Məhkəmə qərarları › İş №2(103)-197/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-197/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-197/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehtiyeva Mənsurə Ənvər qızının katibliyi, Cavabdehin nümayəndəsi Muxtarov Cası̇ m Əlisöhbət oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Birliyi QSC-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(008)-44/2020 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İstehsalat Birliyi Cavabdeh qarşı əmr icraatı qaydasında ərizə ilə müraciət edərək Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 1402,5 manat əsas borcun, 31 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1433,5 manat borcun İddiaçı İB-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamentində qeydiyyatda olmaqla yuxarıda göstərilən ünvanda 05.11.2014-cü il tarixli 365 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00004 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda istixana qurğusu quraşdırılmış və istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6T markalı 28255117 nömrəli qaz sayğacı quraşdırılmışdır. Borclu Cavabdeh həyətyanı sahəsində yerləşən istixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş lakin, tam ödəniş aparılmamışdır. Belə ki, 2016-cı ilin yanvar ayında 399,40 manat (3994m3 ) təbii qazdan istifadə etmiş ödəniş aparılmamış və 399,10 manat borcu yaranmışdır. 2016-cı ilin fevral ayında 65 manat (650 m3 ) təbii qazdan istifadə etmiş ödəniş aparılmamış və ödənilməmiş 464.10 manat debitor borcu yaranmışdır. 2016-cı ilin mart ayında 819.4 manat (8194m3 ) təbii qazdan istifadə etmiş 200 manat ödəniş aparılmış və ödənilməmiş 1083.50 manat debitor borcu qalmışdır (200 manat ödəniş çıxıldıqdan sonra). 2016-cı ilin aprel ayında 319 manat (3190m3 ) təbii qazdan istifadə edilmiş, ödəniş aparılmamış və ümumi ödənilməmiş 1402.50 manat debitor borcu yaranmışdır. Borclu Cavabdeh onunla bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Halhazırda Cavabdeh təbii qazdan istifadəyə görə 1402.5 manat debitor borcu qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2(008)- 11722/2016 saylı əmri ilə ərizə təmin edilmiş, 31.08.1983-cü ildə ünvan 3 ünvanda qeydiyyatda olan X1 1402,5 manat əsas borc, 31 manat dövlət rüsumu, ümumilikdə 1433,5 manat borc tutularaq İddiaçı İB-nə ödənilməsi əmr edilmişdir. Cavabdeh tərəfindən həmin əmrə etiraz verilmiş, məhkəmə tərəfindən əmr ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(008)-44/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1402,5 manat borc və 20 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1422,50 manat borcun İddiaçı İB-nin xeyrinə tutulması, 10 manat məbləğində ödənilməmiş dövlət rüsumunun ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi, ödədiyi 15 manat dövlət rüsumunun əvəzinin iddiaçıdan alınaraq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçıya heç bir borcu ola bilməz. Belə ki, onun İddiaçı İB ilə hər hansı müqaviləsi olmamışdır. Ümumiyyətlə, iddiaçının qeyd etdiyi ərazidə nə onun heç bir əmlakı mövcud olmamış, nə də onun adına qeydə alınmış sayğac quraşdırılmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətin müdafiə etdi və təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. İş materiallarında olan İddiaçı İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 05.11.2014-cü il tarixli 365 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, “təchizatçı” istismarda olan qaz kəmərləri vasitəsi ilə fasiləsiz, normnativ sənədlərin tələblərinə uyğun nominal təzyiqlə “istehlakçı”nı təbii qazla təmin etməyi, “istehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh 1402,50 manat borcu vardır. İş materiallarında olan 14.04.2016-cı il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və MM-nin 385.1 və 442-ci maddələrinə istinad edilməklə bu nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olmuşdur və iddia təmin edilməlidir. Apellyasiya instansiya məhkəməsi məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi onunla cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə istinad etmiş, cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etməməsinə, nəticədə onun 1402,50 manat borcunun yarandığını iddia etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh iddia ərizəsində qeyd edilən ərazidə heç bir əmlakı olmamışdır və onun tərəfindn İddiaçı İB ilə qaz sayğacının quraşdırılması ilə bağlı heç bir müqavilə bağlanmamışdır. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 05.11.2014-cü il tarixli 365 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən məlumatsızdır və həmin müqavilədə olan imza ona məxsus deyildir. Qeyd edilən halın araşdırılması və iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi müqavilədə olan imzanın cavabdehə məxsus olub-olmadığını müəyyən etmək üçün məhkəmə kollegiyası tərəfindən məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş 17 noyabr 2021-ci il tarixli 4/1558 saylı rəyi ilə müəyyən edilmişdir ki, 05.11.2014-cü il tarixli 365 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləsinin «İstehlakçı» qrafasındakı imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. Bundan başqa, iş materiallarından Cavabdeh Kürdəxanı qəsəbəsi D.Vaqif küçəsi ev 42 ünvanda əmlakının olması müəyyən edilmir. Beləliklə, işin araşdırılan halları ilə İddiaçı İB ilə Cavabdeh arasında iddia ərizəsində göstərildiyi kimi, qazın alqı-satqısı müqaviləsi bağlanması, Cavabdehin iddiaçı qarşısında hər hansı öhdəlik götürməsi müəyyən edilmir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki, tərəflər arasında qazın verilməsi ilə bağlı müqavilə münasibətinin mövcud olması halı işin araşdırılan halları ilə sübuta yetməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəfindən işin faktiki halları düzgün müəyyən edilməmiş, nəticədə onun gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.0.2-ci maddəsinə görə, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğuna görə, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(010)-44/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar