Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1972/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: evdən istifadə hüququna maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4432/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər uzun müddətdir rəsmi nikahdadılar, birgə nikahdan üç övladları doğulmuşdur.
2. İddiaçı “sayıqlama pozuntusu” diaqnozu qoyulmuş və bununla bağlı tibb müəssisəsində müalicə almışdır.
3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 5681/2021 saylı qətnaməsi ilə Cavabdeh 180 gün müddətində uzunmüddətli mühafizə orderi verilmiş, məişət zorakılığının təkrar törədilməsi və s. hərəkətlərin edilməsi İddiaçı qadağan edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən küçəsi ünvanında yerləşən 2 saylı evdən istifadə hüquqlarının bərpa edilməsi, həmin evdən istifadə hüququna maneə yaradılmasının cavabdehə və digərlərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsinə maneə törədilməsinin cavabdehə və digərlərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4432/2022 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia tələbi təmin edilmiş, ünvan 2ünvan şərtidir) fərdi yaşayış evindən İddiaçı istifadəsinə maneə törədilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi qət edilmişdir.
7. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşama imkanına malik olduğundan, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır.
8. Məhkəmə hesab etmişdir ki, bunun əksi yanaşma, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
9. Məhkəmə öz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddəsinin İ hissəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı birgə nikahda olduqları dövr ərzində davamlı olaraq cavabdehə və uşaqlarına qarşı psixoloji və fiziki şiddət göstərib. Cavabdeh də son dövrlər ərzində fiziki və psixoloji şiddətin daha da artması səbəbi ilə xx.xx.2021-ci il tarixdə 102 xidmətinə şikayət edib. Həmçinin, xx.xx.2021-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də şikayət edib. Mühafizə orderinin verilməsi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib və iddiaçı qısamüddətli mühafizə orderi ilə təmin edilib. Cavabdehin Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş mühafizə orderi olmasına və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırılma olmasına baxmayaraq, cavabdehin və uşaqlarının həyatı üçün təhlükə olan iddiaçı evə yerləşib. Bunun nəticəsində cavabdeh uşaqları ilə birlikdə evdən çıxmağa məcbur olub. Cavabdehə məhkəmə tərəfindən uzunmüddətli mühafizə orderi verilib. İddiaçı davamlı olaraq həmin qərarı pozub və cavabdeh 102 xidmətinə, məhkəmə icraçısına dəfələrlə şikayət edib. Lakin iddiaçının əlilliyi və xəstəliyi nəzərə alınaraq ona qarşı heç bir tədbir görülməyib. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının üzərinə uşaqlarının saxlanması üçün aliment ödəməsi öhdəliyi qoyulub. Lakin bu günə kimi iddiaçı uşaqların saxlanması üçün aliment ödəməyib. Cavabdeh dəfələrlə şikayət etsə də, tədbir görülməyib. Yalnız bir dəfə Nizami Rayon Məhkəməsinin qərarı ilə iddiaçı aliment ödəmədiyi üçün İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Cavabdeh bildirir ki, iddiaçı faktiki olaraq Nizami rayonunda yerləşən evdə qeydiyyatdadır. Nizami rayonunda evləri var və oranı kirayə verir. Yəni, iddiaçının yaşamağa yeri var. Sabunçu rayonunda yerləşən evdə isə qeydiyyatda deyil və orada cavabdeh 3 uşağı ilə birlikdə yaşayır. Cavabdeh bildirir ki, ona məhkəmənin tarixi barədə məlumat verilməyib. xx.xx.2022-ci il tarixli məhkəmə barədə də məlumatı olmayıb. Nümayəndəsi ölkə xaricində olsa da və məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, məhkəmə onların iştirakı olmadan məhkəmə prosesini keçirib və onlara sübutlarını təqdim etməyə şərait yaratmayıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək səhhətində olan problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı hər hansı sənəd təqdim etməmişdir.
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
15. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25, İ və İİ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: Maddə 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; Maddə 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb... Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Hazırkı işdə iddia tam təmin olunduğundan və apellyasiya şikayətində qətnamə tam olaraq mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
22. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçıya fərdi yaşayış evindən istifadəsinə maneə törədilməsi cavabdehə qadağan edilməlidir.
23. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçıda müayinə zamanı kəskin psixi pozuntu aşkar edilməmişdir.
24. Bundan başqa, iddiaçının hər hansı başqa yaşayış yerinin olduğu da iş materialları ilə təsdiq olunmur. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi bildirmişdir ki, iddiaçının adına yalnız Gədəbəy rayonu, İnəkboğan kəndində 0.09 ha kənd təyinatlı torpaq sahəsi var.
25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehə verilmiş mühafizə orderinin müddəti iddiaçı məhkəməyə müraciət etməmişdən bir neçə ay öncə bitmişdir və bundan sonra iddiaçı tərəfindən cavabdehə və uşaqlarına qarşı məişət zorakılığının törədilməsi işdən görünmür.
26. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh evdə normal şərtlər daxilində yaşama imkanına malik olduğundan, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
27. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə və onun nümayəndəsinə (vəkilinə) məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası təxirə salınmış, daha sonra nümayəndə teleqram vuraraq məhkəmədən növbəti iclasın təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası yenidən təxirə salınmış, növbəti iclas isə cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər.
28. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “fərdi yaşayış evindən iddiaçının istifadəsinə maneə törədilməsinin digər şəxslərə qadağan edilməsi” barədə gəldiyi nəticə düzgün deyil.
29. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdehlə yanaşı, digər şəxslər tərəfindən də iddiaçıya qoyulan manelələrin qadağan edilməsi hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin tələb qeyrimüəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Halbuki, MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində tələbin yönəldiyi şəxslərin - cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.iddiaçı tələbini tək cavabdehə deyil, eyni zamanda qeyri-müəyyən şəxslər dairəsinə də yönəltmiş, lakin şəxsləri konkret olaraq göstərməmiş, onları cavabdeh kimi işə cəlb etməmişdir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4432/22 nömrəli qətnaməsi “fərdi yaşayış evindən iddiaçının istifadəsinə maneə törədilməsinin digər şəxslərə qadağan edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.