Məhkəmə qərarları › İş №2(103)-1963/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1963/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1963/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5118/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 24 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, izahatında İddiaçı Cavabdeh MMC-nin toyuq-cücə alverindən ona 137000 manat borcu qaldığını, Cavabdeh MMC-nin direktoru X3 isə İddiaçı təhvil aldıqları quşların dəyərini tam ödədiklərini, lakin, Arazın həmin pulu quş sahiblərinə vermədiyi və şəxsi ehtiyaclarına xərclədiyini bildiriblər.

2. Cavabdeh MMC-nin qanuni təmsilçisi X2r.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 320.000 (üç yüz iyirmi min) manat öhdəlik borcunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, iddiaçı 20 dekabr 2021-ci il tarixdən cavabdehlə qarşılıqlı razılaşma əsasına ştatdankənar ekspeditor vəzifəsinə qəbul edilərək işləməyə başlamışdır. İşlədiyi dövrdə cavabdehin, habelə öz maşınından istifadə etmişdir. Quşçuluq firmalarından quşları nisyə alıb cavabdehə təhvil vermişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş diri quşları kəsim sexində kəsərək "xxxx" marka ilə istehsal edib mağazalara satış üçün vermişdir. Cavabdeh MMC-nin rəhbəri Zeynalabdin Bayramov ilə qarşılıqlı razılaşma əsasında, iddiaçı quşları kilosu 2 manat 75 qəpiyə alaraq 3 manat 5 qəpiyə cavabdehə təhvil verməli idi. İlk əvvəl cavabdeh quşların hər kilosuna görə 2 manat 90 qəpik, 3 manat kimi ödənişlər etmişdir. 15 yanvar 2022-ci il tarixədək iş birliyi bu qaydada davam etmişdir. Lakin, həmin tarixdən 15 fevral 2022-ci il tarixədək cavabdeh quşlara görə iddiaçıya çox az məbləğlər ödəmiş, beləliklə iddiaçının quşları aldığı firmalara borcu yaranmışdır. Cavabdeh borclu olduğu məbləği tez zamanda ödəyəcəyini bildirsə də, sonradan ümumiyyətlə ödəniş etməkdən imtina etmişdir. Quşların cavabdehə təqdim edilməsi ilə bağlı həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin imzası ilə təsdiq edilmiş qəbzlər mövcuddur. Lakin cavabdehdən iddiaçıya pul ödənilməsi ilə bağlı heç bir sübut yoxdur. Hazırda cavabdehin iddiaçıya və tələbkar olan quşçuluq firmasına 320.000 (üç yüz iyirmi min) manat borcu vardır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5118/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi qənaətində göstərib ki, tərəflər arasında quş ətinin alğı-satqısı ilə bağlı ticarət münasibətlərinin olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını iddiaçının təqdim etdiyi quşlara görə cavabdeh tərəfindən pulun ödənilməməsi təşkil edir. Sübutetmə yükü baxımından tələbin hüquqi və faktiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının istinad etdiyi quşların cavabdehə təqdim edilməsi ilə bağlı həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin imzası ilə təsdiq edilmiş qəbzlərlə bağlı məhkəmə qeyd edir ki, həmin qəbzlərdə “təhvil verdi” və “təhvil aldı” qrafalarında iddiaçının imzası ilə bərabər cavabdehin nümayəndəsinində imzası var və bu qəbzlərdən tərəflər arasında nisyə alqı-satqının mövcudluğunu və yaxud iddiaçının pulunun verilməməsini müəyyən etmək olmur. İş üzrə şahid qismində dindirilmiş X1 izahatına münasibətdə məhkəmə qeyd edib ki, o, iddiaçının atası olmaqla yanaşı izahatında yalnız cavabdehin pul verməməsi səbəbindən quşçuluq firmalarının səlahiyyətli şəxsləri quşların dəyərini Arazdan tələb etdiyini göstərmişdir. İddia tələbi üzrə konkret faktların mövcudluğuna istinad edə bilməmişdir. Belə faktların mövcudluğu nə işin məhkəmə araşdırılması ilə müəyyən edilmiş nədə iddiaçı tərəfindən tələbinin əsaslı olmasına dair heç bir mötəbər sübut təqdim olunmamışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edib şikayətində göstərir ki, iddiaçı məhkəməyə 320.000 (üç yüz iyirmi min) manatlıq quş ətinin "xxxx" MMC-yə təhvil verilməsi barədə qaimə çeklərini və elektron qaimə faktura təqdim etsə də, məhkəmə bu halların müəyyən edilməsinə baxmayaraq, bu halda iddianın təmin edilməsi baxımından və rədd edilmə səbəbini qətnamədə şərh etmədən əsassız qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə və qəbzlərin doğruluğunu təsdiq edən nümayəndə Toğrul Bairamov həmin malları o, qəbul etdiyini bildirsə də, məhkəmə bu mübahisəsiz hala hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmənin sonuncu iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, mülki işə İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 608.Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

17. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələri nəzərdən keçirilə bilər. İddia ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarının qorunması baxımından aradan qalxdığı üçün də iddia haqlı sayılmır.

18. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

19. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

20. Hazırki işdədə iddiaçının vasitəçiliyi ilə quş satıcıları ilə cavabdeh arasında quş alqısatqısı ilə bağlı mülki hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halına çevrilib. Çünki, bu ana qədər həmin halları tərəflər mübahisələndirmir. Mübahisələndirilən hallar satılmış quşların dəyərinin ödənilib-ödənilməməsi ilə bağlıdır.

21. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni quşların baş sayı, ümumi çəkisi, azalma faizi, qiyməti, yol xərci, ölü başı və məbləği əks etdirən, cavabdeh tərəfindən tərtib edilmiş cədvəli təqdim edib. Qeyd olunduğu kimi bu hallar mübahisə doğurmur. Lakin iddiaçı quş alqı-satqısı ilə bağlı yaranmış münasibətlər üzrə cavabdehin üçüncü şəxslər qarşısında(çünki iddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi iddiaçının vasitəçi olduğunu bəyan edir) icra edilməmiş öhdəliyinin qaldığını bəyan etsə də cavabdehin təqdim etdiyi sənədlərlə bu hallar təkzib edilir. Çünki, təqdim edilmiş ödəniş tapşırığına dair qəbzlərdən də bəlli olur ki, cavabdeh aldığı quşların dəyərini quş satıcıları olan üçüncü şəxslərə nağdsız qaydada ödəmişdir. Həmin şəxslər tərəfindən cavabdehə qarşı hansısa etiraz və tələb olmasına dair də iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.

22. Bununla yanaşı, iddiaçının hazırki iddianı irəli sürdüyü vaxtadək və məhkəmə baxışı dövründə olan davranışı da iddianın və apellyasiya şikayətinin əsassız olduğuna dəlalət edir. Belə ki, iddiaçı atasının şikayəti əsasında Abşeron Rayon Polis X4 aparılan araşdırma zamanı izahatında cavabdehin ona 137000(yüz otuz yeddi min) manat, cavabdehin nümayəndəsinə sosial şəbəkə vasitəsilə yazdığı mesajda 38300(otuz səkkiz min üç yüz) manat, iddia ərizəsində 320000(üç yüz iyirmi min) manat borcu qaldığını göstərir. Nə birinci, nədə apellyasiya instansiyası məhkəməsində şəxsən iştirak etmir, dəfələrlə nümayəndəsi və vəkili vasitəsilə məhkəmə iclasına dəvət edilsə də bundan imtina edir. Deməli, cavabdehin iddiaya etirazında göstərdiklərini təkzib etmək üçün hansısa məlumatı apellyasiya instansiyası məhkəməsinə də təqdim edə bilərdi, ancaq etmir yaxud belə bir məlumat olmadığı üçün edə bilmir. Demək ki, cavabdehin bəyan etdiklərinin həqiqi olması ilə razılaşır və buna etiraz etmir. 23.Düzdü, iddiaçı, nümayəndə və vəkil vasitəsilə təmsil olunur və bu hüququndan istifadə etməyi ona qadağan etmək olmaz. Lakin məhkəmə tərkibi də onun məhkəmə iclasında iştirakını zəruri hesab edərək şəxsən özündən aydınlaşdırılması tələb edilən suallara cavab almaq istədi. Ancaq birinci instansiyada olduğu kimi, apellyasiya baxışındada şəxsən iştirak etmədi. Ona görə də iddiaçının göstərdikləri inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara, yəni həyatın ümumi axarına da uyğun deyildir. Çünki, insan elə bir şüurlu varlıqdır ki, o, hansısa şəxsdən yüksək məbləğdə pul tələb edirsə yaxud kiminsə ona tələb etdiyi məbləğdə borcu qalmışdırsa, mütləq ki, narahat olmalı, özü şəxsən məhkəmədə iştirak edib iddiasını müdafiə etməli, sübutların tədqiqində iştirak etməli, cavabdeh tərəfin gətirdiyi dəlillərə etiraz etməli idi. Çünki, insanın həyat tərzi bunu tələb edir. Ancaq iddiaçı məhkəmə iclasına gəlmir, sanki, iddiası üzrə heç bir marağı olmamış kimi davranır. Eyni zamanda cinayət təqibi üzrə aparılan araşdırmada da borclu olduğu şəxslərin ondan pul tələb etməsi ilə əlaqədar yaranmış söz-söhbətlərdən və təzyiqlərdən yorulduğuna görə yaşadığı ünvanı tərk etdiyini qeyd edir, lakin ona “borcu” olan şəxsdən “borcunu” nədənsə tələb etmək istəmir. Buna görə də qeyd olunan hallar da iddianın və şikayətin açıq-aşkar əsassız olduğunu təsdiq edən amillər hesab olunur.

24. Bu cür vəziyyətdə olmayan yaxud xitam olunmuş öhdəliyə görə cavabdehdən hər hansı bir məbləğin tələb edilməsi də əsassız olmuşdur. Ona görə də apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumən razılaşsa da yenədə həqiqətin tam müəyyən edilməsi məqsədilə İddiaçı tərəfindən Cavabdeh MMC-yə 15 yanvar 2022-ci il tarixədən 15 fevral 2022-ci il tarixədək olan dövrdə verilmiş quşların dəyərinin cavabdeh tərəfindən nağd yaxud nağdsız formada, bilavasitə iddiaçıya yaxud digər şəxslərə (quşları satmış fiziki və hüquqi şəxslərə) ödənilib-ödənilməməsi, ödənilməmişdirsə, hansı məbləğdə borcun qalmasını müəyyənləşdirmək məqsədilə audit yoxlaması (ekspertizası) təyin etmişdir. Çünki, iddiaçı cavabdehə təhvil verdiyi quşun dəyərini tələb etdiyindən, cavabdeh tərəfin isə aldığı quşların dəyərini tam ödədiyini bildirdiyindən bu halların hansının həqiqi olması audit yoxlaması ilə təsdiq oluna bilərdi.

25. "xxxx" MMC tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli rəyində tərəflərin bir-birinə borcu olmadığı, iddiaçının cavabdehə satdığı malların dəyəri nağd və bank vasitəsilə ödənildiyi, sonda qalan 8132,7 manat iddiaçının cavabdehdən aldığı məhsullara görə yaranmış borc ilə əvəzləşdirildiyi göstərildi. Göründüyü kimi, audit rəyi ilə iddianın və şikayətin əsassız olduğu açıq-aşkar təsdiq olundu.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

27. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5118/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5118/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar