Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1956/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(005)-220/2018 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) müraciət edərək, Cavabdeh1 kredit müqaviləsi üzrə ******* manat məbləğində əsas, 783035,78 manat məbləğində faiz borcu olmaqla, cəmi 3183035,78 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və 30 manat dövlət rüsumunun tutularaq "Expressbank” ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 230,6 kv.m. yaşayış, 246,1 kv.m. köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.m. ümumi, 230,40 kv.m. yaşayış, 714,31 kv.m. yardımçı sahədən ibarət, 3 mərtəbəli, 9 otaqlı, 428a saylı bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyulmuş həmin əmlaklardan çıxarılması və hər iki evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(005)- 220/2018 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia qismən təmin edilərək, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas borc, 192325,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 2492325,28 manat kredit borcunun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və 30 manat dövlət rüsumunun tutularaq "Expressbank” ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, onların açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin hesabına kredit borcunun ödənilməsi, artıq qalmış pul vəsaitinin mülkiyyətçilərə qaytarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat, Bakı şəhər Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 428 “a” saylı bağ evinin ilkin satış qiymətinin ******* manat dəyərində müəyyən olunması, cavabdehlərin ev satıldıqdan sonra ən geci 1 ay ərzində həmin evlərdən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdehlər qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində və cavabdehlərin mənzildən çıxarılması hissəsində ləğv edilib, iddianın həmin hissələrdə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətlərini ipoteka predmetlərinin ilkin satış qiymətlərinin hazırkı bazar qiymətlərindən aşağı göstərilməsi, ipoteka predmetlərinin qiymətləndirilməsinə dair ekspertiza təyin olunmalı olduğunu, ipoteka predmetləri açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci bir ay ərzində həmin əmlaklardan çıxarılmasının müəyyən olunması və s. əsaslandırmışlar. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(103)- 2078/19 saylıqətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və evdən çıxarılma hissələrində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2(102)-179/2020 saylı qərarı ilə qismən təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)- 648/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya Məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsinə dair hissədə dəyişdirilmiş və Bakı şəhərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat, Mərdəkan qəsəbəsində yerləşən bağ evinin və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiyməti ******* manat məbləğində müəyyən olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən kassasiya şikayəti vermiş və Ali Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(102)-6844/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hazırki apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən ipoteka qoyulmuş daşınmaz əmlakların ilkin satış qiymətlərinin obyektiv müəyyən olunması üçün yenidən qiymətləndirmələr həyata keçirilmiş, müxtəlif qiymətləndiricilər tərəfindən rəylər verilmişdir. Həmin rəylərə etirazı yoxdur, lakin rəylər arasında qiymətlər baxımından müəyyən cüzi fərqlər vardır. Bu səbəbdən də daha yüksək olan qiymətlərin ilkin satış qiymətləri kimi müəyyən olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən ipoteka qoyulmuş daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması üçün müxtəlif qiymətləndiricilər tərəfindən rəylər verilmişdir. Hazırda həmin rəylərin əsassızlığı ilə bağlı konkret dəlillər irəli sürə bilməsə də, hesab edir ki, qiymətlər yenə də yüksəkdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin müəyyən etdiyi qiymətlərin ilkin satış qiymətləri kimi müəyyən olunmasını, yəni qətnamənin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarına əsasən, məhkəmə kollegiyası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(005)-220/2018 nömrəli qətnaməsini qismən, yəni ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətlərlərinin müəyyən olunması hissədə yoxlayır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarına görə, 24 aprel 2012-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında 36 ay müddətinə illik istifadə dərəcəsi 18 faiz olmaqla 800000 manat məbləğində kreditin verilməsi barədə kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha torpaq sahəsində yerləşən 230,6 kv.metr yaşayış, 246,1 kv.metr köməkçi sahədən ibarət 8 otaqlı 2 mərtəbəli 24/2 №-li fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bu barədə tərəflər arasında 24 aprel 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə olan 01 may 2014-cü il tarixli 1 №-li, 30 sentyabr 2014-cü il tarixli 2 №-li, 16 aprel 2015-ci il tarixli 3 №-li, 05 yanvar 2016-cı il tarixli 4 №-li və 27 aprel 2016-cı il tarixli 5 №-li əlavə razılaşmalara əsasən kreditin məbləği ******* manat, illik faiz dərəcəsi 20 faiz, müqavilənin müddəti 60 ay müəyyən edilmiş və həmin şərtlərlə Cavabdeh1 ******* manat məbləğində kredit verilmişdir. 24 aprel 2012-ci il tarixli kredit xətti müqaviləsinin və həmin müqavilə üzrə əlavə razılaşmaların təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.metr ümumi, 230,40 kv.metr yaşayış və 714,31 kv.metr köməkçi sahədən ibarət 9 otaqlı 3 mərtəbəli 428 “a” N-li bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar bankla ipoteka qoyan Cavabdeh2 arasında 01 may 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini - Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha (istifadədə 0,0116 ha) sahəsində yerləşən, 24/2 nömrəli fərdi yaşayış evinə münasibətdə - ******* manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 428a saylı bağ evinə münasibətdə isə - ******* manat həddində müəyyən etmiş, bu zaman "xxxx" MMC tərəfindən verilmiş 03 noyabr 2017-ci il tarixli qiymətləndirmə rəyinə əsaslanmışdır. Əvvəlki apellyasiya icraatı zamanı əmlaklar yenidən qiymətləndirilmiş, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ipoteka predmetlərinin likvid dəyərləri (qiymətləri) barədə 25.02.2021-ci il tarixli rəylər verilmişdir. Həmin rəylərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 428a saylı fərdi yaşayış evinin likvid dəyəri - ******* manat, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 24/2 fərdi yaşayış evinin likvid dəyəri isə - ******* manat məbləğində müəyyən edilmişdir. “MORİON” Qiymətləndirmə Mərkəzinin vermiş olduğu 09 mart 2021-ci il tarixli rəylərlə isə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 428a saylı fərdi yaşayış evinin likvid dəyəri - ******* manat, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 24/2 fərdi yaşayış evinin likvid dəyəri - ******* manat məbləğində müəyyən edilmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyasının əvvəlki qətnaməsini ləğv edərkən qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetləri olan fərdi yaşayış evinin ilkin satış qiymətini ******* manat, bağ evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətini ******* manat məbləğində müəyyən edərkən "xxxx" MMC-nin 25 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyinə, eləcə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “MORİON” Qiymətləndirmə Mərkəzinin 09 mart 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin 2017-ci ildə işə baxılarkən "xxxx" MMC tərəfindən verilmiş rəy əsasında müəyyən olunmaqla həmin vaxtdan xeyli müddət keçdiyindən əmlakların ilkin satış qiyməti hazırda verilmiş mütəxəssis rəyləri əsasında müəyyən olunmalıdır. "xxxx" MMC tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli rəydə fərdi yaşayış evinin likvid dəyərinin ******* manat, bağ evinin likvid dəyərinin ******* manat, “MORİON” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixdə əmlakların likvid dəyəri müvafiq olaraq ******* manat və ******* manat məbləğində müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan qiymətləndirmə rəyləri arasındakı kəskin qiymət fərqinin səbəblərini araşdırmadan, bununla əlaqədar qənaətini əsaslandırmadan nəticəyə gəldiyindən qətnamə qanuni sayıla bilməz. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı ilə Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiymətinin ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. İşdə olan sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış 24 aprel 2012 və 01 may 2014-cü il tarixli ipoteka müqavilələrində fərdi yaşayış evinin likvid dəyəri qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəy əsasında ******* manat, bağ evinin likvid dəyəri isə qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəy əsasında ******* manat məbləğində müəyyən olunmuşdur. 16 aprel 2015-ci il tarixdə ipoteka müqaviləsinə 3 №-li əlavə razılaşmada fərdi yaşayış evinin likvid dəyəri bank tərəfindən ******* manat, 27 aprel 2016-cı il tarixli əlavə razılaşmalarda ipoteka predmetlərinin bank tərəfindən müəyyən edilmiş likvid dəyərləri müvafiq olaraq ******* manat və ******* manat məbləğində, işə birinci instansiya məhkəməsində baxılarkən "xxxx" MMC tərəfindən verilmiş 03 noyabr 2017-ci il tarixli qiymətləndirmə rəylərində fərdi yaşayış evinin likvid dəyəri ******* manat məbləğində, bağ evinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri ******* manat məbləğində müəyyən olunmuşdur. Əvvəlki apellyasiya baxışı zamanı istinad olunan "xxxx" MMC-nin 25 fevral 2021-ci il tarixli rəylərində isə, fərdi yaşayış evinin bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat, bağ evinin torpaq sahəsi ilə birlikdə bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iş üzrə alınmış sonuncu mütəxəssis rəylərində ipoteka predmetlərinin likvid dəyəri birinci instansiya məhkəməsinin əsaslandığı 03 noyabr 2017-ci ildə verilmiş mütəxəssis rəylərində müəyyən olunduğundan təxminən 3 dəfə artıqdır. Belə olan halda, Kollegiya, bu qənaətə gəlmişdir ki, qeyd olunan daşınmaz əşyaların hazırkı dövrə bazar dəyəri nəzərə alınmaqla likvid dəyərlərinin və "xxxx" MMC tərəfindən verilmiş 03 noyabr 2017-ci il tarixli qiymətləndirmə rəylərində müəyyən olunmuş dəyərləri ilə əhəmiyyətli fərq yarandığı halda bunun səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi zəruridir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin kassasiya instansiyasının da göstərişlərini nəzərə alaraq, iş üzrə tam, hərtərfli və obyektiv araşdırmanın aparılması və müqayisəli təhlil üçün ipoteka predmetlərinin qiymətləndirilməsi üçün bir neçə qiymətləndirici ("xxxx" MMC-yə və «Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti» İB Ekspertiza Şurası) dəvət etmişdir. İşdə olan “Azərbaycan Qiymətləndiriclər Cəmiyyəti” İB Ekspertiza Şurasının 11 mart 2022-ci il tarixli, AQC22/007 saylı rəyinə əsasən - Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində xüsusi mülkiyyətində olan 0,0230 ha (istifadədə 0,0116 ha) torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 24/2 saylı fərdi yaşayış evinin bazar dəyəri ******* (dörd milyon on doqquz min) manat, likvid dəyəri isə ******* (üç milyon yeddi yüz iyirmi səkkiz min) manat təşkil edir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 9 otaqlı, 428a saylı bağ evinin bazar dəyəri ******* (üç milyon səkkiz yüz yetmiş altı min) manat, likvid dəyəri isə ******* (üç milyon beş yüz əlli min) manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli qiymətləndirmə rəyi ilə isə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində xüsusi mülkiyyətində olan 0,0230 ha (istifadədə 0,0116 ha) torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 24/2 saylı fərdi yaşayış evinin bazar dəyəri ******* (dörd milyon yüz səksən min) manat, likvid dəyəri isə ******* (üç milyon doqquz yüz iyirmi min) manat təşkil edir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 9 otaqlı, 428a saylı bağ evinin bazar dəyəri ******* (üç milyon doqquz yüz yetmiş min) manat, likvid dəyəri isə ******* (üç milyon yeddi yüz əlli min) manat təşkil edir. Eyni zamanda hər iki qiymətləndirici rəyi ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən (03 noyabr 2017-ci il tarixi) sonra keçən müddət ərzində əmlak bazarında daşınmaz əmlakların qiymətində əhəmiyyətli dərəcədə artım olmuşdur. Bununla yanaşı, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyində daşınmaz əmlakların texniki pasportlarında olan faktiki sahələr tam nəzərə alınmamış, bu səbəbdən də dəyərlər arasında əhəmiyyətli fərqlər yaranmışdır. Göründüyü kimi, qiymətləndiricələr tərəfindən müəyyən olunmuşdur ki, sözügedən daşınmaz əşyaların hazırkı likvid dəyəri ilə "xxxx" MMC tərəfindən verilmiş 03 noyabr 2017-ci il tarixli qiymətləndirmə rəylərində müəyyən olunmuş dəyərləri arasında fərqin mövcudluğu mümkündür, bunun səbəbləri keçən müddət ərzində daşınmaz əmlakların qiymətinin artması, faktiki sahələrin tam nəzərə alınmaması və s. ilə bağlıdır. Bununla yanaşı, istər əvvəlki apellyasiya icraatı zamanı alınmış, istərsə də hazırkı icraat zamanı alınmış qiymətləndirici rəylərinin hamısı (ümumilikdə 4 rəy) ipoteka qoyulmuş daşınmaz əmlakların dəyərləri (bazar və likvid) istiqamətində bir-birinə uyğun olmaqla, hər bir halda birinci instansiya məhkəməsinin müəyyən etdiyi qiymətdən əhəmiyyətli dərəcədə artıqdır. Eyni zamanda tərəflər də bu istiqamətdə (ilkin satış qiyməti) digər hər hansı mötəbər sübut təqdim edə bilməmiş, rəylərin əsassızlılığı və ya qanunsuzluğu ilə bağlı dəlil irəli sürməmişlər. Kollegiya vurğulayır ki, ekspert (mütəxəssis) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişlərini araşdırdıqdan sonra da belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, ipoteka qoyulmuş daşınmaz əmlakların birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş ilkin satış qiymətləri dəyişdirilməlidir. Məhkəmə kollegiyası hazırki apellyasiya icraatı zamanı alınmış qiymətləndirmə rəylərini bir-biri ilə, eləcə də işdə olan digər sübutlarla birlikdə qiymələndirərək belə nəticəyə gəlir ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin "xxxx" MMC tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli qiymətləndirmə rəyində göstərilən likvid qiymətlər üzrə müəyyən olunması əsaslı, qanuni və obyektivdir. MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(005)-220/2018 nömrəli qətnaməsi cavabdehlərə məxsus ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində xüsusi mülkiyyətində olan 0,0230 ha (istifadədə 0,0116 ha) torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 24/2 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* (üç milyon yeddi yüz iyirmi səkkiz min) manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsində yerləşən, 9 otaqlı, 428a saylı bağ evinin ilkin satış qiyməti ******* (üç milyon beş yüz əlli min) manat müəyyən edilməlidir. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, hazırki apellyasiya baxışı zamanı 600 (altı yüz) manat məbləğində aparılmış qiymətləndirmənin dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(005)-220/2018 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(005)-220/2018 nömrəli qətnaməsi yoxlanılan hissədə, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində xüsusi mülkiyyətində olan 0,0230 ha (istifadədə 0,0116 ha) torpaq sahəsində yerləşən 24/2 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* (üç milyon yeddi yüz iyirmi səkkiz min) manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsində yerləşən, 428a saylı bağ evinin ilkin satış qiyməti ******* (üç milyon beş yüz əlli min) manat müəyyən edilsin. Məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin. Həmin cavabdehlərdən aparılmış qiymətləndirmənin dəyəri olan 600 (altı yüz) manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN6 **********, Benefesiarın hesabı: AZ77AİİB400600C**********218, "xxxx" ASC Bravo 3 saylı filialı (VÖEN 9********), Müxbir hesab: AZ37NABZ********************, Filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1956/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1956/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver