Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1965/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh2 arasında 29 iyul 2019 il tarixdə bağlanmış 109842-738584/1 nömrəli kredit müqaviləsinə əsasən, bank tətəfindən Cavabdeh2 24 ay müddətinə, illik 26 faiz ödəməsi şərtilə 15 000 manat kredit verilmiş, aylıq kredit ödənişinin 808,12 manat olmaqla (sonuncu ay 807,46 manat) kreditin 29 iyul 2021-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır.
2. Cavabdeh3 ilə "xxxx" ASC arasında 29 iyul 2019 il tarixdə 109842-738584/1 nömrəli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə görə Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh2 zamin durmuş, öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.
3. Cavabdeh1 ilə "xxxx" ASC arasında 29 iyul 2019 il tarixdə 109842- 738584/1/2 nömrəli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə görə Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 zamin durmuş, öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.
4. 08 fevral 2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 11957,79 manat əsas, 5258,86 manat faiz borcu olmaqla, ümumilikdə 17 216,65 manat borcu yaranmışdır, kredit müqaviləsi üzrə gecikmə 719 gün təşkil edir.
5. Bank tərəfindən xx.xx.2021-ci tarixdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 bildiriş göndərilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit bocunun ödənilməsi üçün məhkəməyə müaricət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı ASC Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11 957,79 manat məbləğində əsas, 5258,86 manat faiz borcu olmaqla, cəmi 17 216,65 manat borcun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 142,05 manat məbləğində dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla borcalan Cavabdeh2 arasında bağlanmış 29 iyul 2019 il tarixli 109842-738584/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 15 000 manat kredit verilmiş, onun kredit öhdəliklərinin təminatı üçün Cavabdeh3 ilə 29 iyul 2019 il tarixli 109842- 738584/1 nömrəli, Cavabdeh1 ilə 29 iyul 2019 il tarixli 109842-738584/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən, zaminlər bank qarşısında (borcalan tərəfindən 29 iyul 2019 il tarixli 109842-738584/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyırlar. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 08 fevral 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 11 957,79 manat əsas, 5258,86 manat faiz borcu оlmaqla, ümumilikdə 17 216,65 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəmədiyi üçün gecikdirilmiş kredit yaranmışdır.
8. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, kredit borcu ilə bağlı müəyyən ödənişlər etmiş, lakin faiz borcu düzgün hesablanmamışdır. Ona görə də ona hesablanmış faiz və cərimə məbləğlərinin silinməsini xahiş edir.
9. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh2 tərəfindən aldadılaraq onun tərəfindən götürülən borca görə zamin durmuşdur. Buna görə də ona münasibətdə iddia tələbi rədd olunmalıdır.
10. Cavabdeh3 məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, əsas borclu Cavabdeh2 onun dayısıdır, dayısı tərəfindən götürülən borca görə bacısı Elnarə zamin durmuşdur. Hesab edir ki, bank tərəfindən faiz borcları düzgün hesablanmamışdır, borc məbləği ekspert tərəfindən müəyyənləşdirilməlidir.
11. Cavabdeh3 nümayəndəsinin vəsatəti təmin edilərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7265 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 08 fevral 2022-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) "xxxx" ASC-yə 11 957,79 manat əsas, 3725,58 manat faiz borcu olmaqla, cəmi 15 683,37 manat borcu yaranmışdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 11 957,79 manat əsas, 3725,58 manat faiz borcu olmaqla cəmi 15 683,37 manat borcun və dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.2.1-ci, 448.1-ci, 460.1-ci, 472.1-ci, 472.2-ci, 472.3-cü, 739-cu, 741-ci, Mülki Prosessual Məcəllənin 76-cı, 87.2-ci, 88-ci, 101.7-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə öhdəliklərini lazımınca icra etməmişlər. Məhkəmə vurğulamışdır ki, iddia ərizəsində əsas borcun 11 957,79 manat, faiz borcunun 5258,86 manat göstərilməsinə baxmayaraq, ekspert rəyi ilə əsas borcun 11 957,79 manat, faiz borcunun 3725,58 manat olduğu müəyyən edilmiş, lakin iddiaçının nümayəndəsi tərəfindən rəyə dair münasibət bildirilməmiş və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə bu halı cavabdehin xeyrinə həll etməklə əsas borc məbləğini iddia tələbi həcmində, yəni 11 957,79 manat, faiz borc məbləğini isə xx.xx.2022ci il tarixli 9/7265 saylı ekspert rəyində göstərilən həcmdə, yəni 3725,58 manat qəbul edir.
14. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, bankın onlara bildiriş göndərmədiyini, kreditin verilməsinə dair kassa məxaric orderinin əslini təqdim etmədiyini, borc məbləğinin düzgün hesablanmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
15. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış apellyator, həmçinin digər cavabdehlər məhkəməyə gəlməmişlər.
16. "xxxx" ASC də nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə nümayəndə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
33. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə qətnamədən şikayət verməsələr də, iddianın zaminlərə və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir (hazırkı işin halları baxımından) və Cavabdeh3 şikayətinin dəlilləri qətnamənin onlara aid hissədə də yoxlanılmasını zəruri edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
41. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh2 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
42. Cavabdeh3 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas və faiz borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur.
43. Tələb edilən borcun düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdehlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin apellyatorun nümayəndəsinin vəsatəti əsasında təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun müqavilə müddətinin sonuna olan məbləği dəqiqləşdirilmişdir.
44. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh3 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1742/2022 saylı iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh3 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə