Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1953/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC (bank) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə GTKR1532718A116 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə görə bank, Cavabdeh 36 ay müddətinə, illik 26,4 faiz dərəcəsi ilə 5200 manat kredit verməyi, Cavabdeh isə krediti qəbul edib həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini, habelə əsas kredit borcuna hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər.
2. Bankla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə BBLK1532721A116 saylı kredit kartına dair müqavilə bağlanmış, müqaviləyə əsasən bank, Cavabdeh 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1250 manat kredit verməyi, Cavabdeh isə krediti qəbul edib həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini, habelə əsas kredit borcuna hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər.
3. Kredit məbləği bank tərəfindən Cavabdeh verilmiş, müvafiq kart ona təqdim olunmuşdur.
4. Bank tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh bildiriş ünvanlanaraq hər iki müqavilə üzrə gecikmiş borclarının olduğu bildirilmiş və həmin borcların ödənilməsi tələb edilmişdir.
5. 13.05.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixə banka xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinə əsasən 2668,56 manat əsas, 367,64 manat faiz olmaqla cəmi 3036,2 manat borcu; xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləyə əsasən 523,45 manat əsas, 115,26 manat faiz olmaqla cəmi 638,71 manat borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən bankın xeyrinə xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinə əsasən 2668,56 manat əsas, 367,64 manat faiz olmaqla cəmi 3036,2 manat məbləğində borcun; xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləyə əsasən 523,45 manat əsas, 115,26 manat faiz olmaqla cəmi 638,71 manat borcun və ödənilmiş 56,74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, bankla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 26,4 faiz dərəcəsi ilə 5200 manat, xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləyə əsasən 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1250 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixinə banka xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinə əsasən 2668,56 manat əsas borc, 367,64 manat faiz olmaqla cəmi 3036,2 manat borcu; xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləyə əsasən 523,45 manat əsas, 115,26 manat faiz olmaqla cəmi 638,71 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.
8. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
9. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli 9/6568 saylı rəyində göstərilmişdir ki, “Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli GTKR1532718A116 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla onun banka olan borcu sualda soruşulan tarix üzrə aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə:Əsas borc üzrə - 2680,85 manat; Faiz üzrə - 344,77 manat. Bundan başqa, qeyd edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqavilə imzalanmışdır. Bununla bağlı bildirilir ki, iş materiallarında olan, xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqavilə üzrə cavabdeh tərəfindən aparılmış əməliyyatları özündə əks etdirən hesabdan çıxarışda aparılmış əməliyyatların qeyri-taksit əməliyyatları və yaxud taksit əməliyyatları üzrə aparıldığı müəyyən edilə bilmədiyi üçün bu sual üzrə tədqiqatın aparılması mümkün olmadı”.
10. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli 9/8161 saylı rəyində göstərilmişdir ki, “...xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə edilmiş ümumi pul vəsaitinin hansı hissəsinin Taksit və Qeyri-taksit olmasının, istifadə edilmiş ümumi pul vəsaitinə güzəşt müddətinin tətbiq edilib-edilməməsinin və kredit limitinin bank tərəfindən 1250,00 manat müəyyən olunduğu halda həmin limitin artırılmasına dair razılaşmalar (Müştərinin mobil nömrəsindən çıxarışlar, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən çıxarışlar) təqdim edilmədiyindən Cavabdeh İddiaçı ASCyə xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair kredit müqaviləsi üzrə borcunu müəyyən etmək mümkün olmadı”.
11. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 9/1199 saylı rəyində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BBLK1532721A116 kredit kartına dair müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə edilmiş ümumi pul vəsaitinin hansı hissəsinin Taksit və Qeyri-taksit olmasının, istifadə edilmiş ümumi pul vəsaitinə güzəşt müddətinin tətbiq edilib edilməməsinin və kredit limitinin Bank tərəfindən 1250,00 manat müəyyən olunduğu halda həmin limitin artırılmasına dair razılaşmalar (Müştərinin mobil nömrəsindən çıxarışlar, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən çıxarışlar) təqdim edilmədiyindən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair kredit müqaviləsi üzrə borcunu müəyyən etmək mümkün olmadı. Qeyd edilir ki, xx.xx.2019-cu il tarixli BBLK1532721A116 kredit kartına dair müqavilənin şərtlərinə uyğun olaraq istifadə edilmiş ümumi pul vəsaitinin hansı hissəsinin Taksit və Qeyri-taksit olmasının, istifadə edilmiş ümumi pul vəsaitinə güzəşt müddətinin tətbiq edilib edilməməsinin və kredit limitinin Bank tərəfindən 1250,00 manat müəyyən olunduğu halda həmin limitin artırılmasına dair razılaşmalar (Müştərinin mobil nömrəsindən çıxarışlar, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən çıxarışlar) tam şəkildə təqdim olunduğu halda Cavabdeh İddiaçı ASC-yə borcunu müəyyən etmək olar”.
12. Birinci instansiya məhkəməsinin 17 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR1532718A116 nömrəli kredit müqaviləsi üzrə 2668,56 manat əsas borc, 344,77 manat faiz olmaqla, cəmi 3013,33 manatın; xx.xx.2019-cu il tarixli BBLK1532721A116 saylı kredit kartına dair müqavilə üzrə 523,45 manat əsas borc, 115,26 manat faiz olmaqla, cəmi 638,71 manatın və 56,74 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın Cavabdeh tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh müqavilələr üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
14. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 386.1-cı, 442-ci, 445-ci, 448.1-ci maddələrinə istinad etmişdir.
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış, iddia tələbinin əsaslı olmasına dair sübutlar təqdim olunmadığı halda, iddianın təmin edilməsi barədə qanunsuz qərar çıxarmış, işə iştirakı olmadan baxaraq mühüm əhəmiyyəti olan halları aydınlaşdırmamışdır.
Apellyasiya şikayətinə etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir
Apellyasiya baxışı
17. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, onun nümayəndəsi (anası) Nümayəndə2 isə ərizə göndərərək “müəllimlərin sertifatlaşdırılma prosesinə” cəlb olunduğu üçün iclasa gələ bilməyəcəyini bildirməklə prosesin təxirə salınmasını xahiş etmişdir.
18. İşin halları, adı çəkilən nümayəndənin qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Kollegiya qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsi üzrə yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir; cavabdeh isə qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsindən şikayət vermişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
40. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
42. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
43. Banka qalan borcunun məbləğinin düzgün hesablanmadığı barədə cavabdehin irəli sürdüyü arqumentlə əlaqədar kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.
44. İşə iştirakı olmadan baxıldığı barədə cavabdehin apellyasiya şikayətinin dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlərin göndərildiyi, lakın bildirişlərin “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarıldığı aydın olur. Qeydiyyatda olduğu ünvanda yaşamamasının riskini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
45. Beləliklə kollegiyanın qənaətinə görə, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir.
46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-118/2023 saylı iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə