Məhkəmə qərarları › İş №2(103)-1971/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1971/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1971/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-57/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TR ******* nömrəli qərardan müəyyən olunur ki, Cavabdeh1 **-FT-*** dövlət qeydiyyat nişanlı “Hyundaı Santa FE” markalı avtomobili etibarnamə əsasında idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə iddiaçının idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı “JEEP Grand Cherokee” markalı avtomobilə zərər dəymişdir.

2. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilmiş 062 №-li qüsur aktına əsasən, ehtiyyat hissələrinə və görülən işlərə dair 9.960 manat hesblanmışdır.

3. Cavabdehin icbari sığortaçısı "xxxx" ASC tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 1.981,41 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.

4. ”JEEP Grand Cherokee” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli alqı-satqısı müqaviləsinə əsasən iddiaçı tərəfindən 10.000 manata X1.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”JEEP Grand Cherokee” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7.978,59 manat, tələb etdiyi məbləğə hesablanmış 69,79 dövlət rüsumunun, ümumilikdə 8.078,38 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 10:48 radələrində Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi **-FT-*** dövlət qeydiyyat nişanlı, “Hyundaı Santa FE” markalı avtomobil ilə, iddiaçının idarə etdiyi avtomobilinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta törədib zərər yetirilmişdir və bununla bağlı Cavabdeh1 İXP ******* nömrəli xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə mülkiyyətində olan avtomobili zədələnmişdir. Avtomobilin zədələnməsi barədə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilmiş 062 №-li qüsur aktına əsasən, ehtiyyat hissələrinə və görülən işlərə dair məbləğ 9.960 manat müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında TR ******* nömrəli 26. 07.2022-ci il tarixli qərara əsasən Cavabdeh1 Ağaəlı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinib və 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 1899/22 iş № PBA-1143/22 aktına əsasən mütənasiblik tətbiq olunaraq 39.63%, yəni 1.981.41 manat hesablanmışdır. "xxxx" ASC-dən onun hesabına xx.xx.2022-ci il tarixdə 1.981,41 manat pul köçürülmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş 062 №-li qüsur aktına əsasən, ehtıyyat hissələrinə və görülən işlərə dair hesblanmış 9.960 manat məbləğdən 1.981,41 məbləği çıxır və cavabdehlərdən tələb etdiyi məbləğ 7.978,59 manat təşkil edir. Yol nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş zərərin ödənilməsinə dair cavabdehlərə müraciət olunsa da, zərərin ödənilməsi ilə əlaqədar bir manat belə ödəməmişlər.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1545/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1719 saylı rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2005-ci il buraxılışlı ”JEEP Grand Cherokee” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8.770 manat müəyyən edilir.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-57/2024 nömrəli qərardadı ilə iş üzrə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3394/2024 saylı rəyindən görünür ki, ”JEEP Grand Cherokee” markalı 2005-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada 2022-ci ilə olan orta bazar qiyməti təxminən 13.500 manat, 2023-cü ilə olan orta bazar qiyməti isə təxminən 14.000 manat müəyyən olunur.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-57/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 1.518,59 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, 35,18 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində İddiaçı əmlakına maddi ziyan dəymiş, iddiaçı isə avtomobilini təmir etmədən 10.000 manat məbləğində satmışdır. Mülki iş üzrə təqdim edilmiş ekspert rəyinə əsasən hadisə baş verən dövrdə avtomobilin orta bazar dəyəri 13.500 manat məbləğində müəyyən edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı avtomobilinə dəymiş ziyanla bağlı təmir xərclərini tələb etsə də, iddiaçıya dəymiş maddi ziyan əmlakının təmiri üçün çəkdiyi və ya çəkməli olduğu xərclərlə deyil, əmlakının zədələnməsi nəticəsində əmtəə dəyərinin aşağı düşməsi nəticəsində ona vurulmuş ziyanla müəyyən edilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ”JEEP Grand Cherokee” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı əmtəə dəyərindən aşağı qiymətə satıldığını, iddiaçıya 1.981,41 manat məbləğində sığorta ödəniş edildiyini nəzərə alaraq 1.518,59 (13500- 10000- 1.981,41=1.518,59) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə Cavabdeh2 mülki məsliyyətini araşdıraraq qeyd etmişdir ki, hadisə baş verən zaman **-FT-*** dövlət qeydiyyat nişanlı “Hyundaı Santa FE” markalı avtomobil faktiki olaraq Cavabdeh1 tərəfindən idarə edildiyindən, hadisə nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanla bağlı Şərifov Cavabdeh2 təqsiri olmadığından iddia ona münasibətdə təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ekspertin rəyi tam olmamışdır. Belə ki, hakim ekspertiza keçirilməsi barədə qərardadda avtomobilin markası və buraxılış ili ilə yanaşı digər göstəricilərini də qeyd etməli idi (mühərrəkin həcmi, hansı yanacaqla işləməsi, konfiqurasiya göstəriciləri və s.). Məhkəmə qərardadında bunları qeyd etməmişdir. Bundan başqa, ekspertiza keçirilərkən tərəflərin iştirakı təmin olunmamışdır. Həmçinin, ekspert rəyi iddiaçıya yalnız qətnamə çıxarıldıqdan sonra təqdim olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı avtomobilinə dəymiş ziyanla bağlı təmir xərclərini tələb etsə də, iddiaçıya dəymiş maddi ziyan əmlakının təmiri üçün çəkdiyi və ya çəkməli olduğu xərclərlə deyil, əmlakının zədələnməsi nəticəsində əmtəə dəyərinin aşağı düşməsi nəticəsində ona vurulmuş ziyanla müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı ekspert rəyinə etirazını bildirərək qeyd etmişdir ki, ekspertizanın rəyi doğru deyil, ona məxsus olan avtomobilin qiyməti heç vaxt 13.000-14.000 manat ola bilməz, belə ki, hadisədən 2 il keçməsinə baxmayaraq ona məxsus olmuş ”JEEP Grand Cherokee” markalı 2005-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış avtomobillərin dəyəri ən aşağısı 19.000-20.000 manatdır. 2022-2023-cü illərdə həmin avtomobilin qiyməti 20.000-24.000 manat dəyərində olmuşdur. Lakin məhkəmə rəylə tanış olmaq üçün ekspert rəyini iddiaçıya təqdim etməmiş, iddiaçının etirazına məhəl qoymayaraq təkrar ekspertiza təyin etməyərək iş üzrə qətnamə çıxarmışdır. Qeyd olunmalıdır ki, iddiaçı qətnaməni xx.xx.2024-cü il tarixdə aldıqdan sonra xx.xx.2024-cü ildə rəsmi qaydada məhkəməyə müraciət edərək müvafiq ekspert rəyini almışdır. Həmin rəyi aldıqdan sonra məlum olmuşdur ki, ekspert rəy verərkən ”JEEP Grand Cherokee” markalı 2005-ci il buraxılışlı avtomobilləri olsa da, nümunə kimi həmin avtomobillərin tamam başqa konfiqurasiyasını götürmüşdür. Belə ki, ekspertin nümunə kimi əsaslandığı benzinlə işləyən, konfiqurasiya üstünlüyü olmayan və mühərrikinin həcmi “3,5” olan avtomobillər götürülmüşdür. Lakin iddiaçının istifadəsində olan avtomobildə mühərrikin həcmi “3” olmuş, dizellə işləmiş və avtomobilin salonuna dair üstünlükləri olmuşdur. Yəni ekspertin nümunə götürdüyü modellə müqayisədə iddiaçıda olan avtomobilin qiyməti 7.000-10.000 manat baha olmuşdur. Misal olaraq “TURBO.AZ” saytında dizellə işləyən mühərrikin həcmi 3 olan ”JEEP Grand Cherokee” markalı 2005-ci il buraxılışlı avtomobilin qiyməti 23.700 manat (elan № 8938484), digər elanda analoji avtomobilin qiyməti 19.900 manat qeyd olunub (elan № 8117426). Həmin avtomobillər artıq satıldığına görə satışdan çıxarılıblar. Qeyd olunanlaran məlum olur ki, məhkəmə iclasında araşdırma tam aparılmayıb. Həmin iş üzrə təkrar ekspertiza təyin olunmalı olsa da, hakim bunu etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qəzadan əvvəl avtomobili “Turbo.Az” saytında 21.000 manata satışa qoymuşdur. Elanda 21.000 manat qeyd etsə də, 20.000 manata satmağı düşünürdü. Qəzadan sonra sığorta şirkəti qiymətləndirmə üçün onu öz servislərinə göndərmişdir. Həmin avtomobillərin dəyəri komplektasiyasına və yanacaq növünə görə dəyişir.

21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hadisə yüksək sürət səbəbi ilə baş vermişdir. Belə ki, şəhərdaxili yüksək sürət həddi 60 km/saatdır. Avtomobillərin toqquşduğu yer ilə işıq dirəyi arasında 8-9 metr məsafə var. Nəzərə alınsa ki, iddiaçı bunu 3 metrə qalmış görüb. Əgər iddiaçı 60 km/saat sürətlə getsəydi, 12 metr məsafədə tormozlaya bilərdi və işıq dirəyi və digər maneələrə dəyməzdi. Hesab edir ki, onda təqsir varsa, iddiaçıda da təqsir var. Ona 40 manat cərimə yazılıb və cəriməni ödəmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa əsasən iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 7.318,59 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. İşdən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə digər cavabdehin ona verdiyi etibarnamə ilə olan “Hyundaı Santa FE” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının mülkiyyətində olan ”JEEP Grand Cherokee” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.

29. İş materialları ilə həmçinin müəyyən olunur ki, cavabdehin icbari sığortaçısı "xxxx" ASC tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 1.981,41 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Daha sonra iddiaçı avtomobilini təmir etdirmədən 10.000 manata satmışdır.

30. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş ekspertizanın nəticəsində avtomobilin nəzəri qaydada 2022-ci ilə olan orta bazar qiyməti təxminən 13.500 manat müəyyən edilmişdir. Lakin ekspert rəyinə əlavə edilmiş fotoşəkildən görünür ki, ekspert tərəfindən ”JEEP Grand Cherokee” markalı, 2005-ci il buraxılışlı avtomobillərin mühərrikinin həcmi “3.7” m3 olan modeli nümunə kimi götürülməklə rəy verilmişdir.

31. Halbuki, iddiaçıya məxsus olmuş ”JEEP Grand Cherokee” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin nəqliyyat vasitəsinin mühərrikinin həcmi “2987” m3-dir.

32. Apellyasiya araşdırması zamanı iş üzrə əlavə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB-167-0625 nömrəli hesabat-rəyinə əsasən ”JEEP Grand Cherokee” markalı, universal tipli, mühərrikinin həcmi “2987” m3 olan (iddiaçının bildirdiyinə görə “dizel” yanacağı ilə işləyən), istehsal ili 2005 olan nəqliyyat vasitəsinin 2022-ci il üçün orta bazar qiyməti 19.300 manat müəyyən edilmişdir.

33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ödənilmiş sığorta ödənişi və avtomobilin satış qiyməti nəzərə alınaraq iddiaçıya dəymiş maddi zərər 7.318,59 (19.300 – 10.000 – 1.981,41 = 7.318,59) manat təşkil edir və həmin məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi məbləğ – 7.978,59 manat avtomobilin təmir-bərpası üçün nəzərdə tutulmuş məbləğdir, lakin iddiaçı artıq avtomobili özgəninkiləşdirdiyi üçün həmin məbləğ cavabdehdən tutula bilməz.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının avtomobilinin zədələnməsi ilə bağlı digər Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, Cavabdeh1 avtomobili digər cavabdehin ona verdiyi etibarnamə əsasında idarə etmiş, bununla da qanuni əsasla avtomobilə sahiblik etmişdir. Belə olan halda mülki qanunvericiliyin tələblərinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi Cavabdeh1 üzərinə düşür.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-57/2024 nömrəli qətnaməsi maddi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh1 iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 7.318,59 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 93 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 47 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar