Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1967/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Əhmədov Yasəf Mehman oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 10.818,12 manat məbləğində əsas borcu, 2.101,65 manat faiz borcu olmaqla, cəmi 12.919,77 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2019 il tarixli, 200804-648951/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 15.200 manat məbləğində kredit verilmişdir. Bank digər Cavabdeh2 ilə 11 iyun 2019 il tarixli, 200804-648951/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 29 iyul 2020 il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 10.818,12 manat məbləğində əsas borcu və 2.101,65 manat faiz borcu olmaqla, cəmi 12.919,77 manat məbləğində kredit borcu yaranmışdır. Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.818,12 (on min səkkiz yüz on səkkiz manat on iki qəpik) manat əsas borc, 2.101,65 (iki min yüz bir manat altmış beş qəpik) manat faiz borcu, cəmi 12.919,77 (on iki min doqquz yüz on doqquz manat yetmiş yeddi qəpik) manat və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı ”Expressbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə borcunu vaxtında ödəsədə 2020-ci ilin əvvəlindən pandemiya (covid-19) səbəbi ilə yaranmış iqtisadi çətinliyə görə öz öhdəliklərini vaxtında icra edə bilməmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verib ki, bu da nəticədə qanunsuz, ədalətsiz və düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olub. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehə Cavabdeh1 məhkəmənin yeri və zamanı barədə məlumat verilməmişdir. Cavabdeh1 məhkəmənin keçirilməsindən məlumatsız olmuşdur. Cavabdehin məhkəmə prosesində iştirak hüququ təmin edilmədiyindən o iddia tələbinə dair öz etiraz və mülahizələrini məhkəməyə təqdim edə bilməyib. Məhkəmə qətnaməsini cavabdehə təqdim etməyib və onun qətnamədən apleyasiya şikayəti vermək hüququnu da məhdudlaşdırılıb. İddia tələbinə münasibətdə isə bildirmək istəyir ki, məbləğ və faiz borcları düzgün hesablanmayıb. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə hər tərəfli və obyektiv araşdırma apararaq yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı ASC-nin nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 nümayəndəsi və vəkili X1 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ekspert rəyinə uyğun dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 nümayəndəsi və vəkili Yasəf Əhmədov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, müqaviləyə əsasən İddiaçı ASC öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448, 467, 470 və 472-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi və vəkili Yasəf Əhmədovun çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 illik 21 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15.200 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İş.v. 10 - 11) İş materiallarında olan, TT19162W2VJ2 saylı, 11 iyun 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 15.200 manat məbləğində nağd pul götürmüşdür.(İş.v. 14) İş materiallarında оlan, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh1 15.200 manat məbləğində əsas bоrcu və 3.545,49 manat faiz məbləğini hər ay 781,06 manat оlmaqla banka 11 iyul 2019-cu il tarixdən 11 iyun 2021-ci il tarixə kimi ödəməli idi.(İş.v. 13) İş materiallarında olan, iddiaçı kreditor İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən 200804- 648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.(İş.v. 12) İş materiallarında olan, 200/200/0448/2020 saylı, 17.04.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir.(İş.v. 16) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390-cı maddəsinə əsasən: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə əsas və faizin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış 11 iyun 2019-cu il tariхli kredit müqaviləsinə əsasən bоrcalan alınmış 15.200 manat məbləğində kredit üçün illik 21 faizi 24 ay müddətə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, 29 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 29.07.2020-ci il tarixə 10.818,12 manat məbləğində əsas borcu, 2.101,65 manat faiz borcu, cəmi 12.919,77 manat borcu vardır. Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinə görə hesablanmış əsas bоrcunun 10.818,12 manat, faiz məbləğinin isə 2.101,65 manat təşkil etməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla, 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 28 avqust 2020-ci il tarixə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas kredit və faiz borcunun hansı məbləğdə qalmasının müəyyən edilməsi məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertisası təyin edilərək müvafiq rəy alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühasibatlıq ekspertizasının 9/4876 saylı, 09 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair təqdim olunmuş hesabdan çıxarış məlumatları və 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 28 avqust 2020-ci il tarixə banka əsas borcu 10.732,17 manat, faiz borcu isə 395,86 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ekspertin rəyini işdə olan digər sübutlarla əlaqəli yoxlayıb qiymətləndirərək hesab edir ki, ekspertiza rəyi işin faktiki və həqiqi hallarına uyğun olduğundan sübut kimi qəbul edilməlidir. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası hesab edir ki, ekspertiza rəyi əsas götürülməklə İddiaçı ASC tərəfindən 10.818,12 manat həddində müəyyən edilmiş əsas borcun 10.732,17 manat, 2.101,65 manat həddində müəyyən edilmiş faiz borcu məbləğinin isə 395,86 manat həddində müəyyən edilməsi daha düzgün və ədalətli оlardı. Göstərilənlərə əsasən məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi əsas və faiz məbləğinin tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin Cavabdeh1 məhkəmənin yeri və zamanı barədə məlumat verilməməsi, məhkəmə qətnaməsininin ona təqdim edilmədiyi barədə dəlilini əsassız hesab edir. Belə ki, birinci nstansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsinin tələblərinə əməl etməklə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmçinin Cavabdeh1 qeydiyyatda olduğu və iş materiallarında olan Şabran rayonu Çölquşçu kəndindəki ünvanına rəsmi qaydada birinci instansiya məhkəməsinin qətnaməsi göndərilmiş, lakin qətnamə geri qaytarılaqaq zərfin üzərində cavabdehin həmin ünvanda yaşamadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək, apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının pozulması ilə qəbul edildiyindən, bu isə Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.4 və 386-cı maddələrinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilməsi üçün əsas sayıldığından, apelyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə məhkəmə qətnaməsi apelyasiya şikayətinə əsasən əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən tutulmalı olan əsas borc məbləği 10.732,17 manat həddində, faiz məbləği isə 395,86 manat həddində müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 10.732,17 manat məbləğində əsas borc və 395,86 manat məbləğində faiz, ümumilikdə isə 11.128,03 (on bir min, yüz iyirmi səkkiz manat üç qəpik) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qətnamə apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməni dəyişdirə bilər. Həmçinin iş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesaba keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Şərh еdilənlərə əsasən və Azərbaycan Rеspublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 nümayəndəsi və vəkili Yasəf Əhmədov tərəfindən verilmiş apelyasiya şikаyətinə əsаsən cavabdehlərdən əsas və faiz borcunun məbləğinin tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən tutulmalı olan əsas məbləğ 10.732,17 manat, faiz məbləği 395,86 manat həddində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200804-648951/1 saylı, 11 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 10.732,17 manat məbləğində əsas borc və 395,86 manat məbləğində faiz, ümumilikdə isə 11.128,03 (on bir min, yüz iyirmi səkkiz manat üç qəpik) manat, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə Cavabdeh1 nümayəndəsi və vəkili Yasəf Əhmədovun apelyasiya şikаyətinə əsаsən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1967/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1967/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver