Məhkəmə qərarları › İş №2(103)-1956/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1956/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1956/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2020-ci il tarixli qətnamədən iddiaçıların birgə verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5.000 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumun İddiaçı1 xeyrinə, 19.000 ABŞ dolları məbləğində borc pulun isə İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların Gürcüstan Respublikası vətəndaşı olan Cavabdeh ilə xeyli müddətdir ki, tanışlıqları vardır. Cavabdeh İddiaçı1 5.000 manat məbləğində borcu vardır. Cavabdeh İddiaçı1 2015-ci ildə 5.000 manat alaraq demişdir ki, borcu tezliklə qaytaracaq. İddiaçı1, həmin pulu "xxxx" ASC-dən kredit alaraq cavabdehə vermişdir. Cavabdeh İddiaçı1 5.000 manat borcu olması barədə qəbz yazıb imza etmişdir. Cavabdeh İddiaçı2 isə 19.000 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı2 də həmin məbləği "xxxx" İKB ASC-dən kredit alaraq cavabdehə vermişdir. Cavabdeh İddiaçı2 19.000 ABŞ dolları məbləğində borcu olması barədə qəbz yazıb imza etmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək iddiaçılara olan borcunu qaytarmaqdan boyun qaçırır. Məcburiyyət qarşısında qalıb İddiaçı2, cavabdehin hərəkətləri barədə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə şikayət ərizəsi vermiş və orada araşdırma aparıldıqdan sonra İddiaçı2 mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.10.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 11.014 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq İddiaçı2 xeyrinə tutulmasını, İddiaçı2 xeyrinə Cavabdeh 30 manat dövlət rüsumunun tutulmasını, iddia tələbinin Cavabdeh 5.000 manat pulun alınıb İddiaçı1 verilməsi hissəsində təmin edilməməsini qət etmişdir. İş üzrə iddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı1 şikayətin dəlillərini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə digər İddiaçı2 apellyasiya baxışına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə Cavabdeh apellyasiya baxışına gəlməmiş və teleqramla Məhkəməyə müraciət edərək xəstələri olduğu üçün məhkəmə baxışı iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, Cavabdeh qeyd etdiyi halı təsdiq edə biləcək hər hansı sübutu Məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinin tələbinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni 5.000 manat məbləğində pulun cavabdehdən İddiaçı1 xeyrinə tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 25.11.2016-cı il tarixli, 2(033)-2520/2016 nömrəli məhkəmə əmrindən görünür ki, həmin əmrə əsasən borclu İddiaçı2 və X1 müştərək qaydada 9.581,8 ABŞ dolları məbləğində əsas borc, 2.613,82 ABŞ dolları faiz borcu olmaqla, 12.195,62 ABŞ dolları məbləğində borc pulun və 20 manat məbləğində dövlət rüsumunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması qərara alınmışdır. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 30.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank İddiaçı1 illik 26% olmaqla 18 ay müddətinə 15.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan və iddiaçıların istinad etdiyi qəbzdə “Faiqin qohumunun adına 5.000 manat götürmüşəm. Həmin şəxsin Faiqə borcu olub. Bank bağışlamasa, mən o pulu Faiqə ödəyəcəyəm” göstərilmişdir. İş materiallarında olan və iddiaçıların istinad etdikləri digər qəbzdə “İddiaçı2 adına olan "xxxx" Bankdan kredit götürüb mənə verib. Mən ödəyəcəyəm” göstərilmişdir. İddiaçı1 Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, Cavabdeh ona olan borcundan təqribən 2015-ci ilin əvvəlində hər ay 200 manat olmaqla, 3 ay ərzində 600 manat ödəmişdir. Bu 600 manat "xxxx" İKB ASC-dən götürülən kreditə aiddir. "xxxx" İKB ASC-dən götürülmüş kreditlə əlaqədar 19.000 ABŞ dolları və 5.000 manat əlavə olaraq borcu vardır. İddiaçı2 vəkili Nümayəndə Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən 15.05.2014-cü ilin mart, aprel, may aylarında, hər ay 200 manat olmaqla, cəmi 600 manat pulu İddiaçı1 vermişdir. Cavabdeh 2014-cü ilin dekabr ayına qədər kreditin 7.416 ABŞ dolları məbləğini ödəmişdir. 16.01.2015-ci ildən 16.09.2015-ci il tarixinə kimi "xxxx" İKB ASC-yə olan borcdan 7.566 ABŞ dolları məbləği İddiaçı1 ödəmişdir. Hal-hazırda Cavabdeh Banka olan borca görə 12.195 ABŞ dolları və İddiaçı1 ödədiyi 7.566 ABŞ dolları, cəmi 19.761 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh əlavə olaraq İddiaçı1 5.000 manat borcu vardır. Həmin vaxt dollar kursu ilə 600 manat 570 ABŞ dolları edir. İş üzrə Cavabdeh Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, iddia ərizəsini qismən qəbul edir. İddia ərizəsində qeyd edilən 19.000 ABŞ dollarını İddiaçı2 götürmüşdür. Bir ildən artıq ödəmiş, təxmini 15.000-16.000 ABŞ dolları ödəmişdir. İddiaçı1 aid olan hissədə, yəni 5.000 manata aid tələbi qəbul etmir. Çünki onun bu kimi borcu yoxdur və olmayıb. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə (30 iyun 2016-cı il tarixədək qüvvədə olan redaksiyada) görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh etirafı ilə İddiaçı2 19.000 ABŞ dolları pul alması sübuta yetir. Odur ki, cavabdeh göstərilən borc məbləğini İddiaçı2 qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Belə olan halda, həmin məbləği qaytarmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. İşin tərəflər arasında mübahisə doğuran halı cavabdehin 19.000 ABŞ dolları məbləğində puldan 15.000-16.000 ABŞ dolları qaytarılmasıdır. İşin bu halı məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. O cümlədən, cavabdeh bu halın sübutu üçün məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Əksinə Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 19.000 ABŞ dolları məbləğində olan borcundan 600 manat, həmin zaman üçün ABŞ dollarının məzənnəsinə uyğun olaraq 570 ABŞ dolları və 7.416 ABŞ dolları məbləğində pulu İddiaçı2 ödəmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehin İddiaçı2 (19.000-7.416-570=) 11.014 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh 19.000 ABŞ dolları məbləğində puldan 15.000- 16.000 ABŞ dolları ödəniş etdiyini sübuta yetirə bilmədiyindən, İddiaçı2 isə cavabdeh tərəfindən 570 ABŞ dolları və 7.416 ABŞ dolları məbləğində pul ödənildiyini bildirdiyindən, cavabdehdən İddiaçı2 xeyrinə 11.014 ABŞ dolları məbləğində pul tutulması qənaətinə gəlmiş Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə əsaslıdır. Məhkəmə iddianın “5.000 manat pulun İddiaçı1 xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı1 iddia ərizəsində 5.000 manat pulu cavabdehə verdiyini bildirir. İş üzrə cavabdeh 5.000 manat pulu İddiaçı1 almadığını bildirir. Bu qeyd edilən halı, yəni 5.000 manat məbləğində pulun cavabdehə verilməsini sübut etmək vəzifəsi İddiaçı1 üzərinə düşür. Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı1 5.000 manat məbləğində pulun cavabdehə verilməsini sübuta yetirə bilmədiyi üçün iddia həmin hissədə əsassızdır. Məhkəmə, Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, Cavabdeh 2015-ci ildə İddiaçı1 5.000 manat məbləğində pulu borc alması barədə iş materiallarında qəbz var. Həmin qəbz Cavabdeh tərəfindən imzalanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. İddia ərizəsində və qətnamədən verilmiş apellyasiya şikayətində İddiaçı1 istinad etdiyi və Mahir adlı şəxsin adından yazılmış və imzalanmış qəbzdə qeyd edilir ki, o (Mahir), İddiaçı1 5.000 manat məbləğində pulu ödəyəcək (iş v. 10). Qeyd edilən bu qəbzin Cavabdeh tərəfindən yazılaraq imzalanmasını müəyyənləşdirmək üçün Məhkəmənin 12.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/714 saylı 02.07.2021-ci il tarixli rəyi alınmışdır. Həmin rəydə aşağıdakılar qeyd edilir: 1.1) Ekspertizaya təqdim edilmiş e-2(011)-1113/2021 saylı mülki iş materiallarının 10-cu vərəqində GEO seriyalı, 15BA93843 saylı, “Gasanov Makhir” adına olan pasportun kserosurətinin sol tərəfində 5000 manata dair borc qəbzinin əlyazma mətni (X3” yazılarından başqa) və həmin qəbzdə “Mahir” yazılarının qarşısındakı imza ilə həmin mülki iş materiallarının 100-cü vərəqindəki Cavabdeh Bayram oğlunun adından olan 12.10.2020-ci il tarixli ərizənin əlyazma mətni və həmin ərizənin aşağı sağ küncündə “Cavabdeh” yazılarının qarşısındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. 1.2) Ekspertizaya təqdim edilmiş e-2(011)-1113/2021 saylı mülki iş materiallarının 10-cu vərəqində GEO seriyalı, 15BA93843 saylı, “Gasanov Makhir” adına olan pasportun kserosurətinin sol tərəfində 5.000 manata dair borc qəbzinin əlyazma mətni (“X3” yazıları (İ qrup) ilə mülki işin 100-cü vərəqində Cavabdeh Bayram oğlunun adından olan 12.10.2020-ci il tarixli ərizənin mətni (İİ qrup) – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Beləliklə, ekspert rəyinə əsasən Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mülki işin 10-cu vərəqində olan 5.000 manatın götürülməsi ilə bağlı qəbz Cavabdeh tərəfindən yazılmış və imzalanmışdır. Göründüyü kimi Cavabdeh İddiaçı1 5.000 manat götürməsi sübuta yetir. Lakin Cavabdeh həmin pulu İddiaçı1 qaytarması sübuta yetmir. Cavabdeh İddiaçı1 qarşısında 5.000 manat icra edilməmiş öhdəliyi mövcuddur. Lakin Rayon Məhkəməsi iddianın müzakirə edilən hissəsində iş üzrə səhv nəticəyə gələrək iddianı həmin hissədə rədd etmişdir. Beləliklə yuxarıda göstərilənləri və MPM-nin 385-ci maddələsinin tələblərini nəzərə alan Məhkəmə MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edərək hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni 5.000 manat məbləğində pulun cavabdehdən İddiaçı1 xeyrinə tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda MPM-nin 119.1-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən ekspertiza xərcini təşkil edən 210 manat məbləğində pulun və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu ½ hissəsi iddiaçılara, ½ hissəsi isə cavabdehə aid edilməli, bu məqsədlə iddiaçılardan müştərək qaydada 105 manat məbləğində pul və cavabdehdən ayrıca 105 manat məbləğində pul dövlət nəfinə, 7,50 manat məbləğində pul isə cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2020-ci il tarixli qətnamə qismən, yəni “5.000 manat məbləğində pulun cavabdehdən İddiaçı1 xeyrinə tutulması barədə tələbin rədd edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb təmin edilsin. 5.000 (beş min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2020-ci il tarixli qətnamə qalan hissədə, yəni Cavabdeh 11.014 (on bir min on dörd) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və iddia ərizəsinin verilməsi ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 (otuz) manat məbləğində pulun İddiaçı2 xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı iş üzrə təyin edilmiş ekspertiza xərcini təşkil edən 210 manat məbləğində pulun və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ½ hissəsi iddiaçılara, ½ hissəsi isə cavabdehə aid edilsin. Bu məqsədlə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada 105 (yüz beş) manat məbləğində pul və Cavabdeh ayrıca 105 (yüz beş) manat məbləğində pul tutularaq dövlət nəfinə, Cavabdeh 7 (yeddi) manat 50 (əlli) qəpik məbləğində pul isə iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar