Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1955/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Xaqani Xıdırzadənin iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair 2(001)-4616/2020 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.340 ABŞ dolları məbləğində əsas borc, 10.466,20 ABŞ dolları məbləğində faiz borcu və 7.475,45 ABŞ dolları məbləğində gecikməyə görə artırılmış faizlə hesablanmış borcun (dəbbə pulu), cəmi 26.261,65 ABŞ dollarının tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 avqust 2007-ci il tarixli, K-232/M saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 10000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən verilmiş kredit zamin Cavabdeh2 ilə bağlanmış 17 avqust 2007-ci il tarixli, Z-232/M saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Kredit müqaviləsinin şərtləri pozulmuş və kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 8340 ABŞ dolları əsas borc, 10446,20 ABŞ dolları faiz borcu və 3,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18790 (on səkkiz min yeddi yüz doxsan) ABŞ dolları məbləğində borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 14,31 (on dörd manat otuz bir qəpik) manat hissəsinin tutularaq iddiaçı (halhazırda ləğv prosesində olan) İddiaçı ASC-ya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 17.08.2007ci il tarixli, K-232/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 26% hesablanmaqla 24 ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında Z-232/M nömrəli, 17.08.2007-ci il il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə öhdəliklərini vaxtında icra etmədiyi üçün, məhkəməyə müraciət edilən 27.04.2012-ci il tarixə 8340 ABŞ dolları əsas borcu, 10446,20 ABŞ dolları faiz borcu, 7475,45 ABŞ dolları cərimə borcu, ümumilikdə 26261,65 ABŞ dolları məbləğində borcu qalmışdır. İddia ərizəsində qeyd edilən hallar birinci instansiya məhkəməsində tam sübuta yetirilsə də, məhkəmə əsassız olaraq cərimə məbləğini azaltmışdır. Belə ki, 17.08.2007-ci il tarixli, K-232/M nömrəli kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 52% məbləğində artırılmış faizləri (cərimə) kreditora ödəməlidir. Hesab edirik ki, iddia ərizəsində qeyd etdiyimiz 7475,45 (yeddi min dörd yüz yetmiş beş) ABŞ dolları məbləğində cəriməni borclulardan tələb etməyə haqlıdırlar. Bundan əlavə, həmin kreditin təminatı olaraq Cavabdeh2 ilə 17.08.2007-ci il tarixli, Z- 232/M nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin borcu qaytarmaq öhdəliyini üzərinə götürmüş və bank tərəfindən məhkəmədə iddia qaldırılan zaman o, iddiaçı qarşısında kreditin qaytarılması üzrə eyni məsuliyyət daşıyırdı. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia müddəti tətbiq olunmaqla iddia tələbindən imtina olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılaraq iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin olunması mümkünlüyünü nəzərə alaraq cərimə məbləğinin azaldılması və iddiaçının xeyrinə 3,80 ABŞ dolları cərimənin tutulmasına dair nəticəyə gəlmişdir. Bununla belə əsas borc məbəlğindən həddən artıq olan 10446,20ABŞ dolları faiz borcunun da cavabdehdən tutulması qənaətinə gəlməklə əsas borc məbləğindən qat-qat artıq olan faiz borcunun bu əsasla şişirdilməsinin əsasları aydınlaşdırılmalı və iddia tələbinin təmin olunması hissəsində nəzərə alınmalı idi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfərindən verilmiş şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanılmış 17 avqust 2007ci il tarixli, K-232/M saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən kreditor borcalana illik 26% ödəmək şərtilə 24 ay müddətinə 10000 ABŞ dolları kredit vermişdir. 17 avqust 2007-ci il tarixli, Z-232/M saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış və zamin Bank qarşısında 17 avqust 2007-ci il tarixli, K232/M saylı kredit müqaviləsi və ona edilmiş bütün əlavələrdən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC-nin maliyyə arayışına əsasən Cavabdeh1 27.04.2012-ci il tarixə əsas borcu 8340 ABŞ dolları, faiz borcu 10446,20 ABŞ dolları, cərimə borcu 7475,45 ABŞ dolları olmaqla, cəmi borcu 26261,65 ABŞ dolları hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehdən kredit borcunun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan faiz və cərimə borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli rəyə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları və iş materiallarında olan maliyyə arayışı məlumatları, 17 avqust 2007-ci il tarixli, K-232/M saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinin bitdiyi 17.08.2009-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 10.911,6 ABŞ dolları məbləğində müəyyən edilir, o, cümlədən əsas borcu 8340 ABŞ dolları, faiz borcu 2571,6 ABŞ dolları. 17.08.2009-cu ildən 27.04.2012-ci ilədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 1123,6 ABŞ dolları təşkil edir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Həmin ekspert rəyi əsaslıdır və rəyi şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Bununla yanaşı, Kollegiya hesab edir ki, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, işin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı cərimə borcu 300 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası zaminə münasibətdə iddianın təmin olunması barədə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. 17.08.2007-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Belə ki, qeyd olunan müqavilə iki il müddətinə 17.08.2009-cu il tarixədək bağlanmış, iddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 04.05.2012-ci il tarixdə müraciət edilmişdir. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi barədə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini də əsassız sayır. Belə ki, iddiaçı 17 avqust 2007-ci il tarixli, K-232/M saylı kredit öhdəliyi üzrə iddia müddəti ötürülmədən 04.05.2012ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.06.2012-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, 18.08.2020ci il tarixli qərardadla cavabdehlərin qiyabi qətnamənin ləğvi barədə ərizələrinə əsasən qiyabi qətnamə ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və Binəqədi Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.2-ci maddəsinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (373.2-ci, 377.2-ci maddələr). Həmin Məcəllənin 399cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(001)- 4616/2020 saylı qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 2571,6 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun 13,02 manatı iddiaçı (hal-hazırda ləğv prosesində olan) İddiaçı ASC-ya ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 16,98 manatı İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1955/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1955/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver