Məhkəmə qərarları › İş №2(103)-1961/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1961/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1961/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Qərardadı (Açar sözlər: “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqaviləyə əsasən 353 manat, 26 iyul 2012-ci il tarixli LS0424518/14 saylı müqaviləyə əsasən 2416.75 manat əsas, 950.02 manat faiz borcu olmaqla, cəmi 3366.95 manat və 20 aprel 2012- ci il tarixli BAL0179318/12 saylı müqaviləyə əsasən 538.48 əsas, 75.78 faiz və 40 manat cərimə, cəmi 654.26 manat və ümumi olaraq bütün kredit borclarının cəmi 4374.59 məbləğində vəsaitin və 40 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-4437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqaviləyə əsasən 353 manat, 26 iyun 2012-ci il tarixli LS0424518/14 saylı müqaviləyə əsasən 2416.75 manat əsas, 950.02 manat faiz borcu olmaqla, cəmi 3366.95 manat və 20 aprel 2012-ci il tarixli BAL0179318/12 saylı müqaviləyə əsasən 538.48 əsas, 75.78 faiz və 40 manat cərimə, cəmi 654.26 manat və ümumi olaraq bütün kredit borclarının cəmi 4374.59 məbləğində vəsaitin və 40 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə iddia ərizəsi ilə bağlı mülki işə 26 iyun 2012-ci il tarixli LS0424518/14 saylı müqaviləsinə əsasən cavabdehlərdən 2416.75 manat əsas, 950.02 manat faiz borcu olmaqla, cəmi 3366.95 manat məbləğinin iddiaçının xeyrinə tutulması hissəsində icraata xitam verilmişdir.

3. Həmin qərardaddan İddiaçı ASC şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2(011)-6112/2017 saylı, 19 may 2017-ci il tarixli məhkəmə əmri ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xətai rayonu, General Mehmandarov küçəsi, 26A saylı evin, 39 saylı mənzilində qeydiyyatda olan X1 2416,75 manat əsas, 930,2 manat faiz olmaqla cəmi 3346,95 manat borcun və 20 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi qərara alınmış və məhkəmə əmri icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

10. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

11. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda.

12. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqavilə üzrə tələbə dair Xətai Rayon Məhkəməsinin 2-2(011)-6112/2017 saylı, 19 may 2017-ci il tarixli məhkəmə əmri mövcud olduğundan həmin tələb MPM-in 261.0.2-ci maddəsinin təsiri altına düşür, bu səbəbdən, rayon məhkəməsi iddia ərizəsi üzrə icraata göstərilən hissədə xitam verilməsi ilə bağlı mahiyyət etibarı ilə düzgün qənaətə gəlmişdir.

13. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

14. Məhkəmə Kollegiyası hazırkı işin hallarına əsasən, rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq heab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

15. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

16. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-4437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar