Məhkəmə qərarları › İş №2(103)-1971/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1971/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1971/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Elşən Cələddin oğlu Kazımov və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(001)-871/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı QSC ilə Cavabdeh arasında arasında kredit müqaviləsi bağlanmış və cavabdehə həmin müqavilə üzrə 48 ay müddətinə qaytarmaq şərti, aylıq 1,8333%, illik 22% ödəmək şərti ilə 8300 manat kredit verilmişdir. 2.Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə əsas borca görə 7128,26 manatın, faiz borcuna görə 568,76 manatın, cəriməyə görə 155,4 manatın, dövlət rüsumuna görə 98,52 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8300 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamış, götürdüyü kredit bоrcundan 1171,74 manat ödəniş etmiş, оnun iddiaçıya 7128,26 manat kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11ci bəninə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir günüçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Borcalan kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 109 günüçün hesablanmış faiz borcu 568,76 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən günüçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 109 günüçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 155,4 manat təşkil edir. Kredit müqaviləsinin 7.32-ci bəndinə əsasən kreditalan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. 5.Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edib izahatında işləmədiyindən iddiaçıya olan borcunu hissə-hissə ödəyə biləcəyini göstərmişdir. 6.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 17 yanvar 2024-cü il tarixli, 2(001)-871/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Səadət Səlimova) iddia təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, əsas borca görə 7128,26 manat, faiz borcuna görə 568,76 manat, cəriməyə görə 155,4 manat, dövlət rüsumuna görə 98,52 manat olmaqla cəmi 7950,52 manat İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. 7.İş materiallarında olan borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq şərtilə, aylıq 1,8333%, illik 22% ödəmək şərtiilə 8300 manat kredit verməyi öhdəsinə götürmüşdür. 8.İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-ci il tarixədək olan dövr ərzində əsas borca görə 8300 manat, faiz borcuna görə 4339,91 manat olmaqla, cəmi 12639,91 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. 9.İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2023-ci il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borca görə 7128,26 manat, faiz borcuna görə 568,76 manat, cəriməyə görə 155,4 manat olmaqla cəmi 7852,42 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 109 gün təşkil edir. 10.İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı borc ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir. 11.Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 7128,26 manat, faiz borcuna görə 568,76 manat, cəriməyə görə 155,4 manat borcunun yaranması araşdırma zamanı öz təsdiqini tapdığından iddia ərizəsi təmin edilməli, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin faiz borcu və cərimə məbləği hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, cavabdeh kredit götürərkən işləyirdi və gəliri aylıq kredit məbləğini ödəməyə imkan verirdi. Lakin, sonradan işdən çıxdı, gəlir yerini itirdiyimə görə aylıq qrafik üzrə ödəmələrində gecikmələr yarandı.Belə ki, iddiaçı "xxxx" QSC cavabdehə bildirmişdir ki, yaranmış borc məbləğinin 2000 manata yaxın hissəsi dərhal ödənilməlidir. Halbuki, hazırda maddi durumu buna imkan vermir. Belə ki, hazırda heç bir yerdə işləmir və rəsmi gəliri yoxdur. Həmişə ödənişlərini vaxtında etməyə çalışmışdır. Lakin maddi vəziyyəti iləəlaqədar yaranmış gecikməyə görə bank bunu nəzərə almadan birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki, bankın özünə də bildirmişdir ki, kredit borcunu hissə-hissə maddi imkanı daxilində ödəyə bilər. Binəqədi Rayon Məhkəməsində məhkəmə baxışı zamanı da bildirmişdir ki, hər ay maksimum 150 (yüz əlli) manat məbləğində kredit borcunu ödəyə bilər. Bütün bunlara baxmayaraq, məhkəmə İddiaçı QSC-nin iddia tələbini təmin etmişvə 7950,52 manatməbləğin cavabdehdən tutulması barədə qətnamə qəbuletmişdir. Lakin, məhkəmə faktları nəzərə almamışdır və məsələyə səthi yanaşaraq araşdırma aparmamışdır. Hazırda isə cavabdeh bankın ona təyin etdiyi yeni qrafik üzrə ödənişlər etməyə hazırdır. Məhkəməisə qətnamə qəbul edərkən cərimə və faiz borcunu silməmişdir və ya azaltmamışdır. Cavabdehdən əsassız tələb edilən faiz borcu və cərimənin silinməsini tələb edir. Ona görə də qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lakin, göründüyü kimi, məhkəmə cərimə məbləğini azaltmamışdır. Məhkəmə cavabdeh üçün nəzərdə tutulmuş faiz borcunun və cərimənin ədalətsiz hesablandığını nəzərə almamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları mübahisəsiz qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 17.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 18.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 21.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 22.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 23.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 24.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 25.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 26.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın faiz və cərimə borcu ilə bağlı təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 33.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2022-ci il tarixli, 009A********** saylı kredit müqaviləsiüzrə əsas əsas borca görə 7128,26 manat, faiz borcuna görə 568,76 manat, cəriməyə görə 155,4 manat borcu yaranmışdır. 34.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 35.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 36.Kollegiya cavabdehin işləməməsi, borcu hissə-hissə ödəyə bilməsi ilə bağlı dəlilllərini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan dəlillər onun iddiaçı qarşısında götürülmüş öhdəliyin icrasından yayınmağa əsas ola bilməz. 37.Məhkəmə kollegiyası həmçinin apellyatorun cavabdeh üçün nəzərdə tutulmuş faiz borcunun ədalətsiz hesablanması və iddiaçı tərəfindən təqdim olunmuş sübutların mübahisəsiz qəbul edilməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh yaranmış faiz borcu məbləğini təsdiq edən işdə olan maliyyə sənədlərini, hesabdan çıxarış məlumatlarını şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim etməmişdir. 38.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə dəbbə pulu ilə bağlı hissədə iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. 39.Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. 40.Hazırki halda dəbbə pulu ilə bağlı hissədə dəbbə pulunun azaldılması üçün tənasübsüzlük müəyyən edilmir. 41.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 43.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 44.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(001)-871/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazmımov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar