Məhkəmə qərarları › İş №2(103)-1971/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1971/2023

31.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1971/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2(008)-6709/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı İstehsalat Biriliyinin Bakı X9 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış 08 iyun 2017-ci il tarixli AK-2/1988 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən, paylayıcı İddiaçı İB istehlakçı Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. “Təbii X2nın pozulması haqqında” 20 sentyabr 2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, labarotoriyanın 22 avqust 2017-ci il tarixli, 28/1710-00720-4 saylı rəyinə əsasən **********00177779 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsinin deşildiyi müəyyən edilmişdir.

3. “Təbii X2nın pozulması haqqında” 29 yanvar 2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni rezin boru vasitəsi ilə istifadə olduğu müəyyən edilmişdir.

4. “Təbii X2nın pozulması haqqında” 31 yanvar 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olduğu müəyyən edilmişdir.

5. “Təbii X2nın pozulması haqqında” 31 mart 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonentin mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir.

6. Dəymiş ziyanın bərpasına dair xx.xx.2017-ci il tarixli tələbnaməyə əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 38 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 142 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 38 gün, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 142 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 142 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 5966 kub.m. əlavə sərfiyyat hesablanmışdır.

7. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 8856 kub.m. əlavə sərfiyyat hesablanmışdır.

8. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal qaz 1.4 m3/saat ora günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 8856 kub.m. əlavə sərfiyyat hesablanmışdır.

9. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, dəmir sobanın maksimal qaz 1.4 m3/saat ora günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 10080 kub.m. əlavə sərfiyyat hesablanmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

10. İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3439,25 manat məbləğdə zərərin və 54,40 manat ödənilmiş dövət rüsumu əvəzinin, ümumilikdə 3493,65 manat pulun cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin ünvanına “Azəriqaz" İB-nın Bakı X9 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evni təbii qaza təchiz edən qaz xəttinin üzərində isə G4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavlənin 2.3.2-ci yarımbəndinin və “X2”nın 6.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evnə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: 20 sentyabr 2017-ci il tarixli ******* nömrəli akt əsasında 1193,20 manat, 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında 885,60 manat, 31 yanvar 2022-ci il tarixli ******* nömrəli akt əsasında 1062,72 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 1209,60 manat, cəmi 4351,12 manat məbləğdə “Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 911,87 manat məbləğdə ödəniş etmişdir. Beləliklə hesablanmış dəymiş maddi zərər üzrə qalıq məbləği 3439,25 manat təşkil edir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2(008)- 6709/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Qətnamənin əsaslarına görə 20 sentyabr 2017-ci il tarixli ******* nömrəli aktla müəyyən olunmuş sayğacda yaranan problem ilə əlaqədar hesablanmış cərimə hissəsinə də münasibət bildirərək göstərmişdir ki, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq iddianın bu hissəsədə təmin oluna bilməməsi qənaətinə gəlmişdir. Bundan sonra məhkəmə 29 yanvar 2021 -ci il tarixli ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli ******* nömrəli, 31 mart 2022-ci il tarixli ******* nömrəli aktlar əsasında yazılmış borcun tutulmasına münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan 31 yanvar 2022-ci il tarixli ******* nömrəli, 31 mart 2022-ci il tarixli ******* nömrəli aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1,1096.1, 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2 maddəsi , Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş X2-nın 4.2,4.8, 4.9,6.5 maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı İB qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməklə iddianın təmin olunmasını xahiş etmişdir.

16. Şikayətin dəlillərinə görə, borcun yaranma əsasını 2 hissə təşkil edir: 1) Cavabdeh şəxsin qaz sayğacına müdaxilə etməsinə görə barəsində 20 sentyabr 2017-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və itkiyə gedən qazın dəyəri həmin akt üzrə 1193,20 manat məbləğdə borc kimi müəyyən edilmiş, cavabdeh həmin akt üzrə müəyyən olunmuş borcdan 911,87 manat məbləğdə ödəniş etmiş və həmin akt üzrə müəyyən olunmuş borcdan geriyə ödənilməmiş 281,33 manat məbləğdə borcu qalmışdır. 2) Cavabdehin iddiaçıya məxsus ümumi qazpaylayıcı qaz xəttinə küstar üsulla qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi nəticəsində 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında 885,60 manat, 31 yanvar 2022-ci il tarixli ******* nömrəli akt əsasında 1062,72 manat və 31 mart 2022-ci il tarixli, ******* nömrəli akt əsasında 1209,60 manat məbləğdə borcları yaranmışdır. Cavabdeh tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısı barədə müqavilədən irəli gələn öhdəlik münasibətlərini pozmuş, təbii qazdan düzgün istifadə etməməklə müqavilə öhdəliklərinə riayət etməmiş və öhdəlik münasibətlərini pozmaqla iddiaçıya dəyəri ödənilməyən maddi zərər vurmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş maddi zərərin əvəzi qanunvericiliyə uyğun olaraq ondan tələb edildiyindən və ona veriləcək təbii qazın axımı İddiaçı İB tərəfindən dayandırıldığından, abonent təkrar-təkrar qaz xəttinə bir neçə dəfə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz şəkildə yenidən istifadə etmişdir (2, 3 və 4-cü aktlara münasibətdə). Üzərinə sübutetmə yükü düşən iddiaçı öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, fotoşəkillər, abonent saldoları və s.) sübuta yetirmişdir. Sübutetmə yükü daşıyan cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməyərək barəsində tərtib edilmiş aktları belə mübahisələndirməmiş, öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi qətnamənin 4-cü vərəqəsinin 3-cü abzasının 4-cü cümləsində göstərmişdir ki: Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminin 8856 kubmetr olduğu müəyyən olunmuşdur. 8856 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqısatqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 885,6 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini yalnız ilk 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akta əsasən 885,6 manat hissəsdə əsaslı hesab etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh ona yazılmış əsassız aktlara əsasən ona hesablanmış cərimədən 911,87 manat ödəniş etmiş olduğundan qeyd edilən ödəniş 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 885,6 manat cərimədən silinməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfin ödəniş etdiyi 911,87 manat məbləğdə pul cavabdeh barəsində tərtib edilmiş 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt üzrə deyil, 20 sentyabr 2017-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1193,20 manat borcdan aparılan ödənişlər olmuşdur. Məhkəmənin əsaslı hesab etdiyi 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 885,60 manat borc üzrə isə cavabdeh tərəf heç bir ödəniş əməliyyatı aparmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi cavabdeh tərəfin 1-ci akt üzrə ödəniş etdiyi 911,87 manat məbləğdə pulu, cavabdeh barəsində tərtib edilmiş və məhkəmənin də əsaslı hesab etdiyi 2-ci akt üzrə hesablanmış 885,60 manat məbləğdən silməsi qanuni və əsaslı deyildir. Yəni ki, cavabdeh tərəfin 1-ci akt üzrə apardığı ödəniş dəyərinin (911,87 manatın) cavabdeh barəsində tərtib edilmiş 2-ci akt üzrə hesablanmış məbləğlə (885,60 manatla) əlaqələndirilərək hüquqi qiymətləndirilməsi yalnışdır və məhkəmə tərəfindən gəlinən səhv qənaətdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

19.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir;

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəfindən göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.

26. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh barəsində 20 sentyabr 2017-ci il, 29 yanvar 2021-ci il, 31 yanvar 2022-ci il və 31 mart 2022-ci il tarixlərdə 4 akt tərtib edilmiş, bu aktlar əsasında müvafiq olaraq 1193,20 manat, 885,60 manat, 1062,72 manat və 1209,60 manat olmaqla cəmi 4351,12 manat məbləğdə borc hesablanmışdır.

27. 20 sentyabr 2017-ci il tarixli akt barədə məhkəmə kollegiyası qeyd edir ki, aktdan görünür ki, cavabdehə məxsus qaz sayğacına müdaxilə edilməsi müəyyən olunmuş, akt yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmışdır. Belə olan halda birtərəfli qaydada tərtib edilmiş bu akt təklikdə cavabdehin vurulmuş zərərə görə mülki məsuliyyətinin yaranmasını şərtləndirən halların mövcudluğunu təsdiq edə bilməz. Həmçinin o da nəzərə alınmalıdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Bu səbəbdən də iddia tələbi 20 sentyabr 2017-ci il tarixli akt üzrə yaranmış borca aid hissədə təmin edilməməlidir.

28. 29 yanvar 2021-ci il və 31 yanvar 2022-ci il tarixli aktlarla bağlı isə qeyd olunmalıdır ki, iş materiallarında olan abonentin saldosundan görünür ki (iş vərəqi – 31), cavabdeh aktlar üzrə müvafiq olaraq 885,60 manat və 1062,72 manat məbləğdə ödənişlər etmişdir. Cavabdeh bu aktlarla razılaşıb ödəniş etdiyindən iddia tələbi bu hissələrdə də təmin edilə bilməz.

29. Məhkəmə kollegiyası 31 mart 2022-ci il tarixli aktı, cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında mübahisələndirilmədiyindən, akta qarşı hər hansı etiraz təqdim edilmədiyindən mötəbər hesab edir. Lakin, bu akt üzrə dəymiş zərərin hesablanmasına dair tələbnamədən görünür ki, iddiaçı tərəfindən hesabat müddəti 60 gün olmaqla hesablanma aparılmışdır.

30. Kollegiya hesablama müddəti ilə ona görə razılaşmır ki, iddiaçı tərəfindən sonuncu aktın tərtib edildiyi 31 yanvar 2022-ci il tarixlə cari aktın tarixi olan 31 mart 2022ci il tarixləri arasında 58 gün olmuşdur. Akt üzrə hesablama da 58 günə münasibətdə aparılmalı idi. Belə bir hesablama ilə isə müəyyən olunur ki, akt üzrə itirilmiş qazın məbləği 1169,28 manat təşkil edir. Ona görə də iddia tələbi yalnız bu hissədə qismən təmin edilməlidir.

31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianının rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən - 1169,28 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin olunmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2(008)- 6709/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2(008)- 6709/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 1169,8 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar