Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1959/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzdənin katibliyi ilə, İddiaçının nümayəndəsi X5, vəkili X4, Cavabdeh2 nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs 6 saylı Natoriat Kontorunun nümayəndəsi X3 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)-214/2021 saylı qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativindən və Cavabdeh2ndən müştərək qaydada mənzillərin təmirinə görə ödənilməli olan 30.126,00 manat xərclərin, müqavilə üzrə az olan 1,14 kv.m-dən ibarət sahənin əvəzi olaraq 1.710,00 manat, mənzillər müqavilə ilə nəzərdə tutulan vaxtda ona təhvil verilmədiyinə görə 5.000,00 manat vurulmuş mənəvi ziyanın və dövlət büdcəsinə ödənilmiş 31,00 manat dövlət rüsumunun, cəmi 36.867,00 manat məbləğində pulun onun xeyrinə tutulması və 01 sentyabr 2019-cu il tarixdən başlayaraq yaşayış binası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə əsasən binanın istismara qəbul edilməsinə kimi kirayə haqqı məbləğinin ödənilməsini davam etdirmək vəzifəsininin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən 3M-1082 nömrəli reyestrlə təsdiq edilmiş 02 saylı, 06 iyun 2017-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən “Gözəl ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyədə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda iddiaçıya məxsus söküntüsü nəzərdə tutulmuş 2 otaq 54,9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın “A” girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67,50 kv.m və 1 otaq 53,04 kv.m olan təmirsiz mənzilləri iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mülkiyyətində olan söküləcək mənzili "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verməyi öhdələrinə götürmüşlər. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il Qərarına əsasən mənzilin sökülməsi və onun yerinə həmin ərazidə inşa ediləcək yeni hündürmərtəbəli binada qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin verilməsinin təminatçısı sifarişçi Bakı şəhəri Cavabdeh2dir. Bu səbəbdən sifarişçi Bakı şəhəri Cavabdeh2 vətəndaşlar ilə şirkət arasında yarana biləcək mübahisələrə görə bu müqaviləyə nəzarət edən bir qurum kimi məsuliyyət daşıyır. Müqavilə bağlanmamışdan əvvəl Kooperativin rəhbərliyi ilə aparılan danışıqlar zamanı razılığa gəlinmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin sökülməsi əvəzinə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçı təmirli mənzillər ilə təmin ediləcəkdir. Bu səbəbdən aralarında bağlanmış Müqavilə üzrə hər iki tərəfin iradə ifadəsinə görə iddiaçıya veriləcək mənzillərin təmirli olması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində nəzərdə tutulmuşdur ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi iddiaçını təmirli mənzillər ilə təmin etməlidir. Lakin həmin Müqavilənin 1.1-ci bəndində iddiaçıya təhvil veriləcək mənzillərin “təmirsiz” kimi qeyd olunması isə texniki yazı səhvi olmuşdur. Həmin texniki yazı səhvini əsas götürən kooperativ iddiaçıya verilən mənzillərin təmir edilməsindən və ya təmirinin dəyərinin ödənilməsindən imtina etmişdir. Dəfələrlə, şifahi və yazılı müraciətlərinə baxmayaraq, Müqavilənin bir neçə bəndində mənzillərin məhz iddiaçıya təmirli şəkildə verilməsi nəzərdə tutulduğunu bildirsələr də, kooperativ müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməkdən müxtəlif səbəblər gətirməklə boyun qaçırmışdır. Kooperativ mənzillərin açarlarını təmirsiz şəkildə iddiaçıya vermiş və bundan sonra aralarında olan mübahisənin məhkəmə müstəvisinə keçdiyini, məhkəmə mübahisəsinin uzun çəkəcəyini nəzərə alaraq iddiaçı mənzillərin təmir işlərinə başlamaq məcburiyyətində qalmışdır. Bundan əlavə, mənzillər iddiaçıya hazırkı vaxta kimi təhvil təslim aktına əsasən təhvil verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/148 nömrəli, 03 iyul 2020-ci il tarixli Ekspert rəyinə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın “A” blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin ümumi faktiki sahəsi 119,4 kv.m və həmin mənzillərin hər kv.m sahəsinə görə 252,30 manat təmir xərcləri müəyyən olunmuşdur. Bu səbəbdən, kooperativ iddiaçıya mənzillərin təmirinə görə hər kv.m üçün 252,30 manat olmaqla mənzillərin ümumi sahəsinə uyğun olaraq 119,4 kv.m üçün ümumilikdə 30.126,00 manat ödəməlidir. Həmçinin, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh 2 otaqlı sahəsi 67,50 və 1 otaqlı sahəsi 53,04 kv.m, ümumi sahəsi 120,54 kv.m-dən ibarət 2 təmirli mənzili iddiaçıya təhvil verməlidi idi. Lakin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin açarlarını vermiş olduğu mənzillərin ümumi sahəsi 119,40 kv.m təşkil edir. Bu isə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin öhdəliyi üzrə verməli olduğu sahədən 1,14 kv.m azdır. Bu səbəbdən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə verilməyən 1,14 kv.m-dən ibarət sahənin əvəzini hər bir kv.m üçün 1500,00 manat, kvadrata uyğun olaraq 1.710,00 manat məbləğində vəsaiti iddiaçıya verməlidir. Bundan başqa, aralarında bağlanmış müqavilənin 1.4-ci bəndinə əsasən mülkiyyətçinin qalmaq üçün kirayələdiyi otaq, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq say və sahəsinə uyğun olmalıdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən aslı olaraq 500 manat müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış müqaviləyə əsasən hər ay üçün müəyyən edilən kirayə haqqı məbləği 400,00 manat təşkil etmişdir. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən mənzilin təmiri başa çatdırılaraq "xxxx" Mənzil-Tikinti Kooperativi “Mülkiyyətçi”-yə təhvil verilənə qədər “Mülkiyyətçi”nin kirayə qalacağı mənzilin və ya evin kirayə haqqını vaxtında ödəmək vəzifəsi götürümüşdür. Lakin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi 01 sentyabr 2019-cu il tarixdən iddiaçıya ödəniləcək kirayə haqqı məbləğinin ödənilməsindən imtina etmişdir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi Müqavilənin 2.2.5-ci bəndində götürmüş olduğu öhdəliyinin məzmunu mənzilləri təmir etdirib başa çatdırılması, bundan əlavə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə əsasən yaşayış binası istismara qəbul edilməsindən sonra təhvil verilməsi kimi başa düşülür. Bununla yanaşı, iddiaçı çıxarış əsasında olan mənzilini cavabdehin istifadəsinə və sahibliyinə vermişdir, bu o deməkdir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin qaydada, yəni istismara yararlı mənzili idiaçıya təhvil verməlidir. Cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativinin hazırkı vaxta kimi nə təmir edilmiş, nə də istismar üçün yararlı vəziyyətə gətirilməmiş mənzilləri iddiaçıya təhvil vermədən kirayə haqqı məbləğinin ödənilməsindən imtina etməsi əsassızdır. Yaşayış binası yaşayış üçün yararlı vəziyyətə gətirilənədək, yəni yaşayış binası istismara qəbul edilənədək iddiaçıya kirayə haqqı məbləğinin ödənilməsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən davam etməlidir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya təmirli mənzillər təhvil verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq kooperativ üzərinə düşən öhdəliyini, yəni mənzilləri müqavilə ilə nəzərdə tutulan vaxtda təhvil vermədiyinə görə 5.000,00 manat məbləğində iddiaçıya mənəvi ziyan dəymişdir. Mənzillərin açarı iddiaçıya 2019-cu ilin aprel ayında təhvil verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)-214/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Mənzil-Tikinti Kooperativindən müqavilə üzrə az olan 1,14 kv.m sahənin əvəzi olaraq 1710 (min yeddi yüz on) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 1,40 (bir manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X11 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmini hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sonradan Mənzil-Tikinti Kooperativi) arasında bağlanmış və Bakı Şəhəri 6 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən 3M-1082 nömrəli reyestrlə təsdiq edilmiş 02 saylı, 06 iyun 2017-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən “Gözəl ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyədə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda iddiaçıya məxsus mənzilin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaq 54,9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın “A” girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv.m və 1 otaq 53.04 kv.m olan “təmirsiz mənzillərin” iddiaçı X5 mülkiyyətinə, iddiaçı isə mülkiyyətində olan söküləcək mənzili "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verməyi öhdələrinə götürmüşlər. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il Qərarına əsasən mülkiyyətində olan mənzilin sökülməsi və onun yerinə həmin ərazidə inşa ediləcək yeni hündürmərtəbəli binada qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin verilməsinin təminatçısı sifarişçi Bakı şəhəri Cavabdeh2dir. Bu səbəbdən sifarişçi Bakı şəhəri Cavabdeh2 vətəndaşlar ilə şirkət arasında yarana biləcək mübahisələrə görə bu müqaviləyə nəzarət edən bir qurum kimi məsuliyyət daşıyır. Müqavilə bağlanmamışdan əvvəl Kooperativin rəhbərliyi ilə aparılan danışıqlar zamanı razılığa gəlinmişdir ki, iddiaçı mülkiyyətində olan mənzilin sökülməsi əvəzinə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi iddiaçını təmirli mənzillər ilə təmin edəcək. Bu səbəbdən aralarında bağlanmış Müqavilə üzrə hər iki tərəfin iradə ifadəsinə görə iddiaçıya veriləcək mənzillərin təmirli olması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində nəzərdə tutulmuşdur ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi iddiaçını təmirli mənzillər ilə təmin etməlidir. Lakin, həmin Müqavilənin 1.1-ci bəndində iddiaçıya təhvil veriləcək mənzillərin “təmirsiz” kimi qeyd olunması isə texniki yazı səhvi olmuşdur. Həmin texniki yazı səhvini əsas götürən kooperativ iddiaçıya verilən mənzillərin təmir edilməsindən və ya təmirinin dəyərinin ödənilməsindən imtina edir. Dəfələrlə iddiaçının şifahi və yazılı müraciətlərinə baxmayaraq, Müqavilənin bir neçə bəndində mənzillərin məhz ona təmirli şəkildə verilməsi nəzərdə tutulduğunu bildirsə də, kooperativ müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməkdən müxtəlif səbəblər gətirməklə boyun qaçırmış və mənzillərin açarlarını təmirsiz şəkildə iddiaçıya vermiş və bundan sonra aralarında olan mübahisənin məhkəmə müstəvisinə keçdiyini məhkəmə mübahisəsinin uzun çəkəcəyini nəzərə alaraq mənzillərimin təmir işlərinə başlamaq məcburiyyətində qalmışdır. Bundan əlavə, mənzillər iddiaçıya hazırkı vaxta kimi təhvil-təslim aktına əsasən təhvil verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/148 nömrəli, 03 iyul 2020-ci il tarixli Ekspert rəyinə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın “A” blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin ümumi faktiki sahəsi 119,4 kv.m və həmin mənzillərin hər kv.m sahəsinə görə 252,30 (iki yüz əlli iki manat 30 qəpik) manat təmir xərcləri müəyyən olunmuşdur. Bu səbəbdən hesab edir ki, kooperativ iddiaçıya mənzillərin təmirinə görə hər kv.m üçün 252,30 (iki yüz əlli iki manat 30 qəpik) manat olmaqla mənzillərin ümumi sahəsinə uyğun olaraq 119,4 kv.m üçün ümumilikdə 30.126,00 (otuz min bir yüz iyirmi altı) manat iddiaçıya ödəməlidir. Bununla bağlı, qeyd edilməlidir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi Müqavilənin 2.2.5-ci bəndində götürmüş olduğu öhdəliyinin məzmunu mənzilləri təmir etdirib başa çatdırılması, bundan əlavə “Şəhərsalma və Tikinti Məcəllə”sinin tələblərinə əsasən yaşayış binası istismara qəbul edilməsindən sonra təhvil verilməsi kimi başa düşülür. Bununla yanaşı, iddiaçı çıxarış əsasında olan mənzilini cavabdehin istifadəsinə və sahibliyinə vermişdir, bu o deməkdir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin qaydada yəni yeni mənziləri istismara yararlı vəziyyətdə və mənzillərin dövlət reyestrində dövlət qeydiyyatına alınması şərti ilə (çıxarışlı) ona təhvil verilməli idi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli, 2(103)- 6206/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2021 saylı işi üzrə 17 mart 2021-ci il tarixli qətnaməsinin qismən–iddianın təmin edilməyən təmir xərcləri hissəsində-ləğv edilməsi və həmin hissədə iddia təmin edilərək yeni qətnamə qəbul edilməsi, mənzillərin təmirinə görə ödənilməli olan 30126,00 manat xərcin İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(102)-6696/2021 saylı qərarı ilə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6206/2021 saylı iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi qismən-30126,00 manat təmir xərcinin İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması hissəsində ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X11, vəkil X9 apellyasiya şikayətini mübahisələndirilən hissədə müdafiə edərək, iddia tələbi, apellyasiya şikayəti və təqdim olunmuş yazılı izahatda göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin mübahisələndirilən hissədə ləğv edilərək, iddianın həmin hissədə təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən 3M-1082 nömrəli reyestrlə təsdiq edilmiş 02 saylı, 06 iyun 2017-ci il tarixli Müqavilədən də görünür ki, “Gözəl ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyədə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda iddiaçıya məxsus söküntüsü nəzərdə tutulmuş 2 otaq 54,9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın “A” girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67,50 kv.m və 1 otaq 53,04 kv.m olan təmirsiz mənzilləri iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mülkiyyətində olan söküləcək mənzili "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verməyi öhdələrinə götürmüşlər. Adətən təcrübədə vətəndaşlara mülkiyyətində olan sahəyə görə əlavə 15% verilir. Hazırki halda isə iddiaçıya 100 % artıq sahə verilmişdir. İddiaçının bu vəziyyətdə təmirli mənzil tələb etməsi əsaslı görünmür. Bundan əlavə mübahisələndirilən hissədə Cavabdeh2nə qarşı irəli sürülmüş tələb tam əsassızdır. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs 6 saylı Natoriat Kontorunun nümayəndəsi X7 izahatında qeyd etdi ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən 3M-1082 nömrəli reyestrlə təsdiq edilmiş 02 saylı, 06 iyun 2017-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən “Gözəl ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyədə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda iddiaçıya məxsus söküntüsü nəzərdə tutulmuş 2 otaq 54,9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın “A” girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67,50 kv.m və 1 otaq 53,04 kv.m olan təmirsiz mənzilləri iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mülkiyyətində olan söküləcək mənzili "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verməyi öhdələrinə götürmüşlər. Müqavilənin predmetində mənzillərin təmirsiz verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin sonrakı bəndlərində “təmirli” sözünün yazılmasında yanlışlığa yol verilmişdir. Bu yanlışlığa bir çox müqavilələrdə yol verilmişdir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlərdən mənzillərin təmirinə görə ödənilməli olan 30126,0 manat xərcin tutulmasının təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəfləri və 3-cü şəxsin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan X11 ilə "xxxx" MMC arasında bağlanan 06.06.2017-ci il tarixli, 02 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər “Gözəl ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın A girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv və 1 otaq 53.04 kv.m olan təmirsiz mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməsini, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "Gözəl Bakı” MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar. İş materiallarında olan X15 ilə "xxxx" MMC arasında bağlanan 22.06.2017-ci il tarixli, 21 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər “Gözəl ünvan 3 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 38,4 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın D girişində 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 58,3 kv.m olan təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməsini, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.07.2020-ci il tarixli, 10/148 saylı rəyindən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın “A” blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin faktiki sahəsinin 119,4 kv.m təşkil etdiyi, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın “A” blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənillərində aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 30126,0 manat məbləğində olduğu və həmin mənzillərin ümümlikdə 119,4 kv.m oluğunu nəzərə alaraq, 252,3 (30126,0:119,4) hər 1,0 kv.m sahəyə təqribən 252,3 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6-cı maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. MM-nin 6.2-ci maddəsinə əsasən əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. MM-nin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 02 saylı, 06 iyun 2017-ci il tarixli müqaviləyə əsasən “Gözəl ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyədə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda iddiaçıya məxsus söküntüsü nəzərdə tutulmuş 2 otaqlı 54,9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın “A” girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67,50 kv.m və 1 otaq 53,04 kv.m olan təmirsiz mənzilləri iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mülkiyyətində olan söküləcək mənzili "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilənin 1.1-ci bəndində iddiaçıya təhvil veriləcək mənzillərin “təmirsiz” kimi qeyd olunmasını texniki yazı səhvi hesab edərək və müqavilənin 1.2 və 2.2.4-cü bəndində mənzillərin “təmirli” verilməsinin nəzərdə tutulduğuna istinad edərək mənzilin təmirinə görə ödənilməli olan 30.126,00 manat xərcin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, tərəflər müqavilə bağlayarkən onun predmetini müəyyən etmişlər. Müqavilə üzrə tərəflərin razılaşdırmış olduqları müqavilənin predmeti aşağıdakı məzmunda olmuşdur. – “tərəflər “Gözəl ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 54,9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın A girişində, 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67,50 kv.m və 1 otaq 53,04 kv.m olan təmirsiz mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməsini, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar.” Göründüyü kimi müqavilənin predmetində aşkar olaraq MTK tərəfindən iddiaçıya təhvil verilməli olan mənzillərin təmirsiz olması göstərilmişdir. Müqavilənin sonrakı bəndlərində (apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi xüsusi bölümdə) qeyd edilmiş şərtlər isə məhz müqavilənin predmetinə və yəni razılaşdırılmış mühüm şərtlərə uyğun olmalıdır. Qeyd edilməlidir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hər hansı sübutla dəstəklənməyən mövqeyi ilə razılaşarkən cavabdeh tərəfin etirazında olan dəlillərinin (ona malik olduğu sahədən iki qat artıq sahənin verilməsi, ona verilmiş sahənin bir hissəsinin təmirlə bağlı ödənilməli olan pulun kompensasiyası olması, oxşar müqavilələrin (digər sakinlərlə) mövcud olması, digər sakinlərlə belə müqavilələr bağlansa da onların bundan sui-istifadə etməmələri, bu qaydada digər sakinlərlə (təmir xərci əvəzinə sahənin artırılması) işgüzar münasibətlər yaratması, mənzilin iddiaçıya təhvil verilməsi, təhvil alarkən onun etirazının olmaması, təmir müddəti üçün ona əlavə kirayə haqqının ödənilməsi, mənzilləri təmir etməyə başlaması, müqavilələri təsdiq edən notariat ofisinin fikrinin öyrənilməsi və s.) araşdırılmasını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, istinad etdiyi ümumi müddəalar (giriş) müqavilənin predmetidir və tərəflərin iradə ifadələrini əks etdirir və bu razılaşmadan kənar öhdəliyin mövcudluğu müəyyən edilmir. Qaldı ki, müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində göstərilənlər bu söz və ifadələr heç bir halda müqavilənin mühüm şərti kimi qəbul oluna bilməz. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsində göstərilir ki, müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Baxılan iş üzrə mübahisəni həll edərkən məhkəmə müqavilə şərtlərini təfsir edərək təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini aparmalı idi, lakin məhkəmə belə müqayisə aparılmadan formal mülahizələrdən çıxış edərək mübahisələndirilən hissədə iddianın təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya qeyd edir ki, iddiaçının mübahisələndirdiyi məsələ cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativi ilə onun arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilədən əmələ gələn münasibətlər üzrə yaranmışdır və aparılmış məhkəmə araşdırması zamanı Cavabdeh2 iddiaçının irəli sürdüyü tələblərin hər hansı biri üzrə öhdəlik daşıması müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, mübahisələndirilən hissədə tələbin əsaslı olubolmaması cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə münasibətdə aydınlaşdırılmalıdır. İddiaçının mənzillərin cavabdeh tərəfindən ona təmirli verilməli olduğu halda, təmirsiz verilməsi ilə bağlı iddiaçının qeyd olunan tələbinə qarşı cavabdeh tərəf mənzillərin təmirsiz verilməli olduğunu iddia edir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndində iddiaçıya verilməli mənzillərin “təmirsiz”, 1.2, 2.2.4-cü bəndlərində isə “təmirli” verilməsi qeyd olunmuşdur. Göründüyü kimi, tərəflər müqavilə bağlayarkən onun predmetini müəyyən etmişlər. Müqavilənin predmetində aşkar olaraq MTK tərəfindən iddiaçıya təhvil verilməli olan mənzillərin təmirsiz olması göstərilmişdir. Müqavilənin sonrakı bəndlərində qeyd edilmiş şərtlər isə məhz müqavilənin predmetinə, yəni razılaşdırılmış mühüm şərtlərə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mövcud praktika və işgüzar adətlər nəzərə alınmaqla ağlabatan mühakimə əsasında həll edilməlidir. Nəzərə almaq lazımdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində dövlətin müvafiq qərarları ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus 2 otaqlı 54,9 kv.m mənzilin əvəzinə ona ümumilikdə 120,54 kv.m sahəsi olan iki mənzilin verilməsi (2 otaqlı 67,50 kv və 1 otaqlı 53,04 kv.m olan mənzillər) razılaşdırılmışdır. Göründüyü kimi, iddiaçıya təhvil verdiyi mənzilin sahəsindən iki dəfədən də artıq mənzilin verilməsi nəzərdə tutulmuşdur. Hansı ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil sahələri ilə bağlı artıq təcrübə formalaşmışdır. Belə təcrübə sökülmüş mənzillərin sahələrindən 15-30 faiz artıq sahəli mənzillər təklif olunması ilə bağlıdır. Hazırki işdə isə iddiaçıya onun sökülmüş mənzilinin sahəsindən ümumilikdə 100% artıq sahəli 2 mənzil verilmişdir. Belə olan halda həmin mənzillərin təmirli şəkildə verilməsi iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər. Həmçinin iş materialları ilə müəyyən olunur ki, oxşar müqavilələrin digər sakinlərlə mövcud olması halı olsa da, onlar bundan sui-istifadə etməmişlər. Bundan əlavə müəyyən olunur ki, mənzil iddiaçıya təhvil veriləndən sonra mənzili təhvil almış iddiaçı etirazını bildirməmiş, əksinə mənzilləri təmir etməyə başlamışdır. Həmçinin 3-cü şəxs- 6 saylı Natoriat Kontorunun nümayəndəsi izahatında qeyd etmişdir ki, müqavilədə təmirsiz mənzilin verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin predmetində mənzillərin təmirsiz verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin sonrakı bəndlərində “təmirli” sözünün yazılmasında yanlışlığa yol verilmişdir. Bu yanlışlığa bir çox müqavilələrdə yol verilmişdir. Beləliklə kollegiya qeyd edir ki, müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində göstərilənlər bu söz və ifadələr heç bir halda müqavilənin mühüm şərti kimi qəbul oluna bilməz. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsində göstərilir ki, müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının mənzilin təmirinə görə ödənilməli olan 30.126,00 manat xərcin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbi əsaslı deyil. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)- 214/2021saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1959/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1959/2022
02.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver