Məhkəmə qərarları › İş №2(103)-1964/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1964/2025

30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1964/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “reqres qaydasında pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin vəkili və nümayəndəsi Nümayəndə3, Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3461/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ödənilmiş 10210,70 manat məbləğində sığorta ödənişinin 5210,7 manat məbləğində olan hissəsinin müştərək qaydada "xxxx" ASC-yə ödənilməsi barədə Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir.

2. İİ Tağım Yol patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə olunmuşdur.

3. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışından (forma 4) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Cavabdeh1 məxsus olan, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.

4. İSB.az saytından çıxarışdan müəyyən olunur ki, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən "xxxx" qaydasında sığortalanmışdır.

5. Rich Motors MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 10210,70 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 10210,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

6. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir.

7. ƏN seriyalı, 622070 nömrəl, xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh2 etibar etmişdir. Etibarnamə 1 il müddətinə xx.xx.2023-cü il tarixinədək verilmişdir. Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə sürücülük vəsiqəsi almışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli 9/6067 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan Rich Motors MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2023-cü il buraxılışlı “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10210,70 manat: dəyişilməli hissələrin qiyməti-7213,51 manat; təmirbərpa işlərinin qiyməti-2997,2 manat, 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9922,16 manat: dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10210,70 manat: dəyişilməli hissələrin qiyməti-7213,51 manat; təmirbərpa işlərinin qiyməti 2997,2 manat. Ekspertiza tətqiqatının dəyəri 50 manat məbləğində müəyyən olunmuşdur.

9. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ödənilmiş 10210,70 manat məbləğində sığorta ödənişinin 5000 manat məbləğində olan hissəsinin "xxxx" ASC-yə ödənilməsi barədə "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 320 manat məbləğində pul Prospekt Vəkil bürosunun hesabına köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Ləğv prosesindədir) 5000 manat məbləğində sığorta ödənişi, 13 fevral 2024-cü il tarixindən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu, 70 manat məbləğində dövlət rüsumu, 0,56 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5210,7 manat məbləğində pul və 72,5 manat dövlət rüsumu olmaqla, cəmi 5283,2 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması; cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Ləğv prosesindədir), Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 321 manat məbləğində vəkil xidməti xərcinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış, Cavabdeh1 məxsus olan, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə Cavabdeh2 idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Geely Emgrand” markalı, **-AT-*** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 10210,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İİ Tağım Yol patrul Xidməti inspektoru polis baş serjantı X1 tərtib etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********3 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş İİ Tağım Yol patrul Xidməti inspektoru polis baş serjantı X1 tərtib etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışından (forma 4) və etibarnamədən müəyyən olunur ki, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. İSB.az saytından çıxarışdan müəyyən olunur ki, həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən "xxxx" qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Rich Motors MMC-nin təmir aktından müəyyən olunur ki, “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 10210,70 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 10210,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S24/0882 saylı geriyə tələb məktubundan və məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən poçt xəbərnamələrindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlərə müraciət edilmişdir.

13. Daha sonra, iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrdəki Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin "xxxx" ASC kimi oxunmasını xahiş etmişdir.

14. Daha sonra, Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, Cavabdeh1 qarşı irəli sürülmüş hissədə iddia tələbi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunub ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. Mülki Məcəllənin 1108.1-ci maddəsində isə qeyd olunub ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nətıcəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, əqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. mübahisə üzrə cavabdehlərdən biri olan Cavabdeh2 nə əmək müqaviləsi, nə də digər mülki hüquqi müqavilə əsasında Cavabdeh1 tapşırığı və ya onun nəzarəti altında çalışan şəxs deyildir. Cavabdeh1 mülkiyyətində olan “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nömrəli avtomobilini 17 noyabr 2022-ci il tarixli baş etibarnamə əsasında Cavabdeh2 faktiki olaraq satmış və həmin tarixdən avtomobili Cavabdeh2 təhvil vermişdir. Bununla da qeyd olunan avtomobil üzərində sahiblik, istifadə və sərəncam hüququ həmin vaxtdan etibarən bir il müddətinə, yəni-17 noyabr 2023-cü ilədək Cavabdeh2 ötürülmüşdür. Cavabdeh2 həmin avtomobildən öz məqsədləri üçün sərbəst səkildə istifadə etmişdir. Cavabdeh2 01 avqust 2023-cü il tarixdə həmin avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə digər nəqliyyat vasitəsi sahibinə zərər vurulmuşdur. Belə olan halda həmin zərərə görə Cavabdeh1 məsuliyyət daşıya bilməz. Bu halda vurulmuş zərərə görə məsuliyyət Cavabdeh2 öz üzərinə düşür. Buna görə də Cavabdeh1 qarşı irəli sürülən iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pulun” tələbinə dair iddiasının Cavabdeh1 aid olan hissədə təmin edilməməsini xahiş edir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3461/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 5000 manat pul, xx.xx.2024-cü il tarixdən 5000 manat sığorta ödənişi tam ödənilən tarixədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,56 (yetmiş manat əlli altı qəpik) manat pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, Cavabdeh2 4922,16 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 68,4 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 4,1 manat (72,5- 68,4=4,1) iddiaçıya aid edilməsi, cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada hüquqi yardıma görə ödənilmiş 321 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pulun cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim X6).

16. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdeh X4 delikt törətməsi, bunun nəticəsində MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsi məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilmişdir ki, sürücü X4 barəsində hadisə ilə bağlı AR İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilərək TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarla kifayətlənilməlidir. Nəqliyyat vasitəsinə dəymiş real zərərlə bağlı isə məhkəmə tərtib edilən hesabatlarla kifayətlənməmiş və əmtəəşünaslıq ekspertizası keçirmişdir. Daha mötəbər sübut kimi qəbul edilən ekspert rəyi ilə isə nəqliyyat vasitəsinə 22360 manat zərər dəydiyi müəyyən edilmişdir. Odur ki, sığorta şirkəti tərəfindən ödənilən 5000 manat nəzərə alındıqda iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş real zərərə görə ödənilməli olan məbləğ 17360 (22360 - 5000 = 17360) manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə tələbin əldən çıxmış fayda qismində iddiaçıya zərər vurulması hissəsində iddianı əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmiş və tələbini formal mülahizələrlə əsaslandırmışdır. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci, 922-ci, 925-ci, 926-cı, 934-cü, 936-cı, 1096.1-ci, 1097.1-ci, 1099-cu, 1108.1-ci, 1114.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 16.2-ci, 18ci, 20-ci, 50-ci, 52-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin qismən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) dəbbə pulu, həmçinin dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması hissəsinə münasibətdə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta fəaliyyəti haqqında Qanunun 119-cu maddəsinə əsasən sığortaçı ləğv edildikdə kreditor tələblərinin ödənilmə növbəliliyi göstərilmişdir. Subroqasiya tələbi qanundan irəli gələn hüquq olduğundan digər qalan kreditorlarla hesablaşmalar növbəsinə aid edilir. Şirkət müvafiq normaya əsasən ödənişlər həyata keçirmişdir. Bu halın məhkəmə tərəfindən hüquq pozuntusu kimi qiymətləndirilməsi yolverilməzdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiaz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasında ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

23. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermədiyini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir; 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir;

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, dəbbə pulu, həmçinin dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması hissəsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamə həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsininmübahisələndirilən hissələrdə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

32. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixində, saat 11:25-də Şabran rayonu, Surra kəndi ərazisində Cavabdeh1 mülkiyyətində olan və etibarnamə əsasında Cavabdeh2 idarə etdiyi "xxxx" ASC tərəfindən "xxxx" qaydasında sığortalanmış “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərara əsasən Cavabdeh2 AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə olunmuşdur. “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 10210,70 manat məbləğində zərər “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortalandığı "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında ödədiyi sığorta ödənişini geri tələb edir.

34. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Geely Emgrand” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ödənilmiş 10210,70 manat məbləğində sığorta ödənişinin 5000 manat məbləğində olan hissəsinin "xxxx" ASC-yə ödənilməsi barədə "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir. Xəbərdarlığa baxmayaraq "xxxx" ASC tərəfindən iddiaçıya hər hansı bir ödəniş olunmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" ASC-yə rəsmi olaraq müraciət edilərək, sığorta ödənişinin ödənilməsi tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh hüquqi nəticə etibarı ilə əsassız olaraq ötən dövr ərzində sığorta ödənişini ödəməmişdir. Bu da öz növbəsində ödənişin gecikdirildiyi gündən etibarən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması üçün şərtsiz əsas yaradır.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində sığorta ödənişi, 23 fevral 2024-cü il tarixindən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi təmin etdiyindən, həmin tələbə mütənasib olaraq da ödənilmiş 70,56 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir.

36. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Qeyd edilən qanunvericilik normalarına əsasən də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə 321 manat hüquqi xidmət haqqının, eyni zamanda digər xərclərin də iddiaçının xeyrinə tutulması qənaətində birinci instansiya məhkəməsi haqlı olmuşdur.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3461/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar