrə bir çox prosessual hərəkətlər aparılmış, ekspertiza təyin olunaraq rəy alınmışdır. İş üzrə cavabdehlər əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsi, işin halları ilə tanış olsalar da, onlar tərəfindən “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia 23 dekabr 2023-cü il tarixdə, yəni, məhkəmə araşdırması başa çatdıqdan sonra məhkəməyə verilmiş, bundan sonra isə icraatın dayandırılması barədə vəsatət verilmişdir.
14. Digər iddia ərizəsinə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq 4-6 ay ərzində baxılması imkanının mövcudluğu, yekun qərardan yuxarı instansiyalara şikayətin verilməsi, həmin şikayətlərə baxılma müddətləri və digər hallar da nəzərə alınarsa, işlərin bir icraatda birləşdirilmdiyi təqdirdə hazırkı mülki iş üzrə icraatın təzələnməsi ən azı 1 ildən sonra real görünür. Bu hallar isə şikayətdə qeyd olunduğu kimi şəxslərin məhkəməyə əlçatanlığı, işlərə ağılabatan müddətdə baxılması, prosessual qənaət prinsipi, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi ilə ziddiyyət təşkil edir.
15. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir.
16. Məhkəmə kollegiyası hesab edir ki, mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğun olubolmamasına qərardadın təsiviri hissəsində qeyd olunan xüsusatlar nəzərə alınmaqla yenidən qiymət verilməsi üçün qərardad ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin olunmalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 259, 263, 264 və 387-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(004)- 81/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(004)- 81/2024 nömrəli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin Qərardaddan kassasiya şikayəti verilə bilməz
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev