Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1956/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və X10 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), X14 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Vaqif oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və X10 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2184/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1855/2022 saylı hökmünə əsasən X15 Azərbaycan Respublikasının CM-nin 263.3,-cü maddəsi ilə təqsirli bilinib , 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Zərər çəkmiş şəxslər X1 və X13 hüquqi varisi X8 mülki iddiası, qismən təmin edilməklə X5 alınıb X8 xeyrinə mənəvi ziyana görə 2 000 manat və mülki iddianın bu hissəsinə düşən dövlət rüsumuna görə 40 manat, ümumilikdə 2.040 manat tutulsun, mülki iddiası qalan hissədə baxılmamış saxlanılaraq ona mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmişdir.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1855/2022 saylı hökmündən görünür ki, Cavabdeh2 “BMH" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi üzrə sürücü işləmiş, yol vərəqəsindən göründüyü kimi, xx.xx.2022-dən xx.xx.2022-ci il tarixədək “Daewoo BS090” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək Cavabdeh2 həvalə edilmişdir.
3. 13.02.2023-cü il tarixli 2V-83 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, X13 vərəsəsi- X11 “Hyundai Elanrta” markalı, 90-ZB789 dövlət qeydiyyat nişanlı avtomobil miras əmlak qalmışdır.
4. Ədliyyə Nazirliyinin 2 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 895 nömrəli arayışından görünür ki, X4 miras qalmış əmlaka dair 2 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixində vərəsəslik işi açılmışdır. X3 vərəsəsi oğlu- İddiaçıdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 25 445,00 (iyirmi beş min dörd yüz qırx beş) manat məbləğində vurulmuş zərərin əvəzinin, 121,00 (bir yüz iyirmi bir) manat ödənilmiş vəkil xidmət haqqının və 167,00 (bir yüz altmış yeddi) manat ödənilmiş dövlət rüsumunun, cəmi 25 733,00 (iyirmi beş min yeddi yüz otuz üç) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh X16 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC-yə məxsus və marşrut xətti üzrə hərəkət edən “Daewoo BS090” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən Bakı-Qazax Gürcüstan sərhədi avtomobil yolunun 24-cü kilometrliyində yol-nəqliyyat hadisəsi törətmiş və X12 mülkiyyətində olan “Hyundai Elanrta” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə 25 445,00 (iyirmi beş min dörd yüz qırx beş) manat məbləğində maddi zərərin vurulmasına və X12 və X2 ölümünə səbəb olmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1855/2022 saylı Hökmünə əsasən cavabdeh X16 AR CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehlər Cavabdeh1 MMC-yə və X10 dəfələrlə müraciət edilərək “Hyundai Elanrta” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsi xahiş edilsə də, cavabdehlər ödənişi ödəməkdən imtina etmişdir, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdilər.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2184/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada maddi ziyanın əvəzi olaraq 13650 manat məbləğində maddi ziyan, 121 manat vəkil xərci olmaqla cəmi 13771 manat pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 131 manat,31 qəpik dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 100(yüz) manat məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 07 avqust 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh2 təqsirli bilindiyi, həmin vaxt onun Cavabdeh1 MMC-nin işçisi olduğu və hadisənin əmək vəzifələrinin icrası zamanı baş verdiyi, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyanın vurulduğu mübahisə doğurmur və bu hallar iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 1855/2022 saylı hökmü ilə təsdiq edilmişdir. Məhkəmə iclaslarında tərəflər arasında dəymiş maddi ziyanın məbləğinə dair mübahisə yarandığından, maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, maddi ziyan məbləği ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək, maddi ziyan barədə iddia tələbi qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, maddi ziyan barədə iddia tələbi qismən, ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğ hissəsində-13650 manat həddində əsaslı hesab olunaraq təmin edilməlidir. Həmçinin, iş materiallarında olan ödəniş qəbzindən göründüyü kimi iddiaçı tərəfindən 121 manat məbləğində vəkil haqqı ödənilmiş və həmin məbləği cavabdehdən tələb edir. Məhkəmə hesab etmişdir ki, əsas iddia tələbi qismən təmin edildiyindən ondan törəmə olan digər tələb də təmin edilməlidir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 21.1, 21.2, 459.1, 1096.1, 1096.2, 1097.1, 1099, 1114, 1108.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına, “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 82.4, 119.1, 124.1, 217.4, 254.1.4, 216- 220-ci, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2184/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddianın Cavabdeh1 MMC-yə aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyi ilə razı deyil. Belə ki, ekspertiza iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına əsasən aparılmışdır.Həmin qüsur aktı bir nəfər tərəfindən tərtib edilib, təsdiq edilməmişdir. Həmin akta heç cür sübut kimi istinad edilə bilməz. Ekspertiza avtomobilin faktiki vəziyyəti tədqiq edilməklə aparılmalı olsa da, ekspert mənbəyi bəlli olmayan akta istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə normanı Cavabdeh1 MMC-yə münasibətdə düzgün tətbiq etməyib. Belə ki, iddiaçıya dəymiş zərər digər cavabdeh tərəfindən vurulduğu işdə olan sübutlarla öz təsdiqini tam tapsa da məhkəmə yanlış olaraq Cavabdeh1 MMC və digər cavabdehdən zərərin tutulmasını qət etmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir. Məhkəmə qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normalrını düzgün tətbiq etməmşdir. Qətnamə qanuni əsası olmadan çıxarılmışdır. Mülki Məcəllənin 21-ci maddəsinin düzgün tətbiq edilməmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. İddiaçı nümayəndəsi və vəkili Vəkil Vaqif oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, X16 hazırda cəzaçəkmə müəssisəsindədir. Avtomobilin bazar dəyəri çəkilmiş fotoşəkillər əsasında qiymətləndirilmişdir. Buna görə də apellyasiya şikayətində göstərilən hallar əsassızdır. Apellyasiya şikayəti əsassızdır, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilməsən saxlanmasını xahiş edir.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı müllki işə və kommersiya mübahisəsinə baxılarkın məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh1 iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Qətnamə digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, hazırkı iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X12 mülkiyyətində olmuş “Hyundai Elanrta” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsini xahiş edir.
23. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh1 MMC-yə məxsus və marşrut xətti üzrə hərəkət edən “Daewoo BS090” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən cavabdeh X7 təqsiri qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1855/2022 saylı hökmünə əsasən təsdiqini tapmışdır.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad edərək cavabdehdən iddiaçının xeyrinə 13650 manat tutulmalı olduğu qənaətinə gəlmişdir.
25. Qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərər düzgün müəyyən edilməmişdir və bu səbəbdən iş üzrə təkrar ekspertizanın keçirilməsinə zərurət vardır.
26. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli, 9/7509 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan, nəzəri hesablama yolu ilə təmiri rentabelli hesab edilməyən, qəzadan sonra təxminən avtomobilin ümumi dəyərinin 30% həcmində hissələrinin salamat qalması nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Hyundai Elanrta” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 13650 (19500-30%) manat müəyyən olmuşdur. Ekspert rəyindən müəyyən olunur ki, qiymət Respublikanın avtobazarlarında mövcud olan qiymətlərə və internet saytı məlumatlarına və əldə edilmiş digər məlumatlara əsasən müəyyən olunmuşdur.
27. Məhkəmə kollegiyası dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin mötəbər sübut qismində qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
28. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
30. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, iddiaçıya dəymiş zərər digər cavabdeh tərəfindən vurulduğu işdə olan sübutlarla öz təsdiqini tam tapsa da məhkəmə yanlış olaraq Cavabdeh1 MMC və digər cavabdehdən zərərin tutulmasını qət etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, digər Cavabdeh2 “BMH" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi üzrə sürücü işləmiş və yol vərəqəsi əsasında avtomobili idarə edərkən yol nəqliyyat hadisəsini törətmişdir. Belə olan halda iddiaçının tələbi əsasında hər iki cavabdehdən dəymiş zərərin əvəzi tutula bilər.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarəna əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanun əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2184/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev