Məhkəmə qərarları › İş №2(103)-196/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-196/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-196/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(007)-42/2020 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12100 manatın, X1 8000 ABŞ dollarının (ödəniş gününə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə manat ekvivalentində), habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(007)- 42/2020 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddiaçının xeyrinə Cavabdeh1 12100 manat, digər cavabdeh X1 isə 8000 ABŞ dolları borcun (qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) və hər iki cavabdehdən müştərək qaydada ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 112 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh X5 qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın bütövlükdə rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı və cavabdeh X5 razılığa gəlmiş və məhkəməyə barışıq sazişi təqdim etmişlər. Ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin cavabdeh X3 aid hissədə ləğv olunaraq, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, sədrlik edənin hakimin məruzəsini, tərəflərin izahatlarını və 01 fevral 2022-ci il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə cavabdeh X3 aid hissədə ləğv olunaraq, həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 01 fevral 2022-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;

1. İddiaçı cavabdeh X3 qarşı 8000 (səkkiz min) ABŞ dolları məbləğinin 6000 (altı min) ABŞ dollarından imtina edir.

2. Cavabdeh X5 2000 (iki min) ABŞ dolları məbləğini hər ay 50 (əlli) manat olmaqla ödəməyi öz öhdəsinə götürür. Ödəniş icra olunan günə manatın ABŞ dollarına olan ekvivalentində hesablanmaqla həyata keçiriləcək. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə cavabdeh X3 aid hissədə ləğv edilərək, həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 126 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçı və cavabdeh X3 müştərək qaydada aid edilməlidir (həmin şəxslər mübahisəni barışıq sazişinə əsasən qarşılıqlı razılıqla həll etmişlər). Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «pul» tələbinə dair mülki iş üzrə İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış 01 fevral 2022-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:

1. İddiaçı cavabdeh X3 qarşı 8000 (səkkiz min) ABŞ dolları məbləğinin 6000 (altı min) ABŞ dollarından imtina edir.

2. Cavabdeh X5 2000 (iki min) ABŞ dolları məbləğini hər ay 50 (əlli) manat olmaqla ödəməyi öz öhdəsinə götürür. Ödəniş icra olunan günə manatın ABŞ dollarına olan ekvivalentində hesablanmaqla həyata keçiriləcək. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(007)- 42/2020 saylı qətnaməsi cavabdeh X3 aid hissədə ləğv edilsin, həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərci İddiaçı və cavabdeh X3 aid edilsin. Həmin şəxslərdən müştərək qaydada aparılmış ekspertizanın dəyəri olan 126 (bir yüz iyirmi altı) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar