Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1961/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-1778/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən onun xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiya aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 ASC arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona illik 6 390 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin bir hissəsini ödəmiş, sonradan ölkədə baş verən devalivasiya nəticəsində həmin kredit məbləğinin ödənişinin aparılması qeyri mümkün olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6442/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli Qətnaməsi ilə ondan 5 334,52 ABŞ dolları və 20 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ASC-ə ödənilməsi qət olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən ona ödənilmiş ABŞ dolları kreditinə görə kompensasiya məbləği nəzərdə tutulmuş, nəzərdə tutulan kompensasiya məbləği xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 ASC-də olan kredit borcuna yönəlmiş, sonda banka faizlə birlikdə 2 820,71 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Yerdə qalan kredit borcu məbləğinin də Fərmana uyğun olaraq restrukturizasiya edilməsini bankdan xahiş etsə də, Azərbaycan Respublikası Maliyyə X1 qərarına əsasən bank imtina etmişdir. İmtinaya əsas kimi bank xx xxxx 2019-cu il tarixdə nəzərdə tutulan kompensasiya məbləğinin kredit borcuna yönəldilməsi səbəbindən əsas borcunun 360 gündən az olduğundan restrukturizasiya olunmasını göstərmişdir. İddia tələbinin əsas mahiyyəti məlum Fərmandan irəli gələn tələblər əsasında tərtib edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-1778/2020 nömrəli qərardadı ilə iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı olan hissəsinə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi ilə, yəni işin icraatına həmin hissədə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-1778/2020 nömrəli qətnaməsi ilə iddianın Cavabdeh1 ASC-yə aid hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, o, pul ödəmədiyi halda bank iddia edir ki, guya pul ödəmişdir. Tələbi budur ki, borcu restrukziasiya etsinlər və onunla yeni - manatla müqavilə bağlansın, o, da aybaay borcunu ödəsin. Banka müraciət etmişdir, lakin onunla yeni müqavilə bağlamadılar. Gecikmə müddəti çoxdur, sonuncu ödəniş 1515 gündən sonra kompensasiya hesabına edilib. Sonuncu ödədiyi tarix xx.xx.2016-cı ildir. Qətnamədən sonra özü ödəniş etməmişdir. Onunla 1% faizlə 5 il müddətinə məbləği manata çevrilən müqavilə bağlanmasını istəyir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlu bildirdi ki, bütün gecikmələr müqavilə müddətinə görə hesablanır, qətnamə çıxarılandan sonra gecikmə hesablanmır. Bundan başqa, hazırki müqavilə ilə bağlı işə inzibati məhkəmədə baxılmalıdır. Hazırki işə aidiyyət üzrə düzgün baxılmayıb. Çünki, Mərkəzi Bankın onlara göstərişi, rəsmi sərəncamı olmasa, onlar icra edə bilməzlər. Çünki, Mərkəzi Bank nəzarətedici orqandır. Bu iş üzrə Mərkəzi Bank cavabdeh, Cavabdeh1 isə 3-cü şəxs qismində cəlb olunmaqla İnzibati məhkəmədə baxılmalıdır. Kompensasiya verilməsi, müqavilənin dəyişdirilməsi barədə icazə Mərkəzi Bank tərəfindən verilməlidir. Pul dövlətin puludur. Mərkəzi Bank göstəriş verən, onlar isə vasitəçidir, hər bir halda Mərkəzi Bankın göstərişi olmalıdır. İşə baxılmasının vaxtı və yeri haqqında Azərbaycan Respublikası Mərkəzi Bankına lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən 6 390 ABŞ dolları kredit almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6442/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan 5 334,52 ABŞ dolları və 20 manat dövlət rüsumu əvəzi alınaraq Cavabdeh1 ASC-yə ödənilməsi qət olunmuşdur. Sonradan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən ona ödənilmiş ABŞ dolları kreditinə görə kompensasiya ödənilmişdir. Hazırda iddiaçı qalıq borcuna görə restrukturizasiya aparılmasından bankın imtina etməsinə görə bu vəzifənin onun üzərinə qoyulmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın bu qaydada təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 8-ci bəndində göstərilir ki, bu Fərmanın məqsədləri üçün 8.6-ci bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7-ci bəndində əsasən restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. İddiaçı kredit borcunun restrukturizasiyasının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməklə əsas kredit borcunun ödənilməsi məqsədilə ona güzəştli kreditlərin verilməsinə nail olmaq istəyir. Cavabdeh tərəf isə 360 gündən çox gecikdirilmiş borclara görə güzəştli kreditlərin verilməsinə dair restrukturizasiya aparıldığını, iddiaçının isə əsas kredit borcunu 342 gün gecikdirdiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Göründüyü kimi, iddiaçının kredit borcunu ödəməsini gecikdirməsi 360 gündən az olduğuna görə onun iddiası əsaslı hesab edilə bilməzdi. İkincisi, gecikdirilmiş günlərin sayı 360 gündən çox olsa belə, iddia yenə də cavabdeh yalnız Cavabdeh1 ASC qaldığına görə təmin edilə bilməzdi. Çünki, iddiaçıya illik faiz dərəcəsi 1 faizlə güzəştli kredit verilməsi üçün Mərkəzi Bank tərəfindən cavabdeh banka illik faiz dərəcəsi 0,1 faiz olmaqla kredit verilməlidir. Demək, Cavabdeh1 ASC istəsə də sərbəst şəkildə iddiaçı ilə əsas kredit borcunun ödənilməsi məqsədilə restrukturizasiya aparıb yeni müqavilə bağlamaqla ona güzəştli kredit verə bilməzdi. Mərkəzi Bankı münasibətdə isə birinci instansiya məhkəməsi işin icraatına xitam vermiş, iddiaçı isə bunu mübahisələndirməmiş yaxud Mərkəzi Banka qarşı aidiyyəti üzrə məhkəmədə yeni iddia irəli sürməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, nəticə etibarı ilə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-1778/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1961/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1961/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver