Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1957/2025 28.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “vaxtından əvvəl icra edilmiş borcun müqavilə öhdəliyinin icrasına yönəldilməsi və borcun əsassız hissəsinin silinməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-682/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (kredit alan) ilə cavabdehin (kredit verənin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli İK-363083/23 nömrəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən vaxtından əvvəl icra edilmiş borc müqavilə öhdəliyinin icrasına yönəldilsin, habelə həmin müqavilə üzrə faiz və cərimə borclarının qanunsuz və əsassız hissəsi silinsin. Yasamal Rayon Məhkəməsinin qərardadı ilə qərara alınıb ki, iş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırılıb ki, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyil. Hüquqi əsas kimi AR Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsində irəli sürülən tələbə məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn mülki hüquq münasibəti mövcuddur. İddiaçı (kredit alan) məhkəmə müdafiəsindən o halda istifadə edə bilər ki, həmin müqavilə üzrə onun hər hansı hüququ və ya qanunla qorunan mənafeyi cavabdeh (kredit verən) tərəfindən pozulmuş olsun. İddiaçının hazırda istinad etdiyi hallar (kredit verənin birtərəfli qaydada həyata keçirdiyi hesablamalar) öz-özlüyndə belə pozuntuya səbəb olmur, çünki həmin hesablamalar məhkəmə aktı və ya notariusun icra qeydi olmadan iddiaçı üçün icrası məcburi olan öhdəlik yaratmır. Əgər kredit verən birtərəfli qaydada hesabladığı məbləği məhkəmə qaydasında və notariat qaydasında tələb edərsə, belə halda kredit alan həmin məbləğə dair etirazını məhkəməyə və notariusa bildirə bilər, narazı qaldığı məhkəmə aktını və ya notariusun icra qeydini isə qanunla müəyyən edilmiş qaydada mübahisələndirə bilər. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlib, bu nəticə AR Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-682/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1957/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1957/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver